Viktor Pelevin. Mavi fənər (Hekayə)

Viktor Pelevin. Mavi fənər (Hekayə)

Pəncərənin dalında yanan fənərin işığı otağı demək olar ki, aydınladırdı. İşıq göyümtüldü, ölüydü və əgər çarpayıda uzandığın yerdən sağa əyilib baxanda görünən ay olmasaydı, cansıxan mənzərə yaranardı. Yuxarıdan konusvari düşən ay işığı ölü parıltını bir az gücləndirir, onu sirli və həlim edirdi. Ancaq mən sağ tərəfə sallananda iki dəmir ayaq yuxarı qalxır, bir saniyə havada qalandan sonra zərblə döşəyə çırpılırdı, nəticədə iki sıra düzülmüş çarpayıların arasındakı mavi işıq zolağını qəribə şəkildə tamamlayan tutqun səs yaranırdı.

- Dinc otur, - Kostıl göyümtül yumruğunu göstərib dedi. – Eşitmək olmur.

Qulaq asmağa başladım.

- Ölü şəhər haqqında nəsə bilirsiniz? – Tolstoy soruşdu. Hamı susub qulaq asırdı. – Demək belə, bir kişi iki aylığa ezamiyyətə gedir, qayıdanda görür ki, hamı ölüb.

- Yox, - Tolstoy dedi, - onlar işə gedirlər, danışırlar, növbədə dayanırlar. Hər şey əvvəlki kimidi. Amma kişi onların əslində ölü olduğunu görür.

- Bəs kişi onların ölü olduğunu necə başa düşür?

- Mən nə bilim? – Tolstoy cavab verdi. – Kişi başa düşüb də, mən başa düşməmişəm ki. Necəsə başa düşüb. Nəsə, kişi bu qərara gəlir ki, özünü bilməməzliyə vursun və evinə gedir. Onun arvadı vardı. Kişi onu görən kimi, arvadının da ölü olduğunu başa düşür. Kişi öz arvadını çox sevirmiş. Başlayır qadını sorğu-suala tutmağa ki, mən olmayanda nələr baş verib. O da cavab verir ki, heç nə. Özü də ərinin nə istədiyi ona çatmır. Onda kişi hər şeyi danışmaq qərarına gəlir və soruşur: "Bilirsən ki, ölmüsən?” Arvadı deyir: "Bilirəm!” Kişi soruşur: "Bəs bilirsən ki, şəhərdəki hamı ölüdür?” Arvadı deyir: "Bilirəm! Bəs hamının nə üçün ölü olduğunu bilirsən?” Kişi deyir: "Yox”. Onda arvadı bir də soruşur: "Səbəbini deyim?” Kişi qorxsa da, hər halda deyir: "De”. Onda arvadı deyir: "Çünki sən özün ölüsən!”

Tolstoy axırıncı cümləni elə quru və rəsmi tərzdə dedi ki, doğrudan da hamı           qorxdu.

- Həə, əmi qəşəng ezamiyyətə gedibmiş…

Bunu Kolya dedi. O burdakıların hamısından ya bir, ya da iki yaş balacaydı. Amma taxdığı iri eynək ona rəsmi görkəm verdiyi üçün, balacaya oxşamırdı.

- İndi sən danış, - Kostıl Kolyaya dedi. – Bir halda ki, ağzını birinci sən açdın…

- Bu gün belə danışmamışdıq axı, - Kolya etiraz etdi.

- Bu qayda həmişəlikdi. – Kostıl dedi. – Başla, uzatma.

Kolyanın yerinə Vasya dilləndi:

- Yaxşısı budu, mən danışım. Göy dırnaq haqqında eşitmisiniz?

- Təbii ki, - o biri küncdən kimsə pıçıltıyla ded. - Göy dırnaq haqqında kim eşitməyib ki?

- Bəs qırmızı ləkə haqqında bilirsiniz? - Vasya soruşdu.

- Yox, bilmirik, - Kostıl hamının yerinə cavab verdi. - Başla.

- Bir ailə mənzilə gəlir, - Vasya yavaş-yavaş danışmağa başladı, - evin divarında qırmızı ləkə olur. Ləkəni birinci uşaqlar görürlər və göstərmək üçün analarını çağırırlar. Anaları isə susur. Özü də bir cür baxır və gülümsəyir. Onda uşaqlar atalarını çağırırlar. "Ata, bax!” - deyirlər. Ata da anadan çox qorxurmuş. Ona görə də uşaqlara deyir: "Gedək burdan. Sizə dəxli yoxdur”. Anaları isə gülümsəyir və susur. Hamısı gedir yatmağa.

Vasya susub dərindən nəfəs aldı.

- Yaxşı, sonra nə oldu? - Kostıl bir neçə saniyəlik sükutdan sonra soruşdu.

- Sonra səhər açılır. Oyanırlar, baxırlar ki, uşağın biri yoxdur. Onda uşaqlar analarından soruşurlar: "Ana, ana, qardaşımız hanı?” Anaları da cavab verir: "Nənənin yanına gedib, nənəgildədir”. Uşaqlar da inanırlar. Anaları işə gedir, axşamsa qayıdır və gülümsəyir. Uşaqlar ona deyirlər: "Ana, biz qorxuruq”. O isə əvvəlki kimi gülümsəyir və ataya deyir: "Onlar mənim sözümə baxmırlar. Döy onları”. Ata uşaqları döyür. Uşaqlar hətta qaçmaq istəyirlər, amma anaları onlara axşam elə bir şey yedirtmişdi ki, eləcə otururlar, yerlərindən dura bilmirlər…

Qapı açıldı və biz hamımız bir anda gözlərimizi yumub özümüzü yuxuluğa vurduq. Bir neçə saniyədən sonra qapı örtüldü. Vasya bir müddət dəhlizdən addım səslərinin kəsilməsini gözlədi.

- O biri səhər yuxudan oyanırlar, görürlər uşağın biri də yoxdur. Bir dənə balaca qız qalıb. Qız atasından soruşur ki, bəs ortancıl qardaşım hanı? Atası da cavab verir ki: "Pioner düşərgəsindədir”. Anası da əlavə edir: "Ağzından qaçırtsan... səni öldürərəm”. Qızı heç məktəbə də qoymur. Axşam gəlir, yenə qıza nə isə yedirdir, o da oturduğu yerdən dura bilmir. Ata isə qapı-pəncərəni bağlayır.

Vasya yenə susdu. Amma bu dəfə heç kim ondan davam etməsini istəmədi, qaranlıqda ancaq necə nəfəs aldığımız eşidilirdi.

- Sonra başqa adamlar gəlirlər, - yenə o dilləndi. – Görürlər ki, mənzil boşdu. Bir il keçir. Ora təzə adamlar köçür, onlar da qırmızı ləkəni görürlər, divar kağızlarını kəsirlər. Görürlər ki, ana oturub orda, gömgöydür, o qədər qan içib ki, çıxa bilmir. Uşaqları o yeyirmiş, ata da ona kömək edirmiş.

Bir müddət hamı susdu, sonra kimsə soruşdu:

- Vasya, sənin anan harda işləyir?

- Sənə nə?

- Bəs sənin bacın var?

Vasya cavab vermədi, deyəsən ya xətrinə dəymişdi, ya da yatırdı.

- Tolstoy, - Kostıl çağırdı, - ölülər haqqında nəsə danış.

- Bilirsiniz ölüyə necə çevrilirlər? - Tolstoy soruşdu.

- Bilirik, uzanıb ölürlər, - Kostıl cavab verdi.

- Bəs sonra?

- Heç nə. Yuxu kimidir, - Kostıl dedi, - amma daha oyanmırsan.

- Yox, - Tolstoy dedi, - onu demirəm. Hər şey nədən başlayır, bilirsiniz?

- Nədən?

- Əvvəlcə ölülər haqqında əhvalatlara qulaq asırlar, hər şey ondan başlayır. Sonra uzanıb fikirləşirlər ki, biz niyə ölülər haqda əhvalata qulaq asırıq?!

Kimsə əsəbi halda hırıldadı, Kolya isə qəflətən çarpayıda oturdu və çox ciddi şəkildə:

- Uşaqlar, qurtarın,- dedi.

- Bax, bax, - Tolstoy özündən razı tonda dedi. - Elə belə də başlayır. Əsası ölü olduğunu başa düşməkdi, sonrası asandır.

- Ölü özünsən, - Kolya qətiyyətsiz səslə acıqlandı.

- Bəyəm mən etiraz elədim? - Tolstoy dedi. - Yaxşısı budur sən fikirləş ki, nə üçün birdən-birə ölü ilə danışırsan?

Kolya bir az fikirləşdi. Sonra:

- Kostıl, - deyə soruşdu, - Axı sən ölü deyilsən?

- Mən, - Kostıl dilləndi, - necə deyim?

- Bəs sən, Lyoşa? - Lyoşa hələ şəhərdən Kolyanın dostu idi.

- Kolya, - o cavab verdi, - özün fikirləş. Bax, sən şəhərdə yaşayırsan, elədir?

- Hə, - Kolya dedi.

- Səni qəflətən harasa aparırlar, elədir?

- Hə.

- Sən də birdən görürsən ki, uzanmısan ölülərin arasında, özün də ölüsən.

- Hə, - Kolya dedi.

- İndi başını işlət, - Lyoşa dedi.

- Biz çox gözlədik, - Kostıl da qoşuldu. - Dedik, özün başa düşərsən. Bütün ömrüm boyu bu qədər səfeh ölünü birinci dəfədir görürəm. Sən yəni başa düşmürsən ki, biz bura niyə yığışmışıq?

- Yox, - Kolya dedi. O, ayaqlarını sinəsinə sıxaraq çarpayıda oturmuşdu.

- Biz səni ölülüyə qəbul edirik, - Kostıl dedi.

Kolya nəsə mızıldandı, ya hıçqırdı, çarpayıdan atıldı və güllə kimi dəhlizə çıxdı, ordan onun yalın ayaqlarının bərk tappıltısı gəldi.

- Hırıldamayın, - Kostıl pıçıldadı. - Eşidəcək.

- Gülməli nə vardı, - Tolstoy melanxolik səslə soruşdu. Bir neçə saniyə sakitlik oldu, sonra Vasya soruşdu:

- Uşaqlar, birdən…

- Sən də ağ elmə, - Kostıl dedi, - Tolstoy, yenə nəsə danış.

- Belə bir hadisə olub, - pauzadan sonra Tolstoy dilləndi. - Bir neçə nəfər tanışlarını qorxutmaq üçün sözü bir yerə qoyurlar. Ölü kimi geyinirlər, ona yaxınlaşıb deyirlər: "Biz ölüyük, sənin dalınca gəlmişik”. Tanış qorxur və qaçır. Onlarsa doyunca gülürlər, sonra onlardan biri soruşur: "Uşaqlar, biz nə üçün ölü kimi geyinmişik?” Hamı onlara baxır, amma heç kim nə demək istədiyini başa düşmür. O isə təzədən soruşur: "Nə üçün dirilər bizdən qaçır?”

- Nə olsun?- Kostıl soruşdu.

- Nə nə olsun ki? - Tolstoy cavab verdi. - O dəqiqə hamısına çatır.

- Nəyi başa düşürlər?

- Nəyi lazımdırsa, onu.

Sakitlik çökdü, sonra Kostıl dilləndi:

- Bura bax, Tolstoy, adam kimi danışa bilmirsən?

Tolstoy susurdu.

- Tolstoy, - Kostıl yenə dilləndi, - səsin nə üçün çıxmır? Ölmüsən?

Tolstoy susurdu və onun səssizliyi get-gedə daha mənalı olmağa başlayırdı. Hər ehtimala qarşı, mən bərkdən nə isə bir söz demək istədim:

- "Zaman” verilişi haqqında eşitmisiniz?

- Başla, - Kostıl cəld dedi.

- O çox qorxulu deyil, - dedim.

- Dəxli yoxdur, başla.

Mən danışacağım əhvalatın sonunu dəqiq xatırlamırdım. Ancaq fikirləşdim ki, danışa-danışa yadıma düşəcək.

- Deməli, bir kişi olur, otuz yaşlarında. Bir gün oturub "Zaman” verilişinə baxır. Televizoru yandırır, rahat olsun deyə, kreslonu qabağa çəkir. Ekranda əvvəlcə saat görünür. Həmişəki kimi kişi saatının düz işləyib-işləmədiyini yoxlayır. Hər şey həmişəki kimi olur. Nə isə saat düz doqquzu göstərir. Və ekranda "Zaman” sözü peyda olur, amma əvvəllər olduğu kimi ağ yox, nə üçünsə qara rəngdə. Kişi bir az təəccüblənir. Amma sonra fikirləşir ki, yəqin bu təzə tərtibatdır və baxmaqda davam edir. Sonra yenə hər şey həmişəki kimi olur. Birinci hansısa traktoru göstərirlər, sonra İsrail ordusunu, sonra hansısa akademikin öldüyünü deyirlər, sonra bir az idmandan danışırlar, sonra sabahkı gün üçün hava haqqında məlumat verirlər. Vəssalam, "Zaman” qurtarır, kişi də kreslodan durmaq istəyir.

- Sonra yadıma salın, sizə yaşıl kreslo haqqında danışacağam, -Vasya sözümü kəsdi.

- Deməli, kişi durmaq istəyir, amma hiss edir ki, bacarmır. Durmağa gücü yoxdur. Kişi bərk qorxur, bütün gücünü toplayıb kreslodan durur, güclə yeriyə-yeriyə güzgüyə baxmaq üçün hamama gedir. Birtəhər çatır hamama. Güzgüdə özünə baxanda görür ki, bütün saçları ağarıb, sifəti qırış-qırışdır, dişləri də yoxdur. "Zaman”a baxa-baxa bütün həyatını ötürüb.

- Bunu eşitmişəm, - Kostıl dedi, - amma orda şaybalı futboldan danışılır. Kişi şaybalı futbola baxır.

Dəhlizdə addımlar və acıqlı qadın səsi eşidildi, bir anda hamımız susduq. Vasya isə hətta qeyri-təbii halda xoruldamağa başladı. Bir neçə saniyədən sonra qapı taybatay açıldı və palatada işıq yandı.

- Burda baş ölü kimdir? Tolstenko, sənsən?- Kandarda ağ xalatlı Antonina Vasilyevna dayanmışdı, baxışlarını ciddi-cəhdlə küncdəki batareyanın altında gizlətməyə çalışan, ağlamış Kolya da yanında idi.

- Baş ölü, - Tolstoy şərəflə cavab verdi, - Moskvada, Qırmızı Meydandadır. Siz niyə məni gecə yuxudan oyadırsınız?

Belə bir həyasızlıqdan Antonina Vasilyevna çaşdı:

- İçəri keç, Averyanov, - o, üzünü Kolyaya tutub nəhayət ki, dilləndi, - get yat, ölülərlə sabah düşərgə rəisi məşğul olacaq. Evlərinə göndərməsə yaxşıdır.

- Antonina Vasilyevna, - Tolstoy yavaşca dilləndi, - siz niyə ağ xalat geyinmisiniz?

- Çünki belə lazımdır, bildin? - Kolya Antonina Vasilyevnaya baxdı. - Get yerinə, Averyanov, - o dedi, - yatmağa. Sən kişisən, ya yox? - Sonra üzünü Tolstoya çevirdi. - Sənsə bircə dənə də söz desən, qızların palatasında çılpaq dayanmağa gedəcəksən. Başa düşdün?

Tolstoy sakitcə Antonina Vasilyevnanın xalatına baxırdı. O da özünə nəzər saldı, sonra Tolstoya baxdı və barmağını alnında fırlatdı. Sonra qəfildən hirsləndi, hətta hirsindən qızardı.

- Tolstenko, sən mənə cavab vermədin, - o dedi, - nə olacağını sən başa düşdün də?

- Antonina Vasilyevna, - Kostıl dilləndi, - axı özünüz dediniz ki, bir söz də desə, siz onu… Sizə necə cavab versin?

- Səninləsə, Kostıl, - Antonina Vasilyevna dedi, - lap xüsusi söhbət olacaq, direktorun kabinetində. Yadında saxla.

İşıq söndü, qapı çırpıldı. Bir müddət - hardasa iki, üç dəqiqə - Antonina Vasilyevna qapının arxasında dayanıb qulaq asdı. Sonra dəhlizdən onun sakit addımlarının səsi gəldi. Hər ehtimala qarşı biz bir-iki dəqiqə də susduq. Sonra Kostılnın pıçıltısı eşidildi:

- Bura bax, Kolya, mən sabah sənə göstərəcəyəm…

- Bilirəm, - Kolya qəmgin cavab verdi.

- Görərsən.

- Yaşıl kreslo haqqında danışım? - Vasya soruşdu.

Heç kim səsini çıxartmadı.

- Bir dənə böyük müəssisədə, - Vasya danışmağa başladı, - direktorun kabineti var idi. Orada xalça, şkaf, böyük stol vardı və stolun qabağına yaşıl kreslo qoyulmuşdu. Kabinetin bir küncündə də lap çoxdan ora gətirilmiş keçici qırmızı bayraq vardı. Bir dəfə bir kişini zavoda direktor təyin edirlər. O, kabinetə girir, o tərəf-bu tərəfə boylanır, hər şeyi çox bəyənir. Oturur kresloya və başlayır işləməyə. Sonra direktorun müavini kabinetə girəndə direktorun əvəzinə kresloda skelet görür. Milis çağırırlar, hər yerdə axtarış aparırlar, amma heç nə tapmırlar. Sonra müavini direktorun yerinə qoyurlar. O da oturur kresloya və başlayır işləməyə. Bir azdan kabinetə girənlər görürlər ki, kresloda yenə də skelet oturub. Yenə milis çağırırlar, yenə heç nə tapmırlar. Onda təzə direktor təyin edirlər. O isə o biri direktorların başlarına gələni bilirdi, ona görə də, adam boyda oyuncaq hazırlatdırır. Öz paltarını geyindirir oyuncağa, oturdur kresloya. Özü isə pərdənin arxasında gizlənir, - sonra yadıma salın, Sarı pərdə haqqında danışım, - nə baş verəcəyini gözləməyə başlayır. Bir saat keçir. Birdən direktor görür ki, kreslodan metal oxlar çıxır və hər tərəfdən oyuncağı sarıyır. Oxlardan biri də oyuncağın düz boğazına dolanır. Onlar oyuncağı boğandan sonra, keçici qırmızı bayraq küncdən çıxıb kresloya yaxınlaşır, oyuncağın üstünə sərilir. Bir neçə dəqiqədən sonra oyuncaqdan heç nə qalmır. Keçici qırmızı bayraqsa stoldan durub öz küncünə qayıdır. Bütün bunları görən kişi sakitcə kabinetdən çıxıb aşağı düşür, yanğına qarşı müdafiə köşkündən baltanı götürür, kabinetə qayıdıb zərblə keçici bayrağa çırpır. O dəqiqə dəhşətli fəryad səsi eşidilir, bayrağın dəstəyindənsə döşəməyə qan tökülür.

- Bəs sonra? - Kostıl soruşdu.

- Vəssalam, - Vasya cavab verdi.

- Bəs kişi nə oldu?

- Bayrağa görə tuturlar.

- Bəs bayraq?

- Düzəldib yerinə qoyurlar, - Vasya bir az fikirləşib cavab verdi.

- Bəs təzə direktor gələndə nə baş verir?

- Eyni hadisə.

Qəflətən yadıma düşdü ki, direktorun kabinetində, küncdə rəngli dəstə nömrələri yazılmış bir neçə bayraq var, bu bayraqları direktor artıq iki dəfə təntənəli düzülüş zamanı paylayıb. Onun kabinetində kreslo da vardı, amma yaşıl yox, qırmızıydı, özü də fırlananından.

- Hə, yadımdan çıxmışdı, - Vasya dedi, - kişi pərdənin dalından çıxanda saçları ağappaq ağarmışdı. Sarı pərdə haqqında eşitmisiniz?

- Mən eşitmişəm, - Kostıl dedi.

- Tolstoy, sən sarı pərdə haqqında eşitmisən?

Tolstoy susurdu.

- Ey, Tolstoy!

Tolstoy cavab vermirdi. Mən fikirləşirdim ki, Moskvada evimizin pəncərələrindən sarı pərdələr asılıb, daha doğrusu, sarımtıl-yaşıl. Yayda eyvanın pəncərələri daima açıq qalanda və aşağıdan, bulvardan motorların səs-küyü eşidiləndə, hansısa güllərin qoxusu ilə qarışmış, yanmış benzin qoxusu hiss ediləndə mən tez-tez eyvanın yanında yaşıl kresloda otururam və küləyin sarı pərdəni necə yellətdiyinə baxıram.

- Qulaq as, Kostıl, - gözlənilmədən Tolstoy dedi, - ölülüyə sən bildiyin kimi qəbul etmirlər.

- Bəs necə? - Kostıl soruşdu.

- Cürbəcür. Ancaq heç vaxt ölülüyə qəbul etdiklərini demirlər. Ona görə də ölülər sonra artıq ölü olduqlarını bilmirlər. Elə bilirlər ki, hələ yaşayırlar.

- Səni artıq qəbul ediblər?

- Bilmirəm, - Tolstoy dedi. - Bəlkə də ediblər, bəlkə də sonra edəcəklər, şəhərə qayıdanda. Deyirəm axı, onlar qabaqcadan xəbər vermirlər.

- Kim "onlar”?

- Necə yəni kim? Ölülər.

- Yenə başladın, - Kostıl dedi, - səsini kəssəydin yaxşı olardı. Boğaza yığdın.

- Düppədüz. Bezdik, - Kolya onun səsinə səs verdi.

- Sənsə, Kolya, - Kostıl dedi, - onsuz da sabah payını alacaqsan.

Tolstoy bir az susdu.

- Ən əsası, - yenə dilləndi, - qəbul edənlər də ölülüyə qəbul etdiklərini bilmirlər.

- Onda necə qəbul edirlər? - Kostıl soruşdu.

- O qədər yol var ki. Məsələn, sən kimdənsə nə isə soruşdun, ya da televizoru işə saldın, əslində isə səni ölülüyə qəbul edirlər.

- Onu demirəm. Onlar axı qəbul edəndə bilməlidirlər ki, kimisə qəbul edirlər.

- Əksinə, əgər ölüdürlərsə, necə bilə bilərlər?

- Əməlli-başlı anlaşılmazlıq yaranır, - Kostıl dedi, - onda kimin ölü, kimin diri olduğunu hardan bilək?

- Başa düşmürsən?

- Yox, - Kostıl cavab verdi,- belə çıxır ki, heç bir fərq yoxdur.

- Vəssalam. İndi fikirləş, gör sən kimsən? - Tolstoy dedi.

Kostıl qaranlıqda nə isə hərəkət etdi və Tolstoyun başının yanındakı divardan bərk tappıltı səsi gəldi.

- Axmaq, - Tolstoy dedi, - az qala başıma dəymişdi.

- Biz onsuz da ölüyük, - Kostıl dedi. - Böyük iş olacaqdı guya?

- Uşaqlar, - Vasya yenidən soruşdu, - sarı pərdə haqqında danışım?

- Vasya, cəhənnəm ol. Yüz dəfə eşitmişik.

- Mən eşitməmişəm, - Kolya küncdən dilləndi.

- Nə olsun, bir dənə sənə görə hamı qulaq asmalıdır? Sonra yenə ağlamaq üçün Antoninanın yanına qaçacaqsan.

- Mənim ayağım ağrıyırdı, ona görə ağlayırdım, - Kolya dedi, - çıxanda ayağımı vurub zədələmişdim.

- Yeri gəlmişkən, sən əhvalat danışmalı idin. Bayaq birinci sənin səsin çıxdı. Elə bilirsən yadımızdan çıxıb? - Kostıl dedi.

- Mənim əvəzimə Vasya danışdı, - Kolya dedi.

- O sənin əvəzinə yox, elə-belə danışdı. İndi isə sənin növbəndir. Yoxsa sabah dəqiq payını alacaqsan.

- Qara dovşan haqqında bilirsiniz? - Kolya soruşdu.

Mən həmin dəqiqə hansı qara dovşandan söhbət getdiyini başa düşdüm: dəhlizdə, yeməkxananın qabağında qalstuklu, yanmış dovşan təsvir olunmuş lövhə asılmışdı. Şəkil çox canfəşanlıqla və dəqiqliklə çəkildiyindən, dovşan doğrudan da tamam qara alınmışdı.

- Görürsən, hələ deyirsən ki, heç nə bilmirsən. Başla.

- Bir pioner düşərgəsi olur, orda əsas korpusda divarda cürbəcür heyvanların şəkilləri çəkilmişdi, bunlardan biri də təbilli qara dovşan idi. Nədənsə onun pəncələrinə iki mismar batırılmışdı. Bir dəfə bir qız nahardan sonra yatmağa gedəndə şəkilin yanından keçir. Qız yaxınlaşır və dartıb mismarları çıxartır. Dovşana yazığı gəlir. Birdən ona elə görünür ki, qara dovşan ona elə baxır, elə bil sağdır. Qız fikirləşir ki, gözünə gürünüb, gedir palataya. Sakit saat başlayanda qara dovşan da təbilini çalmağa başlayır. O dəqiqə də düşərgədəki hər kəs yatır, hamı yuxuda görür ki, sakit saat qurtarıb, onlar da yuxudan oyanıb, gedirlər yeməyə. Sonra onlar hər gün elədikləri işləri görürlər, pinqponq oynayırlar, kitab oxuyurlar və s. Bütün bunları isə əslində yuxuda görürlər. Sonar hamı evinə gedir. Sonra böyüyürlər, məktəbi bitirirlər, evlənirlər, işə girirlər, uşaqlarını tərbiyə edirlər. Əslində isə, sadəcə, yatırlar. Qara dovşan bütün vaxt ərzində təbilinə vurur. - Kolya susdu.

- Anlaşılmaz bir şeydir, - Kostıl dedi. - Bax, deyirsən ki, evlərinə dağılışdılar, axı orda onların valideynləri, dostları olmalıdır, onlar da yatırdılar?

- Yox, - Kolya dedi, - onlar yatanların yuxusuna girirdilər.

- Axmaqlıqdır, - Kostıl dedi. - Uşaqlar, kimsə nəsə başa düşdü?

Heç kim cavab vermədi. Deyəsən artıq hamı yatırdı.

- Tolstoy, sən nəsə başa düşdün?

Tolstoyun çarpayısı cırıldadı, o döşəməyə əyildi, yerdən nəsə götürüb Kolyaya tərəf tolazladı.

- Ay, əclafsan, ha, - Kolya dedi. - İndi sənə göstərəcəyəm.

- Bura ver, - Kostıl dedi.

Bu onun bayaq Tolstoya atdığı idman ayaqqabısı idi. Kolya ayaqqabını verdi.

- Ey, - Kolya məni çağırdı. - Sən niyə susursan?

- Elə-belə, - dedim, - yatmaq istəyirəm.

Kostıl çarpayıda qurcalandı. Mən onun yenə nəsə deyəcəyini fikirləşdim, ancaq o susdu. Hamı susmuşdu. Vasya yuxuda sayıqlayırdı. Mən tavana baxırdım. Pəncərənin qabağındakı fənərin lampası yellənirdi, onunla bir yerdə palatamızdakı kölgələr də tərpənirdi. Mən üzümü pəncərəyə çevirdim. Ay daha görünmürdü. Ətrafda tam sakitlik idi, təkcə uzaqdan gecə qatarının relslərdə çıxardığı səs eşidilirdi, uzun müddət mavi fənərə baxdım və necə yuxuya getdiyimi heç özüm də hiss eləmədim.

 

 

Tərcümə: Həmid P.