Hümmət Şahbazinin şeirləri, yaxud “DİŞİMDƏ BOĞULAN HARAY”

Hümmət Şahbazinin şeirləri, yaxud “DİŞİMDƏ BOĞULAN HARAY”

Cavanşir YUSİFLİ

"Güney Azərbaycan ədəbiyyatı" həftəsi


Hümmət Şahbazini uzaqdan tanıyıram. Şeirlərini oxumuşam. Müxtəlif saytlarda (ilk dəfə Məsiağa Məhəmmədinin irfan.azeribloq.com bloqunda) və onun şəxsi bloqunda. Müşahidələrimə görə, Hümmət Güney Azərbaycan şeirində gedən proseslərin simvolik deyil, qabarıq bəlirtisidir, məlum səbəblərə görə Güney Azərbaycan poeziyasında müşahidələr aparıb dəqiq bir proqnoz qoymaq, aparılan təhlillərin sonucunda dəqiq ayrıntıları olan nəticəyə gəlmək mümkün deyildir. Zövqlərin müxtəlifliyi, baş alıb gedən proseslərin xarakteri, incələnməsi və ən əsası ədəbiyyatımızın bu qolunun zaman-zaman elmi araşdırmadan kənarda qalması... elə bir mənzərə yaradıb ki, bu prosesin içində ədəbiyyatımızın inkişafı üçün önəmli və ikinci dərəcəli hadisələri bir-birindən ayırmaq müşkülə çevrilmişdir. İndi Güney Azərbaycan problemi ilə çoxsaylı qurumlar məşğul olsa da (məncə, daha çox şüar şəklində), dünyanın müxtəlif yerlərinə səpələnmiş soydaşlarımızın son dərəcə maraqlı ədəbi nümunələri, bir qayda olaraq bizim ədəbi icmalların dairəsinə daxil olmur, onlardan daha çox fərqli, ayrıca bir hadisə kimi bəhs edilir. Halbuki, fikrimcə, bütün fərqli aspektlərinə və fərqli durumuna baxmayaraq, söhbət eyni bir prosesdən getməlidir və bu iki qolun vahid məcrada araşdırılması perspektiv üçün gözlədiyimizdən də maraqlı ola bilər. Adətən mahiyyətcə eyni olan hadisələr özlərini fərqli bəlirtiləri ilə sərgiləyir, eyni kökdən gələn bu qabarıq fərqlər diqqətli incələmə tələb edir.
Bu mənada Hümmətin indiyə kimi oxuduğum şeirləri və Azərbaycan ədəbiyyatının müxtəlif elmi problemlərinə yönəlik məqalələri (o həm də "Müasir Azərbaycan (Güney Azərbaycan nəzərdə tutulur – C.Y.) şeirinin tənqidi” adlı monoqrafiyanın müəllifidir) yaxşı mənada bildiyimiz, beynimizdə kök salmış təsəvvürlər baxımından xarakterik deyil və kultaz-ın oxucuları üçün maraq doğura bilər.
Şeirləri təqdim etməzdən öncə onların mənim üçün nəyə görə çox maraqlı görünməsini açıqlamaq istərdim. Bu şeirlərdə əvvəla, mənim həmişə axtardığım vahid plan var – bənzətmələr, məcazlar, epitetlər... bu vahid tikilinin adi elementləridir, hansısısa görünür, hansısısa görünmür, yəni onların sabit yerlərindən "durub, səfər etməsinə ”, özbaşına hərəkətlər edərək bədii mətnin içində xaos yaratmasına... ehtiyac duyulmur. Bəzən bütün bu hərəkətləri (dalğavarı hərəkətləri) biz özümüz yaradırıq, elə nöqtələrə toxunuruq ki, oradan şeir şəklini, formasını, mahiyyətini itirməyə üz qoyur. Yəni, forma ilə elə oyunlar qururuq ki, yazacağımız şeir sadəcə ürəyimizdə qalır, vərəqin üstündə isə tamam başqa hüceyrələr görünür, nə qədər özümüzü aldatsaq da onlar birləşmir, vahid orqanizm yaratmır və ən acınacaqlısı yaxşı, parlaq müqayisələrin mənbəyi, boğçası, heybəsi... kimi yerindəcə durur. Bədii filmlərimizdə də belədir, kino unudulur, içindəki ayrı-ayrı sözlər, cümlələr yaşayır – mətndən ayrı!
Hümmətin şeirləri bu gün ədəbi prosesdə mövcud olan bir çox qüsurları anlamaq baxımından da önəmlidir. Hümmət şeirlə nəyəsə tərif vermir, onun bədii boyalarla konturlarını aydınlaşdırmır, sözün, mətləbin bətninə nüfuz etməyə çalışır və tapdığını ürəyində min illərdi susan DİLİN içində gizlədir. Bu hal bizi şeiri dəfələrlə oxumağı tələb edir, ona görə yox ki, anlaşılmır, ona görə ki, bunu HÜMMƏT yazıb və onun daxilində dilimizin yalnız yuxumuza gələ bilən pıçıltıları var. Bu ona görə belədir ki, Hümmətin sözlərində mənanın, bədii məntiqin öyrəşmədiyimiz aspektləri mövcuddur. Diqqət yetirin, bu sözlərə baxış, yaxud, belə deyək, sözlərin içindən dünyaya baxış zəif nüans şəklində olsa da elə bil ki, ayrıdır, elə vəziyyətdədir ki, düşünməyə sövq edir, ancaq oxuya-oxuya deyil, oxuyub qurtardıqdan sonra! Bu cüzi fərq düşüncəndə təbəddülat oyadır, belə deyək, şeirdən – mətndən ayrılıb "çayın qıvrımını” təsəvvür etmək istəyirsən. Yeri gəlmişkən eyni prinsip Rəsul Rzanın "Ərk Qalası ” şeirində də izlənilir – kiçik bir məkanın içinə bütün dünyanın daşınması, balaca bir məkanda bütün dünyanın, ona aid edilən mənaların ələk-vələk edilməsi, birdən, qəfildən pəncərə açılır və hər şey çölə sovrulur – bu "qəza” nəticəsində dünyaya gələn hadisələr, ştrixlər, nüanslar özlərini tam fərqli formada göstərirlər.
Hər şey birdən başlayır və anidən min il qabaq dünyada gedən proseslərə qoşulur, nəyin qədim, nəyin indi baş verməsini heç kəs kəsdirə bilmir...

Hümmət ŞAHBAZİ

Əllərin ürəyimdə tərpənir

uxusuzluqdan,
Yorğunluqdan,
Pozğunluqdanmı
əsnəyirsən?
Düşünmürəm.
Çoxdur sənin könüldaşın
Əllərini qoyma ürəyinin başına;
Əllərin
Ürəyimdə tərpənir,
Gözlərin
Yuxumda qışqırır,
Ürəyini sıxma,
Ki yerləşim
Ürəyinin vüqarında
Axıram mən
Həyatın axımıyla
Axa-axa,
İçin-için...
Könlüm əyilir bənövşə tək,
Ürəyim sıxılır
Sıxıldıqca kiçilirəm,
O qədər kiçilirəm,
Qarışqalar da ötür başımın üstündən
O qədər kiçilirəm,
Vüqarımın da başı əyilir
Gecələr tükənmir,
Alnım isə
Bayquşun yuvasıdır.
Əllərinsə
Ürəyimdə tərpənir
Gözlərin yuxumda qışqırır.

Haraya gedir bu həyat?

Haraya gedir görəsən
Bu durumda
Bu həyat?
Qorumaqla da olmur,
Sevdanı yaşamaq.
Uzanır yalaqlıq,
İlğımlı nərdivanla
Dimdikləyir quşlar
Dayğaların izini...
Günəş: bir sıldırım qaya
Arxasında sıra duran göyərtilər
Ölümlü-dirimli yuxularda
Bəlkə də.
Hər addımda sanki
İllərin qoxumuş izi var.
Bu izlərdə:
Qoxumuş əllər,
Çürümüş dillər
Bu dillərdə:
Boğulmuş həyat
Bu durumda bu həyatın:
"Sağ olsun” sədası gəlsin
Bu bir sevinc,
Bu bir nisgil.
Haraya gedir görəsən
Bu durumda bu həyat?
Nə dənizdə bir sevinc,
Nə damlada bir arzu
Səssiz-səmirsiz hıçqırtıdır
Bu həyat
Bəbəklərində iz qoyan
bu baxışların tozunda
haraya gedir görəsən
bu həyat
bu durumda...

Çənli Saniyələr

Yaşıl yellərin sığalını
Duyanda yalnızlığımda,
İçimin alaqlarının səsini eşidirəm
Ağız açıbdır,
Göyün pəncərəsinə.
Necə baxım
Çayın qıvrımına,
Şəlaləyə yetən zaman
Ləhzələrimin qoxusu
İzlərimi yalayanda.
Ulduzların qaş-göz atması
Aldadır məni.
Çənli saniyələrin,
Simfonyasının vurğusundan
Çıxmaq olarmı heç?
Mən,
Bu quru yarpaqları
Toplayanacaq,
Dumanlı yellər
Hamısını oğurlayacaq.
Yaşıl təpənin saçlarını,
Hörən zaman
Keçidsiz dərələrə hopacağam.
Mən,
Və bu biçimsiz parlaq güzgüm
Gecənin qarnında
Pas bağlayacağıq.

Qanlı şərqi

Duzlaq düyğülarını
Dəmir ayaqlar tapdayanda
Sazaqlar
Yazacaqdır min illik kədərini
Yarpaqların saçına.
Bu tozlu meşənin arasında
Çürümüş ağaclar
Dənizdən danışırlar
Dənizin vüqarından
Dalğasından
Genişliyindən.
Və yel
Qanlı boğazıyla
Qanlı şərqi oxuyur
Ağacların cəsədinə.
Gəbə əllərin sənin
Yağmursuz gündüzlərdə pöhrəlirdi;
Və ürəyimin vurğusunu
Düşünülməz vurğuya çevirirdi.
Duzlaq duyğularımla ağlayacağam
Gecə oğrusu vüqarını aparsa da
Röyalarının sümüyünü
İblisin görünməz əlləri
Quylasa da
Sazaqlar
Söyləyəcək nəcabətini;
Sazaqlar
Yazacaqdır
Min illik kədərini
Yarpaqların saçına.

Tozlu Ayağım

İstəyirsən
Baxışımın paslı ayağını
Sarmaşıqlı ətəyinə sərim!
Gözlərinin önündə
Başmaq taxsam ayağına
Dabanı cırıq
Və murdar qoxuludur.
Başmaqsız dolansam,
İz salacaq gözlərinə
Tozlu ayağım.
Qoy dirçəlsin ürəyim səninlə.
Dənizlə sahili qovuşduran
Dalğalardır.
Sınıq qanadımdan tut,
Sınıq qanadından tutum.
Dalğalardır
Dənizli sahili qovuşduran.
İstəmirəm
İstəmirəm
Duvarlara suvansın.
Yamyaşıl xol-budağım.
Gözlərimin yumşaq uzanmasına bax
İnanmırsan əyər.

Ayla solan gündüzəm

Günəşlə açan
Ayla solan gündüzəm.
Bu gündüzün ürəyində
Qaralan ləkəyəm.
Bu gündüzün saçında
Ağaran dənəm.
Dimdiyində
Qızaran diləyəm.
Və gövdəsində
Qanadlanan həyat.
Bu gündüzü gözətləyən bir gözəm.
Günəşlə açan,
Ayla solan gündüzəm.

Barmaqlar

Barmaqların
odda cilalanmış
qılıncdır sanki.
Parçalayır
Parça-parça
Güvəndiyim ərliyimi.
Didir
Didim-didim
Tərpəndiyim yerin də üzünü
Ötdüyüm yolları da qazır
Bu barmaqlar.

***

Könlüm azır
Bir yırtıcı qurd olur.
Bir iti barmağa dönür
Sənə bənzər
Barmaq olub
Xıncır bütün ərlikləri
Xıncım-xıncım
Odda cilalanmış qılınc kimi.