Rahid Ulusel. Nəyi ataq, nəyi tutaq?! (ŞEİR)

Rahid Ulusel. Nəyi ataq, nəyi tutaq?! (ŞEİR)

Nəyi ataq, nəyi tutaq?!
Kimlə duraq, kimlə yataq?!
Necə alaq, necə sataq?!
Hardan çıxaq, hara bataq?!
Kimə harda necə çataq?!
Söz tutası hanı qulaq?!
Kilidlənib neçə dodaq?!
Kilidləyib hansı qoduq?!
Millətmi bu – otaq-otaq?!
Pəhləvanı kötük-kötük?!
Qiyam çağı itik-itik?!
Qibləmizi hara qoyaq?!
Rəngimizdir hansı boyaq?!
Çarəmizdir hansı çildağ?!
Özümüzü yeyək – doyaq?!
Hansına biz güvənək ki –
İtdən tapaq, bitdən – dayaq?!
Sönmürükmü çıraq-çıraq?!
Çiynindənmi yükü atar,
Nəyi şaxlar boynu saplaq?!
Gövdə sınıb, yoxsa budaq?!
Bu Vətənin təməlində
Divarıq biz, yoxsa suvaq?!
Nəyi gizlər süzük duvaq?!
Kimi seçək, kimi qovaq?! 
Kimdir gəlmə, kimdir qonaq?!
Quyruqda biz, başda çolaq?!
Çobanıq biz, yoxsa çomaq?!
Hərlənərək başımızda,
Çatlayacaq hansı çanaq?!
Sipərimiz dizdə yamaq?!
Bəlkə sinə, bəlkə qundaq?!
Qabağında təpələrin
Çırtıq çalıb dingildəsin,
Havalansın, de, hansı dağ?!
Hər yan dümdüz, bu düzəndə
Necə çapmaz ayğır-alçaq?!
Nədə sapmaz fikri oyaq?!
Ortalıqda heç nə yoxmuş –
Ayaqdakı bircə çarıq,
Başdakı da yırtıq papaq?!
Eh...
Qarışdırma tığ başımı,
Qərb agenti – Müsyö Pıtraq!