Xalq şairinin məzarı ziyarət edilib

Xalq şairinin məzarı ziyarət edilib

Xalq şairi Mirvarid Dilbazinin ruhuna ehtiram olaraq bir qrup ziyalı onun qəbrini ziyarət edib.

Ziyarət Mirvarid Dilbazi Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlının təşkilatçılığı ilə reallaşıb.

Anım mərasimində Xalq şairinin qızı Xatirə Dilbazi xanım və yaxın qohumları, eyni zamanda professor Qüdrət İsaqov, şair-dramaturq Hacı Zaməddin Ziyadoğlu, "Mişov” jurnalının baş redaktoru, şair-publisist Akşin Ağkəmərli və başqaları çıxış edərək Mirvarid Dilbazinin ömür yolu və zəngin poeziya dünyasından söhbət açıblar.

Mirvarid Dilbazi Məclisinin sədri Güllü Eldar Tomarlı çıxış edərək bildirib ki, ömrünü poeziyamızın zənginləşməsinə həsr edən Mirvarid Dilbazi həm çox dəyərli bir şair, həm müqəddəs bir ana, həm də bu vətənin qürur simvolu kimi yaddaşlara yazılıb. Onun bənzərsiz poeziyası xalq ruhunun ləli-cövhəridir, şeirləri dillər əzbəri, mahnılar bəzəyidir. Uşaq şeirləri körpə balalarımızın dilinin daha səlis olmasına kömək olub. Vətənpərvərlik mövzusunda yazdığı yüzlərlə şeiri Azərbaycan Ordusuna ruh, ilham verib.

Sonda şairin qızı Xatirə Dilbazi çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.