Xan Rəsuloğlu - MÖCÜZƏ DÜNYA

Xan Rəsuloğlu - MÖCÜZƏ DÜNYA


Qarışqasından tutmuş
Qaranquşunacan,

Alqışından tutmuş qarğışınacan,

Günəşindən tutmuş buzunacan,

Kitabından duzunacan,

Gecəsindən gündüzünəcən-

Hər məqamı, hər duyumu möcüzə.

Yaxşısından pisinəcən,

Əclafından tüstüsünə, səsinə

Çiçəyinə, TV-sinə, dənizinə,

Qadını, kişisinə,

Sevinci əndişəsinəcən,

Hər şeyi möcüzədir bu dünyamızın.

Hətta qorxuları da, uyğuları da,

İnamı da, inadı da möcüzə.

Allahı bir möcüzə, iblisi bir möcüzə.

Savabı bir möcüzə,

günahı bir möcüzə.

Yaşamı-ölümü də…

Varlığın, var olmanın ilahi nəfəsi var,

Ölümün özündə də,

Tanrı möcüzəsi var.

Xəstəlik də möcüzə,

avamlıq da möcüzə.

Möcüzəsi yuxudur,

yuxusu da möcüzə.

Varlığı yoxluq olan,

yoxluğu var olan biz,

Aniliyi əbədi,

əbədisi aniyiz.

İlahi ovqatını

nəfsinə qurban verən,

Nəfsini də ilahi,

həzz ilə yaşadan biz.

Varlığı dərk eyləmək

ilahi bir ətaymış.

Dərk edib dərdə düşmək,

Bağışlanmaz xətaymış.

İlahi ruhumuzun ilahi məqamı var:

"Həqq mənəm, həqq məndədir”,

adamlar, ay adamlar!