Sənət əsərinə çevrilən quru yarpaqlar (FOTOLAR)

Sənət əsərinə çevrilən quru yarpaqlar (FOTOLAR)

Adanada universitet illərindən ənənəvi türk əl sənəti ilə məşğul olan, kağız, taxta və metal üzərində oymaçılıq edən İsmayıl Fəzilət, quru yarpaqların üstündə xətt yazıları, heyvan fiqurları və müxtəlif rəsmlər işləyir.

Anadolu agentliyi məlumat verir ki, dövlət qurumlarından birində mühəndis kimi fəaliyyət göstərən İsmayıl Fəzilət kiçik yaşlarından rəsmlə məşğul olmağa başlayıb. Tələbəlik illərindən yarpaqlar üzərinə naxış həkk etməyə başlayan İ. Fəzilət sonradan bu istiqamətdə işlərini daha da genişləndirib. O, xüsusi olaraq bir sıra bitkilərin yarpaqlarını qurudur və onların üzərində əsl sənət əsərləri yaratmağa başlayır.
 


Fəzilət, yarpaq üzərində oyma sənətinin çətin və əziyyətli bir iş olduğunu bildirərək deyib: "Yarpaqlar diqqətlə seçilib işlənir. Əvvəlcə

yarpaq qurudulur, sonra naxış yarpağa köçürülür.

Yarpağın üzərində ərəb hərflərindən, həmçinin türklərə aid motivlərdən istifadə edirəm. Ənənəvi və ya müasir üslubda da insanların çəkdiyi gözəl fotoları oyuram. Əlbəttə bu iş çox çətin və əziyyətli. Yarpaq üzərində işlədiyim zaman naxış qurtarana qədər yerimdən tərpənmirəm. Yerimdən durmadan saatlarla üzərində işlədiyim işlər olub” (AzərTAc).