Uğurlu və qorxulu romanların müəllifi ilə - MÜSAHİBƏ

Uğurlu və qorxulu romanların müəllifi ilə - MÜSAHİBƏ

Oxucular İan Mak Evanın əsərlərini uşaqlar, ac itlər, və ya parçalanmış cəsədlərlə xatırlayır 
İan Mak Evan 1976-cı ildə "Somerset Maugham Mükafatı” ("First love, last rites”), 1987-ci ildə "Whitbread”, 1993-cü ildə "Prix Femina Etranger” mükafatına ("The child in time”),1998-ci ildə "Man Booker” ("Amsterdam”), 2002-ci ildə "Smith Ədəbiyyat mükafatı” ("Atonement”), "National Book Critics Circle” ("Atonement”), 2003-cü ildə isə "Los Angelos Times prize for fiction” və "Santiago Prize for best novel” mükafatlarının sahibidir.

İan Mak Evanın yazarlıq karyerasının lap əvvəllərində əldə etdiyi inanılmaz uğurlarla dərin nüfuz qazandı. Onun kitabları qəribə, sıx hörülmüş və içərisi olduqca qaranlıq tor kürələri xatırladır. Yaradıcılığının ilk illərində çap etdirdiyi iki qısa hekayələr toplusu – "İlk məhəbbət, sonuncu ayinlər” ("First Love, Last Rites” (1975)) və "Lövhələr arasında” ("In Between the Sheets” (1978)) və ona dünya şöhrəti gətirən iki kiçikhəcmli romanı "Beton bağça” ("The Cement Garden” (1978)) və "Özgə qucağı” ("The Comfort of Strangers” (1981)) birbaşa uşaqların üzərindən qurulmuş ağır əzabları canlı göstərən, olduqca dərin və insanı kədər dalğası hücumuna məruz qoyan səhnələrdən ibarətdir. Yazıçı məhz hekayələrində yer alan qaranlıq, qorxulu və ürküdücü səhnələrə görə oxucuları və Britaniya mətbuatı tərəfindən "McAbre” (təxəllüs ingilis dilindəki "macabre” – ölüm gətirən, öldürücü, qorxunc, ürküdücü mənalarını verən sözdən götürülüb – red. E.S.) təxəllüsü alıb.

Başqaları tərəfindən yazıçılara verilən bu cür bənzətmələr müəlliflərin xoşuna gəlməsə də, yapışqan kimi yapışır və sanki yazıçını ömür boyu ona yaraşdırılan bu bənzətmənin doğruluğunu sübut etməyə sürükləyir. Elə iki kitabdan sonra Evana verilən bu təxəllüs də üzərinə düşən işin öhdəsindən gəlir və müəllif bir-birinin ardınca, bir-birindən uğurlu, amma yenə "qaranlıq, qorxulu, ağır və əzablı” dörd roman yazır. "Dövrün uşağı” ("The Child in Time” (1987)), "Günahsız” ("The Innocent” (1990)), "Qara itlər” ("Black Dogs” (1992)) və "Sonsuz eşq” ("Enduring Love” (1997)) romanları ilk romanlardan bir qədər daha məqsədyönlü və aydın, düşüncə və fikir yükü baxımından daha samballı olsa da, əvvəlkilərdə olduğu kimi səhnələr olduqca canlı və təbiidir. Onun yazdığı romanları oxuyanlar həmin əsərləri adətən qaçırılmış uşaqlar, ac itlər, qorxunc avtomobil qəzası və ya partlayış, parçalanmış cəsədlərlə xatırlayır. İnsana əqli şok yaşadan unudulmaz səhnələr yaratmaq üçün istifadə edilmiş olduqca həssas elementlər, dərin təsirli yazı üslubu Evanın yaradıcılığının özünəməxsusluğunu təmin edir. Bu, özünəməxsusluq onun karyerasının fəthini əbədiləşdirən əsas faktordur. 

Nəhayət, 1998-ci ildə yazdığı "Amsterdam” əsəri ilə İan Mak Evan özünəməxsusluğu ilə seçilən tərzinə yenilik gətirdi. Həmin əsərlə müəllifin ədəbi irsində ilk dəfə yer alan öldürücü satira, acı gülüş və müəllifin dediyi kimi "qara komediya” Evanın yazı istiqamətinin dəyişdiyindən xəbər verir. Bu əsər Evanın diqqət çəkici ağır səhnələrdən uzaq qaldığı ilk əsərdir. Özünəməxsus bir çox cəhəti ilə fərqlənən "Amsterdam” yeni və fərqli olduğunu təkcə süjeti və üslubu ilə yox, aldığı mükafatla da sübut edir. "Booker Mükafatı”-na layiq görülən roman Evana ilk beynəlxalq nüfuzlu ədəbi mükafatı gətirməklə yanaşı növbəti roman üçün də nəhəng maliyyə imkanları və ağılasığmaz uğur bazası yaradır. Məlumat üçün onu qeyd etmək lazımdır ki, "Amazon” və "Goodreads” saytlarında oxucuların adıçəkilən əsərlə bağlı rəyləri ilə tanış olsanız, bu əsəri oxumaqdan imtina edə bilərsiniz. Çünki bu kitab oxucuların bəyənmədiyi mükafatlı kitablar arasındadır. 2001-ci ildə Evanın yaradıcılığının ən uğurlu əsərlərindən hesab olunan "Əvəz”-i ("Atonement”) yazır. Bu əsər yazıçının ən yaxşı kitabı olmaqla yanaşı, həm də bir roman müəllifinin inkişafının və özünütəsdiq üçün keçdiyi yolun ən bariz sübutu olur. Adıçəkilən ədəbi nəhəng ideya və hərəkətlilik baxımından "Qara itlər” və "Sonsuz eşq” qədər rəngarəng, "Amsterdam” qədər cəmiyyətin çatışmazlıqlarını sərt və bütün çılpaqlığı ilə göstərən, "Özgə qucağı” əsərindən oxucuya məlum olan şiddət və cinayətin oyatdığı qorxu hissini yeniləyən, "Beton Bağça” qədər intim olmağı ilə müəllifin yaradıcılığının və üslubunun bütün özünəməxsus cəhətlərini birləşdirmiş əsər sanki Evanın yaradıcılığının zirvəsi rolunu oynayır. Onu da qeyd edək ki, bu həm də yazarın ən qalmaqallı əsəri də hesab olunur. Belə ki, Evanın uzun müddət bu əsərin süjetinin Lusilla Andreunun avtobioqrafik "Sevgiyə vaxt qalmadı” ("No time for romance”) əsərindən oğurlanmadığını sübut etməyə çalışıb. Əsər sonradan eyniadlı filmin ssenarisi olur. Baş rollarını aktirisa Keira Naytli və Ceyms Mak Evoyun canlandırdığı film 2007-ci ilin ən uğurlu filmlərindən olur. Əsər yazıçı olmaq istəyən 13 yaşlı Brioninin peşmanlığından bəhs edir. Balaca yazarın kiçik səhvi ucbatından onun bacısı ömür boyu sevdiyi adamdan uzaq düşür. Sonralar tanınmış yazıçı olan Brioni ömrünün sonuna yaxın yazdığı əsərdə bacısını sevgilisi ilə birləşdirərək, onların ruhlarından əfv istəyir.

Müəllifin diqqət çəkəcək başqa bir əsəri isə "Günahsız”-dır ("The İnnocent”). Müharibə illərində bütün gün yeraltında telefon danışıqlarını dinləmək gənc Leonardı yorur. Hərbi şərait, ölüm qorxusu, müharibəni udmuş bir ölkənin əsgəri olmaq, ətrafında baş verən vəhşiliklər onun içinə şiddət, güc nümayişi hissini oyandırır. Bu istək onda o qədər güclənir ki, sevgilisi Mariaya belə təcavüz edir, ona şiddət və güc nümayiş etdirərək sahib olur: "Bəli, qadın doğulandan məğlub idi. O artıq fəth edilmişdi. Bu Leonardın haqqı idi, Maria xilas ola bilməzdi. Üstəlik Leonarda əsgər idi, müharibə onu yormuşdu, əlləri qana bulaşmışdı. Amma fiziki cəhətdən yorulmuş olması ona mane olmurdu, əksinə çox qəhrəmanca görünürdü. Bu qadını ələ keçirmişdi, ona zorla sahib olurdu”. Maria ilə evlənmək istəyən və ona dəlicəsinə aşiq olan Leonardo bu heyvani hissə qalib gələ bilmir. Məhz bu səhnə ilə Evan müharibənin insanı nəyə çevirdiyini göstərir və məhz burdan sonra roman Evansayağı gərgin və qaranlıq bir yola girir. Əsərin əsasında eyniadlı film 1993-cü ildə rejissor Con Şklasinger tərəfindən ekranlaşdırılıb. Filmin baş rollarını Antoni Hopkins, İsabella Rosselini və Kampbell Skot paylaşıb.

Evanın yaradıcılığında böyüklərin və uşaqların zövqlə ortaq mütaliə edə biləcəyi əsərlər də az deyil. "Xəyalpərəst” ("The Daydreamer (1994)), "Kəndlinin süfrəsi” ("The Ploughman’s Lunch”(1985)) əsərlərinin və televiziya üçün çoxsaylı ssenarilərin müəllifi olan Evan hər zaman oxucu ilə əlaqə qurmağın bir yolunu tapır. Əgər bu əsərlə alınmırsa, onda yaratdığı süjetlərlə öz oxucusunu ekrana kilitləməyi bacarır. 2014-cü ilə kimi yazıçı 12 romanın, 3 hekayələr toplusunun, dörd ssenarinin, bir librettanın, bir dramın və iki uşaq ədəbiyyatı nümunəsinin müəllifi olub. 

Bir yazıçı kimi olduqca qayğıkeş və diqqətlidir. Amma bir yazıçı üçün olduqca baxımlı, yaraşıqlı və təbiətən həddindən artıq rahatdır. Evan Oksford yaxınlığında gürcü evləri tərzində sır-sıra salınmış sadə, amma əksər yazıçıları narahat edəcək qədər inanılmaz səliqəli və təmiz, yaxşı təmir olunmuş bir evdə yaşayır. Evanın xanımı Annalena Mak Afee isə "The Guardian”-ın təqaüdçü redaktorlarındandır. Onunla birinci dəfə görüşəndə 1996-cı ilin qışı idi. Evan çox xəstə idi, əməlli-başlı soyuqlamışdı. Mən səsyazımızı dinləyəndə onun bəlkə də minlərlə dəfə burnunu çəkdiyinin fərqinə vardım. Buna baxmayaraq bizimlə görüşməyi qəbul etmişdi. Həmin ərəfədə o yeni bir kitabı bitirmişdi və nəşrinə az qalmışdı. Hər dəfə yeni bir kitabı bitəndə onunla görüşürdük. Sonuncu dəfə bir də 2001-ci ilin qışında görüşdük. Təbii ki, görüşün məqsədi Britaniyanın ən çox satılan kitabları siyahısından düşməyən "Əvəz” haqqında danışmaq idi. 

- "The Child in Time” adlı üçüncü hekayənizdə təhkiyəçinin valideynlərini görürük. Nədənsə məndə elə bir təəssürat yarandı ki, təsvir etdikləriniz öz valideynlərinizdir? Həmin portretlər nə qədər həyati, realdır?

- Reallığa çox yaxındır, demək olar ki, ideallaşdırılmış portretlərdir. Valideynlərimin ikisində də qəribə xüsusiyyətlər var idi, onlara faktlar göstərmədən, faktı sübut etmədən nəsə danışmaq, münasibət qurmaq olmurdu, odur ki, onlar sağ olanda portretlərini yaratmaq və xüsusiyyətlərini hansısa qəhrəmanın üzərinə köçürmək çox çətin idi. Mən 1948-ci ildə viktorianların qarnizonluğu olan şəhərdə, Alderşot ətrafında yerləşən bir yerdə doğulmuşam. Həmin vaxtlar atam baş çavuş olub. Atam Qlazqouda anadan olub, sadəcə Klayd çayı sahillərindəki işsizlik və səfillikdən qurtulmaq üçün yaşı ilə bağlı yanlış məlumat verərək 1933-cü ildə orduya qoşulub. "Atonement”-də onun bütün xarici görünüşünü detalları ilə təsvir etmişəm. Əsgərlərlə düzəltdikləri motosikletçi yarışlarından birində Dunkirkə gedən yolda qəzaya uğrayıb ayağından zədə almışdı. Devid Mak Evan çox yaraşıqlı idi, cəlbedici, özünədüşkün və həddindən artıq baxımlı. Qorxunc dərəcədə içki dəlisi idi, çox içirdi. Böyük bir orduda təmizliyə ən çox diqqət yetirən, əməl edən və tələb edən insan kimi seçilib. Qəribəsi odur ki, mən böyüdükcə o da mənə heyranlıqla baxırdı. Amma uşaqlarla münasibət qurmaq qabiliyyəti yox idi, uşaqlığım anamın məni atamla hədə-qorxu etməsi ilə keçib. Onun üçün dünyanın ən rahat yeri pivəxanalar və hərbçilərin toplandığı yerlər idi. Anam da, mən də ondan qorxurduq. Anam Alderşot yaxınlığında bir kənddə doğulub, böyümüşdü. 14 yaşında məktəbdən uzaqlaşıb, qulluqçuluğa başlayıb. Sonra bir müddət də hansısa idarədə xidmətçi olsa da, ömrünün böyük hissəsini evdar qadın olaraq yaşadı. Bu, onun dövründə böyümüş nəslin qızları üçün fəxr ediləcək bir şey idi.

- Həmin əsərdə tez-tez rast gəldiyimiz bir səhnə var – ana ağlayır. Təbii ki, niyə ağladığı oxucuya tam bəlli deyil. Amma bu ananızın portretidirsə, sizə bəllidir. Yolunda getməyən nə idi?

- Atamın həddini aşmış içki düşkünlüyü əksərən problemə çevrilirdi, səbəb bu olurdu. Çox zaman hər şeyin üstündən sükutla keçərdilər. Atam hislərini kəskin formada biruzə verən, hiss etdiklərindən danışan adam deyildi. Mənə qarşı olduqca tələbkar idi. İmtahanlarımı uğurla verəndə qürurlanırdı. Ailədə yeganə davamlı təhsil alan mən idim. 

- Uşaq vaxtı necə biri idiniz? Yəni təxminən sizin uşaqlığınızı necə xatırlayırlar?

- Sakit, arıq, solğun, xəyalpərəst, anasına çox düşkün, utancaq. "Xəyalpərəst” əsərindəki Piter (əsərin qəhrəmanı on yaşlı Piter Fortune xəyal və gerçək arasında qərar tuta bilməyən bir dünyada yaşayır. Valideynləri onu anlamır. Nə böyükləri, nə dostları, nə də bacıları Piterin bu sehirli dünyasına daxil ola bilmir – red. E.S.) bir qədər mən özüməm. Olduqca içimə qapalı uşaq idim, çox insan olan yerdə əsla danışmazdım. Yalnız yaxın dostlarla ünsiyyət qurmağa üstünlük verirdim.

- Uşaqlığınızda da qiraətə meyilli idiniz?

- Valideynlərim çalışırdılar ki, özlərinin itirdikləri təhsil imkanlarını mənim üçün təmin etsinlər. Amma mənə nəyi oxumaq lazımdır, hansı kitablar məsləhətlidir, nəyə yönlənməliyəm kimi məsləhətlər verə, yol göstərə bilmirdilər. Mənim kitaba həvəsim, seçimlərim və digər sadaladıqlarım erkən dövrlərdə təsadüf və intuisiya hesabına, sonralar öz əməyim hesabına alınıb. Yeniyetmə illərimdə artıq İris Murdok, Con Masters, Nikolas Monsarrat, Con Steynbek sevə-sevə oxuduğum müəlliflər idi. Hartleyin "The Go-Between” əsəri həmin illərdə ən çox təsirləndiyim əsər idi. Sonralar elm üzərindən yazılmış bədii nümunələrə marağım yarandı. Həmin əsərlərin təsiri ilə birmənalı şəkildə elmə yönəlməyi, elmlə məşğul olmağı məqsəd qoydum. 16 yaşımda qarşımda tamamilə fərqli bir ədəbi mühit açıldı. İngilis dili müəllimim Neyl Klaytonun təsiri və məsləhəti ilə ədəbiyyatın nəhəng imzaları Herbert, Svift, Koleric və başqalarının yaradıcılığı ilə tanış oldum. Onun yönləndirməsi ilə qiraət bazam o qədər zənginləşdi ki, artıq ədəbiyyat mənə müqəddəs ayin, rahiblik kimi görünürdü və öz-özümə düşünürdüm ki, nə zamansa mən də bu aləmə qoşulacam. Sonra dövrün yeni yaranmış universitetlərindən Susseksə qəbul olundum. Bura "savadlı insan”-la bağlı konkret sərhədlərin və radikal təsəvvürün olduğu bir yer idi. İnsan özündən asılı olmadan oxumağa, öyrənməyə, kəşf etməyə həvəsləndirilirdi. Kafka və Freydin yaradıcılığı ilə universitetin sonuncu kursunda tanış oldum və bu iki yazıçının yaradıcılığı, fikir aləminin mənə dərin təsiri oldu.

"Univeristetin birinci kursundan sonra ədəbiyyata qoşulmaq fikrini özümə qadağan etmişdim. Sadəcə dərslərim haqqında düşünürdüm. Amma yazmaq haqqında ani düşünəndə də həyəcanlanırdım. Zaman keçdikcə bu düşüncə getdikcə daha sıx dolaşdı ətrafımda və başa düşdüm ki, yazıçı olmaq arzum çatmaq istədiyim bütün məqsədlərdən daha aydın və qətidir. Universiteti bitirdikdən sonra Şərqi Anqlia Universitetində təklif olunan yazıçılıq kursları ilə maraqlandım. Beləliklə, həm elmi işlə məşğul ola, həm də yaza bilərəm. Universitetə zəng vurdum və mənə Malkolm Bredböri cavab verdi. Dedi ki, təəssüf ki, heç kim müraciət etmədiyindən həmin kurslar bağlanıb. Onda hələ həmin proqramın birinci ili idi. Əl çəkmədim, təkid elədim ki, mən müraciət etmişəm. Malkolm çox mübahisə eləmədi, dedi, gəlin, danışaq, bir şey fikirləşərik. Bu, bəlkə də əlimə düşən ən möhtəşəm fürsət idi. Beləcə 1970-ci ildən bütün həyatım dəyişdi. 3-4 həftəyə bir qısa hekayə yazırdım. Sonra Malkolmla Norvik pivəxanasında görüşür, yarım saat, bir saat müzakirə edirdik. Sonra Anqus Uilsonla tanış oldum. Onların hər ikisi insanı həvəsləndirmək məsələsində usta idilər, ümumiyyətlə, heç nəyə müdaxilə etmir və əsla qəti qaydalar qoyub, konkret məsləhətlər vermirdilər. Artıq həmin vaxtlar bütün dünya ədəbiyyatında inanılmaz dərəcədə keyfiyyətli əsərlər yazılmağa başlamışdı. Mən də bu keyfiyyət bumunda öz xırda yolumda irəliləməyə çalışırdım. Hər yerdə qeyri-adi vəziyyətləri müşahidə edir, sıradan təhkiyəçi obrazları tapmağa çalışır, oxucunun beynində şok, cərəyan təsiri yarada biləcək elementləri diqqətlə seçir, bəzən dəfələrlə hekayədəki yerini dəyişirdim. Həmin ilk ədəbi işim "İlk məhəbbət, sonuncu ayinlər”- yazdım”

- Hekayələr pivəxanadan nəşriyyata necə getdi?

- İlk hekayəmi hardasa 1971-ci ildə "Transatlantic Review” –da çap olundu. Amma ədəbi bazamı görən və yaradıcılığımın erkən dövrlərində mənə ən çox köməyi dəyən, həyatımda böyük rol oynayan insan Ted Solotarof "New American Review”-nun redaktoru idi. Hekayələrimə ilk ciddi yanaşmanı mən onda hiss etmişəm. Artıq 1972-ci ildən etibarən hekayələrimin nəşri ilə o məşğul olurdu. Mənə çox kömək edirdi, hər şeyə həssas və dərin yanaşan insan idi. Bu insan elə adamları mütaliə edirdi, mən heç adlarını eşitməmişdim. Onu amerikan ədəbiyyatının açarı hesab edirəm. Ona çox şey borcluyam. Bir dəfə nəşrin üz qabığında Günter Qras, Susan Sontaq və Filip Rotun adının yanında mənim də adımı vermişdi. Onda cəmi 23 yaşım var idi, özümü saxtakar, həddini bilməz kimi hiss etmişdim, amma bu məni fəxrdən öldürə biləcək qədər həyəcanlandıran ilk hadisə idi. 

1974-cü ilin qışında Norviçdən Londona köçdüm. Həmin vaxtlar İan Hamiltonun başçılıq etdiyi "New Review” dövrün ən güclü ədəbi nəşrlərindən idi və geniş oxucu kütləsi var idi. Qeyri-rəsmi ofisimiz Yunan küçəsindəki pivəxana idi. İan çox həyatsevər idi, xaotik və içki düşkünü olsa da, həmin kollektivdə olan hamı hələ də onun üçün dua edir. Orada işlədiyim illərdə mən yaradıcılığı ilə əvvəllər maraqlanmadığım olduqca istedadlı yazarlarla - Ceyms Fenton, Kreq Raine, Kristofer Reid- tanış oldum, bir çox insanla uzunömürlü dostluqlar qurdum. Həmin dərgiyə "Edward Pygge” imzası ilə yazan Culian Barnes və Martin Amislə də təxminən o vaxtlar tanış olduq. Hamımız ilk kitabımızı nəşr etdirməyə hazırlaşan gənc ədiblər idik. 

- Həmin illərdən danışaq. İlk kitabınız nəşr olunan illərinizi xatırlayın, o zamanlar cəsarətli idiniz?

- Daha çox səbrsiz idim.

- Əsərlərinizdəki uşaqlar, xüsusilə də "İlk məhəbbət, sonuncu ayinlər” hekayəsində olduqca çox uşaq obrazı var. Onlar sizin yazmaq istədiyiniz şeylərin çoxundan xilas ola biliblər.

- Hə, elədir. Onların işini, evliliklərini, boşanmalarını qələmə ala bilmirsən. Həyatlarının yalnızlığı uşaqlığı haqqında mən qərar verə bilirəm.

- Uşaqlar haqqında bu qədər çox yazmağınızın əsas səbəbləri nələrdir?

- Bəzi yazıçılar yazmaq istəyəndə uzun-uzadı nəyisə xəyal etməli olduqlarını deyir. 21 yaşında bir yazıçı istifadəyə yararlı təcrübə baxımından yetərsiz ola bilər. Yazıçı kimi başlayanda uşaqlığım və yeniyetməliyim var idi əlimdə. Uşaqlıqda yaşananlar insan beynindəki ən parlaq xatirədir, onu unutmaq çətindir. Hətta həyatın ən aydın xatirələri məhz uşaqlıqda yaşananlardır. Mən də onlardan ilhamlanmışam.

- "Beton bağça” nəşr olunmamışdan əvvəl nə qədər gözə çarpırdınız, nə qədər tanınırdınız?

- Yolun yarısında idim. 70-ci illərin ortalarında mən və Amis ilk kitabları nəşr olunan yazıçılar idik, onda ətrafımızda bizimlə həmyaşıd roman yazan müəlliflər demək olar ki, barmaqla sayılacaq qədər idi. Ona görə də qısa müddətdə diqqət çəkmək, tanınmaq asan idi.

- Yazı vərdişlərinizin, qaydalarınızın əsasını həmin vaxtlardan qoymusunuz?

- Hər gün saat onun yarısında işdə olardım. Mən peşə etikamı atamdan miras almışam. Bir gün əvvəl gecə nə baş verirsə, versin, o hər gün saat yeddidən oyanırdı. 48 il hərbçi kimi işlədi, mən onun bir gün işdən qaldığını, iş günlərində istirahət götürdüyünün şahidi olmadım. O vaxtlar iş stolum yataq otağımda idi, orada işləməyə öyrəşmişdim. Mürəkkəb doldurulan qələmlə yazırdım. Əvvəlcə ilkin variant üzərində səhvlərimi düzəldirdim, kiçik səhvləri işarələyirdim, sonra yenidən yığırdım. Bir dəfə yekun variantın yığılması üçün peşəkar birinə müraciət etdim, ödəniş elədim, amma sonra onun yazdığını oxuyanda gördüm ki, əgər bunu özüm yığsaydım, bir xeyli yerdə düzəliş edərdim. 80-ci illərdə işin komputer sisteminə köçürülməsi əla oldu. Söz istehsal etmək, onu dəyişmək olduqca çətin prosesdir, bir də onu düzəldəndə vaxt itirmək yorucu olur. İndi yazı maşını ilə işlədiyim dövrə nəzər yetirəndə maşın adama böyük əngəl kimi görünür.

- Məhsuldar bir gün nə deməkdir?

- Hər gün altı yüz söz yazmağı planlaşdırıram. Planladığım qədər yaza bilirəmsə, məhsuldar gündür. Bəzən günə min söz yazdığım da olur, onda deməli, vəziyyətim əladır.

- "Günahsız”-ı yazmaq üçün tibbi araşdırma aparmısınız?

- Merton Universitetindı patologiya fənnindən mühazirə oxuyan həkim Mişel Dunnil ilə nahar etdim. Ona izah elədim ki, mən kəsilmiş oğlan cəsədi üzərində ekspertiza aparan ekspertlərlə bağlı səhnə yazıram...

- Və əminəm bunu deyən kimi "Oooo, siz İan Mak Evansınız?” deyib...
-Yox, o bundan da qorxunc şeylər dedi. O, növbəti bazar ertəsi klinikada ölmüş bir adamın qolunu kəsib hər şeyi canlı izah etməyi təklif etdi. Soruşdum ki, bəs onun yaxınları buna necə razı olacaq. Dunnil dedi ki, asistenti qolu yerinə elə tikəcək ki, bunu heç kim hiss etməyəcək. Ora heç getmək istəmirdim, amma bir tərəfdən yazıçı kimi yazdığımdan razı qalmaq üçün getməliydim. Xoşbəxtlikdən həmin axşam Riçard Eyr ilə şam yeməyində görüşdük və edəcəyim dəliliklə bağlı ona danışdım. Eyr çox haqlı və ağıllı bir yol göstərdi – Yaradacağın səhnə, təsvir edəcəyindən daha təsirli olacaq. Başa düşdüm ki, o, haqlıdır. Sonradan mən məhz beynimin gücü ilə yaratdığım o səhnəni Dunnilə göstərdim, o yəqin ki, bəyənmədi. Amma mən əminəm ki, əgər mən klinikada o proseduru görüb, təsvir etsəydim, jurnalist kimi davranardım. Amma mən yazıçıyam və işim beynimdə yaratmaq və qurmaqdır.

- "Amsterdam” əvvəlki romanlarınızdan tamamilə fərqlənir. 

- Əvvəlki dörd roman – "Dövrün uşağı”, "Günahsız”, "Qara itlər”, "Sonsuz eşq” – hamısı konkret, bəlli ideyalardan qaynaqlanmışdı. Onlarla müqayisədə "Amsterdam”-ın hekayəsi daha məsuliyyətsiz və ya necə deyim daha azaddır. Mən sadə bir sxemlə, hekayə ilə başladım və müəyyən mərhələdən sonra hekayəyə sərbəstlik verdim. Bu əsərdə yaratdığım obrazlara da daha çox vəzifə, daha geniş sahə vermişəm. Bəziləri bu romanı yüngül çəkili hesab edir. Amma etiraf edim ki, "Amsterdam”-ı yazmasam, mən sonra "Əvəz”-i yaza bilməzdim.

- Atanız sizə Dunkirkdən köçməsi ilə bağlı nəsə danışırdı? Onun köç hekayələrini dinləyə-dinləyə böyümüsünüz?
-Bəli. Ömrünün axırına yaxın Dunkirk onun ağlından çıxmırdı, orada yaşadıqlarını dönə-dönə xatırlayırdı. Onun ölümünü romanların bəzilərində dünyasını dəyişən ataların üzərinə köçürmüşəm.

- "Xəyalpərəst” haqqında danışmadıq. "Qara itlər”-dən sonra ani keçid deyildi ki bu?

- Çox da fərqli bir əsər deyil.

Elcan SALMANQIZI

"Kaspi" qəzeti