Rauf Ra - Bəsitlik və tələskənlik arasında...

Rauf Ra - Bəsitlik və tələskənlik arasında...

Məşriqdən qeydlər:

"Sənsizliyin baş hərfi" şeirlər kitabını oxuyub bitirərkən kitabın sonluğunda ədəbiyyatşünas Məti Osmanoğlunun El Romanın şeirləri haqqında dediyi bu fikirlərlə rastlaşdım:

"El Roman ədəbiyyata mövcud qaydaları "pozub”, öz qaydaları ilə gələn şairlərdəndir. O öz yaşantılarını şeirin əzbərlənmiş qanunları ilə deyil, yaşantılardan doğan, yaşantılara tabe olan qaydalar ilə təqdim edir. Onun şeirlərinin orijinallığı da bundadır.” 

Ümid edirəm ki, ədəbiyyatşünasımız bu fikirləri kitabı oxuduqdan sonra qeyd edib. İronik səslənsə də, tərsinin olma ehtimalını düşünmək, heç də təəcübləndirmir. 

Bu formada olan yanlış və ifrat fikir hiperbolası barındıran dəyərləndirmələr gənc şairə (bu cür ifadələri sevmirəm, sadəcə burda olan "gənc etiketi" gediləcək yolun indi başladığını unutmamaq xatirinədir) göstərilən istiqamətin yerində dəyişkən, silindrik qrafikli səciyyəsindən ötə mahiyyət daşımır. Səbəb? Əvvələ qayıdaq.

Qeyd edim ki, şeirlərdən seçdiyim misralar epizodik xarakterli deyil, kitabın - şeirlərin struktur və mahiyyətini daha yaxşı analiz edə bilmək üçün ümumiləşdirilmiş seçimlərdir.

"Nə olsun ki cismimə, ruhuma tamam yadam,
hələ ürək döyünür.
Böyüdükcə anladım, gülüm, sən demə adam
ad günündə böyümür.

Elə eyni qalırsan, uzaqbaşı yaş artır,
bir də bir az təcrübən.
Getdikcə eyniləşir həm gündüzün, həm gecən,
dəyişirsən tədricən."

Heca və qafiyə ritmikliyinin klassikləşmiş axınına yapışdırılan, bəsit, lakonik təsvir edilə biləcək, qəlib doldurmaq funksiyasında olan uzun-uzadı ifadələr. 

Şüurun əksər hallarda qafiyəyə fokuslanaraq, "sonluq bəzəmələri"nə can atması - kuliminasiyanın tamamilə unudulub "final tələskənliyi"nin yaşanması.
Bu problem El Romanın əksər şeirlərində poeziyadan daha ön plandadır. Bəzi şeirlərində ənənəsindən üz döndərməyə çalışsa da, sadiq vərdişindən hələki yaxa qurtara bilmir.

Bunu da qeyd edim ki, "represiyya vahiməli", on dörd və yeddi strukturlu misraları gördükdə "üslub" deyə fısıldayanlara xatırlatmağa ehtiyac var ki, işlənilmiş qəlib daxilindəki forma dəyişikliyi, var olan üslubun sadəcə fəsil - rəng dəyişimidir. Məsələn, klassikləşmiş memarlıq üslubundakı əsas göstərici sayılan sütunların proporsionallığını (simmetriya, ölçü) dəyişsək, üslubun sadəcə formasını dəyişmiş olarıq. Üslub bu qədər asanlığın və formalizmin nəticəsi ola bilməz.

"Ümidimə qar yağa, qardan həyat düzəldim,
dizi keçincə qayıt.
Sol qolumu dişləyib sənə saat düzəldim,
izi keçincə qayıt."

Ümumilikdə "duyğu radiasiyası" ötürən iki misranın ilki yuxarıda sadaladığım bəsitlik və özündən sonrakı misra üçün formal qapı xarakteri daşısa da, ikinci misranı şaquli təhlilə çəkmək mümkündür. 

"Sol qolumu dişləyib sənə saat düzəldim,
izi keçincə qayıt."
Zaman dərkinin çətinliyinin sadə məhfum üzərinə köçürülməsi və bu qədər çətin, mexaniki təsvirin ifadə edilməsi zamanı səmimiliyin qətiyyən itirilməməsi. Təqdirəlayiqdir.

Lakin kitabdakı şeirlərdə bu cür kompleks misralar barmaqhesabıdır. Hesablamağa çalışsaq belə, balaca uşaq kimi ikidən-üçdən sonra yenidən əvvələ qayıda bilərik.

Umumiləşdirsək, El Romanın hələki forma üzərində boşu-boşuna sağa, sola fırlandığını, düşüncəsinin - şeirlərinin qarışıq halda olduğunu - sadəlik axtarışında olarkən bəsitliyə, "qapını möhkəm çırpa biləcək" misra axtarışında olarkən isə səssizliyə yuvarlandığını, mütaliəsinin isə çox az olduğunu qeyd etmək olar.

Çoran və Bataillenin poeziya təxəyyülü çevrələrinin kəsişən yerini - "həqiqi poeziyanın bilinən poeziyanın tam əksi olması və ya həqiqi poeziyanın bilinən poeziyadan kənar başlamasını" Morrison belə tamamlayır:

"Həqiqi poeziya heç nə demir, sadəcə imkanları göstərir."

Xülasə, poeziya yol yox, sadəcə qapı açır. Və ya qapı yox, qapı tutacağı rolunu oynayır, kimi də demək olar.

"Gözümün qabağında uşaqlaşan,
Dərdimdən qaçıb uzaqlaşan
qızın xətrinə bağışla məni.
Çirkin ürəyimə rəğmən mənimlə qucaqlaşan
qızın xətrinə bağışla məni." 

El Romanın belə qulaq parçalayan misraları hazırda o qapıdan uzaq olsa da, kitabının çapına tələssə də, bunları El Romana bağışlamaq üçün xeyli səbəb, gələcək üçün isə xeyli ümid var. Amma Məti Osmanoğlunu bağışlayıb-bağışlamamaq artıq El Romanın verəcəyi qərardır.