Orxan İsmayıl. Gözübağlılar

Orxan İsmayıl. Gözübağlılar

"Gözübağlılar”
 
Münasibətlər xarakteriklikdən daha çox forma dəyişmə halını alıbdır. Ənənəvilik kökündən sarsılıb. Klassizm daha cazibədar səslənir. Bəlkədə termin olduğuna görə. Qloballaşma anlayışı əsil bəlaya çevrilibdir. Səbəb birbaşa insanların düşünmə və dəyərləndirmə qabiliyyəti ilə bağlıdır.
Biz millət olaraq keçmişimizi daha qabardıb, oradakı nəaliyyət saya biləcəyimiz hər hansı nüansla öyünməyi sevirik. Nümunə gətirmək lazım olanda, mütləq ya hansısa dini kitabdan, ya da rəhmətlik filankəsdən bəhrələnirik. Mövcud ideoloji əsaslandırmalarda, yaxud tipik ailə quruluşunda bəşəri dəyərlərin üstünü hər vəclə torpaqlamağa çalışırıq. Ümumiyyətlə özümüzü tapmışıqmı? Biz kimik? Planetin mərkəzində məskunlaşmağımız bu qədərmi spesifikliymizə təsir edir?
Bu gün cəmiyyətimizdə bir "gözü bağlılar” təbəqəsi var ki, yalnız ağızlarını açmaqla məşğuldurlar. İstənilən məsələyə şərh versinlər. İstənilən anlayışın formulunu yazsınlar. Yalnız ağızları ilə. Gündüzlər gözü bağlı dolaşıb, gecələr eynəklə yatanlar.
Nitsşe yazır ki, küləyə qarşı tüpürməkdən çəkin. Əmin ol ki, sənin yaşadığın cəmiyyət külək deyil, sadəcə ət toplusudur. Heç sən özün də tüpürcəyini hər an ağzında lovğalayıb, məqamını gözləyənlərdən deyilsən. Qorxaqsan. Bulanıq çaydan su içib, "Suyu ki, duzlu deyil” deyənlərdənsən. 9 milyonu 10-a çatdırmaq üçün vasitəsən. Bizim üçün çox vacibdi 10 milyon olmaq. Hər şeydə "tam” olduğumuz kimi, sayımız da belə olmalıdır. Az-çox kitab oxumaq istəyənlər yalnız tarix axtarırlar. Bizə ancaq bir-birimizin keçmişini eşələmək lazımdır ki, orada nəsə bir çatışmazlıq tapıb, iyrənc təbəssümlə "kim olmusanki” deyə bilək. Bu axmaq düşüncə ilə 16-cı əsrin xəritəsində eşələnirik. Dünyanın 5/1-ə iddiamız olur bəzən. Amma bir anlıq.  Ən böyük dövlət ailəmizdir. O "dövlət” ki, mütləq monarxiyalı, azadlıq etimalogiyasının yalnız kişilərə aid olduğu ərəb dövləti.
Maariflənin. Unutmayın, ən böyük itkiniz özünüzsüz. Özünüzü tapmağa çalışın. Nəyisə qiymətləndirmək üçün isə, heç olmasa qarşınızdakına mövqe müstəqilliyi şansını verin.

Orxan İsmayıl