Parisdə Azərbaycan “Girov”u

Parisdə Azərbaycan “Girov”u

Azərbaycan həqiqətlərini Avropa ölkələrində tanıtmaq istiqamətində müxəlif tədbirlər keçirən Avropa-Azərbaycan Cəmiyyətinin və “Avropa üzləşməsi” (“Confrontation Europe”) təşkialtının təşəbbüsü ilə aprelin 3-də Parisin Ürsülin kino zalında tanınmış rejissor Eldar Quliyevin çəkdiyi “Girov” filmi ilk dəfə nümayiş etdirilib.

2005-ci il istehsalı olan və bir sıra ölkələrdə nümayiş etdirilən filmdə Azərbaycan ərazisi Dağlıq Qarabağda vaxtilə mehriban qonşuluq şəraitində yaşamış azərbaycanlılarla ermənilər arasında SSRİ-nin süqutundan sonra baş verən münaqişə nəticəsində yaranmış düşmənçilik münasibətinin törətdiyi faciələrdən danışılır.

Filmin nümayişindən sonra ekran əsərinin yaradıcılarından biri- azərbaycanlıların girov götürdükləri erməni rolunun ifaçısı aktyor Qurban İsmayılov Azərbaycanda kino sənətinin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, filmin toxunduğu bəzi məqamlar baradə tamaşaçıların suallarına ətraflı cavab verib.

Filmin nümayişində fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, səfirliyin əməkdaşları və diaspramızın təmsilçiləri iştirak ediblər.

Axırda Fransada yaşayan azərbaycanlı müğənni Təranə Allahverdiyevanın ifasında Azərbaycan mahnıları səslənib.

“Avropa Film Akt” Cəmiyyətinin direktoru, tanınmış fransız kinoşünası İrena Bilik filmin nümayişindən sonra deyib: “Kino sənətinə yaxından bələd olan, onun tarixini sevən bir şəxs kimi etiraf edim ki, Azərbaycan filmi ilə ilk dəfə tanış oldum. Bu vaxtadək ölkənizdə istehsal edilən filmlər barədə anlayışım belə yox idi və onlarla tanışlıq üçün fürsət yaranmamışdı. Filmin nümayişi ölkəniz, kino sənətinizin inkişafı, aktyorlarınızın oyunları, ssenariləriniz, mədəniyyətiniz, adət-ənənələriniz və ədəbiyyatınız barədə məndə müəyyən təssəvvür yaratdı.

Mənə təsir edən əsas cəhət filmin toxunduğu real həqiqətlərdir. Filmdə müharibənin törətdiyi fəlakətlərin tamaşaçılara qabarıq şəklidə çatdırılmasını ssenari müəlliflərinin və rejissorun uğuru kimi dəyərləndirirəm. Film bəşəriyyəti narahat edən müharibə və silahlı münaqişələrin doğurduğu fəlakətləri yaşayan insanların taleyini təsvir etmək baxımından xüsusi maraq doğurur. Filmdəki hadisələri həyəcansız müşahidə etmək mümkün deyildir”.

AzərTAc