Jorj Simenon. Meqrenin qəlyanı (Povest)

Jorj Simenon. Meqrenin qəlyanı (Povest)

I fəsil
Əşyaların öz-özünə hərəkət etdiyi ev

Saat səkkizin yarısında Meqre şefin otağında idi. İsti iyul günü başa çatırdı. Meqre arxayınlıqla köksünü ötürdü, sonra saatını çıxarıb baxdı. Şeflə görüşdü, qovluqları masanın üstündən yığışdırıb ayağa qalxdı. Qalın örtüklü qapını arxasınca örtüb gözləmə otağına çıxdı. Otaqdakı qırmızı oturacaqlar boş idi. Qoca xidmətçi öz yerində, dəmir çərçivəli pəncərənin arxasında oturmuşdu. Axtarış polisi idarəsinin koridoru kimsəsiz idi. Uzun, isti bir iş günü başa çatmışdı.

Meqre adəti üzrə birbaş öz otağına qayıtdı. Orfevr küçəsinə baxan pəncərələr geniş açıq olsa da otaqdan tütün iyi çəkilmirdi. O həmişəki kimi qovluqları masanın üstündə bir küncə qoydu, hələ soyumamış qəlyanını pəncərənin qırağına döyüb boşaltdı. Qayıdıb yerində oturdu və adətən sağ əli tərəfdə həmişə hazır olan ikinci qəlyanı götürmək istədi. Qəlyan yerində yox idi.
Meqrenin üç qəlyanı vardı. Biri külqabının yanında idi. Amma indi axtardığı sevimli qəlyanı, həvəslə sümürdüyü, həmişə özü ilə götürdüyü iri qəlyan yerində deyildi. Həmin qəlyanı on il əvvəl arvadı ad günündə bağışlamışdı. Meqrenin köhnə, sevimli qəlyanı yoxa çıxmışdı. O, ciblərini üstdən yoxladı, sonra əllərini ciblərinə soxdu. Qara mərmər sobanın üstünə baxdı. Əslində hələ çox nigaran deyildi.

Qəlyanlarından birini gec tapması adi haldır. Otağı iki-üç dəfə fırlandı. İçində əlüzyuyan quraşdırılmış balaca şkafın qapısını açıb içinə baxdı. Nəsə axtaranların hamısı belə çaşbaş olur. Özü bilirdi ki, günortadan sonra əlini yumayıb, həm də bir az əvvəl, saat altıdan sonra hakim Kamelyo zəng eləyəndə həmin qəlyan damağında idi. Meqre zəngi basıb xidmətçini çağırdı:
- Emil, mən şefin yanında olanda otağıma girən olmayıb?
- Heç kim girməyib, cənab komissar.
O yenə pencəyinin, şalvarının ciblərini axtardı. Meqre çaşbaş olmuş adi, gombul kişiləri xatırladırdı. Fırlandıqca daha çox qızışırdı.
Meqre keçib müvəkkillərin boş otaqlarını gəzdi. Hərdən qəlyanlarından birini unudub onların otağında qoyurdu. İstirahət vaxtı idarədə otaqların belə boş olması həm qəribə görünür, həm də xoş təsir bağışlayırdı.
Qəlyan yoxa çıxmışdı.

Meqre şefin qapısını döydü. O təzəcə çıxmışdı. Meqre içəri keçdi, amma özü yaxşı bilirdi ki, qəlyan orda da yoxdur. Saat yeddinin yarısında günün hadisələrindən və özünün kəndə istirahətə getmək planından danışmaq üçün şefin yanına gələndə damağındakı qəlyan başqası idi.
Səkkizə iyirmi dəqiqə qalmışdı. Səkkizdə evdə olacağına söz vermişdi, baldızı əri ilə qonaq gələcəkdi. Evə nə isə aparmalı idi. Hə, meyvə almaq lazımdı. Arvadı tapşırmışdı ki, gələndə şaftalı alsın.
Axşamın ağırlaşmış havasında evə qayıdarkən qəlyanın fikri Meqrenin başından çıxmırdı. Qəlyan məsələsi onu narahat edirdi. Bəzən elə kiçik, əhəmiyyətsiz hadisələr olur ki, izahını tapmayınca adam narahat olur.
O, şaftalı alıb evə qayıtdı. Bir az kökəlib iriləşmiş baldızı ilə görüşdü. Süfrəyə içki düzdü. Həmin vaxt adəti üzrə sevimli qəlyanı damağında olmalı idi.
- İşiniz çoxdur?
- Yox, sakitlikdir.

İşdə belə vaxtlar da olur. İş yoldaşlarından ikisi istirahətdə idi.
Üçüncüsü səhər zəng eləyib ailəsinin kənddən qayıtdığına görə iki günlük icazə almışdı.
Yemək vaxtı arvadı dilləndi:
- Fikirli görünürsən, Meqre.
Meqre qəlyana görə fikirli olduğunu e’tiraf edə bilməzdi. Doğrudur, bu məsələni faciəyə çevirməmişdi. Amma hər halda fikirdən də ayrıla bilmirdi.
…Saat ikidə nə edirdi? Hə, saat üçə azacıq işləmiş öz otağında idi. Lüka ona bir oğurluq əhvalatı və yenə arvadının doğmasını gözləyən müvəkil Janvye haqqında danışırdı. Sonra pencəyini çıxarıb, qalstukunu bir az boşaldıb rahatca oturmuş, əvvəlcə qəsd hesab edilmiş bir özünü öldürmə işi haqda hesabat yazmışdı. Həmin vaxt qəlyanı da damağında idi.
Sonra Jejeni gətirmişdilər: Monmartrda yaşayan balaca xuliqanlardandı, gəzdiyi qıza bir bıçaq vurmuşdu. Özünün dediyinə görə "bir balaca sancmışdı”. Jejen masaya yaxın gəlməmişdi. Həm də ki, əlləri qandallı idi.
Likör içirdilər. Arvadlar mətbəx işlərindən danışır, baldızının əri isə siqar çəkə-çəkə qulaqucu dinləyirdi. Rişar-Lonuar bulvarının səs-küyü açıq pəncərədən içəri dolurdu.

Günortadan sonra Meqre heç şərab içmək üçün Dofin bistrosuna da getməmişdi ki, otaq boş qalaydı. Dayan, otağa bir qadın da gəlmişdi… Görəsən, familiyası necə idi — Roy demişdi, yoxsa Leroy?.. Qadın çağırışsız gəlmişdi. Emil otağa girib xəbər vermişdi:
- Bir qadın oğlu ilə gəlib.
- Nə məsələdir?
- Demək istəmir. Şeflə danışmaq istəyir.
- De, gəlsin içəri.
Təsadüfən iş arasında boş vaxtı olduğuna görə Meqre onları qəbul eləmişdi. Əslində bu qəbula o qədər az əhəmiyyət vermişdi ki, nədən danışıldığını da güclə yadına salırdı.
Meqrenin baldızıgili çıxıb getdi. Arvadı evi yığışdıra-yığışdıra sözarası dedi:
- Bu axşam heç özündə deyildin, nə olub axı?
Yox, bir şey olmayıb. Hər şey yaxşı idi, qəlyan əhvalatı olmasaydı. Gecə düşmüşdü, Meqre açıq pəncərənin qarşısında durmuşdu. Parisdə minlərlə adam eyni vaxtda damaqlarında qəlyan, yaxud siqaret pəncərə qarşısında durub yuxudan əvvəl təmiz hava alırlar.
Qadının familiyası deyəsən Leroy idi, komissarla üz-üzə oturmuşdu. Hərəkətlərindən ləyaqətli görsənməyə çalışan adamları xatırladırdı. Qadının qırx beş yaşı olardı, orta yaşdan sonra ətlənməyə başlayanlardan idi. Meqre, yağlandıqca sanballaşan qadınları xoşlayırdı.
- Cənab rəis, gəldim ki…
- Rəis burda yoxdur. Mən komissar Meqreyəm.
Dayan! Burada bir əlamət yada düşdü. Qadın Meqrenin adını eşidəndə diksinməmişdi. Deməli, qəzet oxuyan deyilmiş, yoxsa onu tanıyardı. Əksinə, axtarış polisi rəisinə şəxsən təqdim olunmadığı üçün narazı olduğunu bildirib:
- Daha keçib, gərək dərdimi açam, — deyirmiş kimi əlini oynatmışdı.
Cavan oğlan isə əksinə, Meqre hələ ona fikir verməmiş olsa da, adını eşidən kimi diksinmiş, gözlərini həsədlə komissarın üzünə zilləmişdi…
Meqrenin avadı yatağı hazırlayıb paltarını soyunurdu:
- Yatmaq istəmirsən, Meqre?
- İndi gəlirəm…
Hə, indi yada salaq görək həmin qadın nə danışırdı. O çox danışmışdı! Hikkə ilə, israrla danışırdı. Hər xırda sözünə böyük əhəmiyyət verən, söhbətinin ciddi hesab edilməyəcəyindən ehtiyyat edən adamlar kimi danışırdı. Bu hal qadınlarda, ələlxüsus yaşı əllini haqlamış qadınlarda adi bir şeydir.
- Biz oğlumla birgə yaşayırıq…

Meqre ona demək olar ki, qulaq asmırdı, qadın da bunu duymuşdu.
Qadın dul idi, bu məlum! Deyirdi ki, duldur, Meqrenin yadında dəqiq qalmamışdı, beş ildir, yaxud on ildir ki, duldur, deyirdi. Yəqin çoxdan dul imiş, çünki oğlunu böyüdüncə çox əziyyət çəkdiyini söyləyirdi.
- Onun üçün hər şey etmişəm, cənab komissar.
Belə söhbətə necə qulaq asasan axı? Bu yaşda, bu vəziyyətdə olan qadınların hamısı eyin sözü eyni tərzdə danışırlar. Amma bu qadının dul olması ilə əlaqədar bir söhbət də vardı. Nə söhbət idi o? Hə, yada düşdü…
Qadın demişdi:
- Ərim adlı-sanlı zabit idi.
Oğlu isə düzəliş vermişdi:
- Adyutant idi, ana Vensen əyalətində.
- Bağışlayın… Zabit idi deyirəmsə, bilirəm niyə deyirəm. Əgər o ölməsəydi, özündən fərsiz və hər işi ona yükləyən rəhbərləri üçün qurban getməsəydi, indi zabit olardı… Deməli…
Meqre qəlyanı yaddan çıxartmırdı. Söhbət vaxtı qəlyanın harada olduğunu fikirləşirdi. Yadına düşdü ki, Vensen sözü deyiləndə qəlyan damağında idi. Təsdiq edirdi ki, həmin vaxt qəlyan çəkirdi. Sonra isə Vensen sözü daha təkrar olunmamışdı.
- Bağışlayın, harada yaşayırsınız?
Meqre küçənin adını unutmuşdu. Amma yadında qalmışdı ki, Şarenton məhəlləsində birinci küçə idi. O, təsəvvüründə yaranmış geniş küçəni, kiçik evcikləri, qarmaqarışıq tikinti sahələrini xatırladı.
- Balaca birmərtəbəli evdir, kiçik qəhvəxana ilə böyük inzibati binanın arasında yerləşir.
Oğlan masanın küncündə oturmuşdu, həsir şlyapasını dizlərinin üstündə tutmuşdu.
- Oğlum istəmirdi ki, yanınıza gəlim, cənab rəis, bağışlayın, cənab komissar. Mən ona dedim: "İndi ki, bilirsən, sənlik bir iş yoxdur, gərək danışam”…
Qadının paltarı nə rəngdə idi?  Qara idi, üstündə də bənövşəyi bəzəklər. Özünü ləyaqətli göstərməyə çalışan yaşlı qadınların geydiyi paltarlardan. Başındakı papaq qəribə idi, yəqin özü dəfələrlə fasonunu dəyişmişdi. Əlcəkləri tünd rəngli ipdən toxunmuşdu. Qadın qurduğu cümlələrlə fikir verir və hər dəfə də bu ifadələrlə sözə başlayırdı:
- Təsəvvür edirsiniz ki…
Yaxud:
- Aləm bilir ki…
Qadını qəbul eləmək üçün Meqre pencəyini əyninə keçirmişdi, qızışırdı: yuxusu gəlirdi. Qadın içəri girən kimi müvəkkillərdən birinin yanına göndərmədiyinə təəssüflənirdi.
- Neçə dəfədir hiss edirəm ki, mən evdə olmayanda evə kimsə girib.
- Bağışlayın siz evdə oğlunuzla yaşayırsınız?
- Bəli. Əvvəllər elə bilirdim ki, odur. Sonra gördüm ki, oğlum işdə olduğu vaxt evə gələn olur.
Meqre özünü itirmiş cavan oğlana tərəf çevrilib baxdı. Belələrinə Meqre yaxşı bələd idi. On yeddi yaşı olardı. Özü arıq, boyu uca idi. Üzü sızaqlı, saçı qırmızımtıl, burnunun yanları çilli idi.
Yəqin şuluqdur. Ola bilər. Deyəsən, anası belə bir söz demişdi.
Özününkülərdən şikayətlənməyi sevən adam az deyil. Amma hər halda utancaq idi. Az danışırdı. Gözlərini xalçaya, yaxud kabinetdəki başqa bir əşyaya zilləyib dururdu. Heç kəsin ona baxmadığını duyan kimi gözlərini Meqreyə zilləyirdi. Yəqin, anasının bura gəlişindən narazı idi. Bəlkə də onun israrla, uzun danışdığına bir az xəcalət də çəkirdi.
- Oğlunuz nə iş görür?
- Bərbərxanada işləyir.
Oğlan acıqla əlavə elədi:
- Ona görə ki, dayım Niorda bərbərxana sahibidir. Anamın da beyninə yerləşib ki…
- Dəllək olmaq eyib deyil. Onu demək istəyirəm ki, cənab komissar, o, iş vaxtı Respublika meydanı yanındakı bərbərxanadan çıxıb evə gələ bilməz, həm də mən buna əmin olmuşam.
- Bağışlayın, deməli, siz evdə olmadığınız vaxt oğlunuzun evə gəldiyindən şübhələnib onu izləmisiniz?
- Elədir, cənab komissar. Mən şəxsən heç kəsdən şübhələnmirəm, amma bilirəm ki, kişilər hər şeyə qadirdilər.
- Axı oğlunuz sizdən xəlvət evə gəlib nə edə bilərdi?
- Bilmirəm.
Az sükutdan sonra:
- Bəlkə də evə arvad gətirərdi. Üç ay olar cibindən bir qızın məktubunu tapmışam. Əgər atası…
- Axı siz nədən bilirsiniz ki, evinizə adam gəlir?
- Əvvəla bunu o saatca hiss eləmək olur. Qapını açıb içəri girən kimi deyə bilirəm ki…
Burada təzə bir şey yoxdur, amma həqiqətdir, insana məxsus hissdir. Meqrenin özü belə hisslər keçirmişdi.
- Bəs sonra?
- Sonra da ki, başqa əlamətlər nəzərə çarpır. Məsələn, güzgülü şkafı mən heç vaxt bağlamazdım. Bir dəfə gördüm ki, açarını bir dəfə burub bağlayıblar.
- Güzgülü şkafda qiymətli əşyalarınız var?
- Paltarımız, bir də ki, ailə suvenirləri. Amma heç nə itməyib, yəqin sizi bu maraqlandırır. Zirzəmidəki yeşiklərin də birinin yeri dəyişib.
- Yeşikdə nə vardı?
- Boş saxsı qablar.
- Deməli, evinizdən heç nə itməyib?
- Zənnimcə, yox.
- Nə vaxtdan evinizə adam girdiyini güman edirsiniz?
- Mən güman etmirəm, əminəm. Üç aydır ki, belədir.
- Zənnimizcə evə neçə dəfə giriblər?
- Bəlkə də cəmisi on dəfə. Birinci dəfədən sonra üç həftəyə yaxın gələn olmamışdı. Bəlkə də mən hiss eləməmişdim. Sonra iki dəfə dalbadal gəliblər. Sonra da üç həftə saiktlik oldu. İndi neçə gündür ki, evə girən olur, srağagün leysan yağan günü də evdə yaş izlər qalmışdı.
- Bilmirsiniz, kişi izi idi, yoxsa qadın?
- Kişi izinə oxşayırdı, amma dəqiq bilmirəm.
- Oğlunuzsa bu məsələni polis idarəsində söyləmənizə razı olmurdu?
- Elədir, cənab komissar. Heç başa düşmürəm. İzləri o da gördü.
- Cavan oğlan, izləri siz də gördünüz?
Oğlan susub durdu, cavab vermək istəmədi. Görəsən anasının küylədiyinə, yalan danışdığına görə susurdu?
- Bilmirsiniz evə haradan girirlər?
- Zənnimcə, qapıdan girirlər. Pəncərələri açıq qoyan deyiləm. Həyətdən isə gəlmək olmaz, hasar çox hündürdür. Həm də ki, qonşu evlərin həyətlərindən keçməli olardılar.
- Qıfılın üstündə bir iz qalmamışdı?
- Heç xırda bir cizgi də yox idi, ərimin böyüdücü şüşəsi ilə baxmışam.
- Sizin evin açarı heç kəsdə yoxdur ki?
- Heç kəsdə. Ancaq qızımda ola bilər (oğlan yüngülcə qurdalandı), amma qızım əri və iki uşağı ilə Orlean şəhərində yaşayır.
- Qızınızla münasibətiniz necədir?
- Fərsizin birinə ərə getdiyinə görə onu həmişə danlayıram. Bir də ki, az görüşürük…
- Siz evi tez-tez kimsəsiz qoyursunuz? Deyirsiniz ki, dulsunuz. Ordudan sizə verilən təqaüd, yəqin ki, azlıq edir.
Qadın ciddi və alicənab bir görkəm aldı:
- Mən işləyirəm. Bir də ki, əvvəlcə, demək istəyirəm ərim öləndən sonra kirayənişin saxlayırdım, iki nəfər. Amma kişilər pinti olurlar. Bircə görsəydiniz otaqları necə çirkli saxlayırdılar!
Həmin vaxt Meqrenin özü də bilmirdi ki, niyə qulaq asır. Söhbətdə təkcə sözlər deyil, vurğular da tanış idi.
- Bir ildir ki, madam Lamemanın yanında xidmətçi işləyirəm. Gözəl insandır, həkim anasıdır. Tək yaşayır. Şarenton şlüzünün yanında, elə üzbəüzdə olur və hər gün günortadan sonra mən… Biz əslində rəfiqəyik, başa düşürsünüzmü?
Meqre bu söhbətə heç əhəmiyyət verməmişdi. Görəsən, bu qadın ruhi xəstə deyildi? Ola bilər. Amma əhəmiyyəti yox idi. Belələrini qəbul eləmək yarım saat vaxt itirməkdən başqa bir şey deyildi.
Elə həmin vaxt şef otağa girmişdi, daha doğrusu, adəti üzrə qapını açıb qapının ağzında durmuşdu. Meqrenin yanındakılara nəzər salan kimi işin nə yerdə olduğunu anlamışdı. O da bir baxışdan duymuşdu ki, boş məsələdir.
- Bir dəqiqəlik çıxa bilərsinizmi, Meqre?
Onlar qonşu otaqda bir xeyli ayaq üstə qalıb Ditondan teleqrafla göndərilmiş həbs göstərişini müzakirə eləmişdilər.
Axırda Meqre demişdi:
- Torrense bu işlə məşğul olar.
Həmin vaxt sevimli qəlyanı əlində deyildi, başqa qəlyan götürmüşdü. Deməli, sevimli qəlyanını az əvvəl hakim Kamelyo zəng eləyəndə masanın üstündə qoymuşdu. Onda heç qəlyan haqda fikirləşmirdi.
O otağa qayıdıb, pəncərə qarşısına keçdi, əllərini arxasında saxlayıb soruşdu:
- Deməli, madam, sizin heç nəyiniz oğurlanmayıb.
- Zənnimcə, yox.
- Demək istəyirəm ki, siz oğurluqdan şikayət eləmirsiniz?
- Şikayət edə bilmərəm, çünki…
- Deməli, sizə elə gəlir ki, son aylar, ələlxüsus, son günlər siz evdə olmayanda kimsə evinizə girir, elədir?
- Bir dəfə lap gecə gəlib.
- Bir adam gördünüz?
- Səs eşitdim.
- Necə səs eşitdiniz?
- Mətbəxdə fincan düşüb sındı. Mən də həmin dəqiqə mətbəxə endim.
- Əlinizdə silah vardı?
- Yox. Mən qorxacaq deyiləm.
- Heç kimi görmədiniz?
- Heç kəs yox idi. Fincanın qırıqları isə yerdəydi.
- Pişiyiniz yoxdur ki?
- Xeyr, nə pişiyimiz var, nə də itimiz. Heyvanlar ev-eşiyi batırırlar.
- Bəlkə evinizə yad pişik giribmiş?
Cavan oğlan yerində qurcalanır, anasına yalvarmaq istəyirdi ki, söhbəti qurtarsın.
- Ana, sən komissar Meqreni əldən saldın!
- Sözün qısası, madam, evinizə kimin girdiyini və nə axtardığını bilmirsiniz?
- Xeyr, bilmirəm. Biz həmişə namuslu, düzgün olmuşuq, bir də ki..
- Sizə verə biləcəyim məsləhət budur ki, qıfılı dəyişəsiniz. Gözləyək görək sirli qonağınız yenə gələcəkmi.
- Bəs polis idarəsi bir iş görməyəcək?
Meqre onları qapıya tərəf apardı. Həmin vaxt şef onu öz otağında gözləməli idi.
- Hər ehtimala qarşı adamlarımdan birini sabah sizə göndərəcəyəm. Amma evinizi səhərdən axşama, axşamdan səhərə kimi nəzarət altında saxlamağa ehtiyac varmı?
- Nə vaxt gələcək?
- Deyirdiniz ki, səhərlər evdə olursunuz.
- Hərdən bazarlığa çıxıram.
- Saat on necədir?.. Sabah saat onda gələr. Xudahafiz, madam, xudahafiz, cavan oğlan.
Meqre zəngi basdı. Lüka otağa girdi:
- Hə, sənsən?.. Sabah saat onda bu ünvana gedərsən, gör nə məsələdir.
Burda inanmalı bir şey görmürdü. Bütün dəliləri və ruhi xəstələri əsas cəlb eləyən yer qəzet redaksiyaları və polis idarələridir.
Gecənin sərin havası pəncərədən içəri dolurdu.
Meqre donquldadı:
- Səfeh uşaq!
İndi yaxşı bilirdi ki, qəlyanı masanın üstündən həmin oğlan çırpışdırıb…
- Yatmayacaqsan?
Meqre yerinə girdi. O narahat və qaşqabaqlı idi. Yataq isinmişdi. Yatmamışdan əvvəl də öz-özünə deyinirdi. Səhər oyananda kefi yaxşı deyildi. Adam axşam fikirli yatanda səhər də əzgin olur. Meqre qaragüruhçu deyildi, amma özü də, arvadı da hiss edirdilər ki, gün nəhs günə oxşayır. Bir yandan da göyü qara bulud almış, hava ağırlaşmışdı.
O, küçələri dolana-dolana Orfevr küsəsinə piyada gəldi. Yolda iki dəfə əlini cibinə salıb sevimli qəlyanını axtardı.
Meqre tozlu pilləkanları tövşüyə-tövşüyə çıxıb otağına tərəf getdi.
Emil qabağına çıxdı:
- Sizi gözləyən var, cənab komissar.
Meqre çərçivəli gözləmə zalına tərəf keçib madam Leroyu gördü. Qadın yaşıl örtüklü kürsünün qırağına yanını qoyub elə oturmuşdu ki, elə bil sıçrayışa hazırlaşmışdı. Meqreni görən kimi cəld onun üstünə gəldi. Qadın həm qəzəbli görünürdü, həm də yorğun, bütün əzablı hissləri özündə cəmləmişdi. Meqrenin yaxasından tutub qışqırdı:
- Bəs sizə nə deyirdim? Onlar bu gecə gəlmişdilər. Oğlum yoxa çıxıb. İndi mənə inanırsınız? Ah! Lap yaxşı bilirdim ki, məni dəli hesab edirsiniz. Mən o qədər də axmaq deyiləm. İndi buyurun, buyurun…
Qadın tələsik çantasını açıb içindən qırağı mavi naxışlı bir yaylıq çıxartdı və təntənə ilə havada yellətdi.
- Hə, baxın, bu sübut deyil? Bizim evdə qırağı mavi yaylıq olmayıb. Mən bunu mətbəxdə masanın altından tapmışam. Hələ bu hamısı deyil.
Meqre fikirli-fikirli koridora nəzər saldı. Adam getdikcə çoxalır, gəlib-keçən çevrilib onlara baxırdı.
- Gəlin otağa, madam, — deyə o, köksünü ötürdü.
Ağır gün başlayırdı. Meqre bunu duymuşdu. O, otağının qapısını itələyib açdı, şlyapasını həmişəki yerindən asdı.
- Əyləşin. Sizi dinləyirəm. Deyirsiniz ki, oğlunuz?..
- Deyirəm ki, oğlum bu gecə yoxa çıxıb. Özü də ki, indi Allah bilir başına nə iş gəlib.




II fəsil
Jozefin ev ayaqqabısı

Oğlunun taleyi haqqında bu qadının nə düşündüyünü anlamaq çətin idi. Indicə göz yaşı axıdaraq deyirdi:
- Mən əminəm ki, onu öldürüblər. Sizsə heç nə eləmədiniz! Əlbəttə, sizə elə gəlir ki, mən dəliyəm! Və budur, o ölüb! Mənsə indi tək qalmışam, tək-tənha, dəstəksiz!..
Indisə, kənd xiyabanını xatırladan Bersi küçəsində şütüyən taksidə birdən-birə onun üzü aydınlandı və gözləri parıldadı.

Meqre onun yanında, dal oturacaqda oturmuşdu, Lüka isə qabaqda, sürücünün yanında. Senanın qarşı sahilində zavod turbaları görünürdü. Bu sahildə isə anbarlar, şəxsi evlər, hələ buralarda kənd olduğu vaxtlarda tikilən və nə olduğu bilinməyən binalar sırayla düzülmüşdü.

Madam Rua, yox – Lerua şüşəni tıqqıldatdı:
- Çatdıq. Evdəki səliqəsizliyə görə üzr istəyirəm. Aydındır, bu gün təmizlik apara bilməmişəm.
O çantasından açarı tapdı. Qapı tünd qəhvəyi rəngdəydi, divarsa qonur. Meqre eyni zamanda kilidə baxa bildi; zorla açılma izi yox idi.
- Girin, xahiş edirəm. Siz yəqin ki, bütün otaqlara baxacaqsınız. Buyurun, həmin fincanın sınıqlarıdır. Olduğu yerdəcə qalıb.
O özünün ideal təmizliyi haqqında danışanda şişirtmirmiş. Hər yer tər-təmiz idi. Adi toz dənəciyi də yox idi. Amma, aman Tanrı, bütün bunlar necə iyrənc idi! Dar koridor, aşağıdan qəhvəyi, yuxarıdan tünd sarı rənglənmiş divarlar, qəhvəyi qapılar. Ən azı iyirmi il qabaq yapışdırılmış və rəngini dəyişmiş divar kağızları.

Sahibə dayanmadan danışırdı:
- Heç nə eşitməməyim məni xüsusilə təəccübləndirir. Mən çox ayıq yatıram, bu gecə isə ölü kimi yatmışam…
Meqre ona baxdı.
- Sizcə sizə yuxu dərmanı vermişdilər?
- Yox, bu ola bilməz! O cəsarət eləməzdi! Bir də ki, nə üçün? Bu onun nəyinə lazım idi?
Həqiqətənmi o yenə deyinməyə başlayacaq? Qadın özünü itirmişdi, gah oğlunu günahlandırırdı, gah da onu tərifləyirdi. Meqre isə hərəkətsiz dayanmışdı, süngər kimi hadisələri özünə hopdurmağa çalışırdı.
Qadın ondan bir addım da aralanmırdı, onun nə düşündüyünü tapmağa çalışaraq hər hərəkətini, hər baxışını şübhəli nəzərlərlə izləyirdi.
Lüka da rəisinə baxırdı, bu hadisə ona nəinki gülməli, hətta sarsaqcasına hərəkət kimi görünürdü.
- Yemək otağı koridorun  o biri başında, sağ tərəfdədir. Amma biz tək olanda – biz demək olar həmişə tək oluruq – mətbəxdə yeyirik.
Əgər o Meqrenin özündən asılı olmayaraq burda qəlyanını axtardığını bilsəydi heyrətlənərdi, bəlkə də özünü itirərdi. Meqre dar pilləkanlarla qalxmağa başladı. Qadın da hər şeyi izah edə-edə onun dalınca çıxırdı – o izah etmək üçün əldən gedirdi!
- Soldakı otaq Jozefinki idi... Aman Tanrı! Mən idi dedim, elə bil ki, o...
- Siz burda heç nəyə toxunmamısınız?
- Yox, heç nəyə, and içirəm. Gördüyünüz kimi yataq yığışdırılıb, amma onun yatmadığına əminəm...

Komissar şkafın qapısını açdı.
- Onun bütün əşyaları yerindədir?
- İş də orasındadır ki, yox. Əgər onun bütün əşyaları yerində olsaydı, onda kostyumla köynək stulun üstündə olardı... Bəlkə o gecə səs eşidib mətbəxə düşüb və ona orda sirli qonaq və ya qonaqlar hücum edib?
- Dünən gecə siz onu yataqda görmüsünüz?
- Hər gecə mən onu öpməyə gəlirəm. Həmişəki kimi dünən də gəldim. O artıq soyunmuşdu. Paltarları stulun üstündə idi. Amma açar... – deyəsən onun beyninə hansısa fikir gəldi və o yenə izah etməyə başladı. – Bilirsiniz, aşağıdan axırıncı mən çıxıram və qapını da özüm açarla bağlayıram. Açarı isə öz otağımda, balışın altına qoyuram, çünki...
- Deməli, səhər açar yerində idi?
- Hə, müsyö komissar, mən buna fikir verməmişdim, indi yadıma düşdü. Deməli o qaçmağa hazırlaşmırdı, siz necə düşünürsünüz?
- Bircə dəqiqə. Ola bilsin, o yatmağa uzanıb. Sonra durub geyinib.
- Baxın, baxın, onun qalstuku yerdədir. O qalstuk bağlamayıb!
- Bəs onun ayaqqabısı hardadır?
Qadın cəld otağımn küncünə baxdı, orda iki cüt köhnə ayaqqabı vardı.
- Ayaqqabıları da burdadır. O ev ayaqqabısıyla gedib.
Meqre əvvəlki kimi qəlyanını axtarsa da onu heç yerdə tapmırdı. Əslinə qalsa, hal-hazırda nə axtardığını özü də dəqiq bilmirdi. Hər ehtimala qarşı o oğlanın miskin otağına baxdı. Şkafda onun  ancaq bazar günlərində geyindiyi mavi rəngli "bazar kostyumu”, bir neçə köhnə və yamaqlı köynək asılmışdı, bir cüt də laklı tufli qoyulmuşdu.
Meqre açıq siqaret qutusunu gördü.
- Sizin oğlunuz qəlyan çəkmirdi?
- Nə danışırsınız, heç mən o yaşda ona icazə verərdim? Iki həftə əvvəl o yarmarkalarda satılan balaca qəlyanlardan bir dənə almışdı, əlindən alıb sobaya atdım.
Meqre udqunub xanım Leruanın yataq otağına keçdi. O isə öz danışmağında idi:
- Səliqəsizliyə görə bağışlayın, yatağımı yığışdıra bilməmişəm.
O artıq ürək bulandırırdı.
- Yuxarıda da çardaqdır, ərim öləndən sonra ilk aylar biz orda yatırdıq, onda bizim kitayənişinimiz vardı... Axı o nə ayaqqabısını geyinib, nə də qalstukunu bağlayıb. Sizcə bu nə deməkdir?
Artıq boğaza yığılmış Meqre dedi:
- Bilmirəm, madam!

Artıq iki saat idi ki, Lüka hər künc-bucağı yoxlaya-yoxlaya evi gəzirdi və bircə dəqiqə də susmayan xanım Lerua onun dalınca düşmüşdü.
- Baxın, bu qutu necəsə yerini dəyişib. Üst taxçadakı paltarları da qurdalayıblar...
Pəncərədən günəş şüaları düşürdü, amma otaq nə üçünsə yarıqaranlıq idi. Meqre o qədər yorulmuşdu ki, onların dalınca getməyə gücü çatmırdı.
O idarədən çıxanda inspektorlardan birinə tapşırmışdı ki, Orleana zəng edib Leruanın ərdə olan qızının axır vaxtlar Parisə gəlib-gəlmədiyini öyrənsin. Çətin ki, bu ipucu olsun... Birdən Jozef anasından gizli açarın surətini çıxartıbsa? Deməli, belə olan halda o əvvəlcədən bu gecə evdən qaçmaq qərarına gəlmişdi... Bəs nə üçün qalstukunu və ayaqqabısını geyinməmişdi? Meqre indi Jozefin ev ayaqqabılarının necə göründüyünü dəqiq bilirdi. Xanım Lerua qənaətcilliyinin ucbatından onları özü tikmişdi. 

Burda kasıblıq hökm sürürdü və onu qəbul etmək istəmədiklərindən daha əzabverici və çəkilməz idi.

Bəs əvvəlki kirayənişinlər? Xanım Lerua onlar haqqında danışdı. Pəncərəyə elan yapışdırandan sonra birinci "Sustel” firmasının işçisi, subay qoca gəldi.
- Özünə hörmət edən və yaxşı tərbiyə almış biriydi, müsyö komissar, əgər qəlyanını hara gəldi boşaldan birinə tərbiyəli demək olarsa. Bir də ki, onda gecələr durmaq xəstəliyi vardı, aşağı düşüb ot qartışığı içirdi. Hər halda o təhsilli adam idi.
Ikinci otaqda əvvəlcə bənna qalırdı. Bənnanın ondan xoşu gəlirdi və onunla evlənmək niyyətində idi.
- O mənə həmişə öz imkanından, Monlüsondakı evindən danışırdı, evlənəndən sonra məni ora aparmaq istəyirdi. Amma mən onu saxlaya bilmədim...
Bənna getdi – yəqin ki, kədərli halda. Onun yerini Blüsteyn tutdu.
- Gəlmə idi. Aksent hiss olunsa da fransızca yaxşı danışırdı. O kommivoyajer işləyirdi, həftədə cəmi bir-iki dəfə evdə yatırdı.
- Kirayənişinlərinizdə açar var idi?
- Yox, müsyö komissar. O vaxtlar mən həmişə evdə olurdum. Harasa getməli olanda isə açarı su turbasının altında gizlədirdim, onlar yeri bilirdilər. Bir dəfə müsyö Blüsteyn bir həftə yoxa çıxdı...
- Onlar harasa gedəndə sizə məlumat verirdilər?
- Yox. Hər halda o da tərbiyəli adam idi...

Yemək otağının küncündə, paltartikən maşının yanında kitablar qoyulmuşdu. Meqre onları vərəqlədi. Hamısı ucuz nəşrlər idi. Əsasən macəra romanları. Əksəriyyətində karandaş və ya qələmlə yazılmış monoqram vardı: "J” və "M”. Hamısında "M” "J”dən böyük və daha diqqətlə yazılmışdı.
Meqre xanım Lerua dayanan yerə - pilləkan tərəfə qışqırdı:
- Madasm Lerua, siz adı "M” hərfi ilə başlayan birini tanımırsınız?
- "M”? Yox, nəysə yadıma gəlmir. Ərimin xalası qızının adı Marsella idi, amma o İssudendə doğuş zamanı ölüb.
Lüka ilə Meqre küçəyə çıxanda artıq günorta idi.
- Bir şey içək, şef?
Onlar küçənin tinindəki qırmızı damlı bistroya girib balaca stolun dalında oturdular. Ikisi də əzgin görkəmdəydilər; Lüka lap pis görünürdü.
- Bu nə idi? – Lüka dərindən nəfəs aldı. – Yadıma düşmüşkən, mən sevgi məktubu tapdım. Bilirsiniz harda? Bu oğlanın siqaret qutusunda. Deyəsən o anasından möhkəm qorxur.
Bu həqiqətən də sevgi məktubu idi:
"Mənim əziz Jozef. Sən dünən mənim sənin kimi birinə heç vaxt ərə getməyəcəyimi deyəndə mənim xətrimə dəydin. Axı sən mənim səni sənin məni sevdiyin kimi sevdiyimi yaxşı bilirsən. Sənin həyatda çox şeyə nail olacağına inanıram. Amma xahiş edirəm, daha məni mağazanın yanında gözləmə. Səni görüblər, madam Roza da nədənsə şübhələnir. Bundan sonra məni metronun yanında gözlə, amma sabah gəlmə. Sabah anam dalımca gələcək və biz diş həkiminə gedəcəyik. Xahiş edirəm, daha oyun çıxartma. Səni öpürəm və sevirəm.
Matilda”

Meqre məktubu portmanatına qoydu.

- Demək belə imiş!
- Nə?
- "J” və "M”. Nə edəsən, həyat belədir! Bu belə başlayır və tənhalıqla taleyə qarğışın hakim olduğu balaca evcikdə başa çatacaq. Bu yaramazın mənim qəlyanımı oğurladığını fikirləşəndə...
- Siz əminsiniz ki, onu oğurlayıblar?
Açıq-aşkar görünürdü ki, Lüka xanım Leruanın nəğmələrinə inanmadığı kimi buna da inanmır. Bu hadisə onu artıq boğaza yığmışdı və o özlüyündə Allah bilir hansı fikirlər quraşdıran rəisini başa düşmürdü.
- Əgər o mənim qəlyanımı oğurlamasaydı...
- Nə olsun? Bu nəyi sübut edir?
- Sən başa düşməzsən. Mən rahat olardım... Qarson, nə qədər verməliyəm?
Onlar adamsız küçəyə baxa-baxa avtobus gözləyirdilər. Nahar vaxtı idi. Qaldırıcı kranlar əllərini yuxarı qaldırıb donmuşdular, qayıqlarsa yatmış kimi görünürdülər... Avtobusda qəlyanını ağzından çıxartmayan Meqre qəfil bərkdən güldü.
- Yazıq... Gör yadıma nə düşdü... Qəbiristanlıqlarda başdaşılara fikir vermisən, kişilər arvadlardan tez ölür. "Burda 1901-ci ildə vəfat edən filankəs yatır”, yanındasa arvadının bir az təzə başdaşısı: "burda 1930-cu ildə vəfat edən filankəs yatır”. Əlbəttə ki, arvad ərinin dalınca gedib, amma iyirmi doqquz il sonra!

Kartotekada haçansa polisə işi düşmüş bütün Blüsteynləri axtardıqları vaxt Meqre öz işləriylə məşğul idi, Lüka isə Respublika meydanının yan-yörəsində fırlanırdı.
Bürkü getdikcə çəkilməz olurdu. On dəfə - çox olar ki, az olmaz – Meqre itmiş qəlyanını götürmək üçün əlini uzadırdı və hər dəfə deyinirdi:
- Lənətə gəlmiş oğlan...
Iki dəfə də telefonla danışmışdı:
- Lükadan səs-soraq yoxdur?
Bərbərxanada işləyən Jozef Leruanı soruşmaq və bu yolla ona məktub yazan Matildanı tapmaq elə də çətin deyildi.
Belə, ilk növbədə Jozef Meqrenin qəlyanını oğurlayıb. Sonra həmin Jozef geyim-kecimli, amma ev ayaqqabılarında - əgər onlara ayaqqabı demək olarsa – gecənin bir aləmi yoxa çıxıb... Meqre oxuduğu protokolu bir qırağa qoyub telefonçudan onu kartotekaya calamağını istədi və ona xas olmayan səbirsizliklə soruşdu:
- Blüsteynlərlə iş nə yerdədir?
- Axtarırıq, müsyö komissar. Onlar çoxdur. Amma bu müddət ərzində Bersi küçəsində yaşayanını həlıə tapmamışıq. Tapan kimi sizə xəbər verəcəyik.
Nəhayət ki, Lüka gəldi. O tər içində idi.
- Hər şey qaydasındadır, şef. Amma sizi əmin edim ki, bu o qədər də asan olmadı. Bizim Jozef qəribə tipdir... O öz sirlərini heç kimə açmırdı. Hesab edin ki, uzun bərbər zalıdır. On beş ya da iyirmi dənə kreslo, o qədər də usta var. Səhərdən axşamacan bazar kimidir... Camaat gəlir, gedir... "Jozef? – Müdür dedi. – Hansı Jozef? Hə, bildim. Adamayovuşmaz. Hə, nə olub ki? Nə oyun çıxartıb bu Jozef?” İşçilərə bir neçə sual vermək üçün icazə istədim. Mən kresloların arasıyla gəzən vaxt ustalar bir-birinə baxıb göz vururdular, gülürdülər. "Jozef? Yox, biz heç onunla vaxt keçirtməmişik. O həmişə tək gedirdi. Onun sevgilisi vardı? Ola bilər... Amma o simayla...” Yenə gülüş: "Səmimi idi? O çurban idi. Bu cavan cənab öz işindən utanırdı. Ona görə də biz saqqalqırxanlardan uzaq gəzirdi...” Şef, görürsünüz onlar mənimlə hansı tonda danışırdılar? Müdür artıq deyinməyə başlamışdı. Axır ki, kassaya çatdım. Sentimental görkəmli, otuz yaşlı toppuş kassir qız əvvəlcə soruşdu: "Jozef nəsə  axmaqlıq edib?” – "Yox, mademuazel, əksinə. Deyin görüm, onun buralarda tanış qızı yox idi?” 
Meqre mızıldandı:
- Bir az qısa olmaz?
- Olar. Yeri gəlmişkən, qızı görmək istəyirsinizsə, ora getməyin əsil vaxtıdır. Qısası, Jozef bu kassirin vasitəsilə Matildanın məktublarını alırdı. Tapdığımız məktub çox güman ki, srağagün yazılıb. Adətən qızın göndərdiyi uşaq bərbərxanaya girib məktubu kassirə verirdi və "müsyö Jozef üçündür” pıçıldayırdı. Xoşbəxtlikdən kassir uşağın Bon-Nuvel bulvarındakı qalantereya mağazasına girdiyini görüb. Beləliklə mən Matildanı tapdım.
- Sən ona heç nə demədin ki?
- O heç mənim onunla maraqlandığımdan şübhələnmədi də. Sadəcə müdürdən Matilda adlı işçisinin olub-olmadığını soruşdum. Müdür piştaxtanın dalındakı qızı göstərdi və çağırmaq istədi. Mən müdürdən qıza heç nə deməməsini xahiş etdim... İndi altının yarısıdır. Yarım saata dükanlar bağlanacaq.


- Bağışlayın, mademuazel...
- Nə olub, müsyö?
- Bir söz soruşacağam.
- Məni rahat buraxın.
Göyçək qız Meqreni kim bilir nə hesab etmişdi... Nə edəsən?
- Polisəm.
- Necə? Sizə nə lazımdır?
- Sizin Jozefiniz haqqında bəzi şeyləri öyrənməliyəm.
- Jozerf? O nə edib?
- Burasını bilmirəm, mademuazel. Amma onun indi harda olduğunu bilmək istəyərdim. 
Burdaca ayıldı: "Lənət şeytana, çərənlədim...” Özünü uşaq kimi apardı. Axı o qızın narahatlıqla ətrafına baxdığını gördü. Onunla danışmaq lazım deyildi. Dalınca düşmək daha yaxşı olardı. Axı onlar metronun yanında görüşməliydilər. 
- O yəqin ki, işdədir, həmişəki kimi.
- Yox, mademuazel. Və yəqin ki, onun yeri sizə daha yaxşı məlumdur.
- Nə demək istəyirsiniz?
Bulvar "pik” həddində idi. Dəstə-dəstə adam metroya tərəf gedib yerin altında itirdilər.
Meqre qızı çıxışda saxladı.
- Burda dayanaq.
Qız bərk həyəcanlıydı, ətrafa boylanırdı. Bu yumrusifət, on səkkiz yaşında parisli qız idi.
- Mənim haqqımda necə öyrəndiniz?
- Vacib deyil. Jozef haqqında nə bilirsiniz?
- Ondan nə istədiyinizi bilmək istəyərdim əvvəlcə.

Meqre də kütləyə baxa-baxa Jozefin onu qızın yanında görən kimi gizlənəcəyini fikirləşirdi.
- Jozef sizə tezliklə həyatının dəyişəcəyini demirdi ki? Ancaq yalan danışmayın.
Qız:
- Nə üçün yalan danışmalıyam? - deyib dodağını dişlədi.
- Buyurun, siz bəhanə uydurmağa vaxt udmaq üçün sual verirsiniz.
Qız dabanını yerə sürtdü.
- Həqiqətən polisdən olduğunuzu necə sübut edərsiniz?
Meqre vəsiqəsini göstərdi.
- Boynunuza alın ki, Jozef işindən çox utanırdı.
- Nə olsun?
- O olsun ki, bu ona həddindən çox əzab verirdi.
- Ola bilsin o bərbər olmaq istəmirdi, günah deyil ki?
- Nəyi nəzərdə tutduğumu yaxşı bilirsiniz. Onu öz evi, bütün bu həyat tərzi iyrəndirirdi. O hətta anasına görə də utanırdı. Belə deyil?
- O mənə heç vaxt belə şey deməyib.
- Amma siz hiss eləmişdiniz. Belə, axır vaxtlar o sizə tezlikə həyatının dəyişəcəyini deməliydi.
- Yox, deməyib.
- Onu çoxdan tanıyırsınız?
- Yarım ildən bir az çox olar. Biz qışda tanış olmuşduq. O mağazadan portmanat alırdı. Portmanatın onun cibinə uyğun olmadığını başa düşdüm, o bunu mənə deməyə utandı və portmanatı aldı. Axşam onu mağazanın çıxışında gördüm. Bir nüçə gün o mənim dalımca düşdü, amma yaxınlaşmağa cəsarət etmirdi.
- Siz bir yerdə hardasa olmusunuz?
- Əksər hallarda iş çıxışı bir neçə dəqiqəlik görüşürdük. Hərdən o məni metronun "Şampionpe” stansiyasınacan ötürürdü. Mən orda yaşayıram. Bazar günləri hərdən kinoya gedirdik. Amma az, çünki mənim valideynlərim...
- Siz heç vaxt onun anası evdə olmayanda onlara getməmisniz ki?
- And içirəm ki, heç vaxt. Bir dəfə uzaqdan evləri mənə göstərmişdi ki...
- Necə bədbəxt olduğunu başa salsın... Gördünüz!
- O nəsə pis iş görüb?
- Yox, ay qız! O sadəcə yoxa çıxıb. Onu tapmaq lazımdır. Az da olsa köməklik göstərəcəyinizə ümid edirəm. Sizdən onun  hardasa ev kirayələdiyini soruşmaq mənasızdır.
- O saat onu tanımadığınız hiss olunur. Onun heç vaxt pulu olmurdu. Maaşını anasına verirdi axı, özündə qalan pul isə siqaretə ancaq çatırdı.
O qızardı.
- Biz kinoya gedəndə hərəmiz özümüzçün bilet alırdıq. Bir dəfə...
- Hə, danışın görək...
- Aman tanrı, nə üçün də yox... Bunda pis heç nə yoxdur. Bir ay qabaq biz şəhər kənarına gedəndə onun nahar almağa pulu yox idi.
- Hara getmişdiniz?
- Marnoya. Şelldə qatardan düşüb Marno ilə kanal arasında gəzdik.
- Təşəkkür edirəm, mademuazel.
- Polis onu nə üçün axtarır?
- Onun anası bizə müraciət edib. Narahat olmayın, mademuazel. Və əgər bizdən qabaq nəsə öyrənə bilsəniz dərhal xəbər verin.
Dala baxanda Meqre qızın necə qərarsızlıqla metronun pilləkanlarını düşdüyünü gördü.
Orfevrdəki kabinetində onu xəbər gözləyirdi.
"Stefan Blüsteyn, 35 yaş, 1919-cu ilin 15 fevralında Nitssendəki "Neqresko” mehmanxanasında öldürülüb. Hadisədən bir neçə gün qabaq otaq kirayələmişdi. Yanına gələn çox olurdu, əsasən gecə yarısında. O altı millimetr kalibrli tapança ilə öldürülüb; silah tapılmayıb. Qatil də həmçinin. Qatil bütün əşyaları ələk-vələk edib, səhər otaqda təsvirəgəlməz səliqəsizlik hökm sürürdü.
Blüsteynin öz şəxsiyyəti də şübhəlidir. Hardan gəldiyi bilinmir. Təkcə Nitsseyə Parisdən gəldiyi məlumdur. Yəqin ki, Nitssenin axtarış polisi daha dolğun məlumata malikdir”.
Ölüm tarixi Blüsteynin Bersi küçəsindən getdiyi vaxtla üst-üstə düşürdü. Meqre növbəti dəfə itmiş qəlyanını götürmək istəyəndə söydü:
- Ağılsız yaramaz!


III fəsil
Xüsusi axtarış

Hərdən elə frazalar gəlir ki, hərəkət ritminə oturur – olsun qatarın hərəkəti – və yaddaşa elə sakitcə hopur ki, yaxa qurtarmaq çətin olur. Məhz belə bir fraza köhnə taksidə yol gedən Meqreni təqib edirdi, ritmi isə maşının yaş damını döyəcləyən ağır yağış damcıları tuturdu:
"Xü-su-si ax-ta-rış... Xü-su-si ax-ta-rış... Xü-su-si ax...”
Axı iş yanında oturan qızla və qabaq oturacaqda tullanıb-düşən mehriban Lüka ilə qaranlıq yolda getməyə heç bir əsas vermirdi. Adətən madam Lerua kimi qadınlar sizi işdən ayıranda ona heç sözünü qurtarmağa imkan vermirlər.
"Heç nəyiniz oğurlanmayıb, madam? Ərizə verməyəcəksiniz ki? Üzgünəm, amma belə olan halda...”
Hətta onun oğlu itibsə:
"Deyirsiniz ki, o qaçıb? Əgər biz bütün evdən qaçanları tapmağa başlasaq bütün polis bununnla məşğul olmalı olar, heç adamlarımız da çatmaz!”
"Qohumlarının ərizəsinə görə xüsusi axtarış” – bu belə adlanır. Özü də bu ancaq axtarışa israr edənlərçün olur. Nəticədə isə... Taksi Parisdən çıxıb şosse yolla şütüyürdü. Onu bura nə gətirib? Onun heç taksi pulunu da ödəməyəcəklər. Bütün bunlar qəlyana görədir... O Bersi küçəsindəki evin qapısına çatanda leysan başladı. O zəngi basdı. Madam Lerua nahar edirdi. Nahar çörəkdən, yağdan və hisə verilmiş siyənək balığından ibarət idi. Həyəcanlanmağına baxmayaraq o balığı gizlətməyə çalışdı.
- Siz bu adamı tanıyırsınız?
O təəccüblənsə də cavabı gecikdirmədi:
- Bu mənim keçmiş kirayənişinim müsyö Blüsteyndir. Qəribədir, şəkildə bahalı paltardadır, modabaza oxşayır... Burda yaşayanda isə o lap kasıb kimi geyinirdi... Bu nə deməkdir, müsyö komissar? Bu adam hardadır? O nə edib?
- O öldürülüb. Mümkünsə, deyin görüm. Görürəm ki...
Meqre otağa göz gəzdirdi: şkaflar açılmışdı, çəkməcələr tökülmüşdü.
- ...ikimizin də ağlına eyni fikir gəlib.
Qadın qızardı. O etiraz etməyə hazırlaşırdı, Meqre isə bu gün heç də hövsələli tərpənmirdi.
- Evdə hər şeyi yoxlamısınız. Inkar etməyin. Oğlunuzun özüylə nəsə aparıb-aparmadığını öyrənmək istəyirdiniz, elə deyil? Nəticə necədir?
- Heç bir nəticəsi olmadı, and içirəm. Hər şey yerindədir. Buna nə deyirsiniz? Hara gedirsiniz?
Meqre artıq bayırdaydı. Yenə vaxt itirdi. Yenə sarsaq səbəbə görə. Bir az əvvəl Bonn-Nuvel bulvarında qızla danışanda dəqiq ünvanı soruşmaq onun ağlına gəlməmişdi. Indi qız ona lazımdır. Xoşbəxtlikdən qızın müdürü mağaza olan binada yaşayır.
Taksi saxlamalı oldu. Böyük damcılar asvalta tökülür.  Piyadalar tələsir. Maşınsa işıqforlarda dayanır.
- Şampionpe küçəsi, ev altmış yeddi.
O dörd nəfərin – ata, ana, qız və on iki yaşlı oğlan – dairəvi masa dalında oturub şorba içdikləri balaca otağa girdi. Matilda onu görən kimi ayağa sıçradı.
- Üzr istəyirəm. Mənə qızınızın köməyi lazımdır. Onun mağazada gördüyü bir alıcının şəxsiyyətini müəyyənləşdirməliyik. Mademuazel, zəhmət olmasa mənimlə gəlin.

- Hara gedirik?
- Şellə.
- Onun orda olduğunu fikirləşirsiniz?
- Dəqiq bilmirəm, mademuazel... – Sürücüyə müraciət etdi. – Əvvəlcə Orfevrə gedək.
Orfevrdə onları gözləyən Lüka taksiyə mindi. Qohumların ərizəsinə görə xüsusi axtarış!.. Meqre dalda, qorxudan ona sığınmış Matilda ilə bir yerdə oturmuşdu. Böyük yağış damcıları taksinin köhnə damına düşüb ordan aşağı süzülürdü. Qızın qabağında Lükanın siqareti közərirdi.
- Siz Şelli yaxşı xatırlayırsınız, mademuazel?
- Əlbəttə!
Lənət şeytana, bəyəm bu onun sevgisinin ən parlaq xatirəsi deyildi? Cəmi bir dəfə onlar Parisdən qırağa çıxıblar, hündür otların arasında qaçıb çay qırağında gəziblər...
- Siz qaranlıqda yolu tanıyacağınızdan əminsiniz?
- Məncə hə. Əgər taksi vağzalın yanından getsə: axı biz Şellə qatarla gəlmişdik.
- Mənə demişdiniz ki, orda nahar etmisiniz.
- Hə, balaca bir yer idi. O qədər köhnə, çirkli, ürəksıxan idi ki, kefimiz pozuldu. O Marnanın sahilində idi. Dayanın... Solda köhnə zavod bacası görünürdü, yarım kilometr qabaqda isə ikimərtəbəli ev... Biz orda ev görəndə təəccübləndik... İçəri girdik. Sağda piştaxta vardı. Ortada isə iki dəmir stol və bir neçə stul qoyulmuşdu. Həmin adam...
- Oranın sahibi?
- Hə. Balacaboy, qarabəniz biriydi. O daha çox... Nəyə oxşayırdı deyim? Heç bilmirəm sizi necə başa salım. Ola bilər bizə elə görünmüşdü... Biz soruşduq ki, burda nəsə yemək olar? O bizə paştetlə kolbasa verdi, sonra dovşan qızartdı. Hər şey çox dadlı idi. Sahib bizimlə söhbət etdi, balıqçı müştərilərindən danışdı. Küncdə də xeyli tor, tilov qoyulmuşdu...
Meqre sürücünün saxladığını görüb soruşdu:
- Buradır?
Balaca stansiya binası, qaranlıqda görünən bir neçə işıq.
- Sağa. Sonra ikinci döngədən yenə sağa. Orda yolu soruşmuşduq. Nə üçün fikirləşirsiniz ki, Jozef burdadır?
Elə-belə. Daha doğrusu, qəlyana görə. Amma bunu etiraf eləməzdi.
Qohumların ərizəsinə görə xüsusi axtarış! Yaman gülməli görünür. Amma hər halda...
- İndi düz gedin – Matilda dedi, - qabaqda çayın üstündə körpü var. Amma onunla getmək lazım deyil. Sola dönün, ehtiyyatlı olun, yol sürüşkəndir!..
- Hər halda boynunuza alın ki, sizin bu Jozef axır vaxtlar həyatında baş verə biləcək dəyişikliklərdən danışırdı.
- O çox dürüst idi.
- Mən uzaq gələcəkdən danışmıram. Bu günlərdə.
- O bərbər olmaq istəmirdi.
- O ümid edirdi ki, onun pulu olacaq. Düzdür?
Yazıq qız yaman əzab çəkirdi! O öz Jozefini satmaq istəmirdi!
Maşın yavaş-yavaş Marnanın sahiliylə gedirdi. Sağ tərəfdə kasıb adamların balaca evləri və hərdən də babat villalar görünürdü. Orda-burda işıqlar yanırdı, arabir it hürürdü. Körpüdən təxminən bir kilometr qabaqda yol lap sürüşkən idi. Taksi dayandı, sürücü dedi:
- Daha getmək olmaz.
Yağış elə bil vedrədən tökülürdü. Maşından düşən kimi təpədən-dırnağacan islandılar. Torpaq ayaqlarının altından qaçırdı, paltarlarına kol-kos ilişirdi. Onlar bir-birindən tutub getməli oldular; sürücü deyinə-deyinə maşında oturmuşdu və yəqin ki, yaxşı məbləğdə pul istəməyə hazırlaşırdı.
- Qəribədir, elə bilirdim ki, yaxındadır.
- Siz hələ evləri görmürsünüz?
Marna lap yaxında idi. Onlar suyu sıçrada-sıçrada gölməçələrdən keçirdilər. Meqre kolları aralayaraq qabaqda gedirdi. Matilda və Lüka onu təqib edirdilər. Qız qorxmağa başlamışdı.
- Mən axı körpüylə bacanı tanıdım. Çaşa bilmərəm axı.
- Baxın, solda işıq yanır...
- Oradır.
- T-şş... Səs salmayın...
- Siz ehtimal edirsiniz ki...
Meqre tez onun sözünü kəsdi:
- Mən heç nə ehtimal etmirəm. Mən heç vaxt ehtimal etmirəm, mademuazel.
Onlar evə yaxınlaşanda Meqre yavaşca Lükaya dedi:
- Qızla bir yerdə burda dayan. Mən çağırmamış yerindən tərpənmə. Matilda, bax. Burdan fasad görünür. Tanıdın?
- Hə, oradır...
Həmin an Meqrenin enli kürəyi pəncərədən qızın üzünə düşən işığın qabağını kəsdi.

IV fəsil
Balıqçıların məskəni

Buranın şübhəli yer olduğunu deyəndə Matilda şişirtmirdi. Çirkli pəncərəli, atılmış zirzəmini xatırladan bir yer idi. Hava çox soyuq olmadığı üçün qapı açıq idi. Sarımtıl işıq çirkli döşəməyə düşürdü. Meqre qəflətən qaranlıqdan çıxdı. Qapı ağzında onun fiquru qəribə tərzdə, bir az da qorxulu görünürdü. Barmaqlarıyla şlyapasının qırağına toxunub qəlyanı ağzından çıxartmadan: - Axşamınz xeyir, cənablar, - dedi.
Üstündə üzüm arağı şüşəsi və iki daş stəkan olan dəmir stolun dalında iki kişi oturmuşdu. Onlardan biri – qarayanız, pencəksiz – tələsmədən başını qaldırdı, təəccüblə Meqreyə baxdı və ayağa durub şalvarını çəkdi.
- Axşamınız xeyir...
Ikincisi dalını çevirdi. Bu yəqin ki, Jozef Lerua deyildi. O möhkəm bədən quruluşuna malik idi və açıq boz kostyum geyinmişdi.
Qəribədir: qəfil qonaq gəldiyinə baxmayaraq o heç təəccüblənmədi. Və girən adamın kimliyilə maraqlanmamağında da nəsə qəribəlik vardı.
Meqre piştaxtaya yaxınlaşdı. Onun balaqlarından su süzülüb çirkli döşəmədə tünd ləkə qoyurdu.
- Sizdə boş otaq yoxdur?
Sahib vaxt uzatmağa çalışaraq yavaş-yavaş piştaxtanın dalına keçib soruşdu:
- Nəsə içmək istəyirsiniz?
- Yaxşı olar. Deyirəm boş otağınız var?
- Təəssüf ki, yox... Siz piyadasınız?
Suala cavab verməmək növbəsi Meqredə idi.
- Araq verin.
- Mənə elə gəldi ki, maşın səsi gəldi.
- Ola bilər. Otaq var, ya yox?
Bütün bu vaxt ərzində Meqre bir neçə metr aralıda daş kimi tərpənməz oturan adamın kürəyinə baxırdı. Burda elektrik enerjisi yox idi. Otağı kerosin lampası işıqlandırırdı. Əgər bu adam çevrilsəydi... Əgər o tərpənməməkdə belə israrlı olmasaydı... Bu Meqreni narahat edirdi. Kafenin və mətbəxin ölçüsünə baxsaq yuxarıda ən azı üç otaq olmalıydı. Sahibin görkəmindən və evdəki səliqəsizlikdən Meqre evdə qadın yaşamadığı qərarına gəldi. Ona elə gəldi ki, yuxarıda kimsə gəzir.
- Hal-hazırda sizdə neçə nəfər qalır?
- Heç kim. Bəyəm...
O oturan adamı, daha doğrusu adamın kürəyini göstərdi.
Və bu zaman Meqre yaxınlaşan təhlükəni hiss etdi. Tez hərəkət eləmək lazım idi. O həmin adamın əlinin lampaya tərəf uzandığını görə bildi. Meqre qabağa sıçradı. Amma artıq gec idi. Lampa döşəməyə düşdü, şüşə qırıqları ətrafa səpələndi, otağa kerosin iyi yayıldı. 
- Mən əmin idim ki, səni tanıdım, yaramaz!
Meqre onun pencəyindən tuta bildi, o isə qaçmağa çalışıb Meqreni vurdu. Onlar qaranlıqda dava edirdilər. Meqre borclu qalmayıb yumruqla cavab qaytardı. Bəs sahib nə edəcək? Müştəriyə kömək edəcək? Kimsə Meqrenin əlini dişlədi. Meqre bütün ağırlığını rəqibinin üstünə saldı və onlar döşəməyə, şüşə qırıqlarının üstünə yıxıldılar.
Meqre var gücüylə qışqırdı:
- Lüka! Lüka!
Rəqib silahlı idi. Meqre onun  cibindəki ağır tapançanı hiss edirdi və onun əlini cibinə salmağına mane olmağa çalışırdı.
Yox, sahib görünmürdü. Ola bilsin sakitcə piştaxtanın dalında dayanıb.
- Lüka!
- Burdayam, şef!
Lüka evə tərəf qaça-qaça qışqırırdı:
- Yerinizdə dayanın. Eşidirsiniz? Dalımca gəlməyin!
Əlbəttə ki, hu sözlər Matildaya aid idi, o yəqin ki, qorxudan ağlını itirmişdi.
- Heyvan, əgər yenə əlimi dişləsən, başını sındıracağam. Başa düşdün?
Meqre onun silaha tərəf uzanan əlini vurdu. Rəqib də onun qədər güclü idi. Bəlkə də qaranlıqda onunla təkbətək davaya girişən komissar səhvə yol vermişdi.
- Lüka! Fənəri yandır.
- Bu saat, şef.
Fənərin ölgün işığı onları aydınlatdı.
- Lənət şeytana! Nikolya! Yenə görüşdük...
- Mən də sizi tanıdım. Səsinizdən.
- Lüka, gəl kömək elə. Bu qorxulu məxluqdur. Sıx onu sakitləşsin. Vur! Qorxma, dözəcək.
Lüka yerdə uzanan adamın başından rezin dubinka ilə vurdu.
- Qandallar hanı? Ver bura! Əgər bilsəydim ki, bu heyvanla burda görüşəcəyəm... Belə. Hər şey qaydasındadır. Dura bilərsən, Nikolya! Guya huşu gedib bunun, oyun çıxartma! Bundan pisləri dəyib sənə... Sahib!
Ikinci dəfə çağırmalı oldu. Qaranlıqdan ciyiltiyə oxşar səs gəldi:
- Eşidirəm sizi.
- Lampa, ya da şam var?
- Bu saat şam gətirərəm. Mətbəxi işıqlandırın.
Meqre banditin dişlədiyi əlini dəsmalla səridi. Kimsə qapıda hıçqırdı. Bu Matilda idi. O nə baş verdiyini başa düşmürdü, ola bilsin komissarın Jozeflə dava elədiyini fikirləşirdi.
- Girin içəri. Qorxmayın. Məncə indi hər şey qurtaracaq... Sənsə, Nikol, sakit otur, tərpənmə!
Hər iki tapançanı – özününkü və banditinki – stolun üstünə qoydu. Sahib şam gətirdi. Onun görkəmi elə sakit idi ki, elə bil heç nə baş verməmişdi.
- İndisə, - Meqre sahibə dedi, - oğlanı bura gətirin.
Sahib tərpənmirdi. Görəsən o inkar edəcək?
- Kimə deyirəm? Oğlanı gətirin! Tez!
Sahib qapıya tərəf getdi.
- Qəlyan görəsən ondadı?

Qız göz yaşı tökə-tökə soruşurdu:
- Siz əminsiniz ki, o burdadır? Ona heç nə eləməyiblər?
Meqre yuxarıdan gələn səslərə qulaq asaraq susurdu. Sahib qapını döydü. Əvvəlcə yavaşdan danışdı. Sonra bərkdən. Dediklərindən bunları eşitmək olurdu:
- Müsyö Parisdən gəlib. Yanında qız da var. Qapını açın...
Matilda  hələ də hıçqırırdı:
- Bəlkə onu öldürüblər?
Merqre çiyinlərini çəkib pilləkana tərəf getdi.
- İkisindən də muğayat ol, Lüka! Nikolyanı tanıyırsan da, köhnə dostumuzu. Mənsə elə bilirdim o hələ də Fren həbsxanasındadır!
O yavaş-yavaş yuxarı çıxdı.
- Jozef, mənəm, komissar Meqre. Qapını aç, oğlan.
Sahibə isə:
- Nə dayanmısınız? Aşağı düşüb qıza içməyə nəsə verin. Qroqdan-zaddan, bir az sakitləşsin... Jozef! Tərpən görək!
Nəhayət açar səsi gəldi. Meqre qapını itələdi.
- Burda işıq yoxdur?
- Bir dəqiqə. Indi yandıraram. Bir az şam qalıb.
Jozefin əlləri əsirdi. Şamın işıqlandırdığı sifəti qorxudan əyilmişdi.
- O hələ aşağıdadır? – deyə pıçıldadı. Sonra tez-tez soruşmağa başladı. – Məni necə tapdınız? Onlar sizə nə dedilər? O qız kimdir?
Sadə otaq, hündür tavan, yığışdırılmış yataq, Jozefin qapı dalına söykətdiyi komod.
- Onları harda gizlətmisiniz?
Meqre sadə bir şey soruşurmuş kimi danışırdı. Jozef onun görkəmindən hər şeyi bildiyini anladı. Şalvarının cibindən qəzetə bükülmüş balaca paket çıxartdı.
Onun saçaları qarışmışdı, paltarı əzilmişdi. Komissar qeyri-ixtiyari onun ayaqlarına baxdı. Onun ayağında anasının tikdiyi ev ayaqqabısı vardı.
- Bəs mənim qəlyanım hardadır?
Bu dəfə Jozef az qaldı ağlasın. Onun dodaqları büzüldü. Meqreyə elə gəldi ki, oğlan bu saat onun ayaqlarına yıxılıb üzr istəyəcək.
- Sakitləşin, cavan oğlan. Aşağıda adamlar var.
Və gülümsəyərək oğlanın tətrəyən əlindən qəlyanı aldı.
- T-şş... Matilda yuxarı çıxır. Aşağı düşməyimizi gözləyə bilmədi. Saçınızı darayın.
O əlüzyuyana su tökmək üçün qrafini götürdü, amma qrafin boş idi.
- Su yoxdur?
- Hamısını içmişəm.
Əlbəttə ki! Necə olub ki, ağlına gəlməyib? Oğlanın siması ağarmış, gözləri çuxura düşmüşdü...
- Çoxdan heç nə yeməmisiniz?
Və Matildaya çevrildi:
- Gəlin! Inanın mənə, heç nə olmayıb. O sizi çox sevir. Başqa cür ola da bilməz. Amma hər şeydən qabaq o nəsə yeməlidir.

V fəsil
Jozefin yoxa çıxmağının səbəbi

Indi yarpaqlara dəyən yağış damcılarının səsinə qulaq asmaq xoş idi, açıq qapıdan içəri dolan gecənin havasını udmaq da xoş idi.
Ac olmağına baxmayaraq Jozef sahibin hazırladığı paştetli buterbrodu güclə yedi. Onun hülqumu hələ də tez-tez qalxıb düşürdü. Bir neçə badə üzüm arağı içən Meqre isə sevimli qəlyanından həzz alırdı.
- Cavan oğlan, əminəm ki, mənim qəlyanımı oğurlamasaydınız gec-tez meyitinizi Marnanın qamışlığından tapacaqdılar. Meqrenin qəlyanı elə-belə şey deyil.
Meqre bu sözləri məmnuniyyətlə deyirdi. Bu hadisə onun özünə olan sevgisindən vüsət aldı. Böyük yazıçının karandaşını, böyük rəssamın fırçasını, kino ulduzunun burun yaylığını və ya başqa nəyinisə oğurladıqları kimi onun da qəlyanını oğurlamışdılar. Komissar bunu o saat başa düşdü. Oğlan onun qəlyanını oğurlamışdı. Və növbəti gecə yoxa çıxmışdı. Bundan əvvəlsə anasını polisə müraciət etməsin deyə dilə tuturdu. Bütün bunlar nə deməkdir? Lənət şeytana, o özü axtarış aparmaq istəyirdi. Çünki özündən əmin idi! Meqrenin qəlyanı onun damağında olsa...
- Sirli qonaqların evinizdə brilyant axtardıqlarını haçan başa düşdünüz?
- Brilyant olduğunu bilmirdim. Amma nəsə balaca bir şey axtardıqlarına əmin idim. Çünki dərman qutularına da baxırdılar.
- Buna nə deyəcəksən, Nikolya? Hə, Nikolya?
Nikolya nəzərlərini bir nöqtəyə dikib küncdəki stulda hirslə oturmuşdu. Qandalları olun əllərini sıxırdı.
- Sən Nitssedə Blüsteyni öldürəndə...
Reaksiya yoxdur. Onun sümüklü sifətində bircə əzələ də tərpənmədi.
- Axı sən Blüsteynin səni aldatdığını başa düşdüyünçün onu "Neqresko”da öldürmüsən. Belədir? Demək danışmaq istəmirsən. Yaxşı, sonra danışarsan. Blüsteyn sənə nə demişdi? Brilyantları Bersi küçəsindəki evdə gizlətdiyini?! Sən də fikirləşməyə başladın: görəsən onları tapa bilərsənmi, axı bu balaca şeyləri gizlətmək asandır. Ola bilsin o sənə yalançı saxlanc göstərib. Yaxşı. Biz səndən brilyantları hardan tapdığını soruşmuruq. Bu sabah, ekspertlər onları yoxlayandan sonra məlum olacaq. Bu dəfə bəxtin gətirmədi. Səni köhnə işə görə tutmuşdular. Nə eləmişdin onda? Deyəsən Sen-Marten bulvarında oğurluq? Bəs necə! Zinət əşyaları mağazası! Düzdür? Onda üç il almışdın. Və həbsxanadan çıxandan sonra, üç aydır ki, bu evin ətrafında fırlanırsan. Blüsteynin özü üçün düzəltdiyi açar səndəydi. Hə? Danışacaqsan?  Özün bil.
Cavan adamlar təəccüblə Meqreyə baxırdılar və onun bu zarafatcıl tonunu başa düşmürdülər. Onlar axı Meqrenin bayaq necə həyəcanlandığını da bilmirdilər.
- Görüsən, Jozef... Artıq "sən” deyə müraciət edirəm. Bunlar çox sadədir. Hansısa qıraq adam artıq üç ildir ki, kirayənişinləri olmayan evə girir. O saat fikirləşdim ki, bu hansısa keçmiş dustaqdır. Axı üç il xəstələnmək olmaz. Azadlığa buraxılanların siyahısına baxan kimi bu Nikolyanı gözüm tutdu... Kibritin var, Lüka? İndisə, Jozef, o gecə nə baş verdiyini danış.
- Mən əmin idim ki, bizdə nəsə qiymətli bir şey gizlədilib. Xəzinə də ola bilərdi. Axtarmaq qərarına gəldim...
- Nə olur olsun, həmin gecə tapmalıydın. Çünki anan bizə müraciət etmişdi.
Jozef başını tərpətrdi.
- Mane olmasın deyə ananın yeməyinə yuxu dərmanı səpdin.
O inkar etmədi.
- Mən başqa cür yaşamaq istəyirdim! – deyə pıçıldadı.
- Sən ev ayaqqabılarında aşağı düşdün. Nə üçün əmin idin ki, bu gecə sərvəti tapacaqsan?
- Çünki yemək otağından başqa bütün otaqları qarış-qarış axtarmışdım. Bircə yemək otağı qalmışdı.
Yorğunluğa baxmayaraq qürur hissi onun gözlərini parıldatdı.
- Və mən tapdım.
- Harda?
- Yemək otağındakı köhnə qaz peçinə fikir vermisiniz? Üstündə farfordan yalançı şamları var. Bilmirəm hardan ağlıma gəldi ki, o şamların içinə baxım.
- De görüm, axtarışa başlayanda uğur qazanacağın halda nə edəcəyini artıq bilirdin?
- Yox, bilmirdim.
- Qaçmağa hazırlaşmırdın ki?
- Yox. Nə danışırsınız!
- Başqa yerdə gizlədəcəkdin?
- Hə.
- Öz evinizdə?
- Yox. Bütün evi axtaracağınızı bilirdim axı. Yəqin ki, tapacaqdınız. Mən tapdığımı bərbərxanada gizlədərdim. Sonra isə...
Nikolya dodaqucu güldü.
- Belə, sən qaz peçini açdın...
- Mən axırıncı şamı açanda yanımda kiminsə dayandığını hiss etdim. Elə bildim anamdır. Fənəri söndürdüm. Amma o kişi idi, düz üstümə gəlirdi. Qorxudan küçəyə çıxıb qaçdım. Mən ev ayaqqabılarında, qalstuksuz, papaqsız idi. Qaça-qaça dalımca kiminsə düşdüyünü eşidirdim.
- Bu qaçağan dovşanın dalınca düşmək səninçün asan olmayıb, hə, Nikolya? – Meqre güldü.
- Bastiliya meydanında polis patrulu görüb onun dalınca getdim. Polislərin yanında hücum etməyəcəyini bilirdim. Beləliklə Şərq vağzalına çatdıq. Burda ağlıma fikir gəldi...
- Şellə getmək? Xoş xatirələr, belə, hə? Bəs sonra?
- Səhər saat beşəcən gözləmə zalında oldum. Adam çox idi. Adamların içində isə...
- Aydındır.
- Amma məni kimin güddüyünü bilmirdim. Mən hamıya diqqətlə baxırdım. Kassa açılan kimi iki qadının arasına girib sakitcə bilet istədim. Bir neçə qatar eyni vaxtda çıxırdı. Mən qatardan qatara keçirdim.
- Oğlan sənə az əziyyət verməyib, hə, Nikolya?
- O hansı stansiyayacan bilet aldığımı bilə bilməzdi. Şelldə isə qatar tərpənəndə tullandım.
- Pis deyil.
- Tezliklə vağzaldan çıxdım. Küçədə heç kim yox idi. Mən yenə qaçırdım, dalımca gələn yox idi. Beləliklə bura gəldim və otaq istədim. Gücüm qalmamışdı... Tezliklə brilyantları gizlətmək istəyirdim...
O danışdıqca titrəyirdi.
- Anam heç vaxt mənə çox cibxərci vermirdi. Yuxarı çıxanda baxdım ki, cibimdə on beş frank və bir neçə telefon jetonu var. Anam yuxudan durmamış evə qayıtmaq istəyirdim... Və bu vaxt Nikolya peyda oldu. Onu pəncərədən gördüm. O maşından düşdü... Başa düşdüm ki, o Laniyə gedib, ordan taksiyə minib, Şelldə yenə də izimə düşüb. O saat qapını bağladım, pilləkanda ayaq səsi eşidən kimi kamodu qapının qabağına çəkdim. Məni öldürəcəyinə şübhə eləmirdim.
- Gözünü də qırpmazdı! - deyə Meqre qeyd etdi. – Amma o özünü ifşa etməkdən qorxurdu, buranın sahibi də var axı. Belədir, Nikolya? O bilirdi ki, tez-gec otaqdan çıxacaqsan. Heç olmasa yeməyə...
- Heç nə yemirdim. Qorxurdum gecə nərdivanla çıxıb otağa girər. Ona görə pəncərəni də bağlamışdım, özüm də yatmamışdım.
Meqre qəlyanını ehtiyyatla dabanına çırpıb boşaltdı, böyük həzzlə yenə doldurdu.
- Hə, uşaqlar, vaxtdır, gedək!.. Jozef, anana nə deyəcəksən?
- Bilmirəm. Fikirləşməyə də qorxuram.
- De ki, yemək otağına düşdün, evinizdən kiminsə çıxdığını görüb əsil xəfiyyə kimi onun dalınca getdin.
Bu vaxt Nikolya dedi:
- Ümid edirəm məni bu oyuna qatmayacaqsınız.
- Biz bunu ayırd edəcəyik. Göz gözə, mənim kabinetimdə... Hə, gedək?
Meqre bir az sonra Matilda ilə bir yerdə maşının oturacağına sıxılmış Jozefin qulağına pıçıldadı:
- Mən sənə başqa qəlyan verəcəyəm. Oldu? İstəsən bundan da böyüyünü.
- Amma o sizinki olmayacaq. – deyə oğlan cavab verdi.
 
Tərcümə: Həmid P.