Raymond Karver. Son bir şey (Hekayə)

Raymond Karver. Son bir şey (Hekayə)

Raymond Karver (1938–1988) — amerikalı yazıçı və şair, XX əsr qısa hekayə janrının qabaqcıl adlarından biri sayılır. Minimalist üslubu ilə tanınan yazıçı; gündəlik həyatın sakit, lakin dərin dramatizmini əks etdirən hekayələri ilə məşhurdur. 


LD-nin arvadı Maksin bir axşam işdən evə qayıdanda onu sərxoş halda, on beş yaşlı qızları Rayanı incitdiyini görüb bir an belə tərəddüd etmədən evdən qovdu. LD və Raya mətbəxdə əyləşib qızğın mübahisə edir, səsləri küçədən eşidilirdi. Maksin səsləri eşidəndə nə paltosunu soyunmağa, nə də çantasını yerə qoymağa fürsəti oldu.

— Ana, ona de! — Raya dedi. — Danışdığımızı yadına sal, ona de!

LD stəkanı barmaqları arasında fırladır, amma içmirdi. Maksin ona diqqətlə baxdı.

— Öz işinlə məşğul ol, — LD dedi. Sonra soyuq və istehzalı səslə əlavə etdi: — Gününü astrologiya jurnallarına baxmaqla keçirən birini necə ciddi qəbul edim?
— Astrologiyanın bununla nə əlaqəsi var axı? — Raya etiraz etdi. — Məni təhqir etmə!

Qız artıq neçə həftə idi ki, məktəbə getmirdi. Deyirdi ki, orada onu heç kim heç nəyə məcbur edə bilməz. Maksin isə cavab vermişdi ki, bu, sadəcə ucuz dramların uzun sırasına əlavə olunan yeni bir epizoddur.

— İkiniz də bir dəqiqə susa bilərsiniz? — Maksin əsəblə dilləndi. — Başım çatlayır!
— Ana, de ona! — Raya təkid etdi. — De ki, hər şey onun beynindədir. Bunu hamı bilir!
— Bəs şəkərli diabet? — LD küncdə gizlənən sarkazmla soruşdu. — Bəs epilepsiya? Onlar da beyində başlamırmı?
Stəkanı götürüb birnəfəsə içdi. Baxışlarını Maksinə zillədi.
— Diabet də, — Raya təsdiqlədi, — epilepsiya da. Gördün? Beyin insan bədəninin ən güclü orqanıdır, unutma.
Siqaretini çıxarıb sakitcə yandırdı.
— Bəs xərçəng? — LD dilləndi. — Xərçəng necə?
Düşünürdü ki, buradan onu tutacaq, söhbətin gedişini özünə tərəf çevirəcək. Yenidən gözlərini Maksinə zillədi.

— Bilmirəm, bu nöqtəyə necə gəlib çıxdıq, — Maksin dedi.
— Xərçəng də, — Raya atasının sözlərinə etinasızca cavab verdi və başını təəccüblə buladı. — O da beyində başlayır.
— Cəfəngiyatdır bu! — LD qışqırdı. Masaya yumruğunu vurdu. Külqabı tərpənib yerindən sıçradı, şüşə stəkan isə döşəməyə düşüb yuvarlandı. — Dəlisən, Raya! Başa düşürsən?! Dəlisən!
— Kəs səsini! — Maksin sonda partladı.

Paltonun düymələrini açıb çantasını mətbəx masasının üstünə çırpdı. LD-yə baxıb dedi:
— LD, mən bezmişəm. Rayadan da, səndən də, səni tanıyan hər kəsdən də. Hər şeyi ölçüb-biçmişəm. Mən səni bu evdən çıxarmaq istəyirəm. İndi. Dərhal. Rədd ol. Bu dəqiqə.

LD getmək fikrində deyildi. Gözləri stolun üstündəki turşu bankasına sataşdı. Bankanı götürüb pəncərədən çölə atdı.

Raya qorxudan yerindən sıçradı:
— Allahım! O dəlidir! — deyə bağırdı və anasına tərəf qaçdı.
— Polisə zəng et, — Maksin ona dedi. — Vəziyyət getdikcə çirkinləşir. Səni vurmazdan qabaq mətbəxdən çıx. Dedim, polisə zəng et!

Maksinlə Raya çıxışa doğru geriyə çəkilməyə başladılar.
— Gedirəm, — LD dedi. — Yaxşı, indi çıxıram. İnan mənə, sənsiz yaşaya bilərəm. Onsuz da bu dəlixanada hər şey güllük-gülüstanlıq deyil.

Pəncərədən əsən soyuq hava yanağına toxundu.

— Mən oraya gedirəm, — barmağı ilə uzağı göstərdi. — Oraya.
— Lap yaxşı, — Maksin dedi.
— Yaxşı, mən gedirəm, — LD bir daha təkrar etdi.

Əlini masaya çırpdı, stulunu ayağı ilə itələdi və ayağa qalxdı.

— Məni bir daha görməyəcəksiniz!
— Olsun, — Maksin dedi. — Mən səni heç vaxt unutmayacağam.
— Elə olsun.
— Hə, davam et, — Maksin əlavə etdi. — Burada hər şeyin pulunu mən ödəyirəm. Ona görə də çıx, yox ol.
— Gedirəm! Ağlama. Gedirəm.

Yataq otağına keçdi. Şkafdan köhnə, süni dəridən ağ bir çamadan çıxardı — qapağı sınıq idi. Kollecə gedəndə sviterlərini orada saxlayardı. Çamadanı çarpayının üstünə atıb alt paltarlarını, şalvar və köynəklərini, bir neçə sviteri və corablarını yığmağa başladı. Tumbanın üzərindən bir neçə jurnal götürdü. Külqabını da unutmadı. Nə sığırdısa, çamadanın içinə basdı. Sonra qapağı bağlayıb qayışını dartdı. Amma birdən yadına düşdü — gigiyena vasitələri hələ yığılmamışdı.

Şkafın içində, Maksinin şlyapalarının arxasında plastik bir kosmetik çanta tapdı. İçində ülgüc, təraş kremi, ətir, dezodorant və diş fırçası vardı. Hamısını götürdü. Qonaq otağından hələ də səslər eşidilirdi. Üzünü yudu. Boş bir qutuya sabun və dəsmal, sabun qabı, güzgü, dırnaq qayçısı yığdı. Çantası tam bağlanmasa belə amma buna fikir verəcək vəziyyədə deyildi. Paltosunu geyindi, çamadanı götürüb otaqdan çıxdı.

Maksin onu görəndə Rayanı möhkəm-möhkəm qucaqladı.

— Budur, — LD dedi. — Sağ olun. Nə deyəcəyimi bilmirəm. Yəqin ki, bir daha görüşməyəcəyik. — Rayaya baxdı. — Sən də... sən və sənin o qəribə fikirlərin...
— Get! — Maksin sərt səslə dedi. Rayanın əlindən tutdu. — Kifayət qədər qan-qaraçılıq salmısız. Hə, LD, çıx. Bizə toxunma.
— Unutma, — Raya əlavə etdi, — bütün problem sənin beynindədir.
— Gedirəm... daha nə deyim, — LD ah çəkdi. — Gözüm hara baxırsa, oraya getmək istəyirəm. Bu dəlixanadan nə qədər uzağa, bir o qədər yaxşı.
— Əgər bura dəlixanadırsa, deməli, səbəbi sənsən, — Maksin cavab verdi.

LD çamadanı yerə qoydu, bağlanmayan qutunu onun üstünə yerləşdirdi. Ayağa qalxıb onlara baxdı. Maksinlə Raya geriyə çəkildilər.
— Ana, ehtiyatlı ol, — Raya pıçıldadı.
— Mən ondan qorxmuram, — Maksin əminliklə cavab verdi.
LD boş qutunu qoltuğunun altına aldı, çamadanı götürdü. Bir anlıq dayandı.
— Getməmişdən əvvəl son bir şey demək istəyirəm, — dedi.
Amma nə deyəcəyini özü də bilmirdi.

Tərcümə etdi : Malik Atilay