Ürək romanı – “Taclı”

Ürək romanı – “Taclı”

Yaxud mətnin tezislər şəklində şərhi

Zakir Məmməd

Yazıçı Nəriman Əbdülrəhmanlının yeni tarixi romanı "Taclı” adlanır. Roman səfəvilər dövlətinin təşəkkül və quruculuq illərini, o zaman baş verənlərin keçmişdəki və gələcəkdəki uzantılarını ehtiva edir. Azərbaycanın həmin dövr tarixinin fəlsəfəsi və fövqündə yer tutan əsas  fakt "Çaldıran” döyüşü və onun əsasında təfsir olunan sosial-siyasi durumdur. Belə məşhuri-cahan bir olaya ədəbiyyatın həssaslığı səbəbindən ölkəmizdə və ölkədən kənarda çoxlu elmi, bədii, publisistik mətnlər meydana gəlmiş, araşdırmalar edilmiş, bu diqqət və marağın bundan sonra da azalmayacağı yəqindir.
 
Nəriman Əbdülrəhmanlının bundan əvvəl də qələmə aldığı tarixi əsərlərin ("Könül elçisi”, "Yolçu”) tematikasında ortaq ədəbi dəyərlərin olduğu, bu mövzuda başqa əsərlərin yazıldığı məlumdur. Dünyada məlum, məşhur mövzu əsasında əsər yazılmasına aid yüzlərcə nümunələr vardır. Əslində, bu, yaxşı haldır. Birincisi, eyni ədəbi materialın istismarı zamanı hər yazıçının öz dəst-xəttini, yaradıcılıq potensialını nümayiş etdirməsi üçün yaxşı fürsət yaranır, eyni "əşyadan” kimin nə düzəltdiyi məlum olur. İkincisi, uğur əldə etmək üçün müəllif öz zövq və prinsiplərinə uyğun məsələlərdən yazmağa məhkumdur. Bundan başqa, tarix elmində faktın, məlumatın hər dövrdə yenidən şərhinə ehtiyac hiss olunduğu kimi, problemə yeni baxış vacib olduğu kimi, ədəbiyyat üçün də bağlı, qapalı və ya bitmiş mövzu yoxdur. Şah İsmayıl Xətayi mövzusunun bədii sözün çevrəsində geniş yer almasının səbəbini problemin tarixdəki mövqeyi, əhəmiyyəti ilə yanaşı, onun daha çox şüurlarda və ürəklərdəki əks-sədası ilə əlaqələndirmək lazımdır. Nəriman Əbdülrəhmanlının mövzu  seçimində olayın mübahisəli, araşdırma xarakterli olmağı da diqqət çəkir. Belə ki, mübahisəli məqamların, haqqında yazılan, söylənən rəy və mülahizələrin bir-birinə zidd olmaq xüsusiyyəti mövzunu gözəgəlimli edir və adamın ağlına o da gəlir ki, yazıçının həmin temaya müraciət etməsi bununla bağlıdır. Bu fikrimizi "Taclı” romanına da aid edə bilərik. Amma əsəri oxuduqdan sonra aydın olur ki, yazıçının Səfəvi hökmdarı Şah İsmayıl Xətayinin həyatından, onun arvadı Taclı Bəyimdən, dövlət işlərindən, "Çaldıran” döyüşündən və o döyüşün səbəblərindən, Azərbaycan dilində şeir yazan Şah İsmayılın, fars dilində şeir yazan Sultan Səlimin şəxsiyyət kimi qeyri-adi keyfiyyətlərindən və bütün olub-keçənlərin tarixi dərslərindən əsər yazması daha çox ədəbiyyatın tələblərindən və prinsiplərindən irəli gəlibdir. Əsərin adının "Taclı” olması da fikrimizi təsdiq edə bilər. Yəni tarixi fakt və hadisəyə münasibətdə yazar, necə deyərlər, ürəyinin səsinə qulaq asmalıdır. Bir qadın üçün ağır sınaqlara qatlaşmaq, həyatın amansız şərtlərinə dözmək, zərif vücud, ana, Şah Bəyim, "könül sultanı” kimi yaşamaq çətindir.
 
Əsərin "Taclı” adlandırılmasını onun annotasiyası kimi də qəbul etmək olar. Yazıçı, görünür, qələmi kövrək "cisim” üzərində işlətməkdən ehtiyat etmir. Onun "Yolçu” romanında da bu cəhət aydın bilinir. O boyda Nadir şah əhvalatı "Yolçu”nun, Mirzə Yusif Tiflisinin ixtiyarına buraxılır. Tarixin hadisəsi ədəbiyyatın hadisəsinə çevrildikdə hisləri, emosiyaları sarır, insanın halına təsir edir. Çünki bədii söz təkcə beyinləri deyil, ürək və duyğunu hədəfə alır, qəlbləri titrədir, sinirləri qıcıqlandırmaqla toplumun (oxucunun) rahatlığına, daşlaşmış sükunətinə, durğunluğuna son qoyur. Toplum başını qovzayıb dörd bir tərəfinə göz gəzdirməli olur. Baxır ki, dünyada nə var, nə yox. 

Əsərin fabulası da heç nəyi -- motivasiyanı şərtləndirən ən xırda detalı belə nəzərdən qaçırmayaraq məkanın, zamanın bütün konturlarını eyni ölçüdə təsvir etməyə hesablanıb. Hər bir fakt, hadisə nəzərdən qaçırılmayacaq dəqiqliklə yerində və yüksək zövqlə, əlahiddə səliqəylə istifadə olunduğundan elə təsəvvür yaranır ki, oxucunu həyəcanlandırmaqdan ötrü iri, xırda -- bütün personajlara bərabər vaxt, zaman, əmək sərf edilibdir. Ona görə də əsərdəki lirik ricət və əhvalatlar vəhdət halında "qızıl suyu” ilə  işlənərək kitaba yazılır və orada ən kiçik haşiyənin də öz yeri vardır. Mətn özünü gah şeir kimi, gah musiqi, gah rəsm əsəri, gah da epik vüsət qazanmış poema kimi təqdim edir. "Taclı”nı sevgi romanı adlandıra bilərik. Burada vətənə, insana, sənətə bənzərsiz sevginin orijinal xəritəsi tərtib edilibdir.  Romanın 299-cu səhifəsində yazılır: "… Həşt-behişt sarayına sükut çökmüşdü, arabir keşikçilər bir-birini səsləyirdilər, sonra kimsə gecənin dərinliyində Şahın misralarını söylədi: "Eya könül quşu, derlər, bahar imiş, mənə nə? Büsati-eyş əcəb ruzigar imiş, mənə nə?” Səs qəfildən titrəyib kəsildi, görünür, söyləyənin qəhərdən boğazı qovuşmuşdu. Taclı bəyim özü də hiss etmədən o şeirin ardını söyləməyə başladı: "… Axıtdı yaşımı dövran, batırdı qanıma əl, Rəqib əlindəki dəsti-nigar imiş, mənə nə?!” Şah bu qəzəli Çaldıran vaqeəsindən sonra onun Təbrizə gəlib burda Taclı Bəyimin sarayda olmadığını eşidəndə, sonra düşmən tərəfindən əsir alındığı xəbərini alanda qələmə alıbdır. "Amma Şahın "mənə nə”sində qəzəbindən çox, sevdasından küsən aşiqin fəryadı vardı, Taclı Bəyim də o fəryadı duymuş, ötən il Şaha bildirmədən qəzəlin üzünü Şah Mahmuda köçürtdürüb mücrüsünə qoymuşdu”. Bu kiçik sitatdan məlum olur ki, əsəri yazmaqda yazıçının bir niyyəti oxucusu ilə qəlb göynədən, könül dağlayan, eyni zamanda ruh oyandıran poetik bağlantı qurmaq olubdur. "Taclı”dakı əhvalatlar ayrı-ayrı şəxslərin məsələn, Hafiz Məhəmməd İsfahaninin oğlu Həsənin, gah Gülşəni təxəllüslü şairin, Gah Əbdi bəy Şirazinin, gah xəttat Nizaməddin Məhəmmədin dilindən, yəni qrammatik baxımdan birinci şəxsin dilindən söylənir, ya da üçüncü şəxsin dilindən -- ardı-arası kəsilməyən təhkiyənin, bəni-insanı könül söhbəti etməyə çağıran müdrik, dünyagörmüş bir ruh adamının – təhkiyəçinin bələdçiliyi ilə tarixə və könül dünyasına yollar açılır. Bu cür şirin, istedadlı təhkiyə yazıçının nəsrinin ən spesifik cəhətlərindən biri kimi həm də onun üslub özəlliklərini əks etdirir. Bu, adi təsvirlələ bəzədilmiş nağılvari təhkiyə deyildir. Mətnin poetik qayəsi ilə uzlaşan, ideya məzmununu ifadə edən, nitqin "enerji vahidlərinin” düzgün sərf olunmasını təmin edən təhkiyədir. 
 


Nəriman Əbdülrəhmanlının "Yolçu” romanının 161-ci səhifəsindən bu sitatı alaq: "Həzrəti Əlinin bir kəlamı var, min qapıdan, yüz min qaladan içəri girə bilərsən, amma kiçik bir könülə girə bilməzsən”. Doğrudan da, ürəyə yol tapmaq çətindir və bunu bacarmaq ancaq hünər sahiblərinin işidir. Bədii əsər yazmağın bir könül işi kimi dəyərləndirilməsi təzə söhbət deyildir və  könülləri, qəlbləri fəth etməyin, ayrı cür desək, ürəyə yol tapmağın savabı yerə-göyə sığmaz. "Yolçu”dan əvvəl yazılmış "Yolsuz” romanında "yol”un "hər bir halını” görürük. Yol tanıdınmı, bu yola düşdünmü, bu yolu izlədinmi, bu yolda irəlilədinmi, bu yoldan kənara çıxmadınmı, mənzil başına gedib "sağ-salamat” yetişə biləcəksən. Deməli, "yol” kəlməsi ilə simvolizə olunmağın təfərrüatlarına da ötəri bir nəzər salmaq olar. "Yolçu” romanında olduqca ağır, gərgin və dramatik süjetin üzərində cərəyan edən çoxqatlı hadisələrin bir könül əhvalatı olduğunu oxucu "pak, təmiz vücudu”, kövrək qəlbi ilə yüz faiz qəbul edir. Həmin o yanıqlı, duyğulu, kövrək... yaşantıların daha əvvəl qələmə alınmış "Könül elçisi”ndə, sonra gələn "Qurban”da, daha sonra "Taclı”da davam etdiyini, qəlbləri sızlatdığını, gözləri ağlatdığını görürük. Deməli, bu tarixi əsərlərin aparıcı obrazları silsiləsində yol başlanğıcı var. Yol çıxış nöqtəsidir, istəkləri, ideyaları təyinetmə vasitəsidir. Azərbaycan tarixinin bir neçə dövrünü örtən hadisələr zəncirində "Yolçu”dakı ürək yanğısı, məhzun ovqat, saçaqlı, naxışlı dil onun digər romanlarında da ədəbi-estetik düşüncəyə yoldaşlıq edir. Müasir həyatdan bəhs edən "Yolsuz”da böyük, dolanbaclı, labirintli yola hazırlıq görülür. Yolların "sıxlığı” Taclıda da aydın görünür. Qoy onu da yazaq ki, bu əsərin timsalında bütün yolların – ağrılı-acılı, həsrətli-məhəbbətli, dərdli-nisgilli yolların Təbrizdən başlayıb Təbrizdə bitməsi adamı məmnun edir. Təbriz elə bil bütün bu yolların Şahıdır. Ardınca Ərdəbil, İsfahan, Sultaniyyə, Qunstantiniyyə, Lahican, Ərzincan, Qəzvin, Diyarbəkr, Herat, Bağdad, Qars... – Gündoğan, Günbatan, Məşriq, Məğrib ləfzi ilə məlumatın, xəbərin hər yana nəqli həyata keçirilmiş olur. Bundan sonra yollar məqsədlərə, arzulara doğru gah ayrılır, gah gəlib münasib bir zamanda və məkanda qovuşur. Sonra, yolun, yola, yolu, yolda, yoldan şəklində -- ismin altı halında çoxçıxışlı, çoxişarəli paradiqma "Yolçu”da birləşir, yenidən "Qurban”da, "Taclı”da şaxələnir, epik vüsət qazanır. Bu romanların hər birində yer adları, şəhərlər, qəsəbələr, karvansaraylar, meydanlar, türbələr, camelər, bağlar, iqamətgahlar çoxsaylı obrazlar silsiləsində xüsusi vurğu ilə sadalanır, mətnin enerji daşıyıcısı kimi assosiasiya olunur. Hələ orda adlar təkcə bunlarla məhdudlaşmayaraq on altıncı yüzilin ictimai-siyasi mənzərəsini əks etdirən bədii leksikanı sitimullaşdırır. Nitqə emosionallıq gətirən təbii qüvvəni – isti-soyuq küləkləri, suları, yaz, payız yağışlarını, yayın istisi, qışın soyuğunu, bir sözlə mətnə "təbii hava və iqlim” bəxş edən komponentləri də buraya əlavə edə bilərik. Ana dilimizin lüğət tərkibini araşdırmaq üçün, mətn dilçiliyinin tədqiqat obyekti kimi "Taclı”, o cümlədən, yazıçının digər romanları zəngin bir qaynaqdır. 

Nəhayət, bilənlərə məlum olacaq ki, "gözəgörünməz” bir əlin işarəsi, sirli-sehirli bir təhkiyənin ritmi, ahəngi ilə bütün baş verənlər tarixin, həm də bədii söz tarixinin yaddaşına yenidən yazılasıdır və ədəbiyyatdakı dəngələr yenidən müəyyənləşməlidir. Romançılıq fəlsəfəsinə yeni  baxış sistemi işlənib hazırlandıqca, narratologiyada (təhkiyə strukturu), dil və üslub yaradıcılığında innovasiyalar oturuşduqca ədəbi sistemə nəzərən meyar və prinsiplər də sürətlə dəyişir və ya dəyişəcək. Modern üslubda yeni estetik təmayüllərin axtarışı yönündə bəzi ədəbi qruplar formal cəhətdən bu işi görür, bəziləri uğursuz eksperimentlər səviyyəsində fəaliyyət göstərir, bir qismi də altmışıncı illər dediyimiz epoxanın dil və təhkiyə metodikasına yenə də istinad etməyi tərcih edir. N.Əbdülrəhmanlı kimi yazıçılar fərdi, müstəqil yol seçərək, mətnin yenidən qurulması məsələlərinə kompleks halda yanaşaraq, dialoqu, konflikt və dramatizmi, ovqatı, nəşə və kədəri təhkiyə strukturunun tərkib hissəsinə daxil etməyə üstünlük verirlər. İntellektuallıq Əbdülrəhmanlının nitqinin kompozisiyasına, cümlə konstruksiyasına, ən xırda dil elementlərinə tamamilə sirayət edərək şüurun, yaddaşın, emosiyanın eyni vaxtda oyanıqlığını təmin edir.     

"Könül elçisi”, "Yolçu”, "Qurban”, "Taclı” – dörd romanın hər biri intellektual oxunuş tələb edir və həmin əsərlərin ümumi ortaq xətti, eyni zamanda ayrılıqda hər birinin cürbəcür komponentlərinin tamlığı tarixiliklə müasirliyin, elmiliklə bədiiliyin qovuşması şəraitində bəlirlənir. Tarixin poeziyaya və ya poeziyanın tarixə yol yoldaşlığı fəlsəfi və həyati gerçəklik olaraq Nəriman bəyin əsərlərində təsdiqini tapır. Onun söz və fikir "cəbbəxanasında” ehtiyat məmulatlar zəngindir. Onun sayı bilinməyən dil və nitq işarələri ilə kodlaşmış istedadı geniş epik lövhələr yaratmağa qabildir.

Nəriman Əbdülrəhmanlının tarixi romanlarında millətçilik və dövlətçilik fəlsəfəsi ilə qlobal dəyərlər bir-birini tamamlayır. Bu dörd əsər: "Könül elçisi”, "Yolçu”, "Qurban”, "Taclı” sanki Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Dağılmış, süqut etmiş xanədanların, Azərbaycan ərazisinə məxsus hakimiyyətlərin sanki yenidən təşəkkülü, onların əsas sütunlarının, bünövrəsinin bərkidilməsi, etibarlı şəkildə yenidən restavrasiyası baş verir. Bədii söz sanki tarixin bəzən uçurub dağıtdıqlarının bərpası sahəsində misli-bərabəri olmayan bir vasitədir. Daha doğrusu, bu əsərləri mütaliə zamanı  insanda belə bir təsəvvür yaranır. Belə təsəvvür yaranır ki, o xanədanların qurulmasında, dövlətçilik ənənəsinin davam etdirilməsində sərf olunan siyasət və ağıl qədər, güc və iqtidar, aparılan hərb və əməliyyatların sayı, həcmi qədər yazıçı dil, təhkiyə, paradiqma sərf etmişdir və ya etməlidir. 

Nəriman Əbdülrəhmanlı yazdığı tarixi əsərlərlə keçmişlə gələcək arasında "işıq xətti” yaradır. Ya belə ifadə edək, onun "yanar zəka”sından (Asif Ata), ürək qanından nəql edilən işığın toplumun "halını, güzəranını” yaxşılaşdıracağına əminik. Təhkiyə ustalığı deyilən söz var. Nəhəng səssiz nəhrlər kimi axıb gedən canlı təhkiyənin içində ötüb keçmiş günlərin ağır, qəlb göynədən xatiratını və sonrakı ömrün təfərrüatlarını, şahların, hökmdarların hakimiyyət ehtiraslarına bağlanan zövq və üzüntüləri, min illərlə yaradılan söz və rəng sənətinin, rəssamlığın, xəttatlığın, boyaçılığın, böyük bir mədəniyyətin min dürlü halını ifadə etmək yazarın görəcəyi çox zor işlərdir, vəzifələrdir. Bu baxımdan, sonuncu, romanda da sənətkarların, nəqqaşların, rəngkarların, rəssamların, kitabçıların, təzkirəçilərin, cildçilərin yazdıqlarının, çəkdiklərinin, bir sözlə, mədəni irsin, insan istedadının nümayişi oxucunu heyrətə salır. 

Nəriman Əbdülrəhmanlının tarixdən yazdıqları təkcə tarixin romanı deyil, həm də ədəbiyyatın, poeziyanın, ruhun, kədərin, mənəviyyatın romanıdır. Bütövlükdə onun yaradıcılığını ürək romanı adlandıra bilərik. Yazıçının adlarını çəkdiyimiz əsərlərində könül adamlarından tez-tez söhbət açılır. Nəriman bəyin qələmi üçün bütün kilidlərin açarı "könül” kəlməsi ilə bağlıdır. İlk tarixi romanının "Könül elçisi” adlandırılması təsadüfi sayıla bilməz. Bu "könül əhvalatı” "Yolçu”da bir ayrı kövrəkliklə, ruhsallıqla qəlbi etizaza gətirir. Yazıçı Kamal Abdulla "Yolçu”nu "möhtəşəm əsər” adlandırır. Həmin möhtəşəmliyi yaradan texnologiya sonrakı əsərlərdə bir daha tərəqqi edir, nəticədə analitik mətnin yeni variantları meydana gəlir. Tarixi əsər yazmaq həm də yazıçının güclü, çoxsahəli mütaliəsi, çoxlu, bir-birinə zidd fakt və mülahizələrin araşdırılması, dəqiqləşdirilməsi yönündə çəkilən ağır, gərgin zəhməti ilə başa gəlir. Tarixi mövzu bədii əsər şəklində tirajlandıqda bu, unudulanları yada salır, alternativ "həqiqətlər” meydana gəlir, mübahisə və fikir dartışmalarını daha intensiv edir,  zaman-zaman gündəmi zəbt etməklə olayı təhlil və tədqiqat predmetinə çevirir. 

"Taclı”da ideyanın və konfliktin düzgün bədii təqdimatı nəticəsində qalibiyyət və haqlılıq (haqlı tərəf olmaq) statusuna yiyələnmək çabasında bulunan hökm sahibləri, əmirlər, sultanlar zərərdidə  qismində "yola salınır”. Sultan Səlim də, Cənnətməkan Şah da səhnəni "nakam” tərk edirlər. Şahbəyim də çoxlu ailə və dövlət  qayğılarının girdabında əziyyət çəkir, yaxınların, doğmaların itkilərindən doğan ağır kədəri yaşayır, çətin də olsa, üzərinə düşən missiyanı sonacan davam etdirməyi bacarır. Amma əvvəlində olduğu kimi, sonunda da həyatın amansız zərbələrindən qurtula bilmir. Son fəsildə Xoca Nəcmi ilə Əbdi bəy arasında gedən söhbəti həm tarixdən, həm həyatdan ibrət almaq üçün burada xatırlatmağı məqəsədəuyğun sayıram. "Sevilən adam olmaq hörmət duyulan adam olmaqdan daha yaxşıdı. Çünki hörmət bəzən məcburiyyətdən doğa bilər, amma sevgi həmişə ürəkdən gəlir”. Zəncan karvansarayında bir dərvişdən eşitdiyi bu sözləri Əbdi bəy xatırlayır və hesab edir ki, "Taclı Bəyim həm sevilən, həm də hörmət edilən Allah bəndəsi olduğuna görə haqqı mütləq özünə qayıdacaq”.  Şirazda dünyasını dəyişən və orada dəfn olunan Taclı Bəyimə bu cür ölüm layiq deyildi. "Taclı” əsəri ilə o haqq sahibinə qaytarılmış sayılmalıdır. Hesab edirəm ki, bizdən qabaq olub keçənlərin, yaşayıb, iş görənlərin, adı tarixə düşənlərin, sevilənlərin və hörmətə layiqlərin haqqını özünə qaytarmaq baxımından "Taclı” da bir örnək, bir dərsdir. Buna görə əsərin müəllifinin də öz halal haqqını alacağına inanırıq. 

Deməli, Sultan Səlimlə, Şah İsmayıl arasında 1514-cü ildə Çaldıran düzündə baş verən cəng və ondan əvvəl və sonra yaranan ictimai-siyasi durumun söz konusu olduğunu qeyd etdik.. Əlbəttə, tarixi olayın necə baş verdiyini araşdırmaq ədəbiyyatdan daha çox tarix elminin vəzifəsidir. Amma bədii həqiqət deyilən gerçəyə cəmiyyətin həssas münasibəti də tarixi bir gerçəklikdir. Ona görə bədii müstəvidə ortaya çıxan tarixi, ya ədəbi-mədəni plüralizmə o səviyyədə də münasibət bildirilməsi yaxşı haldır. Məqsədimiz, Azərbaycanda və ölkədən kənarda yazılmış "Çaldıran” əsərlərindəki bəzi məqamlarının müqayisəsi, Taclı Bəyimin əsir düşüb-düşməməsi, Şahın və Sultanın şəxsiyyəti, siyasi fəailiyyətləri ilə bağlı  bilgilərin əsərdəki yerini axtarmaq deyil. Amma eyni tarixi dövrü əks etdirən roman müəllifləri arasında Nəriman Əbdülrəhmanlının tam fərqli orijinal üslubunu, fərqli leksikasını seçib ayırmağı lazım bilirik. Romanın bədii dəyərini, yazıçının sənətkarlıq keyfiyyətlərini öyrənməyi və ədəbiyyatımızın uğurlarına imza atılmasını daha faydalı hesab edirik. Ona görə problemə təkcə yazıçının uğuru kimi yox, ədəbiyyatımızda nəyin baş verdiyi kontekstində məsələyə yanaşmaqla fikirlərimizə haqq qazandıra bilərik. 

Beləliklə, yazıçı dillərdə, kitablarda məşhur olan bir tarix əhvalatını bədii mətnə çevirib, Şah İsmayıl Xətainin təbirincə desək, "qəmli könülləri şadlandıran” mükəmməl bədii əsər yaradıbdır. Taclı obrazı ilə bu əsər ənənəvi siyasi idarəçiliklərdə qadın amilinin hansı səviyyədə rol oynaya biləcəyi sahəsində öyrəndiyimiz bilikləri xeyli təkmilləşdirməyə xidmət edir. Yol yenə irəlidə ağarır. Dəspinə Xatun, Aləmşah Bəyim, Taclı Bəyim... Uzun illər, hətta sovet dövründən sonra da xalqın öz doğmaca tarixini necə mənimsəməsi sahəsində ölkə vətəndaşının psixoloji durumunun sahmana salınmasında əsərin sitimul ola biləcəyini düşünürük. Tarixi roman mətni kimi "Taclı” ədəbiyyatşünaslıq elminin tədqiqatları və nəzəri təhlilləri üçün ən yaxşı ədəbi material sayılmağa layiqdir. Məsələn, yazıçı Kamal Abdulla "Yolçu”dan bəhs edərkən yazmışdı ki, "Burada hamı var – dərvişlər, tacirlər, tarixçilər, saray əyanları, alimlər, salnaməçilər, avantüristlər, əxlaqlı və əxlaqsız qadınlar, yolkəsənlər, qatillər, qurbanlar, saray ağaları, əskərlər, nökərlər, keşikçilər, mollalar, hacılar, məliklər… burada kimlər yoxdu?! Burada müəllf yoxdur.” Müəllifin varlığını hiss etdirməməsi modernist üslubun bir xüsusiyyətidir. Bu əlaməti Nəriman Əbdülrəhmanlının digər mətnlərində də görürük. Onda kim necə istəyir, mətni o cür oxuyur və "könlü istədiyi kimi” başa vurur. Məsələn "Taclı”da sözün yaxşı mənasında söz oyunu o qədər məharətlə qurulub ki, oxucu bunların həm də onun öz başına gəldiyini zənn edir. Burada bir incə nüansı da yada salmaq lazımdır. Oxucunun bütün olayların onun öz başına gəldiyini zənn etməsinin birinci səbəbi, əlbəttə ki, mətnin ciddi mədəniyyət hadisəsi kimi ərsəyə gəlməsi, yüksək bədii dəyər kəsb etməsidir. Digər səbəb isə sevgili Vətənin tarixinin yanıqlı yerlərinin ürəklərdə, könüllərdə hələ də qövr etməsi, səngiməyən sızıltısı ilə bağlıdır. Ancaq tarixin özündə də, romanda da bütün olub keçmiş çoxsaylı qətliamların, qırğınların, aclıq və səfalətlərin, dünyanın hər yerinəcən şöhrəti, səs-sorağı yayılan incəsənət bilgilərinin, qurulan dövlətlərin, imperatorluqların, müzəffər yürüşlərin, xatirələrin, sevgi iztirablarının və əlbəttə, könül əhvalatlarının arxasında bir yanar ürəyin, müdrik, demokratik düşüncənin, humanist ədəbi prinsiplərin olduğunu mütləq qeyd etməliyik. Ona görə də çoxsaylı "Çaldıran vaqeələri” içərisində "Taclı” fərqli fakturası ilə nəzəri cəlb edir. "Taclı” bir neçə cür oxunmağa layiq əsərdir və bu əsəri hər dəfə fərqli qavrayışda oxumaq mümkündür. Roman çoxlu sayda iç-içə xırda, iri mətnlərdən ibarətdir. Bir fraqment digəri ilə mübadilə edilərkən "təhvil-təslim”in hansı anda baş verdiyini təyin etmək olmur. Bir təhkiyəçinin nitqinə başqa birinin müdaxiləsi elə baş verir ki, o məqamı gözlə ayırd etmək olmur. 

"Taclı” tarixi roman olduğuna görə orada obraz olaraq "tarixin iştirakını” nəzərə almaya bilmərik. Yazıçı buna böyük ustalıqla nail olubdur. Bu əsərdə (onun digər əsərlərində də) əlyazmaların, şərqli, qərbli şahidlərin, o dövrün tanınmış şəxsiyyətlərinin şəhadəti ilə ayrıca mətnlər qurulur. Məsələn, Taclının həyatına, şəxsiyyətinə baxış, münasibət sərgiləmək üçün bir neçə mənbənin "məlumatlarına” istinad edilir, bəzən eyni hadisələr təkrarən söylənilir. Əslində, bu, ayrı-ayrı müəlliflərin, o zamanın şahidlərinin gözü ilə olaya münasibəti ifadə eləmək, tarixin predmeti olan konkret bir dövrü incəliklərinə qədər öyrənməyə cəhd etməkdir.  

Əsər haqqında təəssüratlar təkcə burada yazdıqlarımızla bitmir. Əsərin özünün qəlbə, şüura təsir imkanlarının genişliyi qədər onun haqqında rəy və mülahizələr də geniş, çoxtərəfli səciyyə daşıyır. Böyük bir təhkiyəvi mətn təsiri bağışlasa da, orada kamil bir dram əsərinə məxsus əlamətlərin olduğunu təyin etmək asandır. Bu üzdən, "Taclı” dialoji mətndir və iki hissədən ibarətdir. Mətnlərin dialoqu da deyə bilərik. Burada "səssiz”, "səsli” monoloqları da nəzərdən qaçırmaq olmaz. Çox az hallarda tarixi romanlarda lirikanın zənginliyini müşahidə etmək olur. Yüksək poetik vüsətilə seçilən bu əzəmətli mətndən beyinə elə bədii bilgilər sızıb qalır ki, belə şəraitdə babaların tarixdəki səhvlərinin zərbələrindən beyin qansızması baş vermir.   

 "Taclı” romanında yeri gəldikcə nəqqaşlardan, rəssamlardan, xəttatlardan, rəngkar və boyaçılardan söhbət açılır, bəzi hadisələrə onların gözüylə qiymət verilir. Rəsm, musiqi, ədəbiyyat, bir sözlə mədəniyyət ümumbəşəri ünsiyyətin dili kimi onun romanlarında aparıcı rol oynayır. "Taclı”nın da bir əlamətdar cəhəti sənət adamlarının fəaliyyətinin və taleyinin qabardılmasıdır. Əsərin intellektuallıq dərəcəsini yüksəldən amillərdən biri elə budur. Professor Bədirxan Əhmədli N.Əbdülrəhmanlının "Yolçu” romanını polifonik əsər adlandırır. Bu xüsusiyyət yazıçının digər əsərlərində də var. "Taclı”da da səslərin, rənglərin, hekayətlərin, fakt və anlayışların, bir sözlə nitq üçün vacib olan bütün bədii detalların yerbəyer edilməsi poetik təbəqə kimi mətnin gözəlliyini və uzunömürlülüyünü təmin edir. Əsərin ən tipik cəhəti onun Azərbaycan tarixi ilə yanaşı, Azərbaycan mədəniyyəti barədə də səhih informasiya verməsidir.   

Romanda Şahın zövcəsi Taclı Bəyimin (Şahbikə xanımın) Sultan Səlimə əsir düşmədiyi, əsir düşüb rumluların Taclı Bəyim adlandırdıqları qadının Bəhruzə bəyim də olmadığından və türklərə Taclı Bəyimin "sədaqətli bacılarından” biri olan Gülsənəmin əsir düşdüyündən məlumat verilir və bu, oxucunu qane edir. Mənə elə gəlir ki, tarixi həqiqətin necə olmağından asılı olmayaraq, yazıçının öz əsərində hadisəni öz istədiyi şəkildə təsvir etməyə tam haqqı vardır. Əgər hər hansı müəllif mübahisəli olayı özü bildiyi kimi və ya ona sərf etdiyi kimi şərh edirsə, bir başqası da onu ayrı bir formada yozmaqda, izah etməkdə haqlıdır. Bir şeyi də nəzərə almaq lazımdır ki, tarixi şəxsiyyətin nə cür xarakterə, hansı əmələ sahib olmağından asılı olmayaraq, yazıçı öz düşüncəsindəki bədii obrazı yaratmaqda sərbəstdir. Çünki yazıçı təkcə tarixin diktəsinə deyil, öz arzu və ideallarının reallaşmasına əsaslanmalıdır. Fikrimizcə, Nəriman Əbdülrəhmanlı bu əsərdə tarixi həqiqətlərə sadiqliyini də isbat edə bilibdir.