Məhəmməd Tanhu. 8-ci günün qeydləri (II)

Məhəmməd Tanhu. 8-ci günün qeydləri (II)

8

"Avesta" da müqəddəs yaddaşı qorumaq postulatı var. Çağdaş estetlərin həm qanadları altına aldığı, həm də dırnaqarası baxaraq parçalamaq istədiyi məqam budur. Bir an, bir dəqiqə məsələsi deyil. "Beyond the limits" (təxminən, sərhədləri aşmaq) təfəkkürü ilə müqəddəs hafizəni lərzəyə gətirərək alternativ nəsnə yaratmaq. Məcburuq "nəsnə" adlandırmağa. Şüurla təpikləşmə. Bax, ölüm haqqında da işartılar verir. Situasiya. Oynamaq. Giqant hafizənin önündə anlıq təəssüratlarla ötüşən, "bitdi, alqışladılar"ı çıxarmaq. Sadə olaraq "Səni unuda bilmirəm, sevgin çıxmır ruhumdan" yerinə "sənsizlikdə sandım ki, dəri dəyişdirirəm" variantını təklif edir. Nəticədə köhnə ilə oynamaq. Bunu "Makedoniyalı İsgəndərin eynəkli fotosu" kimi örnəklərlə qarışdırmaq müqəddəs hafizəyə tərbiyəsizlikdir.

9

İnsan öz şüurunun məhsuludur. Yarıciddi, yarızarafat işlədilən "Özünü tanımaq” frazası fərd olaraq insanın öz şüurunun əlindən tutması yaxud şüurun insanın əlindən tutması, əksetməsi həmçinin fərdin ekstrimal vəziyyətdə ona olan cavabı kontekstində var-gəl edir. Şüurda maqnitizm gücü vardır, bəli. Yaddaşa çevrilən nəsnə bazası şüurun çəkmə gücünün məntiqi yekunudur. Ciddi ədəbiyyat oxumaq, ciddi filmlər izləmək, zövqlü musiqilər dinləmək şüuru müsbət yerlərdə gəzdirmək və şüurun canına möhtəşəmliyi hopdurmaqdır. Mütləq həqiqət mübahisələri bu məqam üçün deyil, çünki saqqız kimi çeynənsə də nəyin ciddi, nəyin bayağı olması problemi yer kürəsinin o yaxşı atlara minən adamlarınca sərhədləri təyin edilib, edilir. Sözüm o ki, şüurunuzu çirkli yerlərdə gəzdirməyin, özünüzü gözəlliklərlə tanıyın. Məlumat və istedad məhsulundan "dadmaq" xoşbəxtliyini yaşayın, yaşatdırın. Kitab niyə oxumalıyıq sualına birinci cavab mənə görə təxminən budur.

10

Müasir dünya ədəbiyyatı öz onurğa sütunu üçün sürgünlə əvəzlənərək əfv edilmişə borcludur, desəm. Ya edamla nəticələnsəydi?! "İdiot"casına öldürülərək siyasi düşüncələrinə görə "Cinayət və Cəza"sını müvafiq ödəyib "Şeytanlar"ı sevindirsəydi? Abid Zosima üfunət qoxusu içində çalxanmaqdaykən "Karamazov qardaşları" təzə-tər qalardımı? Əfv edən böyükdür! Ponti Pilat "Nə yazmışamsa, yazmışam artıq" deyibən bəşəriyyətə XAÇı bağışladı və beləliklə çarmıxı müqəddəsləşdirdi. Hökmü götürülən (əvəzlənən) və böyük Asif Atanın "Xəstə cəmiyyət haqqında hekayət" damğası ilə simvollaşdırdığı və bir zamanlar Peterburq səması altında əlicibində gəzinən O, hələ Alyoşa üçün yeni qəziyyələr düşünürdü, biz Alyoşayaqədərkilərlə kifayətlənirik hələ ki..


11

"Tutuna bilməyənlər” romanıyla türk ədəbiyyatında postmodernizmin qırmızı lentini kəsən Oğuz Atay romanda insanın cəmiyyətdən, əhatəsindən qopma səbəblərini özünün kəşf etdiyi ironik bir dillə oxucusuna göstərməyə çalışır. 

Qəhrəmanlar müxtəlif situasiyalarda ironiyanı bərabərində dartıb gətirirlər. Həyatdan qopduqları üçün Turqut Özbən, Səlim İşıq, Süleyman Qarğı əllərində bu fikri məşəl kimi tutublar: her şeylə ağrılı bir şəkildə lağ etmək olar sadəcə. Onlar problemlərdən, sıxıntılardan çox eynilikdən, bu eyniliyin bir parçası olmaq üçün belə əlləşib-vuruşduqları üçün bezib həyata tutuna bilmirlər. Əsərin qəhrəmanlarından biri olan Səlim İşığın qızların xoşuna gələn oğlanlar kimi davranmaq cəhdləri onu gülünc bir vəziyyətlərə salır, Səlimin məqsədi isə ətrafında baş verən hadisələrə baş vura bilmək çabaları, həyatın bir parçası olmaq arzusu, ehtirası və onun başqaları kimi ola bilməmə səbəbləridir. Hətta məsələ kitabların belə üstünə gəlir: insanın həyatdan qopma səbəblərinin təməl daşlarını kitablarmı qoyur? Atay özünün da yazdığı kimi əsərdə ideal insan axtarışında deyil. Əsərin mayasındakı ən böyük ironiya da budur: insanın cəmiyyətin bir fərdi olması yox ola bilməməsi problemi. Yazar isə hər fəsildə Səlimin içdünyasına enməklə onun daxili dünyasının zənginliyini, böyüklüyü göstərir və qəhrəmanını cəmiyyətə təslim etmir, onu intihara aparır. 

Modern dillə yazılan romanın bu məziyyətinə görə ciddi qəbul olunmayacağı düşüncəsi Atayı çox qorxudurdu, amma zamanla türk ədəbiyyatının ən çox müzakirə olunan romanlardan birincisinə çevrilən "Tutuna bilməyənlər” əsəri bir çox yazıçıların yetişməsində rol oynadı, çağdaş türk ədəbiyyatı üçün mayak oldu. 

Coysun "Uliss” əsərinin son fəslində nöqtəsiz, vergülsüz şüur axını metoduyla yazılmış hissəni bu əsərin 15-ci fəslində görürük, 77 səhifə nöqtə, vergül olmadan mətn davam edir. Roman janrının sərhədlərini aşan əsərdə söz oyunları, dil oyunları, intertekstuallıq, mətn içində mətn, şifahi xalq ədəbiyyatı nümunələrinə modernist şərhlər yazmaq  və s. çağdaş nəsr metodları romanı Orhan Pamukun təbirincə desək, əsəri əldən buraxılmayacaq etməsiylə bərabər tənzimat ədəbiyyatı örnəyi və ilk türk romanı sayılan Şəmsəddin Saminin 1873-də yazdığı "Taaşşuk-ı Talat ve Fitnat” ("Tələt bəy və Fitnat xanımın eşqi”) əsərindən etibarən başlanan türk romana laqeydlik məsələsinə ironik baxışını osmanlıca yazdığı mətnlərdən görürük. Bundan başqa türkcə və öztürkcə olaraq ayırmaqla roman iki türk dilində yazılıb. Əsərdə hamı və hər şey var.

12

Orxan Pamuk dördüncü romanı "Qara kitab”ın nəşrindən sonra "Cümhuriyyət” qəzetinə verdiyi müsahibədə "Bu əsəri yazanda yazıçılığın sözlərlə edilən bir rəssamlıq olduğu haqda tez-tez düşünürdüm” demişdi. Romanın 2000-ci ildə onilliyi, 2015-ci ildə isə iyirmi beş illiyi münasibətiylə çap olunmuş xüsusi nəşrlərində yazıçı romanla yanaşı əsərin əlyazmalarından, ilkin variantlarından, yazı müddətində etdiyi qeydlərdən seçilmiş hissələrin fotolarını da verib və müsahibədə dediyi ifadənin doğruluğuna sübut gətirib. 

"Türkiyənin şanslı çoçuğu" Orxan Pamuk 1985-1990 aralığında heç Yer kürəsində olmayıb. 

Həmin fotolarda əsərin yazıldığı müddətdə bu şüarın yazıçını qarabaqara izlədiyini, içinə gömüldüyü və beş il ordan çıxmadığı və özünə belə sirli qalan dünyasını, açıldıqca sona çatmaq əvəzinə özüylə bərabər başqa sirlərə yol açan nəhəng əsrarları, hansı ki rusların məşhur matruşka gəlinciyi kimi: bir-birinin içinə keçirilmiş böyükdən-kiçiyə yaylıqlı qadın üzləri kimi və təsəvvüf yolçularısayaq uzandıqca uzanan səyahətin konkret cizgilərini, yazarın bu gün də az qala hər müsahibədə ondan sual edildiyi halda izahını verə bilmədiyi və izah verməyə çalışsam, özüm də çaş-baş qalacağım dediyi məsələləri bir oxucu olaraq qavramağa çalışsaq da əslində düşüncələrimizin səthi və "qansız” tərəflərini və yazıçının özüylə bərabər bizə də verdiyi mesajına - "Onsuz da oxumaq yazıçının hərflərlə nəql etdiyi şeyləri ağlımızın kinoteatırında bircə-bircə şəkillərə çevirməkdən başqa nədir ki?” qənaətinə inandığını və bunu ilahiləşdirdiyini, görürük.

13

Dəyişilmənin ilk postulatı bu olmalıdır: "Coğrafiyanız qədər-qismətinizdir" əsrlərarası qənaətin inkarı.

14

Hər dəqiqə şəkil çəkdirmək ehtiyacımızı eninə-boyuna ödəyən ağıllı-kamallı telefonların olmadığı dönəmlərdə çəkilən fotolar daha gözəl, daha şəkildir. Ümumiyyətlə, üz cizgilərimizi idarə etməyə yeltənərək emosionallığın cilovunu əlimizə almağa bizi sövq edən telefonların ekranında anlıq çəkiliş təki anlıq təəssürat qalır, ekran qapanan kimi duyğular da sönür, sanki. Bir mahnıda da deyildiyi kimi. Çenin ömür yollarını fotolarla sıralanmış şəkildə göstərən bir  videosuna baxıb düşünürük: fotoaparatların təkəmseyrək olduğu çağlarda gəncliyinin dadlı illərini bir dönəm dövlətdən gizlənərək meşələrdə yaşayan partisan, inqilabçıya məxsus fotolar hara, çəkilən kimi "whatsapp"da paylaşılanlar hara?

15

Bütün qadınlar o dünyada (varsa əgər) kişinin yeganə alibisi olacaq. Qorxmayın, əziz bəylər.

16

Yaşı bilinməyən "Səni sevirəm" kəliməsinin bir şair tapıntısı olmadığına məni necə inandıra bilərsən?

17

Paskal XVII əsrdə yazırdı ki, insanlığın cəmi problemi fərdin yanını yerə qoyub lal-dinməz otağında oturmamağından qaynaqlanır. Ana danlağı kimi görünə bilər bu düşüncə. Tarkovski isə təkliyi fərd özü üçün əyləncəli hala gətirməlidir deyir. Maraqlısı odur ki, inzivaya çəkilən, otağında başqatmalar edən fərd bayıra çıxanda Hitler, Mussolini, Stalin olacaq ya Prust?

18

İməkləyə-iməkləyə o yerə vardıqdan sonra ya dərk etmək ya da inkar etmək haqqında bir para danışmaq istəyirəm. İstedadın şəfəqi budur. Poetik desək, o şişuclu dağın kəlləsinə barmaq vurmaq. Sözgəlişi, ünlü yapon məsəlində olduğu təkin Fujitsu dağına dırmanmağa yeltənmək aqibəti. 

Sovet dövrü ədəbi tənqiddə belə bir məhşur bir deyim varmış: "Yaxşı yazana kimi yaz, ondan sonra nə yazsan, qəbul edəcəklər". Bu elə həmin o iməkləmə prosesinin ilkin başlanğıcıdır. Qəbul edilmək. Füzuli dərd əlindən Fujitsu dağına çıxdı, dedilər, bəxtəvərdir.... 

Şairim Nerudadan, Lorkadan, Verlendən misraları nişan verir və əlavə edir: "bunu mən yazsaydım, bəyənməzdilər". Haqlısan ya haqsızsan fikrini birnəfəsə demək də milli məsələdir. Ay canım-gözüm, sənin fikrinə "hə" desələr də "yox" desələr də öz içindəki oxucu sənin hə-yoxunu deməlidir, o ki qaldı ətrafın reaksiyası, məcburən və məcburən zaman keçməlidir. 
Gilyom Apolliner Düma yaradıcılığına qiymət üçün deyib: "Çox gözəl Düma..". Elə bu e. Vəssalam. Amma o Apollinerdir axı. Yaxud Lamartin "Üç muşketyor"u bitirdikdən sonra "Bu bir Enseladdır, Prometeydir, Titandır" deyə üyüdüb-töküb, bu cümlə bizim tez-tez işlətdiyimiz "Əjdaha əsərdir"in qardaşıdır da. Amma Lamartin deyib axı. 

O dağa dırmanandan sonra, cızdağı çıxandan sonra deyib, daha yaradıcılığının birinci yarısının ilk on illiyində yox ki. Hə, məsələ, qəbul edilmək. Amma istedaddan arınmadan, püxtələşərək qalxmaq o xarabaya qalmış Fujitsu dağına. Lap elə Bazardüzü dağına. 

Başqa bir misal: amerikalı ədəbi tənqidçi Lesli Fidler "Ədəbiyyat nə idi?" ifadəsini yazır. Sözə bax e: Ədəbiyyat nə idi. Çoxmu sadədir? Məncə, yox. Gör o tənqidçi necə bir həqiqətə varıb ki bu cümlə çıxıb içindən. Bu "Ədəbiyyat nəyə lazımdır?" yaxud "Ədəbiyyat, dəhşət bir şeydir" pafosu deyil. Müzil romanı "Özəlliksiz adam”ın Coysun "Uliss"i ilə müqayisə edildiyini eşidəndə od götürürmüş onu. Səni Coysla müqayisə edələr, sən də söyüş kimi qəbul edəsən. Çünki Fujitsuya Müzil özü dırmanmışdı axı. 

İməkləyə-iməkləyə o yerə vardıqdan sonra ya dərk etmək ya da inkar etmək. İstedadın şəfəqi budur. Poetikcə: o şişuclu dağın kəlləsinə barmaq vurmaq. Belə.

19

Açıq kosmosda Salam əminin şeirlərini oxumaq necə hiss, əcəba?! Təsəvvür edin, altında qalan Yer kürəsinə boylanırsan və deyirsən: 

Səni axtarmağa gedirəm daha, 
Ta mən də bu gündən yoxa çıxıram. 

Ədəbiyyat, yer kürəsi camaatı və onların hissləri haqqında arxiv materiallarıdır. Qısası, yalnızca bu yumruluq, dairəlik arealında "kafasına göre at koşturuyor" ədəbiyyat.

20

Bir filosofun gülümsəyən fotosunu görmək bədbinliklə ardıcıl savaşda olan içimizdəki vəhşinin tabını çoxaldır, ümidini artırır və yaşama istəyini tətikləyir. Çünki bir filosofun dişağartması, bir başsındıranın sevinci bir idarə rəhbərinin gülüşü deyil, təxminən Allahın gülməsi kimi bir şeydir; o zaman mütiliklə gülümsəmir Nitsşenin dediyi kölə irqi..

21

Zamanın elastikliyi və "ikiüzlülüyü"nü səthə vuran, zaman-xatirə, zaman-həyat qruplaşmalarını ayırd etməyi hədəfləyən Prustun fələsəfci variantıdır Berqson, daha qansız, eyni zamanda qəddar surəti. Ümumiyyətlə, necə qərar verilir ki, hansı zaman/xatirə yazılsın və ədəbiyyatlaşsın? Bir il əvvəl də xatirədir, bir günə əvvəl də. Yaşayıb yazmaq yoxsa keçən zamanı köçürmək? Bunu düşünəcəm uzun müddət, tapsam, "Bam-bam" təpə başında üç tonqal qalayacam. İnsani olmayan saatlarla doldurulmuş günü dramatikləşdirib xatirə kimi yazmaq necə? Ümumiyyətlə, hekayələşmək ehtirası sonunuza çıxacaq. Dikbaşlıq ediriksə, gərək əvvəlcə təhkiyəçinin varlığından şübhə etməyək, peşmanlıq dozasının az olması üçün.

22

Vaxtaşırı "Qara kitab"ı vərəqləyirəm. İki dəfə orijinaldan oxumuşam, bir dəfəysə, öz dilimizdə (bunu saymıram, təbii) və az qala hər gün hər hansısa bir fəslini oxuyuram. Romanın yazılma tarixçəsini dəfələrlə oxumuşam və tarixçənin əsərlə mistik bağlılığı olduğuna inanıram. Səhərəcən pəncərəsindən Bosfor boğazını izləyərək siqaret tüstüsünü içinə çəkib hekayətlər, köşələr düşünən adamı, adamsız küçələrə boylanıb "Geceler sokaklar köpeklere kalırdı” qənaətini roman qeydi kimi dəftərinə yazdığını görməsəm də hiss edirəm. Belə bir əsər yazmaq dünya ədəbiyyatına xor baxmaqdır, yekəxanalıq ehtirasıdır. Dostlarımdan biri "bu əsər sənin cəhənnəmindir” demişdi, uzun günlərdir həmin cəhənnəmdən uzaqlaşmışam. Hansı ki qara kitab adının İstanbula ekvivalent olduğunu qət etməyimə az qalmışdı. I Pyotrun son nəfəsinədək almaq istədiyi şəhəri atasının sevimlisi olmağa çalışan eynəkli bir yazıçı bir köşə yazarı, bir vəkil və onun detektiv oxumağı sevən bir arvadının köməyilə aldı. 

Dostlarımızdan biri arvadının hesabına əsəri yazıb deməklə yarızarafat, yarıciddi haqlı olduğuna əmindi. O hesab nə deməkdir onu vikipediyadan da oxuya bilərsiz. Əsəri ithaf etdiyi ilk həyat yoldaşı, sanki, uydurma adam kimi Pamukun həyatından gəlib-keçdi. Bahti, Adli kimi, yaxud "Orhan” adının psevdo variantı kimi Zerhani adı da (hansı ki əsərdə altında bu ad olan məşhur ifadəni əsərin ekvator xəttinə çevirə bildi) uydurma kimi qaldı kitabın səhifələrində, yeganə Aylını çıxmaqla, o da ən birinci səhifədədir. Uydurma Röya ilə həqiqi Aylın oxşarlığını Pamukdan soruşmağa cəsarəti yetərli olan jurnalistlər olsaydı, Pamuk, bəlkə də, bu səfər "oyun” oynamadan Yaşar Kamal üslubunda cavablar verərdi, yaxud çaş qalardı, tutulardı, çünki romandakı ən həqiqi ad elə Aylın adıdır...oyunsuz, həqiqi. Bu adamı ədəbi tənhalığı və eynəyi arxasında gizlənməyi "ədəbi oyunlara", "uydurmalara" dartıb apardı, məncə. Elə bu nüans ən möhtəşəm modernsonrası situasiyadır. 

Orxan Pamukun "Karamazov qardaşları” onun "Qara kitab”ıdır, bu minvalla davam etsək, Dostoyevskinin "Qara kitab”ı isə onun "Karamazov qardaşları” romanıdır, yəni şah əsəri: masterpiece.

23

İngilis şair Bleyk deyir həddən ziyadəlik, aşırılıq yolu insanı müdriklik sarayına aparır, nəinki bir şeyin qədərində olması üçün az qala dəridən, qabıqdan çıxmaq. Balzak deyir, oxumağı tərk edən düşünməyi də tərk edər. Başsındıranlar hikkə yeritməklə məşğuldur. 

"Tövrat" da yazılır ki, Adəm yatanda qabırğasını çıxarıb Həvvanı yaratdı Tanrı. Gözlərini ovuşdura-ovuşdura yerindən dikəlib Həvvanı gördü, vuruldu ona. Adəm Tanrını daha əvvəl tanıyırdı, dostluqları vardı, bəlkə, sirləri də, Həvvadan çox-çox əvvəl. Qadağan ağac haqda Adəm onsuz da əvvəldən bilirdi, amma çox sevirdi də Həvvanı, çox sevirdi..
        
24

Kəsik-kəsik geriyə dönmələr. "İndiki" zaman anlayışı budur, bəlkə?!

25

"Kral Edip" tragediyası psixologiyada yeni bir cığır açıb. Hadisələrin axını məlumdur. 

Sofokl sələfi Esxildən fərqli olaraq taleyin, qəzavü-qədərin hökmünün insanın iradəsindən asılı olmadığını vurğulayırdı. Hadisələrin son pərdəsində Edip tam həqiqətə saniyələr qala onu öldürmək tapşırığının ziddinə gedən və qəzavü-qədərin hökmünü çox-çox əvvəldən bəyan edən kahinin kəhanətlərini ( kəhanət qısaca belə idi: atanı öldürəcək, ananla murdar münasibətdə olacaqsan) təsdiqləyən çobandan soruşur ki, axı niyə belə etdin. Bura qədər Edip artıq hər şeyi beynində analiz edip kəhanətlərin doğru olduğunu dərk edir və niyə onu öldürməyərək azad həyata tərk etdiyini soruşur, çoban isə cavabında deyir: Mərhəmətdən!..

26

Pamukun "Qırmızı saçlı qadın" romanının böyük bir qismi "Edip kompleksi" üzərindən hərəkət edir, qədim yunan yazarı Sofoklun qəhrəmanı Edipin həyatının bəlli qismi ilə intertekstual paralelləşdirmələr aparır. Bunlar öz yerində. 

Edip də arzuolunmaz uşaq olub, yəni atasına övladsız vaxtlarında kahin bildirib ki, uşaq olarsa, bəla gələcək. Çoban Edipi bələkdə ikən himayəsində saxlayıb, atası isə ölüm fərmanını çoxdan verib. Tarixdə bu kimi hadisələri qucaq-qucaq tapmaq olar. Nəticə olaraq, ata oğul həsrətində olur, uşaq doğulur və fərsiz olur, hakimiyyətə yararsız olur, məsələn Ziyad xanın oğlu Mahmud kimi yolu, hakimiyyət yox, eşq olur. İkinci tip isə atası hakimiyyətini itirmək qorxusu ucbatından oğluna qıymaq istəyir, varis istəmir və uğursuzluğa yuvarlanır, çünki övladı atasını öldürür və iş fiaskoyla nəticələnir. Belə-belə işlər... 

Freyd yazır ki, bəşəriyyətin ən mükəmməl əsərləri "Edip kompleksi"nə söykənir, yəni atasını qısqanclıq zəminində qətlə yetirmək və anasına qarşı bəzi hisslər bəsləmək.

27 

Çoys(vari), Prust(ian), Kafka(esk); modernizmin üç muşketyorları. Prustun "İtirilmiş zamanın sorağında”sı modernizmin "neolit inqilabı”dır.