Postmodernist alman romanında şəxsiyyətin özgələşməsi problemi

Postmodernist alman romanında şəxsiyyətin özgələşməsi problemi

(Kristian Kraxtın "Faserland”romanı əsasında)

Röya Məftun qızı

Azərbaycan Dillər Universitetinin "Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi., AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutunun "Xarici ölkələr və beynəlxalq ədəbi əlaqələr” şöbəsinin doktorantı

Alman ədəbi və ictimai mühitinin tarixinə nəzər salarkən  XX əsrin ikinci yarısında baş verən hadisələrə xüsusi önəm vermək lazım gəlir. Məhz 1989-cu ildə Berlin divarlarının  dağıdılması ilə baş verən birləşmə  nəinki şərqi almanların, eyni zamanda qərbi almanların da idealoji və siyasi həyatına təsirsiz qalmadı. Elə bu səbəbdən də bu dövrü  alman ədəbi prosesinin, həmçinin ictimai-siyasi şəratinin yeni mərhələsi hesab etmək olar.
 
Müasir alman yazarlarından 90-cı illərdə insan və  dünyanının qarşılıqlı əlaqəsini başa düşmək, dünyanın sürətlə inkişaf edən yeni modelini izah etmək və bir sıra digər vacib aktual suallara  mümkün qədər tez cavab tapmaq tələb olunurdu. Yaşlı yazıçılar nəsli və 90-cı illərdə yaradıcılığa yeni başlamış müəlliflər adı çəkilən problemlər haqqında düşünür və onların bədii həllinə  müvəffəq olmağa çalışırdılar. 90-cı illər alman xalqının  yeni dünyada və yeniləşən Avropada özünü təsdiq istiqamətində aparılan gərgin axtarış illəri idi. İlk yanaşmada gənc alman ədəbiyyatının məzmununu qiymətləndirərkən hər şeydən əvvəl qeyd etmək lazımdır ki, məhz  90-cı illər almanlara yeni müəlliflər verdi. Tanınmış  alman ədəbiyyatşünası Baslerin qənaətinə görə "Almaniyada pop-ədəbiyyatçılar kimi tanınan  gənc müəlliflər geniş oxucu kütləsinin diqqətini yenidən kitaba, mütaliəyə qaytardılar”. Bu müəlliflərdən Tomas Brussiq, Kristof Ransmayr, İnqo Şulç, Benjamin fon Ştukrad-Barre və Kristian Kraxtın adlarını çəkmək olar. Bu müəlliflər öz  əsərlərində həyat və cəmiyyət haqqında duyğularını sistemləşdirir, sözün əsl mənasında zamanın "sinirlərinə” toxuna bilirdilər. Araşdırıcı M.Xilşerin təbirincə desək, "Onların hamısını gündəlik həyat və pop mədəniyyəti ; müasir musiqi, dəb, televiziya, yəni məişətimizin görünən tərəfləri daha çox maraqlandırır”. (9. s. 16)
Sözü gedən problemləri əks etdirmə baxımından Kristian Kraxtın "Faserland”(1995) romanı maraqlı bədii nümunələrdən biridir. Öz doğma vətənində roman üzə çıxdığı vaxtdan çox yüksək pərəstişkarlıqla qarşılanmış, Almaniyada hər bir varlı gənc adı çəkilən əsərin təsiri ilə özünü qürurla faserlandçı adlandırır və baş qəhrəmanın səyahət yolunu təkrarlamağa tələsirdilər. Nüfuzlu  ədəbiyyatşünas  İnqo Arend K.Kraxtın  adı çəkilən romanını 90-cı illər alman ədəbiyyatında hadisə hesab edir. Onun ortaya çıxmasını "antik  şeirin ortasındakı pauza” ilə müqayisə edir. Romanla əlaqədar yayılmış fikrə görə, yazıçının debütü olan bu əsər yeni alman pop ədəbiyyatının başlanğıcı sayılır. Bu əsər  özündə "XX əsrin sosial-tarixi reallıqlarını, müasir pop-mədəniyyəti, postmodernizmi”  birləşdirir. Əsəri təhlil etməmişdən əvvəl pop ədəbiyyat haqqında məlumat vermək zərurəti meydana çıxır. Bu ifadə mənşə etibarilə ingilis sözü olub, mənası məşhur, ümumin başa düşə bildiyi  incəsənət deməkdir. Ədəbiyyatşünaslıqda pop-art kimi məşhur olan məfhum postmodernizmin bir cəhətidir. Bir ədəbi istiqamət olaraq əvvəlcə modernist təsviri incəsənətdə, sonra isə mədəniyyətin digər sahələrində təşəkkül tapa bilmişdir. Çünki pop incəsənətin ifadə üsulları son dərəcə müxtəlif idi: rəssamlıq  və kollaj, şəkillərin, slaydların tabloda göstərilməsi, mövzuların parça-parça birləşdiyi, kombinasiya olunduğu şəkillər və s.  İncəsənətin bu istiqamətinə tənqidin münasibəti heç vaxt birtərəfli olmamışdır. Bəziləri pop incəsənəti naturalist formanın bərpası, yeniləşməsi, təzələnməsi kimi dərk edirdilərsə, digərləri isə bu cərəyanı incəsənətin inkişafında, tərəqqisində yeni mərhələ hesab edirdilər. Pop incəsənəti "yeni realizm” və ya "realizmin üstü”adlandırırdılar .
 
Pop mədəniyyətin yaranması amerikalı rəssam R.Rauşenberqin adı ilə bağlıdır. Bu istiqamətin nümayəndələri tamaşaçıya təsadüfi və ziddiyyətli şeyləri deyil, öyrəşdiyimiz əşyalar toplusundan ibarət incəsənət nümunələrini təqdim edirdilər.  Rauşenberq ilk dəfə pop-art nümunəsi kimi öldürülmüş prezident Con Kennidinin illustrativ jurnal və qəzetlərdən, alabəzək açıqçalardan, plakatlardan qoparılmış şəkillərdən ibarət "əşyaların kompilyasiyası”adlı rəsm əsərini Böyük Britaniyada keçirilən sərgidə nümayiş etdirir. Hazır şəkillərin, əşyaların, məlumatların bir-birinə calaq edilərək müəyyən kompazisiyanın yaradılması pop mədəniyyətin əsas əlamətidir. Pop incəsənət simvollardan  daha çox istifadə edir. Ən maraqlısı odur ki, bu cərəyanın meydana çıxmasının nəticəsi olaraq incəsənət  reklam, dizayn, tərtibat sənəti ilə birləşdi. Robert Rauşenberq, Ceyms Rozenkvist, Roy Lixtenberq, Casper Cons, Endri Uorxol kimi sənətkarlar bu cərəyanı dünyanın bir çox ölkələrinə yaydılar. "Bu mədəni istiqamətin nəticəsi olaraq bütün dünyanın muzey və sərgi salonları incəsənət nümunələri hesab edilməyən, "kütləvi mədəniyyət” sahəsinin aşağı çeşidli reklam plakatları və poketləri, mulyaj və manikenlər, böyüdülmüş reproduksiyalarvə komekslər, istənilən əşya dəstləri, ələ gələn nə varsa adyal və konserv bankaları, sınıq saat, rənglənmiş müqəvvalar ilə dolmuşdu”.(5. s.27)) 
İncəsənətin digər sahələrində olduğu kimi, bu istiqamətin ədəbiyyat aləmində də maraqlı nümunələri yaranmış və bütün dünyada məşhurluq qazana bilmişdi. "Faserland” pop ədəbiyyat nümunəsi olaraq pop istiqamətin bütün əlamətlərini özündə birləşdirir. Avropada hər bir kəsin tanıdığı məşhur insanların obrazlarının yaradılması və onların haqqında məlumatlar, müxtəlif firma mallarının adlarının əsər boyu dönə-dönə hallanması, reklam, dizayn sənəti ilə bağlı təsvirlər sözü gedən romanın ana xəttini təşkil edir. II Dünya müharibəsindən sonra Amerikada yeni və böyük sosial təbəqə formalaşmışdı. Bu təbəqəyə mənsub insanlar xüsusi brend mallardan istifadə etməklə, özlərinin yüksək sosial təbəqəyə mənsub olduqlarını göstərməyə çalışırdılar. Cəmiyyətdə baş alıb gedən bu "epidemiya” gənc yazıçının nəzərindən qaçmamış və alman gəncinin geyindiyi paltarların, sürdükləri maşınların, istifadə etdikləri içkilərin hansı firmadan olduğunu da təsvir edir. Yazıçı məhz bu yolla alman cəmiyyətində baş alıb gedən bu "mənasızlığı” dolayısı ilə tənqid edir.
Əsərin adına gəlincə isə "Faserland” alman dilindən tərcümədə "ata yurdu” mənasını ifadə edir. Alman dilində "Vaterland” olan bu sözü müəllif ingilis dilində "faserland” kimi verir.Buradan romanın adının simvolik məna daşıdığı nəzərdən qaçmır.Yazıçı romana belə bir ad verməklə bir növ həyəcan təbili çalır.Ədəbiyyatşünas T.Baskakovanın fikrincə "Əsərin bu cür adlandırılmasında açıqdan-açığa bir göstəriş hiss olunur, yəni Almaniya tədricən ingilis-amerikan pop mədəniyyətinin təzyiqi, basqısı ilə artıq özünəməxsusluğunu itirir və getdikcə həddi-hüdudu bilinməyən, çeşidli istehlak mallarının "kosmopolit supermarketinə”çevrilir”.(2. s.14)
K.Kraxt "Faserland” romanında istehlak cəmiyyətindən aslılığını və özünün mənəvi boşluğunu dərk edən müasir insanın faciəvi mahiyyətini açıb göstərir, cəmiyyətin tipik  nümayəndəsi olan "qızıl gənclər”dən bəhs edir. Ədəbiyyatşünas Qreqor fon Reççorinin fikrincə "Dünyanı bu cür dəqiq və düzgün qavramaq, dərk etmək müasir nəsrə hələ ki, müəssər olmayıb”. 
"Faserland”romanının adsız qəhrəmanı onu əhatə edən dünyanıın absurdluğunu faciəvi şəkildə dərk edən insandır. O özünün dünya ilə müqayisədə dəyərsiz, məhkum birisi olduğunu anlayır və tənhalıq axtarışı ilə səyahətə çıxır. Sözü gedən qəhrəman "qızıl gənclərin” bariz, tipik nümayəndəsidir.Onun Almaniyaya səyahəti ilk baxışda əyləncə xarakteri daşıyır.Qəhrəmanın səyahətinin ilk məntəqəsi Zilta adası, sonuncu məntəqəsi isə İsveçrənin Çürix gölü olur. Bu gəncin səyahəti  onun bir bardan digər bir bara yerdəyişməsi və narkotikaya aludə olmuş, ruhi cəhətdən pozğunlaşmış gənclərlə məcburi ünsiyyəti ilə məhdudlaşır. Qəhrəmanın coğrafi yerdəyişməsi əsərdə onun "ruhi səyahəti”nin anoloqu kimi görünür. Üsyankar və itaətsiz gənclərin həyat tərzinin təsviri romanın məzmununu təşkil etsə də,  bu  aysberqin sadəcə görünən tərəfidir. Çünki  əsər özündə çoxqatlı mənaları, mətləbləri gizlədir. Roman posmodernist əsər olduğundan bir çox tədqiqatçıların fikrinə görə onun əsasında Dantenin "İlahi komediya”sı, Ernest Yungerin "Qeliopolis”, Bekketin "Adsızlar” və Tomas Mannın "Doktor Faust” əsəri ilə səsləşən məqamlar var. Roman Bekketin "Adsızlar”əsərindən gətirilən  epiqrafla başlayır: "Kim bura gələ bilər ki... Mən başqasını təsəvvür edəcək  halda deyiləm, o mənə hər şeyi göstərdi burada, qaranlıqda.  İnsanlar mənim lənətə gəldiyimi biləndən sonra məndən üz çevirdilər.Artıq mən öz yolumu azmışam, mən şeytana, mənfur qüvvəyə təslim olduğum gündən özümdən əl çəkmişəm”. (3. s.1) Təbii ki, epiqrafın əsərin məzmunu ilə bilavasitə əlaqəsi var. Bu əlaqə, rabitə süjetin inkişafı boyu üzə çıxaraq əsərin daşıdığı ideyaya xidmət edir.
 Romanın əsas tədqiqatçılaıından olan Tatyana Baskakova sözügedən əsərin kompozisiya baxımdan da Dantenin "İlahi komediyası”na bənzədiyini, eyni qayda da qurulduğunu göstərmişdir. "İlahi komediya”da Dante Vergili və digər bələdçilərin rəhbərliyi ilə cəhənnəmin doqquz dövrəsində olur. Cəhənnəmdəki hər bir dəhşəti öz gözləri ilə görür: "Dante "Cəhənnəm”də tiranları qaynar qan içində göstərir, burada möhtəkirlərin, pul toplayanların boynundan asılan ağır pul kisələri onların boynunu yerə əymişdir, gələcəkdən xəbər verən cadugərlərin boyunları burulub başları dala çevrilmişdir, onlar daha irəli baxa bilmirlər, ikiüzlülərin, riyakarların əyninə üstü zərli metal ləbbadə geyindirilmişdir, xainlər və satqınlar həmişə soyuqdan donmaqdadır və i.a Dante öz dövründə görüb, müşahidə etdiyi bütün qüsurları, habelə caniləri, oğruları, acgözləri, şəhvət düşkünlərini, qatilləri, müftəxorları, paxılları öz əsərində damğalamışdı”.(1. s.11) Kraxtın  qəhrəmanı da Almaniyanı səyahət edərkən doqquz  dövrədə olur. Birinci dövrə Zılt adası-rəddedilmişlər,  ikinci dövrə Hamburq-şiddətli həvəs, ehtiraslar, üçüncü dövrə "Lütfiqanza” kompaniyasının təyyarəsi-acgözlər qarınqulular, dördüncü dövrə Frankfurt – xəsislər və bədxərclər, beşinci dövrə Heydelberq şəhəri- səbrsizlər, alçaqlar, altıncı dövrə Münxen yaxınlığında tala – kafirlər, dönüklər, yeddinci dövrə Münxen – zalımlar, səkkizinci dövrə - yaltaqlar, yaramazlar, doqquzuncu dövrə Boden gölü – satqınlar, xainlər  məkanıdır.  Bu təsvirlər fonunda K.Kraxt ata yurdunun  istehlaklaşmış dünyada aşınaraq dəyərlərini itirdiyini, cəhənnəmə çevrildiyini göstərməyə çalışır. 
Romandakı təsvirlərdən belə bir nəticəyə  gəlmək olur ki, alman gənclərinin vaxt keçirdikləri barlar, çimərliklər, evlər cəhənnəmi xatırladır. Heç də təsadüfi deyil ki,  Zilta adasında  gənc "Odin”adlı bara gedir. Buradakı  əyləncə insanlardan daha çox  ifritlərin, cinlərin eyş-işrət məclisinə bənzəyir. Sanki  bu bar romanda axirət dünyasının anoloqu kimi çıxış edir. Odin qədim alman mifologiyasında Valqallanın sahibidir, ölən qəhrəmanların sonuncu sığınacaq yeridir. Barda yığışan əxlaqi cəhətdən aşınmış, azğınlaşmış, həyatın mənasını əylənməkdə, içki içməkdə, narkotika qəbul etməkdə görən, cəmiyyət üçün heç bir faydası olmayan gənclər  sağ görünsələr də, əslində ölüdürlər. T.Baskakova yazır ki "Qəhrəman "Odin” barında olarkən orada amerikalı qrupun oxuduğu "Koliforniya oteli” adlı  musiqi səsələnir.  Dünya mədəniyyətinin, 60-cı epoxanın məhvi bu musiqinin məzmununu təşkil edir.  Heç də təsadüfi deyil ki, qəhrəman Zıltanı tərk etmək qərarına gəlir  və bir də heç vaxt bura qayıtmır”. (2. s.57)

Müəllif  əsər boyu keçmiş və hazırki dövrün mədəni-tarixi  reallıqlarından bəhs edir, xüsusilə də müasir istehlakçı cəmiyyətin eybəcərliklərini nəzərə çatdırır. Səyahət zamanı gediləcək məkanların seçilməsi və dayanacaqların ardıcıllığı vacib arxitektonik vasitə kimi çıxış edir.Qəhrəmanın ilk səyahəti Zilta adasından başlayır.Zilta adası qəhrəmanın dünyanı dərk etməsində tutduğu yolun başlanğıcı idi.Azadlıq axtarışında olan qəhrəman sonra Hamburqa yola düşür.Zilta adasında xəyal qırıqlığına uğrayan qəhrəman arzusunda olduğu azadlıq hissini tam mənası ilə Hamburqda dadır.Əsərdə qəhrəmanın olduğu məkanlarla onun ruhi vəziyyəti arasında məntiqi uyğunluq da nəzərdən qaçmır. Beləki, Frankfurt-mayn onun qəlbində nə qədər ikrah hissi yaradırsa, Heydelberq  onda tamam başqa təəsüratlar oyadır. Romantik gəncin qəlbi məhz burada rahatlıq tapır.Heydelberq qədim binalarla əhatələndiyi üçün öz xarizmasını qoruyub saxlamış yeganə alman şəhəridir.Keçmişə bağlı olan qəhrəman Heydelberqi çox böyük məhəbbətlə təsvir edir.Əsərdəki təsvirlərdən məlum olur ki, Heydelberqin belə gözəl qalmasının səbəbi II Dünya müharibəsi zamanı amerikalılar tərəfindən bombardman edilməməsidir. "II Dünya müharibəsindən sonra  amerikalılar Heydelberqi özlərinin qərərgahı etmək istəyirdilər, elə bu səbəbdən də onlar müharibə zamanı oranı bombalamamış, nəticədə bütün qədim binalar salamat qalmış, onlara heç nə olmamışdı. Heydelberq yazda xüsusilə gözəl olur. Almaniyanın hər tərəfi  bomboz olanda burada hər tərəf yaşıl olur və insanlar Nikarauendə günəşin altında qızınırlar. Əgər müharibə olmasaydı və yəhudilər qaz kameralarında yandırılmasaydı onda bütün Almaniya bura kimi olardı. O zaman bütün Almaniya da bir söz gəzərdi: Nekarauen”. (3. s.34)
Yazıçı romanda Almaniyanın bir istehlakçı maşın olduğunu göstərməyə çalışaraq, öz keçmişindən, kökündən ayrı düşdüyünü, bir qədər obrazlı desək, "öz içində azdığını”göstərir. Bu təsvirlərdən belə bir nəticəyə gəlmək olur ki, adsız qəhrəmanın şəxsiyyətində romantik qəhrəmana xas olan ideala cəhd, meyl var: ideal ailə qurmaq, gözəl, uzaq bir yerdə, Çürix gölünün kənarında elə də böyük olmayan taxta komada sevdiyi bir qadınla və balaca övladları ilə yaşamaq onun ən böyük arzusu, istəyidir.  O ruhən müasiri olduğu alman gənclərindən tamamilə fərqlənir. Onun xəyalları da, arzuları da, istəkləri də əhatə olunduğu mühitlə, insanlarla müqayisədə  çox təzadlı görünür. Özünə dayaq nöqtəsi axtaran qəhrəman Almaniyanı qarış-qarış gəzərək bir-birindən zərrə qədər də fərqlənməyən hadisələrlə, insanlarla qarşılaşmalı olur. Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya, əsərdə göstərildiyi kimi  bu nəhəng "Maşın” təfəkkürcə xəstə, mənən korlanmış, yolunu azmış, artıq cəmiyyət üçün yararsızlaşmış və gəlcəkdə də düzələcəklərinə heç bir ümidi olmayan sərnişinləri daşıyır. Bu ölkə sanki cəhənnəmin özüdür. Heç də təsadüfi deyil ki, Münxendə  qonaqlıqda olarkən tamaşa etdiyi bir rəqs nümunəsi qəhrəmanın nəzərindən qaçmır: "Hadisələr orta əsr dövrünü xatırladır. Iki nəfər tərəf müqabil rəqs edir.Biri tamam qara geyinib, qara örtükdədir, digəri isə qırmızı; onun üzü də qırmızı rənglə boyanıb və başlığı da qırmızıdır. O hərdənbir diz çökür. Diqqət yetirdikdə dərk edirsən ki, onlardan biri ölüm, digəri isə İblisdir. Bu günkü qonaqlıq mənə İspaniyada muzeydə gördüyüm  mənzərəni xatırladır. Mənim muzeydə gördüyüm  şəkillərdə təsvirlər çox idi: kürənin içində insanlar havada sükunət içində idilər. İnsanların  əvvəlcə əlini, dilini kəsir, sonra isə onları cəhənnəmə atırdılar”. (3. s.46) Bu epizod vasitəsilə müəllif  bir daha alman cəmiyyətinin öz oxundan çıxdığını, iblislər məkanına çevrildiyini  nəzərə çarpdırır.  Romantik qəhrəman öz gələcəyi, sahib olacağı ailə və gələcək övladları haqqında xəyal edərkən düşünür ki: "Mən onlara Almaniya haqqında danışardım. Böyük şimal ölkəsindən, bu nəhəng maşından hansı ki, öz-özünü qurur. Bir də bu maşının içində yaşayan insanlardan danışacağam:  onlar yaxşı maşınlarda gəzməli, yaxşı narkotika qəbul etməli, yaxşı içki içməli və yaxşı musiqiyə qulaq asmalıdırlar. Ola bilsin ki, heç mənə bu haqda danışmaq lazım gəlməyəcək, bəlkə bu maşın o vaxt olmayacaq. Bəlkə də gələcəkdə mənim gözlərimdə o heç bir məna kəsb etməyəcək, elə bu səbəbdən də onun haqqında mən düşünməyəcəyəm, praktiki olaraq o yoxa çıxacaq və mənim övladlarım da heç vaxt bilməyəcəklər ki, nə vaxtsa Almaniya adlı bir ölkə mövcud olub”.(3.s.65)
Təhkiyəçi gənc bütün əsər boyu "həqiqət” axtarır. Əsərdə müxtəlif təsvirlər zamanı görürük ki, tet-tez xəyala dalan qəhrəman  uşaqlığını, dostlarını, ilk məhəbbətini xatırlayır. Keçmişdə qalan  nə varsa onun üçün doğmadır, əzizdir.  Həqiqət axtaran gənc bunun əksi olaraq hər yerdə mənasızlıqla, saxtalıqla, riyakarlıq və ikiüzlülüklə qarşılaşmalı olur.Sosial "maşın” axırıncı fəsildə təsvir olunduğu kimi onu boşluğa, mənasızlığa çəkir. Halbuki,  müstəqil həyata  yenicə qədəm qoyan gənc Almaniyanı qarış-qarış gəzərək özünə daxili dayaq nöqtəsi tapmaq arzusunda idi. 
Həqiqət və daxili təmizlik üçün qəribsəmiş qəhrəmanın duyğuları müəllif tərəfindən çox böyük ustalıqla verilir. Onun üçün "həqiqət”-uşaqlıqdır, təbiətdir: şəhərlər və insanlardır, musiqidir, ixtisar edilib korlanmamış alman dilidir.  Qəhrəman Zilta adasında olarkən müəllif belə bir maraqlı təsvir yaradır: "Vesterlandın əks istiqamətində hansı ki, bir vaxtlar oranı əzəmətli şimal dənizi yuyurdu, orada nə vaxtsa Runqxolt adında bir şəhər var imiş. Bu şəhər vaxtilə adanın bir hissəsi olmuş, lakin 200 il bundan əvvəl nəhəng dalğa onu tamamilə örtmüş, tamamilə dənizdə batırmışdı. O vaxt  bu dalğanı "Ağ qans” adlandırırdılar. Şəhərin bütün  sakinləri dənizdə batmışdı. Lakin sirr onda idi ki, nə vaxt ki şərq küləyi əsirdi çox aydın şəkildə Runqxoltun kilsə zənginin səsini eşitmək olurdu.Hansı ki, o zəng su altında xristianları ibadətə çağırırdı. Bu barədə düşünmək belə həmişə bizi  sevindirirdi. Biz  uşaqlar qorxmağımıza baxmayaraq gecələr sahilə gəlir, qulağımızı quma yaxınlaşdırırdıq ki, uzaqda səslənən zəngi eşidə bilək”. (3.s.4)  Təbii ki, bu məlumat romanda səbəbsiz yerə verilməmişdir.Müəllif  keçmişə qayıdıraq bu günün dünəndən başladığına işarə edir. Göstərməyə çalışır ki, keçmiş su altında qalsa belə o yenə bir yol tapıb səsini çıxaracaq, yeni nəsilləri özündən xəbərdar edəcək.Çünki "keçmiş qayıtmasa gələcək heç vaxt gəlmir”.İnsanlar heç bir zaman keçmişdən qaçmamalı, əksinə onun ötürdüyü məlumatları eşitməyə cəhd göstərməli, "itirilmiş yaddaş”larını bərpa etməlidirlər.
 
Alman gənclərinin obrazını yaradan Kraxt onların böyük məqsədlər uğrunda deyil, mənasız  arzu və istəklərlə yaşadığını adsız qəhrəmanın dostu Aleksandr obrazı vasitəsilə göstərməyə çalışmışdır. Universiteti bitirəndən sonra Aleksandrın bütün dünyanı səyahət etməyinin səbəbi "Modern Talking” qrupunun oxuduğu "Siz mənim ürəyimsiniz, siz  mənim ürəyimsiniz”mahnısının dünyanın hansı yerlərində məşhur olduğunu aydınlaşdırmaq idi. Əsərdə qəhrəmanın verdiyi məlumatlardan aydın olur ki, Aleksandrın valideynləri avtomobil qəzasında öləndən sonra  ona miras qalımış pulları hara isə sərmayə qoymaq əvəzinə bütün var-dövlətini bir musiqinin izi ilə səyahətə sərf etmişdi. Kraxt bu tipli obrazlar vasitəsilə alman gəncliyinin böyük amallar uğrunda deyil, heç bir məna kəsb etməyən məqsədlərlə yaşadığını, daxilən "müflisləşdiyini” göstərirdi.
 
"Faserland”  da diqqəti çəkən obrazlardan biri də Rollodur. Çox varlı bir ailədə doğulan Rollo valideynləri olsa da heç vaxt onların diqqət mərkəzində olmamış, onların qayğısı, məhəbbəti ilə əhatələnməmişdir.Daxili boşluqdan, fəaliyyətsizlikdən içkiyə qurşanmış ana bütün günü əlində qədəh bağçada oturub mənasız şəkillər çəkməklə məşğuldur.Milyonçu ata isə demək olar ki, həmişə Hindistanda olur.Çünki Rollonun atası Qərbi Hindistan aşramının ən sayılıb seçilən üzvüdür. O,  aşrama hər il 500000 marka pul verir. Elə bu səbəbdən də  on doqquz ildir ki aşramın heç bir maddi problemi yoxdur. Bir sözlə onların heç birisini Rollo maraqlandırmır.Bu varlı evdə hər cür naz-nemət var, bir xoşbəxtlikdən başqa.Dantenin təbirincə desək, "Qədərindən ziyadə xərcləyən, ya toplayan xoşbəxtlikdən uzaqdır”.Daim tək qalan Rollo da zaman keçdikcə tənhalaşmış, hər şey ona mənasız, maraqsız görünməyə başlamışdır.Özünü mənən bərpa etmək üçün o müxtəlif dərmanlardan, cürbəcür içkilərdən istifadə etsə də, yuvarlandığı bataqlıdan özünü çəkib çıxara bilmir."Bu cür şeylər varlı insanlar arasında tez-tez baş verir. Bunu onunla izah etmək olar ki, onlar bu dünyada hər bir şeyi görüblər və nə istəsələr pulla ala bilmək imkanları var və birdən özlərində dəhşətli bir boşluq hiss edirlər, elə bir boşluq ki, onu ancaq bir vasitə ilə doldurmaq olar: daxilən mənasız pul qazanmaqdan imtina etməklə- sözsüz ki, belə bir qərara gələndən sonra onlar yenə də pul qazanmağa davam edirlər”. (3. s.51) Belə bir mühitdə böyüyən Rollo şənlənmək, tənhalıqdan qurtulmaq, bir gün də olsa diqqət mərkəzində olmaq, qayğı ilə əhatələnmək üçün Boden gölünün kənarında yerləşən malikanələrində özünə təmtəraqlı bir ad günü keçirir. Malikanəyə çoxlu gənc  toplaşsa da, onlar Rollonun yox, varının, dövlətinin dostudurlar, onları bura gətirən Rolloya qarşı olan məhəbbətləri yox, sadəcə onun milyonçu oğlu olmasıdır. Həddindən artıq kefləndirici dərman və içki qəbul edən Rollo zahirən çox gülünc görünsə də heç kəs  yaxınlaşıb ona nəsihət vermir, halına acımır, yardım etməyə cəhd göstərmir. Hər kəs riyakarcasına üzünə gülüb, mənasız söhbətlərinə qulaq asır.Məclisin sonuna yaxın adsız qəhrəman dostu Rollonu Boden gölünün yanında ağlayarkən görür.Yaxınlaşıb onu qucaqlasa da, dostunun göz yaşlarına dözə bilməyib, içki gətirmək bəhanəsi ilə ondan uzaqlaşır və Bodeni tərk edir.Qəhrəman Çürixdə qəzeti vərəqləyərkən milyonçu oğlu Rollonun Boden gölündə batıb öldüyü xəbəri ilə rastlaşır.Özünü gölə atan Rollonun meyidini qonaqlığın səhərisi günü tapmışdılar. Bütün bu hadisələrdən bir həqiqət üzə çıxır: insan nə zaman ki, zahiri, süni xoşbəxtliyə can atır,  o zaman ruhi, mənəvi rahatlıq arxa plana keçir. "Rollo obrazı ilə Kraxt taleyi doğulduğu gündən "malik olmaq” və "işlətmək” prinsipləri ilə müəyyənləşmiş müasir intellektin tragik tənhalığını Qərb dünyasının böhran vəziyyətin daxili boşluğun və etik soyuqluğun, fəaliyyətsizliyin hayqıran şahidi kimi yaratmağa müvəffəq olmuşdur. Rollo obrazını yaratmaqla Kraxt daxili boşluğu etik fəaliyyətsizliyi Qərb dünyasının böhran vəziyyətini hayqıran şahid kimi təsəvvüründə canlandırır. Taleyi doğulduğu gündən "sahib olmaq” və  "tələb etmək” prinsipləri ilə müəyyənləşmiş müasir intellektualın tragik tənhalığını göstərir”.
Ziltadan Çürixə qədər məsafə qət edən qəhrəman əsərin sonunda gəlib Çürix gölünün sahilinə çıxır,  digər sahilə baxarkən alovun orada sarı işıq saçdığnı görür. O, Çürix gölündə qayığda oturan naməlum birinin bələdçiliyi ilə gölün digər sahilinə çıxmaq fikrinə düşür. Qayığa minib gözdən itən qəhrəmanın sonrakı taleyi, başladığı səyahətin nə ilə nəticələndiyi məlum olmur.Romanın belə bir sonluqla bitməsi də rəmzi məna daşıyır."Getdiyim yol məni həmişə lazım olmayan yerə aparır.Nəhayət, gölün sahilinə çatıram.Gölün digər sahilində ocaq işıq saçır.Bir müddət suyun ətrafında əyləşirəm. Sağ tərəfdə qayıq dayanıb. Belə gec vaxtlarda qayıq olmur.Qayıqda bir nəfər oturub siqaret çəkir.Mən bir müddət sakit oturub onun siqaret çəkməyinə tamaşa edirəm.Qayıq yüngül dalğadan yırğalanır.Mən onunla salamlaşıram. Naməlum adam başını qaldırıb, mənə baxır. Ondan soruşuram ki, məni gölün digər sahilinə apara bilər?  O bir qədər düşünəndən sonra "Hə, apara bilərəm.- dedi. Mən keçib qayıqda əyləşirəm.Tezliklə biz gölün ortasında olacağıq. Artıq tezliklə...” (3.s.68)  Qəhrəman həqiqət axtarışı ilə bəşər aləmini könülsüz şəkildə tərk edir. "Müasir postmodernist vəziyyətlərdə xeyir və şər arasındakı  sərhəddə faustsayağı qəhrəman "izah edilə bilən sistem” kimi özünün müəyyənliyini, əhəmiyyət və mənasını itirir. Burada "kütləviləşmiş” mədəniyyət prosesinə qarşı müasir intellektualın müqavimət strategiyası dayanır.Kütləni özündə öldürmək cəhdi burada aydın görünür. Sosiallığın yeni forması- anonimlikdir: özününkünün itirməmək deməkdir. Bu qəhrəman nəticə olaraq idarəetmə istiqamətini itirir, həyatına nəzarətin ağır itkisini bütün varlığı ilə hiss edir.əsas kütlə -ruhən inkişaf etməmiş və infantil insanlar: onda yalnız maddi maraq və məqsəd güdürlər və nəticədə zəngin, lakin ruhsuz oyuncağa çevrilirlər”. Şəxsiyyətin inkişafına hazır olmayan insan özünün azadlığını zahiri gücə, bütə verməyə can atır, şəxsi azadlığını özünütəkmilləşdirmə üçün vacib şərt kimi dəyərləndirir. Müasir ədəbiyyatda lirik mən demək olar ki, qadağan olunur, elə buna görə də yazıçıya onu ədəbsiz, marginal, təlxək və ya əxlaqsız sifətdə anonim maska altında gizlətməyə məcbur olur.
Dantenin "İlahi komediya” əsərində də  qəhrəman şair Vergilinin bələdçiliyi ilə bəzi məqamlarda qayığa minib Cəhənnəmi səyahət edir, burada cəhənnəm sakinlərinə verilən zülmləri öz gözləri ilə görür. Görünür, Kraxtın qəhrəmanı Almaniyada "cəhənnəmi” öz gözləri ilə görəndən sonra ruhi səyahətini davam etdirərək növbəti bələdçinin köməkliyi ilə təmizlənmək üçün ərafa doğru üz tutur.  Romantik qəhrəman növbəti sınaqlardan da üzü ağ çıxsa onun səyahətinin mükafatı yəqin ki, Cənnət olacaq. "Belə olduğu vəziyyətdə daxili bioqrafiya hissi, zahiri bioqrafiya ilə əvəz olunur, daha doğrusu provakasiyalı fəaliyyətin müxtəlif növləri qalmaqal, rüsvayçılıqla əvəz olunur. Qəm qüssədən  boğulan qəhrəmanın kədərinə "romatik əzab”ın müasir forması, variantı kimi baxılır– onun səyyahlığını (səyahət etməsini) – "tərbiyə romanları” üçün xarakterik olan şəxsi "mən”inin axtarışı ilə bağlı səyahəti kimi qəbul etmək olar. Kraxtın qəhrəmanları üçün səyahətdən alınan təəsürat travmatik təəsürat oyadır.Bu insan əvəllər "parlaq” bəxtli bir varlıq olsa da, artıq çoxdandır ki, "mən”ini itirib və hər hansı həyat istiqamətindən məhrum biridir. "Dünyəvi allahlar fiziki əzablardan canlarını qurtarıblar, amma onların ağlı  xəstədir. Aslılıq, qəzəb, həsəd dünyəvi allahların ağıllarının vəziyyəti bədəninin xroniki xəstəliyidir, hansı ki gec-tez əzaba gətirib çıxarır”.

"Faserland” konsepti müharibədən sonrakı alaman ədəbiyyatına tabu qoymuş faşizmin identifikasiyon əlamətidir və müasir dövrdə də yaşamaq hüququ əldə edə bilməyib”. "Kiçik vətənin kosmosunu” tərənnüm etmək gənc yazıçılar nəsli üçün yersiz məşğulyyətə çevrilir.Bununla bərabər Kraxt yeni Avropada və yeni sosial-mədəni dünya məkanında almanların milli identivliyi mövzusunu burada cəsarətlə səsləndirir.Romanın final epizodunda-adsız qəhrəman Çürixdə qəbristanlıqda Tomas Mannın qəbrini axtararkən xeyli vaxt veyillənir, dalaşmalı olur – bu çox əhəmiyyətlidir."Ad vasitəsilə -intertekst burada "Doktor Faust” romanı ilə səsləşməklə həyata keçir. T.Mann "İki Almaniya” versiyasına iddia edir – "pis” və "yaxşı”” .Kraxtın fikrincə "başqa” Almaniya var, hansı ki, qəhrəmana uzaqdan Şvessar Alpının zirvəsindən görünür.Adsız qəhrəmana Almaniya içərisində seçilmişlər yaşayan nəhəng naşın kimi görünür.
"Faserland” romanının personajı- gənc intellektual Nigel- ruhi boşluğu aradan qaldırmaq, əsrin "hamlet xəstəlyinə”- həddindən çox toxluq, üzüntüyə, həyata qarşı nifrətə qalib gəlməyə çalışır. "Nigel –müasir Faustdur.Biliyə qarşı acgözdür.Onun evində çoxlu coğrafi xəritə, divarada minlərələ kitab olan otaq gimnaziyanın yaşlı müəllimlərinin (yevrey və və qədim yunan dilini yaxşı bilən) evini xatırladır. Beləki, "milyarda kitab” Nigelin biliyə olan marağını( ehtirasını, coşqun həvəsini) söndürə bilmir”. "Faust”yanə tələblər yenilikdən, yeni axından  yeni bilikləri tələb edir. Gənc filosofun fikirincə narkotika naməlum dünyaya xüsusi, orijinal buraxılış vərəqidir ki onun vasitəsilə dünyanı sonsuza qədər tədqiq və dərk etmək olar.
"Faserland” romanında müxtəlif problemləri əks etdirən K.Kraxt təkcə Almaniyanı deyil, bütün dünyanı düşündürən suallara cavab tapmağa səy göstərmiş və toxunduğu problemlərin həllinə sənətkarcasına müvəffəq ola bilmişdir. Bütün yer üzünə mənəvi böhranla bağlı mesaj göndərməklə yazıçı "ata yurdunun” simasında dünyanın "təmizlənməyə” ehtiyacı olduğunu insanların nəzərinə çatdırmışdır.


Ədəbiyyat

1.Ağayev Ə. Aligeri Dante və onun „İlahi komediya"sı. A.Dante. İlahi komediya. Bakı. Yazıçı. 1988
2.Баскакова  Т.  «Параллельная литература» в Германии рубежа тысячелетий: романы  Кристиана Крахта и их культурный контекст. Русский журнал. 2004, N:67
3.Крахт  К.   Faserland. Москва. АdMarginem, 2001. 239 c.
4.Kracht Chr. Faserland. Koln Kiepenheuer undWitch, 1995. -165s. 
5.Толстой  А. Галагтика поп-арта. «Новая юность», 2001, N:1
6.Пост-модернизм энциклопедия. Минск. Интерпрессервис, Книжный дом. 2001, 1040 с.
7.Роман  Кристиана Крахта  «Faserland» современном межкультурном контексте. «Каталог статей», 2010, 13 апрель
8.Соколова Е. С Востока на Запад и обратно: литература Германии после объединения. «Иностранная литература». 2003, N:9
9.Чугунов Д.А.  90-е годы как начало новой немецкой литературы. Вестник  ВГУ. Серия: Филология. Журналистика. 2005, N:2

Edebiyyat.biz