Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır

Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır

Mədəniyyət Nazirliyi və Daha tv-nin birgə layihəsi olan "Beyin fırtınası” müzakirə platformasında sosial, mədəni, fəlsəfi, elmi mövzuları müzakirə olunacaq. Gənclərin, tələbələrin və ekspertlərin iştirakı ilə gerçəkləşəcək müzakirələr Azərbaycandakı dünyanı və dünyadakı Azərbaycanı əhatə edəcək.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə Azərbaycanın mədəni-intellektual irsini rəqəmsal platformaya daşımağı, müstəqillik illərində yetişmiş yazıçı və şairlərin, alim və filosofların, sosioloqların çıxış və müzakirələrinə yer verməyi, regionlardakı mədəniyyət mərkəzlərində intellektual müzakirələrin təşkilini, Azərbaycandan kənarda yaşayan azərbaycanlı elm və sənət adamları ilə əlaqə yaratmağı, onların gənc nəsil üçün faydalı olan təcrübələrini sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyi, mənəvi dəyərlərin aşınmasına qarşı cəmiyyətin mədəni immunitetini gücləndirməyi, Azərbaycan dilinin zənginləşməsi üçün IV Sənaye çağının mövzularını Azərbaycan dilində yayımlamağı hədəfləyir.

"Beyin fırtınası” proqramında sənətin, elmin, fəlsəfənin aktual mövzularına aid auditoriyanın və ekspertlərin iştirakı ilə gerçəkləşdiriləcək müzakirələr şəxslər deyil, şərhlər üzərində qurulacaq.

Layihədə tənqidi təfəkkürlə yaradıcı düşüncənin, ənənə ilə yeniliyin dialoqu baş tutacaq.

Fikirlərin, faktların, alternativlərin yarışı kimi təşkil olunan müzakirələr intellektual mühitin genişlənməsinə, elitar mədəniyyətin formalaşmasına xidmət edəcək.