MÜSABİQƏ: Aysel Əliyeva. Şeirlər

MÜSABİQƏ: Aysel Əliyeva. Şeirlər

IV “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin “20-liy”i

***

Elə indicə,
Bir mədə qanadı
Bir gülən uşağın içində
Və itdi
Qabırğaları sananan bir zənci
Bir qara ölkənin rəngində...


FOTO



Bir qovaq ağacının altından
baxırlar
Bir qadın,
Bir qız,
Bir qız daha.
Qadın -
qumral, gözəl.
Qadın -
qadın.
Gözünü qıyan günəş qədər
iti, qaynar, aydın.
Üzünü qapayan saçı qədər
siyah, qəmgin, qırğın.
Arxasına dənizi almış qadın.
Qadın -
ana.

Soltərəfdə qız,
əlindən yapışmış qadının.
Ürkək, qorxaq, zəif.
Qəmzəsi yanağında,
Bir də əyrisi ayağında
arıqlığından amma.
Saqqızı rəngində
çəhrayı ayaqqabısı
və ümid qırmızısı donu əynində
gülümsəyir.
Qarşıdakı dondurmaçıya bəlkədə.

Sağ tərəfdə qız,
əlindən yapışmış
sol tərəfindəki qızın əlindən yapışan
qadının.
Qız -
toplu saçları böyürdən,
rəngi tünd, gözləri tum,
qız -
bir az qəribə.
Büzmüş dodaqlarını
gülməmək üçün...

Dəniz itmiş arxasında
bir qadının
bir qızın
bir qızın daha.
Bir az da utanmış sanki,
göstərə bilmədiyi üçün
duruluğunu bəlkə də...

***

Bir gündəliyə
ya da arxada buraxdığın sevgiliyə
tökmək kimi içini
bir məktubda,
Ya da üzünü on altı ildir görmədiyin atanla
dərdləşmək
ucuz bir çayxana masasında
və sonrasında bir alımlıq nəfəsə qovuşmaq
bəlkədə bir nəbzə daha yox olmaq
kimi istəklərim oldu zaman-zaman...
Ara-sıra da altını təmizlədiyim
vərəmli itimin yol kənarındakı
itmiş məzarına gedib,
eşələmək torpağını
və yarı çürük sümüklərindən muncuq düzəltmək
Daşımaqçün boynumda
məndən daha təmiz,
daha sadiq,
daha bəyaz olan
qara itlərin ağırlığını...
Amma gəl gör ki,
nə sevgili var
gerilərdə bir yerdə məktubunu gözləyən,
nə ata
çayxana köşəsində səni dinləyən,
nə də sümüklərini
muncuq olmaq üçün çürüməkdən qoruyan it.
Hamısı torpaq olublar çoxdan
Mənim kimi.