Böyükağa Mikayıllı. Nənəmin mirası

Böyükağa Mikayıllı. Nənəmin mirası



Nənəmin ölüm yatağına düşdüyünü eşidən yaxın-uzaq qohumlar bizə yığışmışdı. İllərlə üzünü görmədiyimiz, qohum-tanışı ancaq işi düşəndə yadına salan Çolaq Salman da yüzlərlə kilometr yolu qət edə-edə özünü bizə çatdırmışdı. Çolaq Salman ümumiyyətlə, hüzür yerlərinə çox az hallarda gedərdi. İndi onu bura gətirən səbəb başqa idi. Nənəmin son vəsiyyətini eşitmək istəyi Çolaq Salmanı əməllicə hərəkətə gətirmişdi. Vəsiyyəti dinləməyə gələnlərin arasında onun kimilər az deyildi. El dili ilə desək, nənəm “Nuh əyyamı”ndan qalma - “köhnə arvadlar”dan idi. Bu da çoxlarının gözünü qamaşdırırdı. O, Böyük Vətən Müharibəsi illərində övladlarını təkbaşına saxlayıb böyütmüş, onları aclığın cəngindən qorumuş, hələ üstəlik kimsəsizə, ərsizə, yetimə əl də tutmuşdu. Qulaqlarımla eşitmişdim qonşu arvadların qeybətlərini… Deyirdilər ki, Qönçə arvadın uşaqları müharibə illərində bəy balası kimi yaşayıblar. Əgər belədirsə, onda Qöncə arvad imperialdan, məcdiədən kalan olar deyə düşünənlər gözlərini vəsiyyətini deməyə hazırlaşan nənəmin ağzından bir an belə kənara çəkmir, nə deyəcəyini səbirsizliklə gözləyirdilər.

Mən bilirdim ki, nənəm övladlarını bəy balası kimi saxlamaq üçün hansı məşəqqətlərə dözməli olub. O, bunların hamısını vaxtilə bizə danışmışdı. Soyuq qış axşamlarında bizi babamdan qalma köhnə evin küncündəki buxarının başına yığar, hərdənbir ocağa odun ata-ata müharibənin vahiməsindən, keçirdiyi çətin günlərdən söz salardı. Nənəm bu evi ərinin yadigarıdır - deyə çox sevirdi. Deyirdi ki, bu evdə babanızın nəfəsini, onun hərarətini hiss edir. Kişi müharibəyə gedəndə balaca oğlunu, yəni mənim atamı bu evin kandarında sonuncu dəfə bağrına basıb. Nənəm onu baxışları ilə bu evin qapısından yola salıb. Nənəm danışırdı ki, həmin an gözlərindən altı gilə yaş axıb. Babam bir anlıq o göz yaşlarının hər bir giləsində həyat yoldaşının ümidinə qoyub getdiyi, arxasınca boylanan  övladlarının gələcək qayğılı günlərinin acısını duyub. Sonuncu dəfə geri dönüb baxarkən sanki ümidlərini baxışları ilə nənəmə bağışlayıb gedib. Göz yaşlarında donub qalan həmin baxışlar ömrünün sonuna qədər nənəmlə birlikdə olub. Ona elə gəlib ki, soyuq qış günlərində evini babamın nəfəsi isidib. Nənəm danışırdı ki, ərini müharibəyə yola saldıqdan sonra şirin yuxunun nə olduğunu bilməyib. Bir tikə çörək dalınca pay-piyada kilometrlərlə yol gedib, uşaqlarını acından ölməyə qoymayıb. Qışın sazağında, soyuğunda Kürdən balıq tutub, arpa, buğda, çəltik, düyü əkib becərib.

Nənəmin müharibə illərindən söylədikləri bizə nağıl kimi gəlirdi. O nağıllarda yaxşı adamlar da var idi, pis adamlar da - qorxunc, bədheybət simalar da, aclıq da, səfalət də, bizim içində yaşadığımız işıqlı günlər də…

Nənəm onları bizə özünəməxsus tərzdə tanıdırdı. Bunları həm də ona görə danışırdı ki, yaxşını-pisi seçək, kimin-kim olduğunu bilək. Amma nə qədər qorxunc olsalar da,  nənəm onlardan yox, onlar nənəmdən qorxarlarmış. Babamın itkin xəbərini alandan sonra Nənəm gecə silahla yatarmış. Silah təklik qorxusunu unutdururmuş nənəmə. Deyirdi ki, bir gün yuxudan səsə ayılıb. Silahı götürüb həyətə düşüb. Görüb ki, qonşu İmran nənəmin yenicə əkdiyi buğda sahəsini tapdalayıb, haram eləyir. Nənəm silahı ona tuşlasa da içindəki kişi qeyrəti vurmağa qoymur. Düşünür ki, yazıqdır, vuraram övladları yetim qalar, bir çətən külfəti var. Deyir ki, ay İmran, niyə dul arvadı, yetimləri çörəksiz qoyursan? İmran nənəmin səsini eşidər-eşidməz hasardan hoppanıb qaçır. Nənəm havaya bir güllə atır. Bu xəbər kəndə yayılır. Sonralar hamı İmranı “qazanca qalmısan” - deyə məzəmmət edirmiş. Nənəmə isə deyirmişlər ki, gərək o namərdi öldürəydin. Nənəm isə əlini vaxtından tez ağarmış saçlarına çəkə-çəkə deyib: “Namərdə güllə atmaq mərd kişinin qızına yaraşmaz”.
Nənəm həqiqətən də mərd kişinin qızı olduğunu sonrakı əməlləri ilə də sübüt edib. Əri müharibədə itkin düşsə də təzədən ailə qurmayıb, gözünün ucuyla da naməhrəmə baxmayıb. Ancaq qonşuda elələri olub ki, bir neçə dəfə ərə gediblər. Nənəm isə ömrünün sonuna qədər ərinin yolunu gözlədi. Hərdən bir məzəmmət də elədi ki, filinkəs qədər də olmadın. Qayıdıb gəlib övladlarına bir gün ağladı. Sənin heç ölüm xəbərin də bir düz-əməlli gəlmədi. Nənəm danışırdı ki, müharibənin sonlarına yaxın guya kimsə onu sağ-salamat görüb. Ona görə də nənəm babamın ölümünə ömrünün sonuna qədər inanmadı. Biçarə arvad öz-özünü inandırmışdı ki, o, sağdır. Sadəcə gəlmək imkanı yoxdur. İmkanı olan kimi gələcək. Babam isə gəlmədi. Hər halda, nənəm demişkən, “imkanı olsaydı” gələrdi. Axı, onun altı uşağının gözləri yolda qalmışdı. Hətta bibilərimdən birinin rəhmətə getməsi ona ayan olmuş və yazdıqları məktublarda nənəmdən evdə bir hadisənin baş verib-vermədiyini, ondan nəyinsə gizlədilib-gizlədilmədiyini dönə-dönə soruşmuşdu. Nənəm isə baş verən hadisəni ondan gizlətmişdi.

Hadisə isə belə olub: günlərin bir günü bibilərimdən biri Kürə atdığı qırmaqları yoxlayıb evə qayıdarkən qonşu oğlanın suya atmaq üçün fırlatdığı qırmağın ucundakı qurğuşun onun gicgahına dəyir. Yazıq bibim canını oradaca tapşırır. Babam məktublarında yazırmış ki, yaman qarışıq yuxular görür. Görür ki, qonşu Əliəhmədlə savaşır. Bibim Əliəhmədin səhvi ucbatından rəhmətə getmişdi.

Nənəm danışırdı ki, həmin il bizim üçün ağır başladı. Əvvəl qızım rəhmətə getdi, sonra da evimiz yandı. Qışa topladığımız azuqəmiz tələf oldu. Sonra isə ərimdən bəd xəbər aldım.

Nənəmin xatirələri çox idi. Xüsusilə aclıqda insanların çəkdiyi məşəqqətlər yaşadığımız əmin-amanlıq dövründə bizə yuxu kimi gəlirdi. Nənəmin acılı-şirinli  xatirələrini kitab kimi vərəqlədikcə, onu sanki yenidən kəşf edirdim. Üzündəki qırışlar, əlindəki qabar əzablı günlərindən bir nişanə idi. Amma indi can verərkən nənəmin yanındakıların əksəriyyəti onun keçirdiyi əzablı günləri deyil, ağzından çıxaracağı sözlər barədə düşünürdülər. Bu sözlərin onlara nə qədər aid olub olmayacağı isə hələlik məlum deyildi. Ailəmizin keçmişindən soraq verən nənəm isə qarşımda yaz qarı kimi əriyib gedirdi. Dəqiqələr ötdükcə o məndən uzaqlaşır, uzaqlaşdıqca da əllərimdən daha bərk-bərk yapışır, sanki mənimlə qalmaq, ya da məni də özü ilə aparmaq istəyirdi. Nənəmə zillənmiş baxışlardan isə suallar yağırdı. Qızıllar, imperiallar, məcdiələr, əntik əşyalar, “Kuznetsov” kasalar haradadır?. Və onlar ümumiyyətlə varmı? Əlbəttə ki, var. Əgər olmasaydı Qönçə arvad qohum-əqrəbanı vəsiyyətini dinləmək üçün niyə bir yerə toplayırdı ki? Heç nəyi də olmasa, imperialın, məcdiənin olacağı şübhəsizdir. Nənəmin daim üstündə əyləşdiyi sandığın içində nə var? Görəsən kimə nə qədər verəcək?

Nəhayət, nənəm uzun iztirablara son qoydu. Hələ də parlaqlığını itirməyən qara gözlərini ehmalca aralayıb, baxışları ilə məni tapdı. Baxışlarımız qarşılaşdı. Nənəmin həmişə mənə baxanda gözlərində oxuduğum həyat eşqini indi artıq görmədim. Amma elə bil üzünə nur ələnmişdi.

O, ətrafda heç kəsi görmürmüş kimi, yalnız mənə baxırdı. Gözlərini yumub-açmaq nənəmə nə qədər də ağır başa gəlirdi. O, hər dəfə gözlərini açanda mənə elə gəlirdi ki, evimiz, evimizlə bərabər mənim dünyam da işıqlanır. Bu işıq mənə nənəmin hələ yaşayacağına ümid verirdi - nənəmin hələ yaşayacağı ümidini…

Mənə elə gəlirdi ki, nənəmin ölümü ilə bütün uşaqlıq xatirələrim, həm də anamın dediyi kimi evimizin bini-bərəkəti yox olub gedəcəkdi. Birdən nənəmin ovcumda olan əlinin tərpəndiyini hiss elədim. Baxışlarımı gözlərinə zillədim. O,  qurumuş dodaqlarını ehmalca aralayıb öz adını bir neçə dəfə təkrar elədi. Sonra güclə seziləcək səslə: “Mənim sizə çatacaq varım-dövlətim yalnız təmiz adımdır. Hamınızın hüzurunda mən öz adımı kiçik oğlumun böyük oğluna vəsiyyət edirəm. Qız övladı dünyaya gələndə adını Qönçə qoyar. Adına layiq bir qız kimi böyüyər”,- dedi. Nənəmin bu vəsiyyətindən sonra otaqdakılara nəzər saldım. Simalardakı məyusluq məni çox üzdü. Deyəsən, nənəmin vəsiyyəti elə bircə mənim ürəyimcə oldu. İllər sonra mən nənəmin vəsiyyətinə əməl elədim. İndi evimizdə böyüyən balaca Qönçəni nənəmin ən qiymətli mirası kimi qoruyuram…