Tehran Əlişanoğlu. Müasir ədəbi prosesin təhlili metodologiyası (müstəqillik illəri təcrübəsindən)

Tehran Əlişanoğlu. Müasir ədəbi prosesin təhlili metodologiyası (müstəqillik illəri təcrübəsindən)

Bu günlərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Şirindil Alışanlının təşəbbüsü və təşkilatçılığı ilə "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri” mövzusunda Beynəlxalq elmi konfrans oldu. Olduqca rəngarəng mövzular sırasında müasir ədəbi prosesə girməyin metodoloji problemlərini qabartmaq mənə nəsib oldu.


Ədəbi tənqidin funksionallığı ədəbiyyatın praktikasına bağlıdır. Tənqid nəzəri gücünü, potensialını tarixdən, tarixən qazandığı ədəbiyyatşünaslıq yaddaşından alırsa, gerçəkliyi, gerçəkləşməsi ədəbi prosesdən, günün ədəbiyyatından asılıdır.

Azərbaycan ədəbi tənqidinin bugünlü ölçülərini iki onillikdir yaşadığımız müstəqillik illəri verir. Müstəqillik illərində yaşanan ədəbi proses iki pillədə (1990-cı illər və 2000-ci illər) ehtiva olunduğu kimi, ədəbi tənqidin prosesi təhlil cəhdləri də iki mərhələdə differensiallaşır.

Birinci mərhələdə ədəbi-bədii gedişat tənəzzül keçirdiyi halda, ədəbi tənqidin nəzəri gücü tarixi yaddaş hesabına gərəyincədir; ətalətlə yaşanan prosesləri bütün aydınlığı ilə idrak edirsə də, amma ədəbiyyata təsir imkanları, funksionallığı az qala sıfra bərabərdir. Hətta ədəbi tənqidin statusu, gərəksizliyi barədə inkar mövqeləri formalaşır. Bu, müəyyən tarixi təcrübəsini yaşayıb tükətmiş, praktikanın fövqünə yüksəlmiş ədəbiyyatın durğunluq halıdır; biliklər, dəyərlər, yaddaş varsa da, gərəksizləşmişdir, tətbiqini tapa bilmir.

İkinci mərhələdə əksinədir: yeni tarixi-mədəni kontekst artıq yeni ədəbiyyat praktikasını gətirmişdir; ədəbi tənqidə kəskin hacət var, ədəbi prosesin təhlil zərurəti müqabilində bu dəfə tənqid istənilən fəallığı göstərə bilmir. Tənqid köhnə nəzəri bazası ilə yeni ədəbi təcrübəyə girə bilmir; praktikanın dərki ləngiyir, biliklərin yenidən dəyərləndirilməsi lazım olur; ədəbi tənqidin statusu xeyli dərəcədə metodologiya axtarışlarından asılı olur.

İllüstrasiya və faktlara keçək. 1990-cı illərin ədəbiyyat təcrübəsini, tənqid və ədəbi proses münasibətlərini ümumiləşdirən xeyli məqalə və tədqiqat var: Elçinin "Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri” silsilə məqalələri (2002) [Elçin, Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesin problemləri. Bakı, "Çinar-Çap”, 2003.  s. 7-51]; Tehran Əlişanoğlunun "Ədəbi tənqidin nəzəri problemlərinə dair” məqaləsi (2000) [Tehran Əlişanoğlu. Ədəbi tənqidin nəzəri problemlərinə dair. – "Ədəbiyyat qəzeti”, 27 oktyabr 2000-ci il ]; Elnarə Akimovanın "Azərbaycan ədəbi tənqidi müstəqillik illərində(1990-cı illər)” monoqrafiyası (2009) [Elnarə Akimova. Azərbaycan ədəbi tənqidi müstəqillik illərində (1990-cı illər). Bakı, "MBM”, 2009].

Və o da əlamətdardır ki, həmin elmi ümumiləşdirmələr bilavasitə 1990-cı illərin bitdiyi, yeni əsrə keçid anında meydana gəlmiş; deməli, dolayısı ilə həm də bir daha ədəbi tənqidin özünü və ədəbi prosesi səciyyələndirmək, nəzəri dərk etmək iqtidarında olduğunu nümayiş etdirmişdir. Hətta bu zaman AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Tarixi poetika şöbəsinin müdiri Şirindil Alışanovun təşəbbüsü ilə metodoloji problemlərə həsr olunmuş  ayrıca konfrans keçirilmiş və materialları dərc olunmuşdur [Ədəbi-nəzəri fikir iki əsrin qovşağında, Bakı, Elm, 2001].

Ədəbi-bədii proseslə yanaşı, 1990-cı illərin öz, məxsusi, fərqli bir "tənqid təcrübəsi” var. Elçinin 1991-də qələmə aldığı "Ədəbi proses. Olum ya ölüm” məqaləsindən başlayaraq, prosesə ardıcıl və universal baxışları; Vaqif Yusiflinin "Azərbaycan”, "Ulduz” jurnallarında ardıcıl çıxışları və kitablarında toplanan məqalələrində formalaşdırdığı tənqidçi mövqeyi; Tehran Əlişanoğlunun "Press-fakt”, "Ədəbiyyat qəzeti” və "Bizim əsr” qəzetlərində nümayiş etdirdiyi tənqid platforması; Cavanşir Yusiflinin "Cahan” jurnalında və bir neçə kitabında təqdim elədiyi yeni tənqid axtarışları; Rüstəm Kamalın vaxtaşırı "əyalət məktubları”ndan görünən ədəbi prosesə "kənar müdaxilələri”; həmçinin zaman-zaman yazıları ilə ədəbi gedişata təsir göstərməyə çalışan Rəhim Əliyev, Nadir Cabbarlı, Nizami Cəfərov, Əsəd Cahangir və həmin dövr üçün daha az məhsuldar digər tənqidçilərin çıxışları müstəqillik illəri birinci onilliyinin tənqid təcrübəsindən danışmağa imkan verir. Onu da qeyd edək ki, yeni əsrin astanasında bu təcrübəni də yekunlaşdırıb, "yeni”yə rəvac verməyə yönəli yığcam bir araşdırma mövcuddur [Tehran Əlişanoğlu. Ədəbi tənqidin suçu və suçsuzluğu. – "Ədəbiyyat qəzeti”, 27 dekabr 2002-ci il]

1990-cı illərin ədəbi tənqid təcrübəsini ümumiləşdirən bir nominal təsnifat var; "Ədəbi tənqidin nəzəri problemlərinə dair” adlı məqalədə 1990-cı illər tənqidinin bilik və səviyyə göstəriciləri: "1) Anarxiya tənqidi; 2) Neomaarifçi tənqid; 3) Tətbiqi tənqid” deyə qeydə alınmışdır [Tehran Əlişanoğlu. Ədəbi tənqidin nəzəri problemlərinə dair. – "Ədəbiyyat qəzeti”, 27 oktyabr 2000-ci il]. "Anarxiya tənqidi” adı ilə burda ədəbi prosesdə 1990-cı illər boşluqlarını xarakterizə edən, kortəbii şəkildə, ətalətlə, "tənqid vərdişləri” üzərində qurulan hadisələr nəzərdə tutulur. Əksinə, "neomaarifçi tənqid” 1960-80-ci illərin tənqid təcrübəsini ehtiva edir; buraya yüz il ərzində Azərbaycan ədəbi tənqidinin qazandığı bilik arsenalı, romantizm, realizm ədəbiyyatı, sovet dövrünün inqilabi dəyərləri və  qismən də XX əsr modernizminin zəminində hazırladığı bədii-estetik prinsiplər və yaradıcılıq platforması aiddir. Sovet dövründə bir də bu təcrübəyə girməyən, yaxud da gərəyincə girə bilməyən müasir dünya ədəbi-fəlsəfi və humanitar fikrinin, elmi araşdırmalarının nəticələri kənarda qalırdı ki, müstəqillik illərində həmin təcrübə də tətbiq imkanları qazandı. Az-çox var olan bu tənqid məqalədə "tətbiq tənqidi” altında təsnif tapmışdı.

1990-cı illər üçün bu təsnifatın xeyli dürüstlüyü ondan da görünür ki, sonrakı illərdə də həmin dövr tənqidinin səciyyələndirilməsində məhz bu sitata isnad olunur [Bax: Elçin, Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesin problemləri. Bakı, "Çinar-Çap”, 2003, s. 19; Elnarə Akimova. Azərbaycan ədəbi tənqidi müstəqillik illərində (1990-cı illər). Bakı, "MBM”, 2009, s. 125-143; Elçin, Azərbaycan ədəbi prosesində nə baş verir? – "525-ci qəzet”, 25 iyul 2009-cu il]. Hətta "Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri” məqaləsində Elçin ədəbi tənqidimizin sonrakı perspektivlərini də bu zəmindən çıxış etməkdə görürdü: "Mən tamam əminəm ki, milli tənqidimizin inkişafı "neomaarifçi tənqid”in əldə etdiyi elmi-nəzəri uğurlara, müəyyən etdiyi bədii-estetik dəyərlərə söykənən "tətbiqi tənqid”in inkişafındadır və yalnız bu zaman "anarxiya tənqidi”ni aradan götürmək mümkündür” [Elçin, Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesin problemləri. Bakı, "Çinar-Çap”, 2003;19-20].

Amma ədəbi prosesdə bu proqnozlar heç də özünü doğrultmadı; hər iki istiqamətdə ədəbi tənqidin çabaları nəinki bəhrə vermədi, yeni əsrdə bu növ çalışmalar, yuxarıda qeyd etdiyimiz kimi,  tənqidin özünü az qala ədəbi prosesdə oyundan kənar vəziyyətə saldı. Bunu son məqalələrinin birində Elçin özü də etiraf etməli oldu: "Ancaq indiki halda mən bunu ona görə xatırlayıram ki, aradan keçən 9 il ərzində "anarxiya" tənqidi ədəbi prosesdə nəinki yox olub, bəlkə, bir az da artıb, "neomaarifçi tənqid" də, "tətbiqi tənqid" də, elə bil, yorulub, ruhdan düşüb, küsüb” [Elçin, Azərbaycan ədəbi prosesində nə baş verir? – "525-ci qəzet”, 25 iyul 2009-cu il].

Bugün üstündən zaman keçdikdən sonra bunun səbəblərini araşdırmaq və analiz etmək olar və lazımdır. İstər neomaarifçi missiya olsun, istərsə də Qərbnəzəriyyəçi (tətbiqi) tənqid – başı keçmişə bağlı olub, yekmənalılığa meyllidir. Bu tənqid vahid meyarlı ədəbiyyatın törəməsi olub, vahid ədəbi proses çabalarına aludədir. Bir dəyər olaraq Ədəbiyyata total yanaşma (ədəbiyyatmərkəzçilik, ədəbiyyat – mənəvi imperativ kimi, estetik ideal kimi) bir zamanlar gəlişən ədəbi proses üçün nə qədər münbit zəmin yaradırdısa, yeni şəraitdə getdikcə daha az effektiv və maraqsız olur; həmən tələblərlə yaşayan auditoriyalar daralıb, az qala peşə (ədəbiyyatçılar ) sferasında lokallaşır. Belə ki, necə bütün 1990-cı illər ərzində, eləcə də sonra tənqid: müstəqillik illərinin (yaxud demokratiya dövrünün) ədəbiyyatı necə olmalıdır? – sualına vahid bir ölçü, cavab, düstur tapa bilmir. Çünki sualın özündə ədəbiyyata total yanaşma ehtirası qorunub-saxlanır.

Yenə də tənqid təcrübəsinə üz tutsaq: Elçinin ədəbi prosesə ümumiləşdirici baxışları bütün 2000-ci illər ərzində, bugün belə davam etmədədir ("Ədəbiyyatımızda Vaysman xəstəliyi”, 2007; "Azərbaycan ədəbi prosendə nə baş verir”, 2009); əvvəlcə "müəyyənləşmiş ədəbiyyat meyarları”ndan kənarçıxmaları "ədəbiyyatda lümpenləşmə”, "lümpen ədəbiyyat” kimi sərf-nəzər edən tənqidçi son olaraq, bir sıra təzahürləri ümumən cızdığı lokal ədəbi proses dairəsindən çıxarır və ədəbi prosesi yalnız peçəkarların haqqı bilir: "Ədəbi prosesin obrazının" görünməməsinin səbəbi qrafomanlarda, həvəskarlarda deyil, ilk növbədə professional ədəbi tənqidin özündədir. Təqsir (ədəbi təqsir! hətta ədəbi günah!) bizim o professional, səriştəli qələm sahiblərimizdədir ki, "ədəbi prosesin obrazını" məhz onlar (...) yaratmalıdırlar” [Elçin, Azərbaycan ədəbi prosesində nə baş verir? – "525-ci qəzet”, 25 iyul 2009-cu il].

Vaqif Yusifli, əksinə, "müəyyənləşmiş ədəbiyyat normaları” ilə ədəbi praktikanın verdiyi hər növ materialın üzərinə gedir, amma bu halda da proses əyninə geyindirilmiş "norma”lar qədər görükür, "bütöv obraz” əvəzinə ordan-burdan "müəyyənləşmiş ədəbiyyat” mozaikasını görürük. Həmin mozaikanı bu və ya digər "müəyyənləşmiş” fərdi laborator ölçüləri ilə Əsəd Cahangir, Nərgiz Cabbarlı, Bəsti Əlibəyli kimi fəal qələm işlədən tənqidçilər də görükdürür; sanki kaleydoskopdur, hər tənqidçi qələmi ilə proses mənzərəsi bir ayrı parçalardan şəbəkələnir. "Müəyyənləşmiş ədəbiyyat” ölçüləri Nizami Cəfərov üçün XX əsr də daxil olmaqla klassikadır, ara-sıra müdaxilələrində ədəbi proses onun üçün həmin müstəvidən cızılan milli reseptlər və proqnozlardan ibarət illüstrələrdir. Tehran Əlişanoğluya görə: "müəyyənləşmiş ölçülər”i yeni dövr yetirməli olduğundan, bu, həm də elə namüəyyən ölçülərdir; ədəbi praktikanın "müəyyənliyi” yalnız bizə bəlli ədəbiyyat qədərdir, bundan kənarda qalanlar barəsində isə ya "qeyri-ədəbiyyat” hökmünü verir, ya da eləcə haqqında düşünməli oluruq. Laboratoriyasına bələd olduğumdan, 1990-cı illərə nisbətən tənqidçinin 2000-ci illər passivliyini bu laübalılığa yozuram. Cavanşir Yusiflinin və Rüstəm Kamalın simasında isə "nəzəri tənqid” öz  xidmətlərini ardıcıl şəkildə ədəbi prosesə təklif edir; amma burda da "müəyyənləşmiş ədəbiyyat” praktikadan çox ehtimallarda görükür...

Beləliklə, rezüme edə bilərik. 2000-ci illər üçün də Azərbaycan ədəbi tənqidi 1990-cı illərdə olduğu kimi: struktur mərkəzçidir; strukturu necə bilir-görür-təsəvvür edirsə, ədəbiyyatı da orda axtarır. Tənqidin funksionallığı isə bilavasitə ədəbi prosesə bağlı olduğu üçün belə bir mənzərə yaranır: o yerdə ki, ədəbiyyat praktikası vacib mexanizmi kimi, tənqid adekvatını tapır, bu tənqid onu ifadə edir, ödəyir (peşəkar, ənənəvi, strukturmərkəzçi, ya nəzəri tənqid - adlarıyla); o yerdə ki, tənqidini tapa bilmir – problematik situasiya yaradır, ədəbi tənqidin yoxluğu barədə siqnallar səslənir; və yaxud da onu əvəz edən alternativlərə (aktual publisistika, jurnalistika, postmodern nəzəriyyə və s.) rəvac verilir.

Ədəbi-bədii praktikanın özündə vəziyyət necədir. Qeyd olunduğu kimi: 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlləri üçün ədəbi tənqidin "dağılmaqda olan” ədəbi prosesi vahid məcraya gətirmək qayğıları ən nəhayət tam boşa çıxdı. Hətta dirçəldilməsinə cəhd edilən vahid AYB (Azərbaycan Yazıçılar Birliyi) sistemi də total ədəbiyyat niyyətlərindən çox, onu qoruyub-saxlamağın mümkünsüzlüyü durumunu ifadə edirdi. Günün ədəbi mənzərəsi çoxsaylı ədəbi qrup və maraq dairələrində daha çox ehtiva olunurdu. "Müstəqillik illərinin (yaxud demokratiya dövrünün) ədəbiyyatı necə olmalıdır!”- devizini hərəsi bir cür, əksərən keçmişin ədəbiyyat təcrübəsindən və ona qarşı çıxaraq, müəyyən elədikləri ideya-estetik manifestlər üzərində gəlişdirməyə çalışırdılar. Stixiyalı şəkildə "Avanqard” qrupunun (1995) avanqardçı, YYSQ-nin (1998) kulturoloji, "Ədəbi klub”un (1998) klassisist, , "YeniSi”nin modern (2001), DGTYB-nin (1998) və "9 iklim”in (2003) türkçü manifestlərdə özünüifadə axtarışları da həmin kontekstdədir (daha geniş şəkildə bax: [T.Əlişanoğlu, Çağdaş Azərbaycan ədəbiyyatında modernizmin gəlişməsi (tipoloji yanaşma). – Müqayisəli ədəbiyyat I Beynəlxalq elmi konfransının materialları, Bakı, 2004, s. 28-31]). Amma bu ədəbi qurumlardan ən çox – AYO (Azərbaycan Yazarlar Ocağı, 2001) özünü ümumən Ədəbiyyata total yanaşmaya (o cümlədən AYB-nin simasında) qarşı qoydu və gerçəkliyini Qərbdən aldığı postmodern ədəbiyyat nəzəriyyəsi ilə əsaslandırmağa cəhd etdi. Doğrudur, "yeni”nin axtarışında "köhnə”nin qəti inkarı hələ daha çox modernizm ədəbiyyatına xas bir xüsusiyyətdir; bu mərhələni normal yaşamamış manifestli ədəbiyyat dövrünün də məhz bu aralığa təsadüf etməsi qanunauyğundur.

Amma plakat şəklində də olsa, postmodernizm ideyaları ədəbi prosesə daxil edilmişdi; yeni dövrün xarakterini də daha çox bu ideyalar ifadə edirdi. Doğrudur, nəzəri planda  "tətbiqi tənqid” həmin ideyaları hələ 1990-cı illərin ortalarında fiksə eləməyə çalışmışdı [Bax: T.Mustafayi, Post-millilik. Press-fakt qəzeti, 29 mart – 4 aprel, 1996; Post-modern, 5-11 aprel 1996; Post-tarix, yenə orada, 12-18 aprel 1996], amma praktika sözünü deməyincə həmin məqam da ədəbi prosesdə eləcə modernistik bir naxış kimi parlayıb sönüb-keçmişdi. Ədəbi prosesin yalnız differensial şəkildə, bu və ya digər manifestlərdə ifadəsini tapan plüralistik rəngarənglik üzrə deyil (modernizmdə belədir), həm də yaruslar və səviyyələr (mərtəbələr) üzrə də - eninə və dərininə paylanması postmodern epoxaya xas əlamətdir. Bu situasiyanı yaradan isə  hər növ "köhnə” – klassik və modernistik ölçülərin dağılıb (səpələnib), sərbəst şəkildə hərəkət və birləşmə imkanlarıdır.

Məhz 2000-ci illərdən postmodernizmə xas: marginal mədəniyyət, dekonstruksiya, destruktə, sitat poetikası, müəllifin ölümü, pastiş, xaosmos, profanlıq və s. kimi anlayışlar milli ədəbi praktika ilə bahəm nəzəri müstəviyə də yol axtarır. Bunun təzahürüdür ki: postmodernizmin adından profan səviyyə ədəbi mövqeyə çevrilir (məsələn, Qan Turalın, Seymur Baycanın, Aqşinin publisistik yazılarında), özünəxas milli postmodernizm nəzəriyyəsi yaratmağa cəhdlər olur (H.Herisçinin "sərbəst nəsr”, Nərmin Kamalın "xaosmos”u kimi).

Postmodern poetikanın parlaq təzahürü olan əsərlər yaranır (Kamal Abdullanın "Yarımçıq əlyazma”sı kimi) və gur müzakirə gedişində postmodern nəzəriyyənin tətbiqinə də imkanlar açır (Niyazi Mehdinin, Rüstəm Kamalın, Asif Hacılının məqalələri kimi). Postmodernizmə dair nəzəri tənqid gəlişir (Qorxmaz Quliyev, Cavanşir Yusiflinin yazıları). Elmi araşdırmalar meydana gəlir.

Çağdaş Azərbaycan ədəbi prosesi stixiyalı şəkildə də postmodern situasiyanı təcəssüm etdirir. Burda artıq nəinki total ədəbiyyat ölçülərinə yer yoxdur, ədəbi prosesdə hətta modernizm dövrünə xas qütbləşmə: elit və "lümpen”, peşəkar və profan, mərkəz və periferiya örnəkləri, faktları arasında da sərhədlər itmişdir. Lakin situasiyanın ədəbi-tənqidi təfsiri müəyyən yanlışları da özü ilə bahəm daşıyır. Məsələn, postmoderndə profanlıq və peşəkarlığın yanaşılığı çox vaxt sərbəst surətdə, profanlığın xeyrinə yozulur: yazar mətndə istədiyini deyir, oxucu istədiyini oxuyur. Xabermas göstərir ki, profanlıq müstəvisində bu, təbiidir; nəyin özü üçün önəmli olduğunu öz bilikləri daxilində profan bilməyə haqlıdır; amma peşəkar profanlığın bitib peşəkarlıqda ehtiva olunduğu sərhədləri mütləq bilməlidir [Постмодернизм. Энциклопедия. Минск, 2001, s. 923]. Eləcə də R.Bartın "müəllifin ölümü” konsepsiyası mətndə müəllif nöqteyi-nəzərinin "ölümü” kimi deyil, az qala birbaşa, müəllifsizlik kimi anlaşılır. Srukturmərkəzçiliyin destruktə prinsipi ilə əvəzlənməsinin isə təmərküz  nöqtələrinin dağıdılması kimi deyil, ümumən struktursuzluq kimi dərkinə meyl var. Xaosmos dərk olunmuş nizamsızlıq kimi deyil, stixiya kimi izah tapır və s.

Postmodern praktikada plüralistik ədəbi proses özünü necə göstərir. Profan səviyyə öz, ciddi peşəkar ədəbiyyat isə öz mərtəbəsində yaşamaq hüququna malikdir. Çoxölçülük hər növ ədəbiyyata rəvac verir və bu halda təcrübənin önəmi nəzəriyyəni ötür; amma heç də onu ləğv etmir. Əksinə, praktika çoxluğu bu və ya digər nəzəri nöqtələr ətrafında konsentrə olunduğundan, biliklə yanaşı metodoloji bacarıq gərəkir ki, ədəbi tənqid bu və ya digər səviyyə və meyarlara identik gəzişə bilsin.

Ədəbi prosesin ən son durumundan, 2010-cu il tənqid təcrübəsindən əyani misallarla məqaləyə yekun vururuq. "Azadlıq radiosu”nun internet saytında son illər romanlarının ictimai müzakirəsi keçirilir [Bax: [leech=http://www.azadliq.org/section/virtual_library]http://www.azadliq.org/section/virtual_library[/leech]]. Və bu zaman eyni bir mətnin müxtəlif tənqidi yozumlarına imkan yaradılır. Maraqlıdır ki, burda bir mətnin qəti kəsişmədən, müxtəlif nöqtələri ehtiva etməklə iki müxtəlif refleksiyası ortaya çıxdığı kimi; eyni nöqtələrdə kəsişərək, amma tamam əks qütblü ölçülər diktə edən mövqelər də ərsəyə gəlir. Məsələn, müzakirə gedişində T.Əlişanoğlu arqumentlərində əmindir ki: gənc bir yazar olan E.Qaraqanın "A” romanı tamamən profan səviyyənin göstəricisidir; amma Əsəd Cahangir həmincə arqumentlərlə silahlanaraq, eyni romanı ciddi ədəbiyyat örnəyi kimi, üstəlik nəsrimizdə yenilik təzahürü olaraq təsbit edir. Aqşinin "Göləqarğısancan” romanı Əsəd Cahangir tərəfindən səriştəsizlik nümunəsi kimi təfsir olunduğu halda, Nərmin Kamal eyni faktorları müasir romanda xaosmosun ifadəsi olaraq qəbul edir. Pərvizin "Yad dildə” romanı eyni nöqtələrdə kəsişərək, amma ən müxtəlif rakurslardan üç tənqidçi tərəfindən (Ə.Cahangir, T.Əlişanoğlu, C.Yusifli) uğursuzluq kimi dəyərləndirildiyi halda, Elnarə Tofiqqızı həmincə nöqtələrdə israr edərək, romanı şedevr, milli nəsrdə hadisə hesab edir. Beləliklə, bu halda tənqid nəinki konkret mətnə, eyni zamanda öz səviyyə və ölçülərinə də ayna tutur, bütövlükdə isə plüralistik mənzərənin görükdürücüsü olur.

İlk baxışda göründüyünə rəğmən, tənqidin dəyərləndirmə missiyası itmir; əksinə, çoxölçülü olur. Mətnə münasibətdə tənqid və ədəbi proses (ədəbiyyat) öz səviyyə və meyarlarını da faş edir.

Noyabr, 2010