Rauf Ra. Postmodernizm üçün ölüm-qalım məsələsi...
Esse
- 30.03.2021
- 0 Şərh
- 11198 Baxış
İncəsənətdə zaman və cəmiyyət timsalı ilə ardıcıllaşan cərəyanların spesifik zaman kəsiklərini yaratma cəhdinin, özlərindən əvvəlki proseslərə (keçmiş cərəyanların yaratdığı formal qaydalara) "davamlılıq və ya inkarlıq yaratma” planı daxilində edilməsi bəllidir.
Yaranan hər mərhələ ya özündən əvvəlki mərhələnin formalizmini dəyişdirərək, yeni formada keçmiş gedişatın davam etdirilməsinə, ya da var olan sxemin tamamilə inkar edilməsinə ehtiyac duyur. Bu mülahizənin dəqiqliyi üçün hər hansısa bir hadisənin müəyyən qisminin müşahidələri yekununda əldə edilmiş nəticənin, hadisənin digər qisminə, yaxud hamısına şamil edilməsini nəzərdə tutan elmi tədqiqat üsuluna – ekstrapolyasiyaya müraciət etmək kifayət edir. Yalnız bu ekstrapolyasiya üsulunu sadəcə nəticə əldə etmək üçün deyil, yaranacaq yeni faktların, məlumatların öyrənilməsinə istifadə etsək, bir çox sənətşünasların fikrinə görə, postmodern dövrün gəlişi ilə sənət daxilində yaranmış xaosun yeganə xilaskarı olacaq yeni dövrün – metamodernizmin öz zaman kəsiyini yarada biləcəyini, yaradarsa, üstələdiyi postmodernizmə – inkarçıya qarşı xilaskar – inkarlıq, yaxud gözlənilənin əksinə olaraq fərqli formada davam etmə funksiyasını yerinə yetirəcəyini qismən təxmin etmək mümkündür.
Ötən əsrin 70-ci illərində ortaya çıxan metamodernizm termininin strukturlaşması, XXI əsrin ilk on illiyində holland filosoflar İmoteus Vermyulen və Robin van den Akkerin yazdıqları "Metamodernizm haqqında qeydlər” adlı esse sayəsində baş tutdu.Esseyə görə, "meta” aralığı – qütblər arasındakı hərəkətliyiyi və zaman kəsiklərində, onun mərkəzdə yerləşməsini ifadə edir. "Meta”nın etimalogiyası isə Platonun "metaxis” termininə dayanır. Metamodernizm postmodernizmin çərçivəsizlikdə bir yerə topladığı klassik müəllif yoxluğu, dağınıq, qara ironiya, sarkazm və s. kimi postmodern ünsürlərin əksinə, ümumilikdə itirilən məna üzərində restorasiya və interpretasiya proseslərinin aparılması üçün açılan yeni qapı, yeni mərhələdir.
Metamodernizm anlayışının çox yaxın keçmişdə yaranması səbəbindən, cərəyana konkret anlam vermək doğru olmaz. Cərəyanın indilik ifadə etdikləri, yaxud mənim anladığım qədəri ilə ifadə etdikləri cərəyanın indiki gedişatının restorasiya səbəbli, dağıdıcı funksionallıq ilə irəliləməsidir. Bu irəliləmə hazırda sadəcə müqayisə mülahizələri ilə aparıla bilər.
Cərəyanın mahiyyətinin açılması postmodernizmin dərk edilməsi və sonradan dərk edilənlərin inkar edilməsi ilə baş tutur. Lakin buradan birbaşa metamodernizmin postmodernizmi tamamilə inkar etməsi nəticəsini çıxarmaq bir qədər yanlış olar. Çünki inkaretmə prosesinin aparılması üçün, təsdiq olunanın – hazırda olan mülahizələrin varlığı labüddür. Fərqli formada desək, postmodernizmin yaranışı artıq bir gün metamodernizm yaranacağının işarəsinə çevrilmiş, özündən əvvəlki dövrlərə inkarlıq prizmasından yanaşması isə, özündən sonrakı dövrün də bu xarakterində özünə bənzəyəcəyini bəlli etmişdi.
Umberto Eko hər bir dövrün sonluğunda öz postmodernizmini yaratdığını yazır. Yəni yaranmış mərhələlər son illərindəki – tarixə çevrilmə mərhələlərində yeni dövrün yaranması işartılarını görərkən, yaranan xaos nəticəsində öz postmodernizmlərini yaradırlar. Tənəzzül son təsəllisini – qapını möhkəm çırpma istəyini bu formada nümayiş etdirir.
Postmodernizmin, "post-postmodernizm”i də metamodern dövrün başlanğıcı, postmodernizmin isə tənəzzülünün ışartısı idi. Bu isə postmodernizmin metamodern dövrün həm əvvəli, həm də sonluğu olduğu anlamına gəlir. Davamiyyət prosesini yaradan inkaretmə funksiyası, özünün davam etməsi üçün formal olaraq davametmə funksiyasına da yerinə yetirir.
Yəni "itirilmiş dəyərlərə, təbiətə, ümumilikdə məna yükünə qayıdış” kimi görünən metamodernizm, postmodernizm üçün həm "olum”, həm də "ölüm” mərhələsidir.
Sim-sim.az