“La Skala” Səudiyyə Ərəbistanının ianələrindən imtina etdi

“La Skala” Səudiyyə Ərəbistanının ianələrindən imtina etdi

Milanın "La-Skala” Teatrı Səudiyyə Ərəbistanının ianələrindən imtina etmək qərarına gəlib. Bu, jurnalist Camal Kaşıkçının öldürülməsi ilə əlaqədar baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İtaliyanın "La Stampa” qəzeti Milanın meri Cüzeppe Salaya istinadla yayıb.

Nəşr martın 7-də "La-Skala” ilə Səudiyyə Ərəbistanının hakimiyyət orqanları arasında razılaşmadan yazıb. Bu razılaşma beş il ərzində Ər-Riyad tərəfindən teatra 3 milyon avro ödənilməsini nəzərdə tuturdu. Bunun müqabilində Səudiyyə Ərəbistanının nümayəndəsi teatrın Direktorlar Şurasında təmsil olunmalı idi.

C.Sala deyib: "Biz yekdilliklə pulları geri qaytarmaq qərarına gəldik”.

Nəşrin yazdığına görə, qərar Direktorlar Şurası tərəfindən qəbul edilib. Mer bildirib ki, teatrın direktoru Aleksandr Pereyra tərəfdaş axtarışı baxımından bu məsələdə vicdanla hərəkət edib, lakin vəziyyət nəzarətdən çıxıb.

Daha əvvəl yayılan məlumata görə, teatrın Ər-Riyadla əməkdaşlığı barədə xəbər İtaliyanın bir sıra nüfuzlu siyasətləri tərəfindən etirazla qarşılanıb.