Jorj Simenon. Yazıqları öldürmürlər (novella)
- 05.08.2020
- 0 Şərh
- 10226 Baxış
I. Alt
paltarlı adamın ölümü
"Yazıqları öldürmürlər...”
İki saat idi ki, bu
gicgici fraza Meqredən əl çəkmirdi. Qəfil eşidilmiş mahnının nəqarəti kimi onun
beynində fırlanırdı və Meqre hətta bir-iki dəfə onu bərkdən də demişdi. Sonra təzə
variant peyda oldu:
"Adamları alt paltarında
öldürmürlər...”
Avqust ayı idi. Camaatın əksəriyyəti
məzuniyyətdə idi. Paris bomboş görünürdü. Səhər doqquz olmağına baxmayaraq
yaman isti idi. İdarədə sakitlik hökm sürürdü. Sahilə baxan bütün pəncərələr
açıq idi. Meqre kabinetinə girən kimi pencəyini çıxartdı. Elə həmin dəqiqə
hakim Kamello zəng vurdu.
- Zəhmət olmasa De-Dam
küçəsinə gedin. Bu gecə orda qətl törədilib. Polis şöbəsinin komissarı mənə
uzun və dolaşıq əhvalat danışdı. O indi hadisə yerindədir. Prokuraturadan ora
on birdən tez gəlməyəcəklər.
Həmişə belə olur: sakit
bir gün keçirmək istəyirsən - gup! – nəsə peyda olur!..
- Gedək Lüka?
Əlbəttə artıq əməliyyat
maşınını göndərməyə yer tapıblar. Xlor iyi verən metroda getmək lazım gəldi və
üstəlik Meqre qəlyanını söndürməli oldu.
...De-Dam küçəsinin aşağı
tərəfi Batinol küçəsinə çıxır. Günəş yandırır. Trotuardakı xırda satış məntəqələrində
tərəvəz, meyvə və balıq qalaqlarının dalında satıcılar oturub. Yəqin ki, qətl
törədilən evə xeyli adam yığılıb, fürsətdən istifadə edən uşaqlar qaçışır,
qışqırır. Adi yeddi mərtəbəli ev. Qapıda polis dayanıb.
- Komissar sizi yuxarıda
gözləyir, müsyö Meqre... Dördüncücü mərtəbədə. Ay camaat nə dayanmısınız?
Baxmalı nə var ki... Heç olmasa yolu kəsməyin, çəkilin!
Balaca, diqqət çəkməyən,
belə desək vicdanlı adamların yaşadığı evdə nə cinayət ola bilər? Hansısa sevgi
və qısqanclıq dramı? Axı görünüş bunun üçün də əlverişli deyil.
Dördüncü mərtəbə. Böyük
qapı, dalınca mətbəx. Orda xeyli uşaq qışqırışır. Ya üç, ya da dörd nəfərdirlər
– on iki, on altı yaş arası uşaqlar. Və o biri otaqdan qadın səsi:
- Jerar, bacınla işin
olmasın, eşidirsən!..
Səs əsəbi və eyni zamanda
yorğundur, həyatını heç nə üçün mücadilədə çürütmüş qadının səsi kimi.
Qapı açıldı və Meqre
öldürülənin arvadını gördü. İndi Jerara qışqıran bu idi. Qadın Meqreyə baxdı və
"biri də gəldi” mənasında köks ötürdü.
Onun yanında sahə müvəkkili
dayanmışdı. Meqre onun əlini sıxdı.
- Bu komissar Meqredir –
sahə müvəkkili izahat verdi. - Tədqiqatı o aparacaq.
- Hər şeyi təzədən
danışım?
Həm qonaq otağı, həm də
yemək otağı rolunu oynayan otağın bir küncündə radio, o biri küncündə paltartikən
maşın qoyulmuşdu. Açıq pəncərədən küçədəki səslər eşidilir, mətbəx qapısı da
açıqdır və ordan uşaqların qışqırıq səsləri
gəlir. Qadın qapını bağladı və səs kəsildi, elə bil radionu söndürdülər.
- Belə şey ancaq mənim
başıma gələ bilərdi. Oturun, müsyö. Bəlkə nəsə içmək istəyirsiniz? Verim. Heç
bilmirəm...
- Sadə və anlaşılan dillə
baş verənləri danışın.
- Mən axı heç nə görməmişəm,
nə danışacağam? Hələ də mənə elə gəlir ki, heç nə olmayıb. Həmişəki kimi,
yeddinin yarısında o evə gəldi. Heç vaxt gecikməzdi. Gələn kimi də stola
oturmağı sevirdi.
O ərindən danışırdı.
Onların bir yerdə çəkilib böyüdülmüş şəkilləri divardan asılmışdı. Qadının belə
əzgin, yazıq görünməsi ərinin tragik ölümüylə bağlı deyildi. Şəkildə də elə
görünürdü, elə bil bütün dünyanın yükü onun çiynində idi.
Ərinin isə bığları,
kirşanlı yaxalığı diqqət çəkirdi. Onun üzü o qədər maraqsız idi ki, yüz dəfə
görsəniz də ona fikir verməzdiniz.
- O yeddinin yarısı gəldi,
pencəyini çıxartıb şkafdan asdı. Düzünü deyim ki, o, öz əşyaları ilə həmişə səliqəli
davranardı... Səkkizdə Fransina gəldi, o işləyir, mən stolun üstündə onunçün
yemək də qoymuşdum...
Yəqin ki, o bunları polis
komissarı üçün danışıb. Amma lazım olsaydı, öz hekayəsini yeknəsəq səsilə və nəyisə
unutmaq qorxusuyla yenə və yenə danışardı.
Onun qırx beş yaşı vardı,
cavanlıqda yəqin ki, gözəgəlimli olub, amma o vaxtdan illər keçib, onu isə hər
gün səhərdən axşamacan ev işləri məşğul edib...
- Moris sevimli yerində,
pəncərənin qabağında oturdu... İndi sizin oturduğunuz yerdə. Bu onun
kreslosudur... O kitab oxuyurdu, hərdən də radionun dalğasını tutmaq üçün
dururdu...
Axşam saatlarında De-Dam
küçəsində eyni işlə məşğul olan yüzlərlə kişi tapmaq olar – bütün günü işləyən
və indi pəncərə qabağında oturub kitab, ya da qəzet oxuyan kişilər...
- Deməliyəm ki, o
axşamlar heç yerə getmirdi. Yəni tək, bizsiz. Həftədə bir dəfə kinoya gedirdik,
hamımız bir yerdə... Bazar günləri isə...
Hərdən danışığına ara
verib mətbəxə tərəf boylanırdı. Bəlkə uşaqlar dava edir, ya da plitənin üstündə
heç nə qalmayıb ki, yansın...
- Harda qalmışdım? Hə...
Fransina – onun on yeddi yaşı var, Fransina gəzməyə getdi və on birin yarısı
qayıtdı. Qalanları yatmışdı... Mən nahar hazırlayırdım, bu gün üçün, çünki bu
gün dərziyə getməliydim... Aman Tanrı! Yadımdan çıxıb ona xəbər göndərim ki, gəlməyəcəyəm...
O isə məni gözləyir...
Bunun özü də onun üçün
faciə idi.
- Biz uzandıq... Daha
doğrusu, biz yataq otağına girdik, mən çarpayıya uzandım... Moris həmişə məndən
gec soyunurdu. Pəncərə açıq idi... Pərdələri də salmamışdıq, bürkü idi... Üzbəüz
evdən bizə heç kim baxmırdı... Ora mehmanxanadır... Ora gələnlər tez yatır...
Onlar pəncərədən baxmırlar...
Meqre elə sakit oturmuşdu
ki, Lüka onun indicə yatacağından qorxurdu. Eyni zamanda Meqrenin qəlyanı
sıxmış dodaqlarının arasından hərdən tüstü çıxırdı.
- Nə danışım ki... Belə
şey ancaq mənim başıma gələ bilərdi... Biz onunşla danışdıq... Nədən
danışdığımız yadımda deyil, amma o şalvarını çıxartıb qoyanacan danışdı... Onun
əynində təkcə alt paltarı qaldı... Sonra corabını çıxartıb pəncəsini qaşımağa
başladı, onun pəncələri həmişə ağrıyırdı... Mən küçədən səs eşitdim...
bilirsiniz necə... maşın səsinə
oxşayırdı... yox, belə yox, belə, belə: f-r-r-f-r-r... Hə, hə, belə:
f-r-r-f-r-r... Su krantından hava çıxanda gələn səs kimi... Burda fikirləşdim
ki, Moris nə üçün sözünü yarımçıq kəsdi?.. Gün ərzində çox yorulduğum üçün
beynim dumanlı idi... Deməli, o səsini kəsdi, sonra sakit və qəribə səslə dedi:
"Əclaf!”. Mən çox təəccübləndim, çünki o, demək olar heç vaxt söymürdü... O elə
deyildi. Mən soruşdum: "Nə olub sənə?” Bu vaxt gözlərimi açdım, axı bayaqdan
gözlərim bağlı idi və gördüm ki, o döşəməyə yıxıldı. Mən qışqırdım: "Moris!”
Başa düşürsünüz, o heç vaxt özündən getməmişdi... Tam sağlam olmasa da heç vaxt
xəstələnmirdi... Mən durdum... onu çağırıram... O isə xalçanın üstündə uzanıb və
tərpənmir... Mən onu qaldırmaq istəyəndə gördüm ki, onun köynəyində qan var...
Mən Fransinanı çağırdım, böyük uşağımızı. Sizcə, atasını belə görəndə mənə nə
desə yaxşıdır? "Ana, sən nə etdin?” – və aşağı qaçdı ki, zəng etsin. O qapıçını
oyatmalı oldu.
- Fransina hardadır? –
deyə Meqre soruşdu.
- Öz otağındadır...
Geyinir... Gecə özümüzdə deyildik, ona görə geyinməmişdik... Bağışlayın ki, bu
görkəmdəyəm... Əvvəl həkim gəldi, sonra polis, sonra komissar...
- Bizi tək qoya bilərsiniz?
O əvvəlcə başa düşmədi.
- Gedin!
O mətbəxə getdi və yeknəsəq
səslə uşaqların üstünə qışqırmağı eşidildi.
- Əgər on beş dəqiqə də
belə keçsəydi, mən gic olacaqdım. – deyən Meqre pəncərəyə yaxınlaşdı ki, təmiz
hava udsun.
Bu qadında qəribə bir şey
var idi ki, nə olduğunu izah etmək çətindir. O, əhatə dairəsinə pis təsir
edirdi və hətta pəncərədən düşən gün işığı da onun təsirindən solğunlaşmışdı.
- Yazıq!..
Öldüyü üçün yox, yaşadığı
üçün!
- Onun adı nə idi?
- Tramble... Moris Tramble... Qırx səkkiz yaş... Arvadı
dedi ki, Santye küçəsindəki hansısa ticarət firmasında kassir işləyib... Hə...
Yazmışam... "Kuvrer və Belşas”... Bilirsiniz... – polis
komissarı davam edirdi. – Əvvəl elə fikirləşdim ki, onu arvadı öldürüb... Amma
qarışdırdım, məni axı yerimdən durquzmuşdular, elə təzə yatmışdım... Burda isə...
Uşaqlar hamısı birdən danışır, o onların üstünə qışqırır ki, səslərini kəssinlər,
eyni şeyi iyirmi dəfə təkrar edir – hamısı da demək olar ki, sizinçün danışdığı
kimi. Mən də bu qərara gəldim ki, ya onda bir az çatışmır, ya da tamamilə dəlidir.
Bu yandan da mənim briqadirim onu sorğu-sual etməyə başladı, dolaşdırmaq istəyirdi.
O deyir: "Mən onu soruşmuram, soruşuram ki, ərinizi nə üçün öldürmüsünüz?” O
deyir: "Nə üçün?.. Mən onu nə üçün öldürməliydim ki?..” Pilləkanda qonşular
yığışdı... Həkim tezliklə rəyini yazıb gətirəcək. O məni inandırdı ki, üzbəüz pəncərələrin
birindən atəş açıblar... Mən əməkdaşlarımızı "Ekselsior” mehmanxanasına göndərdim.
Meqreninsə beynində eyni
sözlər fırlanır:
"Yazıqları öldürmürlər...”
Həm də ikinəfərlik
çarpayının qırağında, əynində alt paltarı oturub ağrıyan pəncəsini qaşıyan yazıqları!
- Orda nəsə aşkarlaya
bildiniz?
Meqre diqqətlə
"Ekselsior” mehmanxanasının pəncərəsinə baxırdı. Aşağıda asılmış qara lövhədə
yazılmışdı: "Aylıq, həftəlik, günlük nömrələr. İsti və soyuq su.”
Yazıqlıq orda da var idi.
Eynilə Tramblenin evində, yaşadığı mənzildəki kimi. Amma bu hər hansı dram üçün
əlverişli yazıqlıq deyildi.
- Mən dördüncü mərtəbədən
başladım, ordakılar yatmışdılar. Onları narahat etməli olduq. Təsəvvür
edirsiniz, necə səs-küy yarandı? Oranın sahibi bizi təhdid edirdi ki, şikayət
edəcək. Bu vaxt ağlıma gəldi ki, beşinci mərtəbəyə də baxım, o üzbəüz pəncərəyə.
Orda heç kim yox idi, amma otaq bir həftədir ki, Jozef Dambua adlı biri tərəfindən
kirayələnib. Qapıçıdan soruşanda dedi ki, gecəyarısından bir az əvvəl qapıdan
birini buraxıb. Amma kim olduğunu bilmir...
Meqre nəhayət ki, yataq
otağına girmək qərarına gəldi. Meyit hələ də yerdə idi, başı xalçanın üstündə,
ayaqları boş döşəmədə...
- Belə görünür, güllə düz
ürəyinə dəyib və dəyən kimi də ölüb... Məncə həkimi gözləmək daha yaxşı olar,
gülləni o çıxartmalıdır. O prokuraturanın əməkdaşları ilə deyilən vaxtda gəlməlidir...
- Saat on birdə... –
Meqre hirslə dilləndi. Hələ on birə on beş dəqiqə işləyirdi.
Küçədə alverçilər alver
eləyirdi, bürkülü havada isə meyvə və göyərti iyi hiss olunurdu.
"Yazıqları...”
- Ciblərini yoxlamısınız?
Onsuz da görünürdü ki,
yoxlayıb – stolun üstünə səliqəsiz şəkildə kişi paltarları tökülmüşdü, amma
arvadı deyirdi ki,o öz əşyaları ilə səliqəli davranırdı.
- Hər şey burdadır...
Portmanat... Siqaret... Alışqan... Açarlar... Portmanatda yüz frank və
uşaqların şəkli var...
- Qonşular nə deyir?
- Uşaqlar evdəkilərin
hamısını sorğu-sual ediblər... Tramblelər bu mənzildə iyirmi altı ildir ki,
yaşayırlar... Uşaqlar olandan sonra daha iki otaq tutublar... Başqa deməli heç
nə yoxdur da... Adi, sakit həyat sürüblər... Heç bir əhəmiyyətli hadisə
olmayıb... Hər il məzuniyyətdə iki həftəlik Tramblenin vətəninə, Kantala gediblər...
Tramblenin bacısının nadir gəlişləri sayılmazsa, onlara heç kim gəlib
getmirmiş... Tramble evdən hər gün eyni vaxtda çıxırdı. İşə metronun Vilyer
stansiyasından gedirdi. Birin yarısı qayıdırdı, bir saat sonra yenə gedirdi və
axşam yeddinin yarısı qayıdırdı...
- Yalandır! – Meqre istəmədən
dedi. Doğrudan da yalandır. Heç bir mənası olmayan cinayət. Heç nə
oğurlamayıblar... Heç oğurlamağa da çalışmayıblar... Amma təsadüfi ölüm də
deyildi. Əksinə. Onu dəqiqliklə hazırlayıblar: üzbəüz mehmanxanada otaq kirayələyiblər,
silah tapıblar, çox güman ki, pnevmatik silah...
Bu təsadüf deyildi. Və
heç bir yazığa görə belə işə getmirlər... Hə, amma Tramble elə yazıqlardan idi
ki, haqqında danışanda adını da çəkmirlər, "kimsə” deyirlər...
- Siz prokuraturadan gələn
adamları gözləmirsiniz?
- Onlar gələnəcən mütləq
qayıdacağam. Xahiş edirəm qalın, onları işlə tanış edin...
Divarın dalında yenə
qışqırdılar, təxmin etmək çətin deyildi: madam Tramble uşaqlarıyla mübarizə
aparırdı.
- Onun neçə uşağı var?
- Beş... Üç oğlan, iki
qız... Oğlanlardan biri bu qış plevrit olmuşdu, indi kənddədir, babasıgildə...
Onun bu yaxınlarda on dörd yaşı olacaq...
- Gedək, Lüka?
Meqre indi madam
Trambleni görməyi və "belə şey ancaq mənim başıma gələ bilərdi” sözlərini eşitməyi
heç istəmirdi.
Meqre bir-birinin dalınca
açılan və pıçıltı eşidilən qapıların yanından keçə-keçə ağır-ağır pilləkanları
düşürdü. Meqre istədi ki, tindəki bara girib şərab içsin, amma ora
prokuraturadan gələncək məmurları maraqla gözləyən adamlarla dolu idi və o,
Batinol küçəsinə getməyi üstün tutdu, orda hələ heç kim gecəki hadisədən xəbərdar
deyildi.
- Nə içəcəksən?
- Sən "Ekselsior”dakı
adamla maraqlan... Yəqin ki, orda çox şey öyrənə bilməyəcəksən, çünki belə
hadisəni onun törətdiyi kimi törətmək, bu... Ey, taksi!..
Mühasibatlıqda daha
pisdir. Metroda bişmək və ya dayanacaqda avtobus gözləmək üçün çox isti idi.
- De-Dam küçəsində görüşərik...Ya
da, yaxşısı nahardan sonra sahil küçəsində...
Yazıqları öldürmürlər, lənət
şeytana! Öldürəndə də tək-tək yox, dəstə-dəstə, müharibə və ya qırğın törətməklə
öldürürlər. Əgər yazıq biri intihar etmək istəsə, çətin ki, bunun üçün
pnevmatik silah tapar və özünü əynində alt paltarı, çarpayıda oturub pəncəsini
qaşıyanda vurar.
Əgər Tramble Kantaldan olmasaydı,
hansısa çoxişlədilən xarici adlardan birini daşısaydı, onda fikirləşmək olardı
ki, o, hansısa təxribat qrupunun üzvüdür...
Amma o öldürülməli adama
da oxşamırdı. Siması uyğun deyil, tapmaca da elə bundadır! Bəs quruluş? Bu mənzil,
arvad, beş uşaq, əynində alt paltarı olan ər, "f-r-r-f-r-r” səsiylə uçan güllə...
Taksinin üstü açıq idi və
Meqre hərdənbir çiyinlərini çəkə-çəkə qəlyanını tüstülədirdi. Bir anlıq madam
Meqreni fikirləşdi. "Yazıq!” deyəcək və köks ötürəcək. Kişi öləndə qadın
qadının halına acıyır.
- Yox, nömrəni bilmirəm...
Hə, Santye küçəsi... "Kuvrer və Belşas”...
Yəqin ki, gözəgəlimli
bina olar. Min səkkiz yüz neçənci ildəsə tikilmiş ticarət evi...
O başa düşə bilmirdi və
bu da onu hirsləndirirdi. Hirslənirdi, çünki anlaşılmazlıqlara dözə bilmirdi...
Santye küçəsi adamlarla və
maşınlarla dolu idi. Sürücü piyadalardan ünvanı soruşmaq üçün maşını saxladı və
həmin dəqiqə Meqre evlərdən birinin qabağında qızılı hərflərlə yazılmış "Kuvrer
və Belşas” sözlərini gördü.
- Məni gözləyin. Tez qayıdacağam.
Əslində heç bilmirdi tez
qayıdacaq, ya gec, isti onu lap çaşdırmışdı. Demək olar bütün iş yoldaşlarının
məzuniyyətdə olduğu vaxtda və günü rahat kabinetində keçirtmək planının baş
tutmadığı halda necə də çaşdırmayaydı!
İkinci mərtəbə.
- Müsyö Kuvrer ilə görüşə
bilərəm?
- Şəxsi məsələdir?
- Olduqca.
- Çox təəssüf, müsyö
Kuvrer beş ildir ki, vəfat edib.
- Bəs müsyö Belşas?
- Müsyö Belşas
Normandiyaya gedib. İstəsəniz, müsyö Movr ilə danışa bilərsiniz.
- O kimdir?
- Firmanın inanılmış
adamıdır. O indi bankdadır, tezliklə qayıdacaq...
- Bəs müsyö Tramble
burdadır?
Deyəsən başa düşmədi.
- Kim dediniz?
- Müsyö Tramble... Moris
Tramble...
- Elə adamı tanımıram.
- Sizin kassir...
- Bizim kassirin adı
Majindir, Qaston Majin...
"Demək belə...” – Meqre öz-özlüyündə
fikirləşdi.
- Müsyö Movru gözləyəcəksiniz?
- Hə, gərək gözləyim.
Oturub qalantereya
mallarının və karton qutuların iyini çəkmək. Xoşbəxtlikdən, bu çox uzun çəkmədi.
Müsyö Movr altmış
yaşlarında, başdan-ayağacan qara geyinmiş biri idi.
- Siz mənimlə danışmaq
istəyirsiniz?
- Meqre, axtarış
polisinin komissarı...
Əgər bu sözləri təsir
göstərmək üçün demişdisə, onda Meqre səhv etmişdi.
- Necə kömək edə bilərəm?
- Səhv etmirəmsə, Tramble
adlı biri sizdə kassir işləyir.
- İşləyib... Çoxdan...
Bir dəqiqə... Bu, biz Kambredə şöbə açanda olub... Hə... Yeddi il əvvəl... Bəlkə
də bir az çox, o burdan baharın ortalarında çıxmışdı... – Müsyö Movr pensnesini
düzəltdi. – Bir sözlə, müsyö Tramble yeddi ildir ki, burda işləmir.
- O vaxtdan onu daha görməmisiniz?
- Şəxsən mən – yox.
- Siz ondan işçi kimi
razı idiniz?
- Sözsüz... Mən onu çox
yaxşı tanıyırdım, çünki o bura məndən bir neçə il sonra gəlmişdi... O çox
vicdanlı adam idi... Əgər yaddaşım məni aldatmırsa, o burdan üzrlü səbəblərə
görə, qanunlara riayət edərək ayrılmışdı... Hə, hə, ailə vəziyyətinə görə. Ərizəsində
yazmışdı ki, vətəninə qayıtmaq istəyir: Overniyə, ya da Kantala, indi dəqiq
xatırlamıram...
- Onun hesabları düz
olurdu?
Müsyö Movr bir az dala çəkildi,
elə bil onu təhqir eləmişdilər.
- Bağışlayın, bizdə elə
şeylər olmur.
- Bəs heç eşitməmişdiniz
ki, müsyö Tramblenin sevgilisi var və ya hansısa pis işlərlə məşğuldur?
- Yox, müsyö, heç vaxt. Mən
əminəm ki, o elə adamlardan deyildi.
Qısa və aydın. Və əgər
Meqre başa düşmək istəmir ki, hətta axtarış polis komissarının səlahiyyətlərini
də aşır... Amma Meqre təslim olmurdu:
- Qəribədir... İş
orasındadılr ki, dünənki günəcən müsyö Tramble hər gün səhər evdən çıxıb bura
işə gəlirdi və hər ay maaşını arvadına verirdi...
- Bağışlayın, amma bu ola
bilməz.
Ona birmənalı olaraq
qapını göstərirdilər.
- Deməli o nümunəvi işçi
idi?
- Gözəl işçi idi.
- Davranışlarında da qəribə
heç nə yox idi?
- Yox, müsyö, yox. Xahiş
edirəm bağışlayasınız, iki alıcı məni gözləyir və...
Uf! Yaman bürküdür!
De-Dam küçəsindəki otaqlardakı kimi. Yenə də təmiz hava udmaq, həmin taksini və
imkan tapıb qonşu bistroda bir stəkan mineral su içən, indi də bığlarını silən
sürücünü görmək necə də xoş idi.
- Hara sürüm, müsyö
Meqre? – Bütün sürücülər onu tanıyırdılar, bunun özü də xoş idi.
- De-Dam küçəsinə,
dostum...
Belə, deməli yeddi il bu
Moris Tramble hər gün evdən çıxıb öz işinə gedirdi və yeddi il dalbadal...
- Yolda hardasa
saxlayarsınız, bir şey içmək istəyirəm...
Madam Tramble və indi
De-Dam küçəsindəki evdə qurdalanan prokuraturadan gəlmiş cənablarla görüşməzdən
qabaq...
"Yazıqları...”
Bəs o necə yazıq idi,
sual budur, bu.
II.
Qara ciyəri xəstə qatil və sarıköynək aşiqi
- Sənə nə olub, Meqre?
Yatmamısan?
Hardasa gecə saat üç
olardı. Meqre isə hələ də yata bilmirdi, çarpayıda o yandan bu yana fırlanırdı,
Reşar Lenuar bulvarına baxan hər iki pəncərənin açıq olmağına baxayaraq, onu tər
basmışdı. Bir neçə dəfə yuxuya getsə də yenə ayılmış və Tramble haqqında, özü
demişkən, bu yazıq haqqında fikirləşməyə başlamışdı. Nəsə çatışmırdı – dumanlı
şəkildə görülən yuxulardakı kimi. Və Meqre təzədən başlanğıca qayıdırdı. Səhər
doqquzun yarısı. De-Dam küçəsindəki mənzildə Moris Tramble geyinib qurtarıb.
Yanında madam Tramble – indi Meqre bilirdi ki, onun adı Jülyettadır, yəni ona
heç yaraşmayan ad – peyda olur, uşaqları sakitləşdirmək üçün qışqırır, amma səs
daha da çoxalır.
"O səs-küyü sevmirdi, cənab
komissar...”
Nə üçün bu sözlər Meqreni
orda eşitdiyi başqa sözlərdən daha çox düşündürürdü? Nə üçün onun yarıyuxulu
yaddaşına yenə və yenə qayıdırdı? Səs-küyə dayana bilməyə-bilməyə De-Dam kimi
çoxadamlı, səs-küylü küçədə beş davakar, qara-qışqırıqçı uşaqla və onları
sakitləşdirə bilməyən Jülyetta ilə yaşamaq.
"O geyinir... Yaxşı,
sonra... Jülyettanın dediyinə görə bir gündən bir üzünü qırxır... Bir fincan
südlü kofe içir və iki kökə yeyir... Küçəyə çıxır, Batinol bulvarına gedir və
Vilyer stansiyasında metroya minir...”
"Kuvrer və Belşas”
firmasından qayıdandan sonra günün qalanını Meqre öz kabinetində keçirtdi.
Axşam qəzetləri artıq polisin xahişi ilə Moris Tramblenin şəkilini birinci səhifədə
çap etmişdilər.
Briqadir Lüka isə onlar
üçün təsvir olunmuş qatilə - yəni Jozef Dambuaya oxşayan bütün şəkilləri yığıb
"Ekselsior” mehmanxanasına getmişdi.
Mehmanxana sahibi şəkillərə
baxandan sonra başını yellədi:
- Düzdür, onu az görmüşəm,
amma o belələrindən deyildi.
Lüka xeyli hövsələ göstərəndən
sonra öyrəndi ki, sahib pnevmatik silahlı kirayənişinin qətiyyən cinayətkara
oxşamadığını, əksinə, çox yazıq və zərərsiz görkəmə malik olduğunu demək istəyirmiş.
- O gəlib həftəlik nömrə
istəyəndə elə bildim ki, gecə gözətçisidir...
Qeyri-müəyyən simalı,
orta yaşlı adam. Onu az adam görmüşdü, səhər tezdən gedib gecə gəlirdi.
- Özüylə əşya götürmüşdü?
- Balaca çamadanı var
idi, futbolistlərdəki kimi.
Bığları da var idi.
Sahibin deməyinə görə - kürən, gecə xidmətçisinin deməyinə görə - boz. Düzdür,
onu günün başqa vaxtında görmüşdü.
- Çox pis geyinmişdi.
Yox, çirkli deyildi, köhnə idi. Portmanatı da köhnə idi, pulu da az...
Beşinci mərtəbənin xadiməsinin
dedikləri:
- Mən onu görməmişəm,
çünki bu otağı o birilərdən sonra yığışdırmışam, 42-ciylə 43-cüdən sonra. Amma
mənə inana bilərsiniz, bilinir ki, o subaydır.
Lüka bu otaqdakı hər şeyi
diqqətlə yoxladı, otağın hər metrini gözdən keçirtdi. Balışın üstündə üç dənə
tük gördü: ikisi saçdan, biri bığdan. Ayaqyolundan demək olar ki, qurtarmış
odekolon qabı, komodun üstündən isə dişlərinin yarısı sınmış daraq tapdı.
Qurtardı. Kasıbyana
tapıntı. Amma laboratoriyada bəzi şeyləri öyrənə bildilər. Bir neçə saat tükləri
və darağı yoxlayan ekspertlərin rəyincə qatil qırx altı-qırx səkkiz yaş
arasında idi. O kürən idi, amma saçları ağarmağa başlamışdı. Qara ciyəri xəstə
idi.
Amma Meqre çarpayıda
fırlananda bunları fikirləşmirdi.
"O geyinir, səhər yeməyini
yeyir, şlyapasını götürüb küçəyə çıxır... O Batinol bulvarındakı metroya
gedir...”
Əlbəttə ki, yeddi ildir
heç kimin onu orda görmədiyi Santye küçəsində yerləşən "Kuvrer və Belşas”
firmasının kontoruna yox, tamam başqa yerə...
Nə üçün Meqre fikirləşirdi
ki, Tramble "Kuvrer və Belşas” firmasında işləyəndə metroyla getmək onun üçün
daha rahat idi? Çox sadə. Port-de-Şampre – Pre-Sen-Jerve xətti birbaşadır,
keçidsizdir. Tramble düz Santye küçəsinə çıxırdı.
Bu yerdə Meqre xatırladı
ki, dünən ötəri gördüyü və əməlli-başlı baxmağa imkan tapmadığı Fransina,
Tramblenin qızı, bir ilə yaxındır ki, Reomür küçəsindəki standart qiymətlər
mağazasında işləyir. Reomür küçəsilə Santye küçəsi kəsişir. O da eyni metro xəttindədir.
- Sən yatmırsan? – deyə
madam Meqre soruşdu.
- Mən bir şeyi aydınlaşdırmalıyam
– dedi. – Bəlkə sən bilirsən... Deyəsən bütün standart qiymətlər mağazaları
eyni trestə məxsusdur və vahid sistemlə işləyir. Sən deyəsən belə mağazalara
getmisən...
- Səni nə maraqlandırır?
- Onlar saat neçədə
açılır?
- Doqquzda...
- Dəqiq bilirsən?
Deyəsən cavab ona ləzzət
elədi və Meqre yatmamışdan qabaq hansısa mahnını dodaqaltı zümzümə elədi.
- Anası heç nə demədi?
Səhər ona on beş dəqiqə
işləmişdi, Meqre kabinetində oturub təzəcə qayıtmış, heç şlyapasını da
çıxartmağa macal tapmamış Lükaya qulaq asırdı.
- Mən ona başa saldım ki,
siz daha nələrisə öyrənmək istəyirsiniz və belə ağır dəqiqələrdə onu daha çox
narahat etməməkçün qızı ilə görüşməyi məqsədəuyğun saymısınız.
- Bəs qız?
- Tapşırdığınız kimi biz
avtobusla gəldik. Mənə elə gəldi ki, o bir az həyəcanlanırdı. Elə hey sizin onu
nə üçün çağırdığınızı öyrənməyə çalışırdı.
- De ki, gəlsin.
- Orda sizi görmək istəyən
yaşlı cənab da var.
- Sonra... De ki, gözləsin...
Kimdir ki?
- Luvr küçəsindən bir
ticarətçidir... Sizə nəsə demək istəyir, şəxsən sizə...
Yenə də bürkü idi.
Senanın üstündə buxarlanmadan yaranmış nazik duman qatı sezilirdi.
Ağ köynək və ciddi görkəmli
tünd göy rəngli kostyum geyinmiş Fransina içəri girdi. Xoşagəlimli, cavan bir
qız. Qırmızı şlyapasının altında görünən daranmış birçəkləri, hündür boyu, mütənasib
bədəni. Yəqin ki, dünəndən bu yana Fransinanın matəm paltarı almağa vaxtı
olmayıb.
- Oturun, mademuazel...
Əgər istidirsə jaketinizi çıxarta bilərsiniz...
Onun dodağının üstündə tər
damcıları görünürdü.
- Dünən ananız dedi ki,
Reomür küçəsindəki standart qiymətlər mağazasında işləyirsiniz. Səhv etmirəmsə
bu mağaza Sevastopol bulvarındadır, solda. Elədir?
- Bəli, müsyö...
Onun dodaqları əsdi və
Meqreyə elə gəldi ki, o nəsə demək istəyir, amma bir qərara gələ bilmir.
- Mağaza saat doqquzda
açılır, doğrudur? Və o atanızın hər gün səhər işə getdiyi – hamı belə fikirləşirdi
– Santye küçəsinin yaxınlığındadır. Yəqin ki, tez-tez bu yolu bir yerdə
gedirdiniz...
- Cəmi bir neçə dəfə...
- Əminsiniz?
- Əlbəttə, hərdən
olurdu...
- Və siz atanızla onun iş
yerinin yanında ayrılırdınız?
- Hə, yaxınlıqda, tində...
- Bəs heç vaxt sizdə şübhə
yaranmırdı?
O sakitcə qəlyanını
tüstülədərək məsum nəzərlərlə artıq həyəcan əks elətdirməyə başlamış bu cavan
sifətə baxırdı.
- Mən əminəm ki, sizin kimi
gənc xanım polisə yalan danışmağı özünə yaraşdırmaz... Özünüz də yaxşı
bilirsiniz ki, bu sizinçün yaxşı qurtarmaz. Özü də indi elə vaxtdır ki,
atanızın qatilini tapmaq üçün bacardığımızı edirik.
- Bəli, müsyö...
O çantasından yaylıq
çıxartdı və ağlamağa məqam axtaran gözlərinin nəmini sildi.
- Sizin gözəl
sırğalarınız var...
- Ah, müsyö...
- Yox, doğrudan çox gözəldir.
İcazə verirsiniz? Doğrusu, artıq sizin heyranınızın oluğunu fikirləşmək olar.
- O, nə danışırsınız,
müsyö!
- Onlar qızıldır və
üstündəki daşlar da həqiqidir.
- Yox, müsyö... Anam da əvvəl
elə bildi həqiqidir, amma...
- Amma?
- Mən ona dedim ki,
yox...
- Ona görə ki, bu
sırğaları özünüz almısınız?
- Bəli, müsyö...
- Deməli siz maaşınızı
validenlərinizə vermirdiniz.
- Verirdim, müsyö... Amma
danışmışdıq ki, əlavə pulları özümə saxlayacağam.
- Çantanı da özünüz
almısınız?
- Bəli, müsyö.
- Deyin görək, əzizim...
Qız başını qaldırdı və
Meqre güldü.
- Daha bəsdir.
- Nə bəsdir, müsyö?
- Mənim başımı aldatmaq!
- Düz sözümdür...
- Bir dəqiqə bağışlayın...
Alo... Komutator? Reomür küçəsindəki standart qiymətlər mağazasını
calaşdırın... Hə...
- Dayanın, müsyö...
O əliylə susmaq işarəsi
verdi və qızın gözlərindən yaş süzülməyə başladı.
- Alo... Mağazadır? Məni
direktorla calaşdıra bilərsiniz? Ah, bu sizsiniz? Axtarış polisindən narahat
edirəm... Satıcılarınızdan biri haqqında məlumat almaq istəyirdim... Mademuazel
Fransina Tramble... Necə? Artıq üç aydır? Təşəkkür edirəm... Ola bilsin bu gün
mağazaya gəlim...
O qıza tərəf çevrildi.
- Buyurun, mademuazel!
- Mən onsuz da deyəcəkdim...
- Haçan?
- Bir az cəsarətlənmək
istəyirdim...
- Bu necə oldu?
- Anama deməyəcəksiniz?..
Mən axı ona görə danışmaq istəmirdim... Yenə ağlayacaq və şikayətlənəcək... Əgər
anamı tanısaydınız!.. Dedim ki, hərdən metroda atamla bir yerdə gedirdik... O əvvəldən
mənim işləməyimə, xüsusilə də bu mağazada işləməyimə razı deyildi... Başa düşürsünüz?
Anamsa israr edirdi: biz varlı deyilik, güclə dolanırıq, bu əla şansdır... O
özü məni direktorun yanına apardı... Belə... Üç ay qabaq evdən çıxanda pulum
yox idi və bunu Santye küçəsinin tinində xatırladım... O gün anam tapşırmışdı
ki, bir neçə mağazaya girim... Atamın dalınca qaçdım... Amma o "Kuvrer və Belşas”ın
yanından keçdi və kütləyə qarışdı... Fikirləşdim ki, yəqin siqareti qurtarıb,
ya da başqa nəsə alacaq... Çox tələsirdim... İşə getdim... Gündüz boş vaxt
tapan kimi atamın iş yerinə qaçdım... Orda mənə dedilər ki, atam çoxdan ordan
çıxıb...
- Axşam ondan nəsə
soruşdunuz?
- Yox... Səhər onun
dalınca düşdüm... O Senaya tərəf gedirdi... Elə oldu ki, o dala baxdı və məni
gördü... Onda dedi: "Bu daha yaxşıdır”...
- "Daha yaxşıdır”nə deməkdir?
- Mənim mağazada işləməyim
onun xoşuna gəlmirdi. Dedi ki, çoxdan məni ordan çıxartmaq istəyirmiş... Dedi
ki, indi başqa yerdə işləyir, əvvəlkindən daha yaxşı yerdə, çünki burda bütün
günü dörd divar arasında oturmalı deyil... Sonra məni mağazaya apardı və bu
sırğaları aldı... "Əgər anan soruşsa ki, hardandır, yalançı olduğunu deyərsən”.
- Bəs sonra?
- İşdən çıxdım, amma
anama heç nə demədim. Maaş günü atam mənə aldığım maaş qədər pul verirdi. Hərdən
şəhərdə atamla görüşüb kinoya, ya da botanika bağına gedirdik...
- Bəs atanız nə ilə məşğul
idi? Bilmirsiniz?
- Yox... Amma anama nə
üçün demədiyini yaxşı başa düşürdüm... Əgər ona çox pul versəydi də heç nə dəyişməyəcəkdi...
Evdə həmin səliqəsizlik davam edəcəkdi... Bunu izah etmək çətindir, əgər siz
bizdə yaşasaydınız görərdiniz... Anam pis adam deyil, amma...
- Təşəkkür edirəm,
mademuazel.
- Anama heç nə deməyəcəksiniz?
- Hələ ki, bilmirəm... Zəhmət
olmasa deyin görüm, atanızı başqa adamla görməmişdiniz?
- Heç vaxt.
- O sizə ünvan verməmişdi?
- Biz həmişə Sena tərəfdə
görüşürdük. Ya Yeni körpünün, ya da İncəsənət körpüsünün yanında...
- Axırıncı sual: görüşlər
zamanı o həmişəki geyimində olurdu, yəni De-Dsam küçəsindəki mənzilinizdə
olduğu geyimlərdə?
- Bir dəfə, iki həftə əvvəl,
o boz kostyum geyinmişdi. Bu kostyumu heç görməmişdim, çünki onunla evə gəlməmişdi.
- Təşəkkür edirəm... Yəqin
ki, başqa heç kimlə bu barədə danışmamısınız?
- Heç kimlə.
- Bəs qonşuluqda-filanda
dostunuz yoxdur?
- And içirəm...
Sevinməyə səbəb olmasa da
o razı idi: iş aydınlanmaq yerinə daha da qaranlıqlaşırdı. Bəlkə o sevinirdi
ki, intuisiyası onu aldatmayıb və gecəki tapıntısı düz çıxıb?
- Lüka, o cənaba de ki, gəlsin...
Teodor Jüsom, Parisdəki
sahil küçəsi Luvrda quş satıcısı.
- Mən şəkillə bağlı gəlmişəm...
- Öldürüləni tanımısınız?
- Əlbəttə ki, müsyö. O mənim
ən yaxşı müştərilərimdən idi...
Budur, Moris Tramblenin həyatının
başqa bir tərəfi də açıldı. Həftədə azı bir dəfə Teodor Jüsomun mağazasına gəlib
saatlarla quşların oxumağına qulaq asırdı. Ən çox sarıköynəkləri sevirdi, xeyli
alırdı.
- Mən ona azı iki yüz sarıköynək
satmışam.
- Onları onun evinə
aparmısınız?
- Yox, müsyö. Özü
aparırdı, taksi ilə.
- Ünvanı bilmirdiniz?
- Heç soyadını da bilmirəm.
Bizə demişdi ki, ona müsyö Şarle deyək. Onu hamı belə çağırırdı, tək arvadımla
mən yox, elə satıcılarımız da. O qədirbilən idi, əsil qədirbilən. Başa düşə
bilmirdim ki, nə üçün quşlarını müsabiqələrə aparmır. Bəziləri əla oxuyurdular
və mütləq birinci yeri tutardılar.
- Sizcə o varlı adam idi?
- Varlı? Yox, müsyö... Təmin
olunmuş... Bir az bədxərc olsa da pulla davranmağı yaxşı bilirdi.
- Bir sözlə, yaşamağı
bacaran adam?
- Çox gözəl adam və gözəl
müştəri. Elələri çox deyil...
- Onun yanında heç kim
olmurdu ki?
- Heç vaxt...
- Təşəkkür edirəm, müsyö
Jüsom...
Amma müsyö Jüsom
getmirdi.
- Bir şey də var ki, məni
düşündürür və narahat edir... Qəzetlərə inansaq, De-Dam küçəsindəki evdə quş
olmayıb. Əgər məndən aldığı sarıköynəklər orda olsaydı mütləq yazardılar,
düzdür? İki yüzdən artıq quşu vardı, axı eləsi hər gün...
- Qısası, siz qorxursunuz
ki, onlar...
- ...Hə, elə yerdədirlər
ki, müsyö Şarldan başqa qulluq edənləri yoxdur...
- Yaxşı, müsyö Jüsom, söz
verirəm: əgər biz onları tapsaq, sizə mütləq bildirəcəyik ki, onlara lazım
olduğu kimi qulluq edəsiniz, əgər gec olmasa.
- Təşəkkür edirəm... Ən əsas
da arvadım narahatdır...
- Görüşənədək, müsyö
Jüsom...
Qapı bağlandı.
- Dostum Lüka, sən nə
fikirləşirsən? Ekspertlərin rəyini aldın?
- İndicə gətirdilər...
Ən əvvəl həkim rəyi. Həkim
Polun rəyinə görə Tramblenin ölümü tamamilə təsadüf idi.
Komissarın heç nə
anlamadığı tibb terminləri ilə dolu qırx sətir.
- Alo, həkim Pol?.. Rəyinizdə
yazdıqlarınızı mənə izah edə bilərsinizmi?
- Əslində güllə ölənin
döş qəfəsinə girməli deyildi, buna lazım olan qədər gücü yoxdu və əgər o möcüzəvi
şəkildə həmin yumşaq parçanı deşməsəydi bədənə girməz və ürək üçün də təhlükə
yaratmazdı. Sadəcə onun bəxti gətirməyib, vəssalam! – Deyə həkim Pol
yekunlaşdırdı. – Sadəcə həmin yerdən atmaq və öldürülənin o vəziyyətdə oturmağı
lazım imiş.
- Siz hesab edirsiniz ki,
qatil hər şeyi hesablayıb?
- Mən hesab edirəm ki,
qatil axmaqdır. Əgər sizin Trambleni öldürə bilibsə, ola bilsin ki, heç də pis
atmır. Amma o heç vaxt elə nişan ala bilməzdi ki, güllə ürəyə dəysin... Məncə
onun odlu silahlardan da əməlli başı çıxmır...
Bunu silah eksperti
Qastin-Renett də təsdiqlədi. Onun rəyinə əsasən güllə yarmarka tirlərində
istifadə olunan pnevmatik silahdan atılmışdı.
Maraqlı detal: qatil gülləni
iti eləmək üçün ucunu yonmuşdu. Meqre qatilin bunu nə üçün etdiyini soruşanda
ekspert dedi:
- Yox, bunula güllənin
öldürmək gücü artmır. Əksinə, itilənməyən güllə bədənə girəndə bundan daha çox
zərər verərdi. Bunu edən adam özlüyündə nəsə ağıllı bir şey elədiyini fikirləşirmiş,
əslindəsə onun silahlardan başı çıxmır...
- Bir sözlə, diletant. Yəqin
ki, hardasa detektiv romanlarda buna oxşar nəsə oxuyub, amma tərsinə başa
düşüb.
Moris Tramblenin
öldürüldüyü gündən bu biri gün səhər saat on birəcən bütün öyrənilənlər bunlar
idi.
De-Dam küçəsində isə
Jülyetta hər günkü işlərindən əlavə ailə başçısı öldürüləndən sonra ortaya
çıxan işlərlə də məşğul idi. Səhərdən-axşamacan müxbirlər onu sorğu-suala tutur,
fotoqraflarsa pilləkanın yanında növbə çəkirdilər.
- Komissar səni neyləyirdi?
- Heç, ana...
- Sən məni aldadırsan...
Hamınız məni aldadırsınız... Hətta atan da məni illər boyu aldadıb...
O ağlayırdı, hıçqırırdı,
danışmağa davam edirdi, bununla bərabər sabah dəfndə uşaqların geyinməli olduğu
matəm paltarlarını hazırlayırdı.
Hardasa iki yüz sarıköynək
kiminsə onları yemləyəcəyini gözləyirdi.
Və Meqre Lükaya müraciət
edərək dedi:
- Ancaq gözləmək qalır...
Bu yeddi ildə o hardasa
olmalıdır axı. Əgər evdə paltarını dəyişmirdisə, çoxlu sarıköynəklər və onlar
üçün qəfəslər alırdısa, deməli onun hardasa daldanacağı olmalı idi – otaq, mənzil,
ola bilsin böyük ev? Bəlkə onun dostları var idi? Bəlkə də sevgilisi?
Meqre bu işi özünə də
etiraf etməkdən qorxduğu gizli həyəcanla aparırdı.
"Yazıqları öldürmürlər...”
İndi isə Meqrenin
tanımadığı və hətta varlığından da xəbərsiz olduğu, ilk baxışdan heç bir təsir
buraxmayan, çarpayıda oturub Jülyettanın deyinməyinə qulaq asanda onu öldürməməli
güllədən ölən adam Meqreyə çox yaxın olmuşdu.
Yarmarka tirindən silah...
Belələri ilə suda üzən qəlyanları və şarları vururlar...
Hələ gülləni səylə yonub
onu daha zərərverici eləməyə çalışan qatil... Hər şeyə əsasən demək olar ki,
"Ekselsior” mehmanxanasında özündən sonra dişlərinin yarısı sınmış daraqdan
başqa heç nə qoymayan bu adam özü də yazıq idi.
Onun qara ciyəri xəstədir.
Demək olar ki, bundan başqa onun haqqında heç nə məlum deyil.
Lüka yenə ova çıxdı.
Cansıxıcı işdir – nə sevinclidir, nə də maraqlı... Parisin bütün silah satılan
dükanlarını gəzmək. Sonra isə bütün tirləri; çünki bu subyekt silahı tirdən də
ala bilərdi. İnspektor Janvye sahil küçələri Luvr və Messajeridəki bütün alverçiləri,
eləcə də Təzə körpünün və İncəsənət körpüsünün yaxınlığındakı bütün barların
sahiblərini sorğu-sual etdi. Ola bilsin Tramble qızını gözləyəndə buralarda bir
stəkan şərab içib.
Nəhayət, gombul Torans
taksi sürücüləri ilə məşğul oldu, çünki çoxlu quş alan adamlarla hər gün
rastlaşmırlar.
Meqre isə Dofina
meydanındakı restoranda oturub pivə içirdi. Bakalın yarısı artıq boşalmışdı və
Meqre səhər yeməyi yeməyə gedəcəyi vaxtı gözləyə-gözləyə qəlyanından həzz
alırdı.
Nə isə onu narahat
edirdi, amma nə olduğunu bilmirdi. Deyəsən ya dünən axşam, ya da bu gün səhər ona
vacib nəsə demişdilər və o bunu unutmuşdu.
Çox qısa və mənasız
fraza. Amma yaxşı xatırlayır ki, onu eşidən kimi özlüyündə qeyd etdi. Və bir də
fikirləşdi ki, bu qarmaqarışıq hadisənin açarı görəsən bunda deyil ki...
Belə, bəs onu kimdən
eşitmişdi?.. Bəlkə sorğu vaxtı bu gözəl, şlyapalı qızdan eşitmişdi? Qızın ona
dediklərinin hamısını ağlından keçirtdi... Yenə də Santye küçəsinin tininə,
qızın atasının dalınca qaçıb onu işinin yanından düz keçib getdiyini gördüyü səhnəyə
qayıtdı...
Sırğalar?.. Yox... Hərdən
ata ilə qızı gizlicə kinoya gedirdilər... Ümumiyyətlə Fransina Tramblenin
sevimlisi idi... Ola bilsin onunla gəzəndə və ya anasından gizli ona dəyərli əşyalar
alanda atası qürur hissi keçirirdi...
Yox, o da deyil... Kiçik
fraza tamam başqa şeylə əlaqədar idi... Bəs onda nə ilə?.. Hardansa yuxarıdan
onun qabağına günəş şüası düşdü və şüada tozlar oynaşdı, eynən otaqda yorğan
çırpılandan sonra görünən tozlar kimi...
De-Dam küçəsi, məhz burda
onu eşitmişdi... Mətbəxin qapısı açıq idi... və Jülyetta danışırdı... Bəs o o vaxt
nə deyirdi? Meqreyə elə gəldi ki, bir az sonra hər şey aydınlaşacaq.
- Jozef, məndən nə istəyirsən?
Olduqca kiçik fraza.
Bütün yolu onu xatırlamağa çalışmışdı. Evdə də pencəyini çıxartıb səhər yeməyini
yeyəndə onun haqqında fikirləşirdi. Madam Meqre ərinin nə haqdasa düşündüyünü
görüb susdu.
Amma meyvə soyanda dayana
bilmədi və dedi:
- De görüm, səncə bu iyrənc
deyil? Adam...
Daha nələr! Axı madam
Meqre Jülyettanı tanımırdı. O De-Dam küçəsindəki mənzili görməmişdi. Həmin
kiçik fraza onun dilinin ucunda idi, hardasa madam Meqrenin dediklərinin
yanında: "De görüm, səncə bu iyənc deyil?...”
Bir də zorakılıq. Çox da
böyük olmayan zorakılıq. Amma hiss olunan tufan olmadı. O dəsmalı stulun üstünə
qoydu, qəlyanını doldurdu, bir stəkan kalvados süzüb pəncərənin qabağında
oturdu. Orfevrə getməmişdən qabaq dincəlirdi.
III. Tilovlu balıqçının izi
Həmin gün axşam saat
altıda Meqre və Lüka Austerlits körpüsünün yaxınlığındakı Vağzal küçəsində
taksidən düşdülər. Onların yanında səfilə, avaraya oxşayan biri də var idi.
Meqre nəhayət indi
haqqında bu qədər fikirləşdiyi frazanı xatırladı: "O səs-küydə dayana bilmir”.
Tramble, bu yazıq, alt
paltarında çarpayının qırağında oturub ağrıyan pəncəsini qaşıyanda öldürülən,
De-Dam kimi izdihamlı küçədə beş davakar uşaqla və deyinməkdən başqa heç nə
bacarmayan arvadla yaşayan Tramble – səs-küydə dayana bilmirdi.
Elə adamlar var ki, bəzi
iyləri sevmir, bəziləri istidən və ya soyuqdan qorxur. Meqrenin yadına bir
boşanma işi düşdü: bir yerdə iyirmi altı-iyirmi yeddi il yaşayan cütlük
boşanırdı. Onları boşamağı xahiş edən ər məhkəmədə dedi:
- Mən arvadımın iyinə öyrəşə
bilmirəm.
Tramble isə səs-küyü
sevmirdi. Və o qeyri-məlum yerdən tapdığı imkan sayəsində səs-küylü Santye küçəsindəki
"Kuvrer və Belşas” firmasındakı işindən çıxandan sonra Parisin belə sakit
yerində özünə daldanacaq tapmışdı.
Bura böyük, sakit sahil
küçəsi idi. Ətrafda sakitlik hökm sürürdü və adama elə gəlirdi ki, Sena boyunca
düzülmüş barlara və həyətlərində toyuqların eşələndiyi əksəri ikimərtəbəli, bəziləri
çoxmərtəbəli olan evlərə heç kim gəlib-getmir.
Tapıntı qoca La Serizə məxsus
idi, bu qoca fırıldaqçı özü dediyi kimi buranın yaxınlığındakı körpünün yanında
kirayədə yaşayır.
O qəbul vaxtını gözləyəndə
daha üç nəfər fırıldaqçı gəldi – müxtəlif adamlar, eyni zamanda Parisdən başqa
heç yerdə görə bilməyəcəyin tiplər.
- Mən birinci gəlmişəm,
düz deyil, komissar?.. Yarım saatdır burdayam... Onlar hələ gəlməmişdilər...
Deməli mükafat mənə çatmalıdır...
- Nə mükafat?
- Bəyəm mükafat vermirlər?
Bəs ədalət hardadır? Qoca
La Seriz yaman mütəəssir oldu.
- Axı necə olur? Hətta
itmiş iti tapana da mükafat verirlər. Mənsə bu öldürülən yazığın harda
yaşadığını göstərəcəyəm.
- Yaxşı, sənə görə bir
şey taparıq, əgər buna dəyən iş olsa.
Və onlar mübahisəyə
başladılar: yüz frank... əlli... İyirmiyə razılaşdılar. Onu özləri ilə götürdülər.
Budur, onlar ikimərtəbəli evin qabağında dayanıblar.
- Mən onu burda demək
olar ki, hər gün görürdüm. Bax, orda əlində tilovla otururdu... Tanışlığımız elə
burda başlamışdı... Əvvəl-əvvəl işləri yaxşı getmirdi... Mən ona kömək etdim:
izah etdim, məsləhət verdim. Yaxşı götürmə qabiliyyəti var idi. Balıq tutub evə
gedirdi... Onun harda yaşadığını belə öyrəndim...
Meqre hər ehrimala qarşı
zəngi basdı və evin içində köhnə zəng əks-səda verdi. Lüka işə girişdi və bir dəqiqə
sonra qapı açıldı.
- Mən buralarda olacağam.
– La Seriz dedi. – Lazım olsa çağırarsınız.
Evdən pis iy və qəribə səs
gəlirdi. Bu səslər qəfəslərdə uçuşan sarıköynəklərin səsi idi.
Qəfəslər birinci mərtəbənin
iki otağında idi. İlk baxışdan elə bilərdin ki, burda adam yaşamır, çünki
otaqlarda qəfəslərdən başqa demək olar ki, heç nə yox idi.
Səs boş otaqlarda əks-səda
verirdi. Meqre və Lüka otaqları gəzirdilər, qapıları açırdılar, açılan qapıdan
girən hava küçəyə baxan pəncərələrdəki pərdələri tərpədirdi.
Bu divarlar neçə ildi rənglənmirdi?
Divarlarda əvvəlki ev sahiblərinin qoyduğu izlər – müxtəlif vaxtlarda burda
olmuş mebellərin tünd kölgəsi qalmışdı.
Lüka, işə başlamamışdan
quşlar üçün təzə su tökən və yem səpən Meqreyə təəccüblə baxırdı.
- Başa düşürsən, dostum,
burda o ən azı sakitlik tapırdı...
Pəncərələrdən birinin
qabağında yelləncəkli kreslo qoyulmuşdu, bundan əlavə otaqda stol, iki-üç stul
və rəflərdə xeyli macəra və tarixi romanlar var idi.
Birinci mərtəbədə üstünə
rəngli adyal salınmış dəmir çarpayı var idi.
- O burda çox da şənlənmirdi
deyəsən, siz necə fikirləşirsiniz, rəis?
Mətbəx. Nimçələr, stəkanlar,
tava. Meqre tavanı iyləyəndə balıq iyini hiss etdi. Zibil vedrəsinə yəqin ki,
balığın artıqları atılmışdı. Küncdə cürbəcür tilovlar qoyulmuşdu.
- Sizə elə gəlmir ki,
yaxşı düşünülüb?
Görünür Tramble xoşbəxtliyi
başqa cür başa düşürdü. Ondan başqa heç kimin girmədiyi sakit otaqlar. Senanın
sahilində balıq ovu. Gözəl qəfəslərdə oxuyan quşlar. Və kitablar, əlvan cildli,
sakitlikdə həzz ala biləcəyi kitablar. Ən maraqlısı isə bu idi ki, bu
kasıblığın içində tək-tük bahalı əşyalar da var idi. Tilaovlardan biri İngiltərə
istehsalı idi, qiyməti də bir neçə min frank. Evdəki yeganə kamodun gözlərindən
birinə üstünə "M. T.” inisialı həkk olunmuş qızıl alışqan və bahalı portsiqar
qoyulmuşdu.
- Burda bir şey başa
düşürsünüz, rəis?
Hə, Meqre deyəsən başa
düşməyə başlamışdı. Əsas da bir neçə lazımsız əşya tapandan sonra, məsələn
qatar oyuncağını.
- Görürsən, o neçə illər
bunlara sahib olmaq istəyib...
- Sizcə o bu qatarla
oynayıb?
- Yox, deyə bilmərəm... Sən
heç vaxt uşaqlığında arzuladığın şeyi böyüyəndən sonra almamısan?
Belə, Tramble hər gün səhər
başqalarının işə getdiyi kimi evdən çıxıb bura gəlir və evinin qabağında tilov
atıb oturur. Sonra yemək yemək üçün De-Dam küçəsinə qayıdır, bəlkə də tutduğu
balıqları yeyəndən sonra.
O sarıköynəklərə qulluq
edir. Oxuyur. Pəncərənin qabağındakı yelləncəkli kreslosunda oturub saatlarla
oxuyur. Ətrafda sakitlikdir, heç kim onu narahat etmir, qışqırmır. Vaxtaşırı
kinoya gedir, bəzən qızıyla. Bir dəfə də ona qızıl sırğalar almışdı.
- Sizcə hesabına yaşadığı
bu qədər pulu miras almışdı, ya oğurlamışdı?
Meqre cavab vermədi. O
otaqdan otağa keçib baxırdı, qoca La Serize isə evin qabağında dayanmışdı.
- Orfevrə qayıt. Tapşır
ki, bütün Paris banklarına sorğu göndərsinlər, bəlkə Tramble hesab açdırıb. Həmçinin
notariatlar və hüquqşünaslıq büroları da yoxlanmalıdır...
Əslində o bunun nəsə nəticə
verəcəyinə inanmırdı. Tramble çox ehtiyatlı idi, pullarını tapılması rahat olan
yerdə gizlətməzdi.
- Siz burda qalacaqsınız?
- Hə, mən yəqin ki, gecəni
burda qalacağam... Qulaq as... Mənimçün buterbrod və iki-üç şüşə pivə gətir...
Bir də bizə zəng elə, de ki, ola bilsin gecə gəlməyim. Bir də çalış ki, qəzetlər
bu ev haqqında hələ heç nə yazmasınlar.
- İstəsəniz mən gələrəm,
tək qalmayasınız deyə. Ya da inspektorlardan birini göndərərəm.
- Lazım deyil.
Onun yanında heç silah da
yox idi. Nəyə lazımdır?
Ev sahibinin keçirtidiyi
saatlara oxşar saatlar keçirtdi. Meqre hətta onun kitabxanasındakı bəzi
kitabları da vərəqlədi. Hamısı bir neçə dəfə oxunmuşdu.
Sonra bir xeyli tilovların
arasında qurdalandı.
- Yeddi il, hər aya iki
min frank...
Yaxşı puldur, hələ özünə
xərclədiyi pulları saymır... Amma onun xəzinəsi
hardasa gizlədilməlidir axı...
Saat səkkizdə Meqre pul
tapmaq ümidilə qəfəsləri yoxlayanda qapıda taksi dayandı.
Lüka əhvalı çox da yaxşı
olmayan bir qızla gəlmişdi.
- Mən bilmədim nə edim,
burda da telefon yox, belə qərara gəldim ki, onu bura gətirim. Bu – onun
sevgilisidir...
Qız Meqreyə baxıb dedi:
- Ümid edirəm onun
ölümündə məni günahlandırmayacaqsınız?
- Buyurun, buyurun... –
Meqre sakitliklə dedi – Bu evi yəqin ki, məndən yaxşı tanıyırsınız...
- Mən?.. Birinci dəfədir
ki, buranı görürəm. Beş dəqiqə əvvəl heç bilmirdim ki, belə bir yer var...
Buranın havası da birtəhərdir.
Hissiyyat baxımından onun
burnu arxasından fərqlənirdi, çünki stula oturan kimi ətrafı toz bürüdü.
IV.
Moris Tramblenin dördüncü həyatı
Olqa-Janna Mari
Paussonno, 29 yaşı var, Sen-Joris-sür-İzerdə doğulub, sənəti bilinmir, ünvan:
"Vo Sejur” mehmanxanası, Lepik küçəsi, Paris, 18-ci sahə.
Və həmin dəqiqə bu yumru
fizionomiyaya malik gözəlçə çərənləməyə başladı:
- Cənab komissar, xahiş
edirəm ora mənim könüllü surətdə gəldiyimi qeyd edəsiniz. Qəzetdə onun şəklini
görən kimi öz-özümə dedim: mən qorxmamalıyam, mən...
- Tramble sizin yanınıza
mehmanxanaya gəlirdi?
- Hə, həftədə iki dəfə...
- Deməli oranın sahibi və
işçiləri onu üzdən tanıyırdılar?
- Bəs nə. Lap yaxşı
tanıyırdılar. Beş ildir ki...
- Onlar da şəkli görüblər?
- Nə demək istəyirsiniz?
O dodağını dişlədi – başa
düşmüşdü:
- Hə, sahib məndən
soruşdu ki, bu müsyö Şarlın şəkli deyil?.. Amma mən onsuz da gələcəkdim...
- Şübhə etmirəm. Siz onu
müsyö Şarl adıyla tanıyırdınız?
- Mən onula təsadüfən
tanış olmuşdum, Roşüşuar bulvarında, kinodan çıxanda... Mən onda Klişi
meydanındakı restoranda bufetçi işləyirdim... O mənə bənd oldu... O mənə dedi
ki, Parisdə səfərdə olur...
- Həftədə iki dəfə...
- Hə... İkinci, ya üçüncü
dəfə görüşəndə o məni mehmanxanaya ötürdü və otağıma gəldi... Hər şey belə
başladı... Mən işdən onun xahişi ilə çıxdım...
Nə üçün bu Tramblenin xoşuna
gəlmişdi? Görünür ona görə ki, Jülyetta cılız, ağbəniz idi, bu isə qarayanız,
hündür boylu idi.
- Mən tezliklə başa
düşdüm ki, o bir az, o söz...
- Necə yəni "o söz”?
- Hər halda xəyalpərəst
idi... O həmişə deyirdi ki, səni kəndə aparacağam... Ancaq bunu arzulayırdı...
Bir də görürdün gələn kimi məni parka aparırdı ki, skamyada oturaq... O məni öz
gic-gici kəndi ilə boğaza yığımışdı, elə hey deyirdi ki, heç olmasa bir neçə günlük
onunla gedim, axırda apara bildi... Bəlkə siz fikirləşirsiniz ki, mənim üçün
orda xoş keçdi? Heç də!..
- O sizi pulla təmin
edirdi?
- Vacibatları ödəmək üçün
bir az pul verirdi... Elə bilirdi ki, paltarlarımı özüm tikirəm... Bilirsiniz,
o istəyirdi ki, mən bütün günü oturum nəsə tikim, toxuyum... Komediya!.. Mən
yüz dəfə onunla mübahisə etmişdim... Ona nələr demirdim! O isə elə yapışmışdı
ki, qopartmaq olmurdu. Hədiyyələr alırdı, uzun məktublar yazırdı... Nəyə gülürsünüz?
- Heç, heç nəyə...
Yazıq Tramble! O
Jülyattadan dincəlmək üçün Olqadan yapışmışdı!
- Deməli, görüşəndə vaxtınızın
çoxu mübahisələrə gedirdi...
- Düzdür, az vaxt
getmirdi...
- Və siz bir dəfə də
maraqlanıb dalınca getmədiniz ki, harda yaşadığını öyrənəsiniz?
- O demişdi ki, hardasa
Orlean vağzalı rayonunda yaşayır, mən də inanmışdım... Bir də ki, mənim üçün təfavütü
də yox idi...
- Yəqin ki, dostunuz da
var idi?
- Hə, əlbəttə, mənim
dostlarım var idi. Amma ciddi – heç nə...
- Siz onlara müsyö
Şarldan danışırdınız?
- Sizə elə gəlməsin ki, mən
onunla fəxr edirdim... Daha nələr...
- Siz onu heç vaxt başqa
adamlarla görməmisiniz?
- Heç vaxt. Deyirəm ki,
onun bütün xoşbəxtliyi mənimlə hansısa parkda skamyada oturmaq idi... Bu düzdür
ki, o çox varlı idi?
- Hardan bilirsiniz?
- Qəzetdə oxudum ki, deyəsən
ona külli miqdarda miras qalıb... Mənəsə bircə qara qəpik də çatmadı...
Görünür, taleyim belədir...
Eynən Jülyetta kimi
danışdı!
- Mənə nəsə edəcəklər?
- Nə danışırsınız! Sadəcə
dediklərinizi yoxlayacağıq. Aydındır, Lüka?
Hamısı düz çıxdı, yazıq
Tramblenin gəldiyi vaxtlarda it xasiyyətli Olqanın qopartdığı mərəkələrə qədər.
Bütün gecəni və o biri
günün yarısını Meqre evi axtarmaqla keçirtdi, amma yenə də heç nə tapmadı.
Təəssüf hissi ilə bu qədər
vaxtı öz "yazığ”ı ilə təklikdə qaldığı və həyatını öyrəndiyi evdən çıxdı. Meqre
əmr etdi ki, ev güdülsün və bir neçə polis inspektoru növbə çəkməyə başladı.
- Hər halda, bu bizə nəsə
verəcək, - o rəisinə dedi. – Ola bilsin vaxt lazım olsun, amma hər halda nəticə
yaxşı olacaq.
Fransinanın şübhəli
tanışının olub-olmadığı öyrənildi. Olqanı da güdürdülər.
Banklardan və
notariatlardan bir çey çıxmadı. Kantala teleqram göndərdilər və belə qərara gəlmək
olardı ki, Tramble heç bir miras almayıb.
Əvvəlki kimi isti idi.
Trambleni dəfn etdilər. Onun arvadı və uşaqları əyalətə getməyə
hazırlaşırdılar, çünki onlar artıq Parisdə qala bilməzdilər.
Tramblenin De-Dam küçəsindəki
həyatı da məlum idi, sahildəki həyatı da, Olqa ilə keçən həyatı da...
Balıqçılığını, sarıköynəklərini və macəra romanlarını sevməyi də məlum idi.
Tramblenin dördüncü həyatını
isə Paris kafelərindən birinin ofisiantı danışdı. Bu adam bir gün səhər Orfevrə
gəldi və Meqrenin onu qəbul etməsini xahiş etdi.
- Bağışlayın ki, daha əvvəl
gəlməmişəm, bütün yayı mən Sabl-d`Oonnda işləmişəm... Qəzetdə şəkli görən kimi
sizə yazmaq istədim, amma sonra yadımdan çıxdı. Mən əminəm ki, bu bizə bilyard
oynamağa gələn cənabdır: bu Sen-Jermen küçəsilə Sena küçəsinin kəsişdiyi yerdədir.
- Yəqin ki, o tək
oynamırdı?
- Əlbəttə... Onunla biri
də gəlirdi, arıq, uzun, kürən, bığlı. Onlar "sən”lə danışırdılar, Tramble onu
Teodor çağırırdı. Onlar hər gün eyni vaxtda, saat dörddə bir yerdə gəlirdilər,
saat altıda da gedirdilər... Teodor içirdi, Tramble isə spirtli içki içmirdi.
Böyük şəhərə adam gəldi,
getdi – və o yoxdur, amma bir az keçəndən sonra, ya burda, ya da başqa yerdə
onun izi tapılır. Tramblenin izinə Luvr küçəsindəki quş dükanında və Lepik
mehmanxanasında düşdülər. İndisə məlum olur ki, o hansısa kürənlə bir neçə il
mütəmadi Sen-Jermen küçəsindəki kafeyə gedirmiş.
- Onu axırıncı dəfə haçan
görmüsünüz?
- Bir ildən çoxdur ki,
orda işləmirəm...
Torans, Janvye, Lüka və
başqa inspektorlar bilyardı olan bütün Paris kafelərini gəzməyə başladılar və
bu iki yoldaşın izinə Təzə körpünün yanındakı kafedə düşdülər – bir neçə ay
onlar bura bilyard oynamağa gəlmişdilər.
Hamı Teodor haqqında
deyirdi ki, o çox içir və içəndən sonra bığlarını əlinin dalı ilə silir.
- O kasıbyana geyinirdi.
Hesabı həmişə Tramble verirdi.
Polis bir neçə həftə Teodoru
axtardı, amma tapa bilmədi. Bir dəfə Meqrenin ağlına gəldi ki, "Kuvrer və
Belşas” firmasına baş çəksin. Onu müsyö Movr qəbul etdi.
- Teodor? Hə, bizdə bir
Teodor işləyib, amma lap çoxdan... Dayanın... O burdan on iki il əvvəl çıxıb...
Mən əminəm ki, o müsyö Tramble ilə tanış idi... Bu Teodoru – inzibati bölmədən
soyadını öyrənə bilərəm – ona görə işdən çıxartdıq ki, həmişə sərxoş olurdu və
özünü apara bilmirdi...
Soyadını da öyrəndilər –
Balar. Teodor Balar. Parisdə heç bir Balar tapa bilmədilər.
Bir dumanlı iz daha: beş
il əvvəl Teodor Balar bir neçə həftə Monmartrda karuseldə işləyib. Bir gecə sərxoş
olanda əlini sındırıb və o vaxtdan onu daha görməyiblər.
Bu adam və "Ekselsior”
mehmanxanasındakı subyekt sözsüz ki, eyni sima idi...
Görəsən hansı yolla onlar
bir daha birləşə bilmişdilər? Nə də olmasa, bu adamlar hər gün görüşüb bilyard
oynayırdılar.
Bəlkə, Teodor yoldaşının
sirrini öyrənmişdi? Bəlkə də sahildəki evdə pul gizlədildiyindən şübhələnmişdi?
Bəlkə dava eləmişdilər?
- Sahildəki evi güdməkdə
davam edin...
Tezliklə axtarış polisində
növbə zarafatı yarandı:
- Bu gecə nə edirsən?
- Sarıköynəkləri
qoruyacağam...
Uğura aparan da elə bu
oldu. Bir gecə kürən, bığlı, sınıq əlli biri evə soxulmağa çalışdı. O dilənçiyə
oxşayırdı. Gombul Torans ona daldan hücum edəndə o yalvardı ki, ona
toxunmasınlar.
Tramble yazıq idi, qatili
də yazıq çıxdı. Teodora adamın yazığı gəlirdi. O neçə gün idi ki, heç nə yeməmişdi
və küçələrdə, sahildə sülənmişdi.
O evin güdüldüyündən şübhələndiyi
üçün bu qədər vaxtı gəlməyə cəsarət etmirdi, amma axırda dayana bilməmişdi.
- Beləsi daha yaxşıdır...
– təngnəfəsliklə dedi. – Yemək istəyirəm, daha dayana bilmədim...
Gecə saat ikidə o
Meqrenin kabinetində oturub buterbrodları yeyə-yeyə pivə içirdi və verilən
bütün suallara cavab verirdi.
- Mən əlbəttə, əclafam.
Amma siz bilmirsiniz bu Moris necə simic idi... Heç mənə deməmişdi ki, sahildə
evi var... Etibar eləmirdi... Bilyard oynamaq heç, amma başqa şeylərdə...
Olurdu ki, mən ondan borca pul alırdım, çox az miqdarda, bir görəydiniz, güclə
ondan qopardırdım... Ola bilsin mən tələsdim, düzdür... Bir qəpiyim də yox
idi... Bu vaxt o mənə dedi ki, bu daha axırıncı dəfədir, mən axmaq deyiləm, həm
də bilyarddan bezmişəm... Bir sözlə, məni nökəri qovan kimi qovdu... Onda mən
onu güddüm, necə yaşadığını başa düşdüm və bildim ki, bu evdə mütləq pul gizlədib...
- Birinci onu öldürməyi qərara
aldınız. – deyəndən sonra Meqre qəlyanından bir qullab vurdu.
- O mənim xətrimə dəymişdi,
ona görə öldürdüm... Yoxsa ki, o olmayanda sahildəki evə girərdim...
Ən təcrübəli ekspertlər
evi ən azı on dəfə axtardılar. Pullar isə bir ildən sonra, ev satılanda, artıq
heç kimin Trambleni xatırlamadığı bir vaxtda tapıldı.
Və onlar hardasa divarın
içində və ya parketin altında gizlədilməmişdi, eləcə ikinci mərtəbədəki köhnə əşyalar
yığılan səbətin içində idi.
...Burda iki milyon
yarımdan çox pul var idi.
Bu rəqəmi eşidən kimi
Meqre özlüyündə haqq-hesab etdi və hər şeyi başa düşdü. O taksiyə oturub Flora
pavilyonuna gəldi.
- Sizdə Milli lotoreya
qaliblərinin siyahısı var?
- Tam siyahı yoxdur, bəziləri
adlarının gizli qalmağını istəyir – bu onların qanuni haqqıdır... Məsəlçün,
yeddi il qabaq...
Bu Tramble idi. O üç
milyon udmuşdu. O paketi yaxasında gizlədib aparmışdı və heç vaxt heç kimə bu
barədə bir kəlmə də deməmişdi. Bu uduş səs-küydə dayana bilməyən Trambleyə
balaca, amma əvvəllər əlçatmaz olan sevinclərinə çatmağa şərait yaratmışdı.
"Yazıqları öldürmürlər...”
Hər halda o sadəcə yazıq
idi, alt paltarında çarpayısının qırağında oturub ağrıyan pəncəsini qaşıyanda
öldürülən yazıq...
Tərcümə: Həmid P.