Rövşən Yerfi. Yol kənarındakı yeməkxana (Hekayə)
Proza
- 03.06.2021
- 0 Şərh
- 9727 Baxış
Böyük ehtiramla dostum Xəzərə...
Yolun kənarındakı həmin yeməkxana idi, bir az da böyüyüb genişlənmişdi. Maşını yeməkxananın həyətinə, uzun söyüdlər bitən yuxarı başına sürüb saxladı:
- Çatdıq. Düşün dincəlin, yemək də yeyərik, - maşındakı həyat yoldaşına və iki azyaşlıya tərəf səsləndi. Dalısıyca kömək məqsədilə qapıları açıb onların maşından düşməsinə kömək etdi. – Siz gedin o küncdəki stolda əyləşin, - yeməkxananın üzbəüz durduqları küncündə görsənən boş yeri göstərdi, - mən də əlimi yuyub gəlirəm.
Yoldaşı bir söz deməyib, uşaqları qarşısına qatıb o göstərən stola tərəf getdi. Əl yumaq bəhanə idi, əslində o, bu bəhanə ilə yeməkxananın yan-yörəsini gəzib hərtərəfinə diqqətlə baxmaq istəyirdi.
Ömrünün bugünkü gününü bu yeməkxana üçün ayırmışdı. Bakıdan ailəsini götürüb yüz əlli kilometr maşın sürməkdə məqsədi bu yol qırağındakı yeməkxanada doyunca çay içib, bişirilən xörəklərdən dadmaq idi. Zarafat deyildi, uzun illərdən sonra nəhayət ki, arzusuna çatmışdı...
Yoldakı, kiçik yeməkxanada istədiyi qədər yeyib-içmək çoxdankı, lap çoxdankı arzusu idi. Yadındadır tələbə vaxtlarında rayonlarından Bakıya gedəndə, sərnişinlər dincini almaq üçün avtobuslar əsasən bu yeməkxananın qarşısında dayanırdı. Eşitdiyinə görə avtobusu burada saxladığı üçün sürücüyə yeməyi havayı verirdilər. Sərnişinlər də yarım saat ərzində doluşurdular yeməkxanaya. Kimi küftə yeyirdi, kimisi kabab sifariş edirdi. Ən kasıblar isə çayla başlarını qatırdılar.
Onun heç çay içməyə də pulu olmurdu. Pulsuzluğunu bildirməmək üçün ləngiyib avtobusdan hamıdan gec düşür, sonra nəzərdən yayınıb yaxınlıqdakı ağacların kölgəsində gözdən itirdi. Adamlardan avtobusa qayıdan görən kimi həyətdəki krandan bir-neçə ovuc su içib nümunəvi sərnişin sayaq tez öz yerini tuturdu. Bu bir yox, bir-neçə dəfə baş vermişdi. Hər dəfə yeməkxananın qarşısında saxlayıb öz ailəsi ilə maşından düşən, ürəyi istədiyini alan qayğısız adamlara gizli həsəd hissi ilə baxıb arzulamışdı: "ay , Allah, kaş bir gün mənim də maşınım olsun, ailəmlə gəlim bu yeməkxanada doyunca çörək yeyim... İnşəallah, gələrəm...”
Amma, o illərdən çox illər keçdi. Çətinliklər, imkansızlıq daim onunla yoldaş oldu. Əsgərliyini çəkdi, gənc kadr adı ilə neçə-neçə yerlərdə işlədi. Evləndi, illərlə kirayələrdə yaşadı, bir otaqlı ev aldı, sonra da işlənmiş bir köhnə maşın aldı. Bütün bunlar ona nə az, nə çox – düz iyirmi ilə başa gəldi. Son üç-dörd ildə isə vaxt tapa bilmirdi. Yeniyetməlikdən qalan arzusunu həyata keçirmək istəyəndə hər dəfə gözlənilmədən bir iş, qayğı ortaya çıxırdı. Məcbur olub təxirə salırdı. Şükür ki, bu gün istəyinə yetmişdi...
Həmişə ovucu ilə su içdiyi kranda əllərini tələsmədən yudu. Ətrafdakı ağaclıq deyəsən, bir az seyrəlmişdi. İri gövdəli ağacların yerini cavan pöhrələr tutmuşdu. Yəqin köhnə ağacları kəsib, yerinə cavan ağaclar əkiblər, - düşündü. Həyat belədir, qocaları mütləq bir gün cavanlar əvəz edir. Gəl ki, bu cavan agaclardan heç biri o zamankı qara tut agacının yerini verməyəcəkdi. Ağacların arasında əzəməti və yaraşığı ilə seçilən, keçmişdə qalan tut ağacını xatırlayıb heyifsiləndi. Adətən yeri görsənən insanın ölümünə acıyırmış kimi...
Yoldaşı və uşaqları yerlərini tutub onu gözləyirdilər:
-Mahir, nə uzun çəkdi sənin bu əl yumağın, gəl çıx da, - yoldaşı gileyləndi.
-Sifariş verməmisiz?
-Gözlədim ki, gəlib özün deyəsən.
-Nə yemək istəyirsiz?
-Sən nə yesən...
-Mən? Əvvəl çay içək, hər bir dərdin dərmanı çay,çay, çay... Sonra kabab gətirər.
O, ofisiantı çağırıb sifarişini etdi və gülümsər baxışlarını ailəsindən əsirgəmədi:
-Hə, istirahət edin, ürəyiniz istəyən qədər dincəlin, yeyin, için. Buralar xeyli dəyişib. Stolları təzələnib, divarları rənglənib, hər tərəfi səliqəlidir. Keçmişdə burada bir balacaboy kök kişi, eni uzununa bərabər aşpaz işləyərdi. Bayaq mətbəx tərəfə göz gəzdirdim görmədim. Bəlkə də rəhmətə gedər. Bişirdiyi yeməklərin iyindən adam halbahal olardu, illah da ac olanda. Çayı da, xörəkləri də hamısını bir otaqda hazırlayardı. İndi yox, fikir verirəm çay ayrı, xörəklər ayrı, kabab isə tamam ayrı yerlərdə hazırlanır. Ancaq nədəndisə xörəklərin əvvəlki xoş ətri gəlmir.. Bilirsən də sizi bura niyə gətirmişəm, - yoldaşına xatırlatdı, - yadındadı, sənə çoxdan bir arzum haqqında danışmışdım. Bax, hə, bu gün həmin arzuma çatdığım, ona qovuşduğum gündür.
Bu arada həyətə bir avtobus daxil oldu. Qapısının açılması ilə sərnişinlər həyətə tökülüşdülər. Düşənlərdən sonra özünü axtarırmış kimi diqqətlə avtobusun içərisinə tərəf baxdı. Bir-neçə yaşlı qadından savayı kimsə görünmürdü, bəlkə də sərnışınlərin arasında yenə harasa yayınmışdı. İstədi yerindən durub arxasınca getsin, özünü ağacların altında axtarsın, tapsın... Cəhdinin uğursuz alınacağından qorxub, fikrindən daşındı...
O, ofisiant gətirən pürrəngi çaydan hamıya süzüb deyə-gülə, özünü şən tutmağa çalışsa da ürəyini sıxan qəribə düşüncələr beynini çulğaladığı üçün fikirli görsənirdi.
-Nə oldu sənə, niyə fikirlisən, - yoldaşı soruşdu.
-Heç, əhəmiyyət vermə. Mən hərəkət dolu yola baxanda özümdən asılı olmayaraq qeyri-adi hisslər keçirirəm. Görürsən.., bir an ara vermir, cürbəcür nə qədər maşın o tərəf – bu tərəfə gedir. Elə bil, qarşı – qarşıya iki çay axır. Bu maşınlarda yüzlərlə adamlar, talelər var. İyirmi il əvvəl də belə idi, maşınlar sürətlə şütüyürdü. İyirmi il sonra da belə olacaq. İnsanlar dəyişsə də bu yol duracaq. Mən dəniz ləpəsinə, axar çaya baxanda da beləcə fikirləşib heyrətlənirəm. Axır, axır, sanki, zamanın, zaman məfhumunun bunlara aidiyyəti yoxdur. Elə özləri də zaman kimidilər...
-Bu düşüncələrin hamısı yaşlaşmağından irəli gəlir, - indi yoldaşı gülümsədi, - iyirmi il əvvəl belə şeylər ağlına gəlirdi?
Bu zaman orta yaşlı ofisiant yanaşıb isti kabab tikələri dolu boşqabı stolun üzərinə qoydu:
-Nuş olsun, yenə nə istəyiniz olsa deyərsiz.
O, getmək istəyən ofisiantı saxladı:
-Qardaş, sizdən bir söz soruşmaq istəyirəm. Olar?
-Buyurun, eşidirəm.
-Çoxdan burada işləyirsiz?
-Beş ildən çoxdur, necə bəyəm?
-Həyətdəki ağaclıqda bir böyük tut ağacı vardı. Bəlkə yadına gələr. O cür gözəl ağacı hansı insafsız kəsdi?
Ofisianat bir qədər düşünüb etiraz etdi:
-Xeyr, bu həyətdə tut ağacı olmayıb. Gördüyün ağaclar da təzə əkilib, iki- üç il olar.
-Yox, qardaş, olub. Yaxşı fikirləş. Ağlım kəsəndən yeməkxananın həyətində həmişə qara tut ağacını görmüşəm, su kranının yanında. Uşaqlıqdan bu yoldan gəlib-gedən adamam, indi mənə bu yeməkxananı tanıdacaqsan? Ola bilsin siz o ağac kəsiləndən sonra işləməyə başlamısız...
-Bildim, hansı ağacı deyirsiz, -ofisiant axtardığını tapmış təki sevindi. – O ağac əvvəlki yeməkxananın həyətində idi.
-Necə əvvəlki yeməkxana, başa düşmədim, - təəccübləndi.
-Bax, o yolun ortasını görürsən, - ofisiant əli ilə iyirmi metr aralı yolun mərkəzini göstərdi, - yeməkxana əvvəlcə yolun kənarı olan orada idi. Üç il qabaq yolu genişləndirdilər. Oradakını söküb həmin formada yenisini burada tikdik. Tut ağacını heyif ki, köçürə bilmədik...
Valideynləri dünyadan köçəndən sonra, daha ardıcıl hər il kəndə getmirdi. Rayona gedən yolun genişləndirilməsini bir dəfə televizorda görmüşdü. Ofisiantı dinlədikcə arzusunu ilk dəfə danışdığı uşaqlıq dostunun üç il qabaq ona təlaşla zənd edib xəbərdarlıq etməsini xatırladı: " - Ayə, eşitmişəm ki, o dediyin yeməkxana plana düşüb, yolu genişləndirirlər, bu günlərdə sökəcəklər. Tez elə, geciksən arzun gözündə qalacaq...” O zaman başı kiçik oğlunun xəstəliyinə qarışmışdı, heç bir arzu-filan gözünə görükmürdü. Başı qarışdı, həmkəndlisinin xəbərdarlığını da unutdu.
"Demək belə...Demək bu yeməkxana, o yeməkxana deyilmiş,” - kədərlə düşündü. O yol kənarındakı yeməkxana gəncliyində qalmışdı. Buraya isə onu elə oxşar köçürüblər ki, eynilə köhnəsi kimidir...
Qəmləndiyini görən yoldaşı könlünü almağa çalışdı:
-Fərqi nədir, orda olmasın, iyirmi metr bu yana olsun. Yol eyni, ərazi eyni... Kefini pozma, şükür et, bu gün də olsa, axır ki, bizi bura gətirib arzuna nail olmusan, istəyinə qovuşmusan...
-Əlbəttə, şükür, - təsdiqlədi.
Şükür deməyib neyləyəsydi ki? Taleyi əzəldən belə idi. Nəyi istəmişdisə dəyərdən, qiymətdən, ləzzətdən düşəndən sonra əldə eləmişdi. Həmyaşıd dost-tanışları arasında hamıdan gec evlənmişdi, hamının evi olandan sonra, onun da evi olmuşdu. Çoxusu maşın alandan sonra, o da maşın almışdı. Olmaya Allah onu nədəsə birinci edib nəzərə getməsini istəmirdi, ona görə həmişə sona saxlayıb axırıncı edirdi?! İstəyə, sifarişə baxmırdı. Nə yaxşı ki, gec də olsa arzuladıqlarını bir gün qismət eləyirdi, yoxa lənət. Bu hesabla yaşıdları içində, görən ölümü də axırıncı onamı nəsib edəcəkdi? Ölüm də gözdən, hörmətdən düşəndən sonra... "Yox, Allahım, nə günah sahibiyəm ki, o iztirabı da mənə çəkdirəsən, ən azı bu məsələdə də seçilməyimə imkan verməyəsən, bir daha məni sona gecikdirəsən?..”
Ürəyindən keçən xahişə dodağı qaçdı. Əhvalının durulduğunu hesab edən yoldaşı və uşaqları ürəklənmişdilər: təkrarən kabab istəyirdilər. Bu gün onların bayramı idi...
Bayaqkı avtobus yavaş-yavaş həyətdən yola çıxırdı. Əks istiqamətdən gələn başqa bir avtobus isə onun yerini tutmağa hazırlaşırdı. Bir anlığa yenə haradansa içinə yola düşən avtobusa ləngimək, gecikmək qorxusu, narahatlığı yayıldı, çölə baxdı: su kranı tərəfdə, ağacların altında tələsən kimsə gözə dəymirdi...
Gəncliyi necə pünhan gəlmişdisə, eləcə də gözə dəymədən yox olmuşdu…
07.2012.