UZUNSAÇLI GƏLİN (hekayə)

UZUNSAÇLI GƏLİN (hekayə)



AZƏR QİSMƏT


Avqustun bürküsündə evdəkilər həyət qapısından girib-çıxırdılar ki, ustanın gəlməsini bildirən heç olmasa nəsə qaraltı görsünlər. Uşaqların "acmışıq” deməsinə baxmayaraq günorta yeməyini yemirdilər ki, birdən usta gələr, stoldan yarımçıq durarlar. Yarımçıq durmalı olmadılar. Yeməklərini də yedilər, üstündən çay da içdilər. Usta axşamtərəfi gəlib çıxdı, içəri girəndə də dedi ki, sifarişlər xirtdəyə qədərdir. Yenə də hamamın trapı tutulmuşdu. Evin kişisi Sərdar usta çağırmağa məcbur olmuşdu.

Usta qoltuğunda yumurcaq elədiyi məftili təzədən açıb ucunu trapa sallatdı. Sonra içi Sərdar qarışıq uşaqları da çağırdı ki, məftili fırlatmağa kömək etsinlər.

Hava bürkü olduğundan sərçələr də ağacın kölgəsində kölgələnirdilər. Çünki gün ağacın budaqlarını az qala manqal közünə döndərdiyindən, əlac onun gölgəsinə qalırdı.
Elə bu vaxt Sərdar ağbirçəklərin hələ də gəlin adlandırdığı arvadının qulağına pıçıldadı:
-Baxarsan, yenə sənin saçının tükləri çıxacaq.
Gəlin dillənmədi və məftili fırlatmağa davam edə-edə gözünün üstünə düşən uzun saçlarına sığal çəkdi, çünki gözünü qıyğacı edirdi.
 
Usta başı ilə işarə verdi ki, bir az dincələk. Trapın gözü açılmırdı. Sərdar arvadına pıçıldadı ki, çay hazırlığı görsün. Saqqallı və kök, elə cavanlığından yöndəmsiz olan usta at kimi fınxırırdı. Ürəyinin su istəməsini dedi. Sərdar ağır şəkildə gülümsündü ki, soyuducunun buzxanasına su qoymurlar. Və indi belə istidə su içməyin yeri yoxdur. Adam daha da susayır.
-Çay içsəniz yaxşıdır. İçinə mixək də atarıq ətirli olar.
-Hə, mixək atın. Mixəyin xəstə ürəyimə xeyri çoxdur. Ötən il Bilgəhdəki kardiologiya mərkəzinə getmişdim. Bu il sifarişlər çoxdur, hələ gedə bilmirəm, amma gedəcəyəm, -  bunu deyib ürəyini ovuşdurdu. Sonra yan-yörəsində oynaşan uşaqlara baxıb çöhrəsində gülüş yaratdı.

Bir azdan arvadı ətri uzaqdan vuran mixəkli çayı gətirib masanın üstünə qoydu. Yanında da şəkər tozundan bişirilən, qəhvənin rənginə boyanan qəhvəyi qənd.
-Sex qəndi deyil. Özümüz hazırlayırıq. İçinə kakao da, qəhvə də qatmışıq. Arasına da kişmiş vurmuşuq ki, həm dadlı olsun, həm də içimizdə güc yaransın, - deyə Sərdar gülümsəyə-gülümsəyə stəkanları nəlbəkilərə qoydu.
Usta razılıqla başını yellədi.
Çay içdilər. Usta dalbadal iki siqaret odladı:
-Bu il çöllərdə qanqal çoxdur. Bu o deməkdir ki, taxıl qıt olacaq. Uşaqlar qanqalı çöllərdən yığıb hər dəstəsini yolun kənarında iki manata satırlar. Camaat qanqalı bəyənmir, day bilmirlər ki, böyrəkdəki qumları da təmizləyir. Yeyən kimi qaçırsan ayaqyoluna.
Uşaqlar gülüşdülər.

Çaydan sonra görünürdü ki, usta həvəssizdir. O, belə çaydan sonra yerindən qalxmaq istəmirdi. Könülsüz evin kişisinə işarə etdi ki, uşaqları çağırsın və ona məftili fırlatmağa kömək etsinlər.
Evin xanımı dovğanı bullamağını yarımçıq saxlayıb iki oğluna göz-qaşla him-cim etdi ki, hindəki çöl göyərçinləri ilə az oynasınlar, gəlib ustaya kömək etsinlər. Alt paltarlarından içəri keçən və bədənlərində gəzişən hinin bitləri uşaqları qaşındırsa da, analarının indicə qışqıracağından qorxub gəlib məftilin ucundan tutdular.

Burdular, fırlatdılar, üzlərdən tər axdı, bürküdən nəfəslər daraldı, trapın gözü açılmadı. Evin kişisi yenə arvadının qulağına pıçıldadı:
-Mən ölü, sən diri. Baxarsan, trapdan sənin saçının tükləri çıxacaq. Odur oranı tutan. Axı sənin nəyinə lazımdır belə uzun saç saxlayırsan? İbtidai icma quruluşunda yaşayırsan ki, qayçı olmasın? Allaha şükür, Qəfər Şanxaydan sənə bir topa cürbəcür qayçı gətirib hədiyyə elədi.
Qəfər gəlinin qardaşı olsa da, bacısı onun üzünü aylarla görmürdü. Yapışmışdı Çinin şəhərlərindən, topdansatış mallar alıb Bakıya gətirir, bir yerdən verirdi. Gəlişinin birində bacısına Çin ənlik-kirşanları və onu işlətməyə dəst də gətirmişdi.  

Gəlin susaraq məsum-məsum ərinə baxdı, fatalı, gəlinlik paltarlı gününü xatırladı.  

O, bu evə gəlin gələndə hamı onun saçından danışırdı. Uzun qara saçlarını uzaqdan təxmini ölçənlər də olmuşdu. Uzunluğu az qala iki metrə çatmasına ağbirçəklər, elə qonşu oğlanlar da məətəl qalmışdılar. Hətta eləsi vardı bundan sonranı da düşünürdü ki, gəlin belə saçın əlində nə edəcək. Çünki o qədər uzun idi ki, onu idarə etmək asan məsələ deyildi.
 
Gəlin bu evə köçəndən hamamın trapı əvvəllər tez-tez tutulmazdı. Nəsə son aylar təmirdən sonra bu problem yaranmışdı. Və Sərdar çağırdığı ustaları ikinci dəfə çağırmazdı. Eyni usta görsəydi ki, yenə də onun arvadının saçı trapın tutulmasına səbəb olur, bəlkə də uğunub gedərdi. O da bu gülüşü eşitmək istəmirdi. Əslində usta qələt edərdi onun arvadının saçına gülərdi, amma yenə hardasa gizli gülmək ehtimalı vardı.
-Əlli dəfə dedim ki, saçlarını kəsdir. Uzun saçı hərləmək də çətindir. Hər gün darağı götürüb elə hey darayırsan. Özü də fırlayıb boynunun ardına dəst etmirsən, hörük bağlamırsan, elə uzadırsan kürəyinə qədər. Nə qədər başına şal örtürsən, amma görürsən ki, yenə yeməyin içindən saç çıxır. Nə baxırsan? Bəlkə mənim saçımdır? Xeyr, uzun saçdır. Bilirsən saçını yığmayıb uzununa uzadana camaat nə deiyr: Dəli-cinli. Vallah, üzünə deməsələr də belə çağırırlar səni. Nəyinə lazımdır axı.

Gəlin məftili burur, gözünü qıyğaclaşdıran saçını üfürüb alnından yuxarı atdırmaq istəyirdi. Müyəssər olmayanda bir əli ilə məftili fırladır, o biri əli ilə saçını arxaya itələyirdi.

Neçə vaxt idi ki, Sərdar da, anası da deyinirdilər. Çünki beşinci dəfə olardı ki, hamamın trapı tutulurdu. Su getmirdi və hamamın divarı qonaq otağına bitişik olduğundan ora nəm keçirdi. Bəzən trapın tutulmasından günlərlə çimmirdilər. Avqust ayında bəzən evdə kəskin qoxu hökm sürürdü.

Bu vaxt həyətə üstü qara, altı ağımtıl rəngli pişikləri də miyoldayıb gələndə Sərdarın qanı lap qaraldı və "pişt” deyib qışqırdı ki, kefinəqulu pişik itsin cəhənnəmə. Zəhləsi gedirdi bu pişikdən. Onu saxlayanda fikir verməmişdi ki, erkəkdir, ya dişi. Sonra qonşudakı bicbala uşaqlardan biri baxıb demişdi ki, "Sərdar əmi bu ki dişidir?!”
-Nə olsun ki?
-O olsun ki, gündə birini balalayacaq.

Sərdar pişiyi neçə dəfə Hövsanın çöllərində azdırsa da o, yenə həyətə gəlmişdi Və Sərdar bu işdən usanmışdı. Sonra balaca pişik pozgun çıxdı və tez qadınlaşdı. İlk kişisi kürən pişik oldu və ondan dörd balası doğuldu. Sərdarın anası boğaz pişiyə cücənin qanadından, içalatından verib bəsləyirdi ki, yazıqdır, ikicanlıdır, Allaha acıq gedər. Pişik də yaxşı bəslənməsini görüb doğdu və üstündən neçə aylar sonra yenə doğdu. Anası daha ona baxmadı və "pozgun pişik” adı qoydu. Pişik o qədər ayağı sürüşkən olmuşdu ki, Sərdar günortadan çarpayının yanına qoyduğu kartof-soğanları hər gecə həyətlərinə təşrif buyuran erkək pişiklərə tərəf tolazlayırdı.
 
Ustanı yenə tər basmışdı. Bir əli ürəyinin üstündə, o biri əli məftili fırlatmağında idi.
-Ürəyiniz ağrıyır?
-Hə, bir az sancır.
-İrəliləyiş var? Yoxsa yenə fırladaq?
-Deyəsən irəliləyiş olacaq. Nəyəsə ilişir.  

O, alnındakı tər muncuqlarını silib yavaşca, özü də gülə-gülə:
-Görəsən, mixəkli çaydan qalmadı?

Yenə oturdular. Gəlin yenə təzə çay dəmlədi. Usta masanın üstündəki qəzet parçasının qırağını özünə tərəf çəkdi və hansısa yazını oxuyub gülümsədi:
-Trapınız açılacaq.
-Nə yaxşı? Nədən bildiz?
-İşgüzar adamlar haqqında Britaniya falından. Bax burda mənim Tərəzi bürcümdə yazılıb ki, gün ərzində başladığınız iş uğurla başa çatacaq. Mən də işgüzar adamam axı. Burada yazılıb ki, Merkurinin xoş təsirini hiss edəcəksiz. İşlərinizdə uğur qazanacaqsız. Kefi kök, damağı çağ vəziyyətdə ən məsul işlərə başlaya bilərsiniz. Məqsədə çatmaq üçün soyuqqanlı olmalısınız. Məqsədə doğru təmkinlə irəliləməlisiniz.

Evin kişisi Sərdar, arvadı və uşaqlar sevindilər. Arvadı dovğanı bullamağını saxlayıb gözlədi ki, usta daha nə deyəcək. Usta isə cib yaylığını isladıb boynunun-boğazının tərini sildi və daha dillənmədi.
Gəlin isə pərişan olduğundan dovğanı yaxşı bullamırdı, arada qarışdırır, arada fikri çöldə qalırdı. Keçən dəfə də üstünə düşmüşdülər ki, uzun saçı kəsdirmək lazımdır, yoxsa Sərdarın aylıq maaşı kanalizasiya işçilərinə xərclənib külək kimi havaya uçacaq. Qaynanası hər dəfə gəlinlə şam edəndə ona deyirdi ki, uzun saç gözlərə ziyandır, tez-tez qaranlıq çökəcək, axırda kor olacaqsan. Gəlin isə bacılarını yadına salırdı. Dörd bacısının içində ən uzun saç onda olduğundan atası həmişə başını sığallayıb deyərdi ki, belə uzun telləri kəsmə, heyifdir. Ərə gələndə də saçını kəsdirmədi. Axır aylar hamamın gözü tez-tez tutulandan saçı tez-tez yada düşməyə başlamdı. Hər dəfə çiməndən çıxanda hamamı silib-süpürsə də, hardansa yenə saçlarından trapa sürüşənlər olurdu. Saçının dibinin bərk olması üçün İrana gedən zəvvar qonşularına demişdi ki, təmiz həna gətirsinlər. Onlar da gətirmişdilər və saçının dibinə yaxırdı ki, dibi möhkəmlənsin. Xeyri olmamışdı, yenə də hamamın trapı tutulmuşdu. Sonra gənəgərçək yağının içinə yumurtanın ağından da qarışdırdı ki, saçının dibi daş kimi olsun. Daş kimi olmasa da saç codlaşdı, amma tərslikdən yenə də hamamın gözü tutuldu.
 
Usta çayını içərkən Sərdar dözməyib yavaşca mətbəxə keçdi və hirsli-hirsli arvadının qulağına pıcıldadı ki, "baxarsan, sənin saçların çıxacaq ordan”.
Əslində Sərdar uzun saçların əleyhinə deyildi, əksinə uzun saçlardan ötəri əriyib gedirdi. Sadəcə son bir ayda trapın tutulması, dalbadal usta çağırmaları canını boğazına yığmışdı.
-Axı keçən dəfə də sənə dedim ki, saçını kəsdir. Gecə yatanda hər dəfə üzünü kənara çevirəndə saçların gözümə dəyir. Ayılıb gözümü ovxalayıram, saatlarla otururam, nə qədər tavana baxmaq olar? Odey, uşaqlar da saçından tutub özlərini qucağına götürdürlər. Kəs də bunu dibindən. Ürəyin gəlmirsə bunu mən edərəm.  

Qaynanası da gəlib orda durdu ki, bəs hamamın trapından saç telləri çıxsa daha belə tərs gəlinə sözü yoxdur.  

Ustanın çağırması ilə Sərdar dərindən ah çəkib arvadının üzünə baxdı: "Gör başımıza nələr gətirirsən də”. Hamama düşdü. Yenə məftili fırlatmağa başladılar. Nəhayət məftilin başında trapı tutan zad çıxdı.
Qaynana gözünü yaxın elədi ki, görsün gəlinin saçları çıxmayacaq ki. Gəlinin saçı çıxmadı. Qaramtıl-göyümtül hamam palçığının içindən yumağa dönən quş tükləri çıxdı. Bu, Sərdarın bildirçin adı ilə yaxınlıqdakı restorana sırıdığı çöl göyərçinlərinin tükləri idi. Hansı ki, Sərdar onların tüklərini hamamda yolurdu ki, qonşular, ya da ertəsi gün sərxoşluqdan ayılıb gecə bildirçin əvəzinə göyərçin yediyini bilən müştərilər görməsin. Onlar hər an evinə gələ bilərdilər. Elə müştərilər də, restoranın yiyəsi həyasız İmamverdi də.

-Axı mən onları təmizləmişdim, - deyə Sərdar başını təəssüflə bulasa da, bilməmişdi ki, qanadların xırdaları trapa sürüşüb və günlərlə iri yumağa çevrilib.

Gəlinin gözləri güldü. Mətbəxə keçib saçlarını açdı və gülə-gülə daramağa başladı.


SON