Rasim Ziya - Uğurun əsl sirri - SEVGİ

Rasim Ziya - Uğurun əsl sirri - SEVGİ

İnsan daim irəliləmək; daha yaxşı, daha mükəmməl hala gəlmək istəyir. Və bu istək onu cəhd etməyə sövq edir. Zəif iradəli insanlar elə ilk uğursuz cəhddəcə yorulub geri çəkilir. Bununla da mübarizə yolu yavaş-yavaş təmizlənməyə başlayır. Güclü şəxslərsə, var qüvvələrini toplayıb növbəti dəfə cəhd etməyə hazırlaşırlar: ikinci, üçüncü, dörd, beş… və s. Onlar heç vaxt təslim olmur! Onların lüğətində uğursuzluq deyə bir şey yoxdur… Sadəcə nəticələr vardır. Bəs bu insanların sirri nədir? Onları fərqləndirən cəhət hansıdır? Gəlin bu sualın cavabını birgə tapmağa çalışaq...

Yuxarıda «zəif iradəli» deyə adlandırdığım insanlar əslində heç də zəif deyillər. Sadəcə istəkləri, sevgiləri kifayət qədər güclü deyil! Fikrimcə, insanın bütün daxili keyfiyyətlərinin gücü məhz sevginin gücündən asılıdır. Sevgi burada dar mənada deyil, daha geniş mənada işlənmişdir. Yəni, burada təkcə əks cinsə qarşı duyulan sevgidən söhbət getmir. Öz peşəsinə, məsləyinə, amalına qarşı da duyulan sevgidən danışılır. Bu ali hiss insana nələr etdirmir! Fərhadı qayaları çapmağa məcbur edən nə idi?! Yaxud körpəsi əsir alınmış ata övladının qaytarılması üçün nələr etməz ki?! Babəki ərəblərlə 22 il mübarizə aparmağa sövq edən nə idi!? Təbii ki, bütün bu sualların cavabı sevgidir! İstər cinsi sevgi olsun, istər övlad sevgisi, istərsə də azadlıq… Bu misalların sayını istədiyimiz qədər artıra bilərik. Lakin nə qədər artırsaq da dəyişməz olaraq qalan tək bir şey olacaq: SEVGİ! Bu hiss insanlara Allahın hədiyyəsidir! İnsan kimliyindən asılı olmayaraq bu hiss qarşısında acizdir! Ona görə də sevin! Sevməyə elə bu gündən, bu andan başlayın! İşinizi, peşənizi, özünüzü, ata-ananızı, Allahı və s. Sevdiyinizi əldə etməsəniz, əldə etdiyinizi sevməli olacaqsınız… Eynşteyn deyirdi ki, bir insan cəhd etməkdən yorulmadıqca, məğlub olmuş sayılmaz… Yorulmayın! Hərəkətə keçin!