Mənim adım Nərmindi...

Mənim adım Nərmindi...

Salam, mənim adım Nərmindi...

...mən hələ həyatın haqq və nahaq tərəflərini ayırd edəcək, aclıqla toxluğun, sevgiylə nifrətin, şəhvətlə istəyin arasındakı o incə çizgini ayıracaq qədər böyüməmişəm...

Amma məni böyütdülər. Bircə günün içində o qədər böyüdüm ki, insanlıq məni bir kötük parçası kimi yandıracaq qədər qəddarlaşdı. Bircə günün içində o qədər böyüdüm ki, 10 yaşlı bir qızcığaz kimdəsə şəhvət hissi yaratdı. Və bircə günün içində o qədər böyüdüm ki, hər gün döyülən, söyülən, əzilən onlarca qadın kimi Tanrının ədaləti də uzaq düşdü, yad düşdü məndən. 

O belə səsimə səs vermədi. Susdu.

 Və boğuldum. 

İnsanlıq adının üzərinə götürmək istəmədiyi o iyrənc xislətinin nəfsində boğuldum, o iyrənc xislətinin ağuşunda boğuldum.

Təsəllim: mən bu çirkabın içində boğulan nə birinci nə də sonuncu qadınam. 

Mənim adım həm də Leyladı. 20 bıçaq zərbəsi ilə qadın olmağın ən ağrılı bədəlini ödəyən Leyla. Hər zərbədən sonra dünyadakı bütün qadınların yerinə ölən Leyla.

Mənim adım Fəridədi. İki körpə balası qarşısında başı kəsilən Fəridə. Kişi olmadığı, kişi doğulmadığı üçün ölən, öldürülən Fəridə.

Mənim adım Elinadır. İnsanların dışladığı, faciəsinə göz yumduğu Elina. Ölümünə səbəb olanların heç nə olmamış kimi hələ də ortalıqda gəzdiyi Elina. 

Və bizim adımız qadındır. Artıq adı çəkiləndə bəşəriyyətin utanmalı olduğu bir ad. Artıq adı çəkiləndə faciə, dəhşət, kədər sezdirən, bəla sezdirən bir ad.

- Qadın. 

Amma mən heç qadın da deyildim. Mən hələ bədənimdə hiss etdiyim bütün toxunuşları ata nəvazişi ilə qarışdıracaq yaşda idim. Mənə toxunan əllərin, mənə dikilən gözlərin, mənə deyilən sözlərin çirkin niyyətini hiss etməyəcək yaşda. Cəmi 10 yaşda...

 Arzuların, xəyalların, həyatı sevmənin ən gözəl yaşında. 

Amma olmadı. 

Mənliyimə, qadın adıma toxundu bu çirkinlik. Doymadı. 

Öldürdü məni bu çirkinlik. Doymadı.

Yandırdı... yandırdı məni bu çirkinlik...

Və öldüm. Bütün ahların adına öldüm. Bütün haqsızlıqların adına öldüm. Bütün körpə qətllərinin, qadın qətllərinin, bütün zorakılıqların adına öldüm.

Qovuşmaq istədiyim ədalət üçün öldüm.

İndi ordayam. Ədalətin olduğu yerdə...

Nihat Piriyev