Könül Nuriyeva. Dolabdakı qadın (HEKAYƏ)

Könül Nuriyeva. Dolabdakı qadın (HEKAYƏ)

Adrenna qaranlıq deməkdir, qadın adıdır. Qonşu otaqdan oğlunun yazı masasından gecə lampasını götürən qadın asta və ya tələsik hərəkət etmədi. Tənbəllik etməyib, paltar dolabından özünün sayı iyirmidən çox olan don, palto, bir sözlə, bütün geyimlərini səliqə ilə stolun üsrünə yığdı. Dolab boş qaldı. Adrenna rahatladı, dolabın yerinə təzə parça döşədi, gecə lampasını içəriyə yerləşdirdi.

- Ahh, nə gözəl.

Güzgünü əlinə aldı, boyanmış alt dodağını dişlədi, gözlərinin parıltısından xəbəri yoxmuş kimi saçını arxaya yığdı.

- Əzizim,səni yığa bilərəm?

Sevdiyi oğlana yazdı.

Dolabın içi həmin gündən  qadının sirli dünyasına dönmüşdü, kimsə bilmirdi, mane olan da yox idi, illərin qadağalarına meydan oxuyurdu dolab qapıları.

- Nə gözəldi, qapıları bagladım, bədənimi rahatladım, duygulara büründüm, arzuları yastıq etdim.

Adrenna sevdiyinə bu sözləri pıçıldayırdı. Oğlan heyrət içində gözəlləşən qadın simasına baxırdı. Dolab divarları sevgililərin dilsiz şahidləri idi.

- Çox gözəlsən, Adrenna.

Oğlanın qalın dodaqları adi sözləri arı pətəyindən süzülən bal kimi axıdırdı qadının qəlbinə. Qadın nə vaxtsa baxdığı təbiət proqramlarının birini xatırladı, orda hər şeyi udan çiçək vardı, ehtirasdan aşiqini udacaqmış kimi.

- Qadındı gözəllik qatan məhəbbətə, sənsiz heç nəyəm, sənin istiliyin,  sənin bədənin...

- Çox qəşəngsən, sevgilim. Əslində sən yaxşı oğlansan, özünə əclaf desən də.

- Yaxşı oğlanı sevmirlər.

- Səni niyə sevdiyimi bilmirəm, əzizim.

- Səbəbi olan hadisə, duyğu elə səbəblərdən məhv olur sonda.
- Sən bir gecədə aşiq olmaq nə deməkdir, bilirsən? Bir baxışla vurulmaq  necə olur, bilirsən?

Paltar dolabı hər gecə xumarlanırdı sevginin çaldığı laylalardan. Arada qapısına  ah və çığırtıların naləsi dəyirdi, küsürdü dolab, saçı sığallanırdı, simasında əllər gəzirdi nəvazişlə.

-Bu gün boşanma ərizəni yaz, ayrıl ondan. Sənə verdiyi əzablara son qoymağını istəyirəm.

- Yazmışam, boşanmaq istəmir.

- Onun sənə toxunmağını istəmirəm, o yad adamın.

- Gəl, gəl qucağıma, canım.

Dolab sevinirdi, hətta özünün də sevildiyi fikrinə alışmışdı, rəngi açılmışdı, qapıları cırıldamırdı. Hər gecə boşaldılan paltarlar hər səhər yenidən yığılanda daha dolabın ürəyi sıxılmırdı, tərləmirdi istilikdən.

- Azadlığına, cəsarətinə heyranam, sevgilim. Daha gözləyə bilmirəm, sənin yanına gəlirəm, indi, indi. Ünvanını de, Adrenna, de. Evinin yaxınlığına gəlmək istəyirəm, pəncərəndən daxil olmaq, döşlərini sinəmə sıxmaq istəyirəm, saçlarının qoxusunu canıma çəkmək istıyirəm, səni başdan ayağa yemək istəyirəm. Ahh, əzizim, canım.

Oğlan dəli olmuşdu, sözləri elə tez-tez söyləyirdi ki, dolab həyəcanlandı, düzü bir az küsdü, məgər onlara pis məkan olmuşdu?

- Ohh, gözlərimin nuru,gəlmə! Gəlsən bizi tutarlar, məni öldürərlər. Düşüncələrimi qandallamaq istəyənlərin arasında dolabı zindan etmişəm, sevgidi onun adı. İkimizin ruhu, ürəyi, vücudu zindanın kilidləridi. Biz dolabı dünyaya üsyana qaldıracağıq, eşqi böyüdürük, hələ körpədir, böyütməliyik onu. Güclənməlidir, dolabın qapıları məhəbbətdən açılmalıdır, sonra həyətin, küçənin qapılarını vurub yıxmalıdır. Sonda qəlb qapılarımız  toxunan barmaqlarımızla  ya daimilik açarlanmalı, ya da kimsələrdən, saxta əxlaq qaydalarından, cəmiyyət qınaqlarından  qorxmayaraq otağı, açarları, kilidləri, dolabları, nigah kağızlarını, dinin uydurması olan kəbinləri uzağa, gücü çatdıqca uzağa atmalıdır.
Adrenna qaranlıq deməkdir, hətta qadının aylardı yaşadığı otuz santimetrlik dolabda zülmətdən əsər-əlamət yox idi. İşığı içimizdə gəzdiririk biz sevəndə. O, günəş işığını kölgədə  qoyur, qadının sinəsində uzun barmaqları olan kişi əllərinin nəqşini heç bir rəssamın  bacarmadığı kimi çəkir, o işıq qızdırılmış dəmiri xatırladan dodaqları yada salır. Üzbəüz dayanmış göbəklər tumurcuqlanmış alça çiçəyi kimi olur, indi ətir saçib, ətrafa dağıdacaq içindəkiləri...

- Ahh, Adrenna.. aç pəncərəni!

- Gəlmisən? Necə tapdın?

Dolab küsdü, rəngi tündləşdi, hətta əsəbləşdi, qonşu otağa keçib olanları qadının ərinə, evdə olanlara xəbər vermək istədi. Etmədi, baxdı, baxdı pəncərəyə tərəf. O azadlğı boğan insanların  bənzəri olmaq istəmədi...