Müəllifin - “Mediativ Məsih”in qayıdışı
Köşə, Esse
- 06.09.2023
- 0 Şərh
- 7949 Baxış
Aqşin Yenisey
XX əsrdə Azərbaycan ədəbiyyatına verilən imtiyazlar və tələb olunan öhdəliklər, XXI əsrdə Azərbaycan mətbuatına ürcah oldu.
XX əsrdə fəlsəfədə belə bir problem müzakirə olunurdu; Heçkimləşdirmə. Bu, ictimai-tarixi, mənəvi-əxlaqi məsuliyyətdən azad edən bir sosializm forması idi. Ucaldılmış proletarizm idi, bolşevizm xoru idi bu simasızlıq. Kapitalist ölkələr bu işi xüsusi kütlələr üzərində reallaşdırırdı, kommunist ölkələr bütöv xalqlar üzərində. Biz də kommunizmin heçkimləşdirdiyi, milli simasından məhrum etdiyi xalqlardan biriydik. Bir xalq olaraq qlobal bir eksperimetin əyani vəsaiti idik.
Keçmiş SSRİ qurulana qədər dövləti aristokratlar, filosoflar, oliqarxlar, teokratlar, hətta timokratlar (şöhrət düşkünləri) və s. idarə etmişdi. Ancaq qara camaat (oxlokratiya) heç vaxt idarə etməmişdi.
Keçmiş SSRİ oxlokratik və qlobal bir eksperiment idi.
Dünya keçmiş Rusiya imperiyası ərazisində qara camaatın ölkəni necə idarə edəcəyini təcrübədən keçirirdi. Hətta ən qatı kapitalist ölkə ABŞ belə bu təcrübənin nəticəsini bilmək üçün yarandığı illərdə SSRİ-yə gəmi-gəmi yardımlar göndərirdi. Məsələn, Məhəmməd Əmin Rəsulzadənin Moskvada "ev dustağı" olduğu vaxtlarda özünə aldığı ilk ayaqqabı ABŞ fəhləsinin sovet fəhləsinə "göndərdiyi" ikinci əl ayaqqabısı idi.
Bu qlobal siyasi eksperimet soyuqqanlı bir şəkildə adına "sovet vətəndaşı" deyilən bir insan növü yetişdirirdi. Sovet insanı, sovetantrop eksperimental insan idi. Bəşəri dəyərlər onda deformasiyaya uğradılmışdı. O, bəşərdən təcrid edildiyi üçün bəşərə qarşı idi. Bəşəri özünün düşməni kimi görürdü.
Adi sərhəd yoxlanış məntəqəsində səsini başına atıb "mən sovet vətəndaşıyam" deyə bağıran Mayakovski bəşəri şairi deyil, təlim görmüş sovet vəhşisini təmsil edirdi.
Təsəvvür edin, İtaliyaya qədim Romanın izlərini seyr etməyə deyil, həmişə olduğu kimi pal-paltar almağa getmisiniz, italiyan sərhədçi ölkəyə girişdə pasportunuzu istəyir, siz isə bu an pasportunuzu havaya qaldırıb uca səslə "Mən Azərbaycan vətəndaşıyam" deyə bütün dünyaya nifrət yağdıran poemanızı oxuyursunuz.
Sovet insanı belə bir qlobal dənşalaq idi. Ona bəşərlə münasibətdə sağ qalmağın bu cür qeyri-etik, qeyri-qanuni yolları öyrədilirdi. O, bəşərə yenilməmək üçün ilk növbədə bəşəri olanı çeynəməliyidi ki, öz mühitini yarada bilsin. Sovet insanı bəşəri olanı çeynəyib öz mühitini yaratmanın, özünü özünə fəda etmənin xüsusi təyinatlısı idi.
Bu insani eksperiment sovet insanının şüurunda çox şeyi dəyişdi, ancaq şüuraltısına təsir edə, onun "qara camaat" şifrəsini sındıra bilmədi.
Və SSRİ böyük ordulara, böyük aclıqlara, böhranlara deyil, Qərbin populyar kültürünün cins şalvarlarına, qara eynəklərinə, "Marlboro" siqaretlərinə, "цветомузыка" maqnitafonlarına, "цветной" televizorlarına yenildi.
Çünki o "qara camaat"dan Qərbdə də var idi və onlar qara camaatın öz dövlətini nələrə qurban verəcəyini çox yaxşı bilirdilər.
Bu eksperimental dövlət irsi "pal-paltar görməmişliyinə" məğlub olub dağıldı, onun eksperimental nəsilləri isə sağ qaldı və bu gün tarixdə ilk dəfə hakimiyyət əldə etmiş "qara camaatın" titullu təmsilçiləri kimi post-sovet ölkələrində yuxarı başda əyləşirlər. Bu gün bu ölkələr özlərinin "Qırx illik səhra gəzintisi" dönəmini yaşayırlar. Bu qırx ilin otuz ili keçib, on ili qalıb.
Biz bu gün o bəşərə, bəşəri dəyərlərə düşmən gözüylə baxan cəmiyyətin mirasıyıq və yaxşılarımızla, pislərimizlə birlikdə mütəşəkkil bir demoqrafik şəbəkəni təşkil edirik. Hamının günahkar olduğu, amma heç kimin günahının olmadığı apokaliptik bir izdihamı.
Ona görə də bu gün məmuru xalqdan, məktəbi ailədən, mətbuatı kütlədən, nə bilim, həkimi xəstədən bəşəri dəyərlərin daşıyıcısı olub-olmadığına görə ayırıb tənqid etmək doğru deyil. Hamımız eyni bezin qırağı, eyni neftin çırağıyıq.
Zərdabinin dövründə mətbuat, sözün hərfi mənasında, cəmiyyətin güzgüsü idi, çünki cəmiyyəti özünə göstərən ədəbiyyatdan başqa bir güzgü yox idi. Güzgü qıtlığıydı dünyada. Bu gün hər kəsin şəxsi mətbu orqanı olduğu və ənənəvi mətbuatın belə xəbər qaynağı kimi yararlandığı sosial şəbəkələr dövründə, tam əksinə, cəmiyyət mətbuatın güzgüsüdür! Ona görə "günah keçisi” axtarıb bir-birimizin xətrinə dəyməyə ehtiyac yoxdur.
Zərdabi istinası bizim toplum üçün meyar ola bilməz. Nöşün ki, onun bir təbiətşünas alim olaraq 1869-cu ildə Bakı gimnaziyasına "Təbiət tarixi" fənni üzrə müəllim təyin olunandan sonra Rusiya orta məktəb tarixində ilk dəfə Bakıda Darvinizmi tədris proqramına daxil etməsi heç bu gün də bizim cəmiyyətə xas olan bir davranış deyil. 1869-cu il bilirsinizmi hansı dönəm idi! Cadugər Rasputinin doğulduğu və bütün çar Rusiyasını öz kəhanətinin qaranlığına qərq edəcəyi elit bir cəhalət dönəminin başladığı il.
Təsəvvür edin, 1869-cu ildə azərbaycanlı bir uşaq evdə atasına danışır ki, müəllim bizə insanın meymundan əmələ gəldiyini öyrədir. Və səhəri gün Zərdabinin aqibətini düşünün. Yəqin ki, "Əkinçi"yə ömrü yetməyəcəkdi, Ya vurub, ya çərlədib öldürəcəkdik.
Çünki bu dövrdən otuz il sonranı təsvir edən Manaf Süleymanov "Eşitdiklərim, gördüklərim, oxuduqlarım" kitabında yazırdı ki, qızlarını məktəbə qoyan ataları Bakıda öz evində namaz qıldığı yerdə arxadan bıçaqlayıb öldürürdülər.
Problemlərə gəlincə, adının qabağında "milli” damğası olan bütün sahələrdə olduğu kimi, milli mətbuatın da xeyli problemləri var. Məsələn, bu gün ciddi dünya mediası öz oxucu auditoriyasını həm də müəllif fikirlərinin, müəllif peşəkarlığının ətrafında formalaşdırır. Bu ənənə beş-altı il əvvəl bizdə də vardı və medianı da daha oxunaqlı etmişdi.
Amma baş redaktorlar holdinq partonlarına çevirlib "imknalı şəxslər” kateqoriyasına daxil olduqca mətbuata müəllif imzasının, müəllif peşəkarlığının ayağı kəsildi. Və bu gün mediamızı düşdüyü bu mənəvi girdabdan yenə də yalnız müəllif yazılarına qayıdış xilas edə bilər. Çünki ədəbiyyatdan fərqli olaraq mediada "müəllifin ölümü" əks effekt verir, onu simasızlaşdırır.
Yalnız müəllif – o "Mediativ Məsih”in qayıdışı milli qələmgəzdirənlik mühitində səliqə-səhman yaradacaq...