
Yapon yazıçısı süni zəka, dil və ritm haqqında danışır
Müsahibə
- 30.07.2025
- 0 Şərh
- 108 Baxış
Rie Qudan 1990-cı ildə Yaponiyanın Saitama prefekturasında anadan olub. 2021-ci ildə debüt əsəri olan "Pis musiqi” ilə yeni başlayan yazışılar üçün nəzərdə tutulan "Bungakukai” mükafatını qazanıb. Ardınca "Məktəbli qız” və "Şeir yazan atlar” adlı əsərləri yayımlanıb. Sonuncusu ilə "Noma” ədəbiyyat mükafatına layiq görülüb. 2024-cü ilin yanvarında "Tokio rəğbət qülləsi” ilə "Akutaqava” mükafatını alıb.
2024-cü ilin yanvarında "Tokio rəğbət qülləsi” adlı romanı ilə "Akutaqava” mükafatını qazanan yazıçı Rie Qudan (Rie Kudan), əsərin bəzi hissələrinin generativ süni intellektlə yazıldığını etiraf etməklə geniş ictimaiyyətin diqqətini çəkib. Romanın ingilis dilinə tərcüməsinin dərcinə hazırlıq getdiyi bu günlərdə "Nippon" nəşrinin əməkdaşı müəlliflə görüşüb onun bu əsəri yazarkən qarşılaşdığı təcrübələri və sözlərin gücünə olan inamı haqqında söhbətləşib.
Yarpaq.Az məqalənin tərcüməsini oxuculara təqdim edir.
Tərcümələr sürətlə yayıldı
"Tokio rəğbət qülləsi” romanı "Akutaqava” mükafatını qazandıqdan sonra müəllifin mətbuat konfransında romanın "təxminən beş faizinin” süni intellektlə yazıldığını deməsi geniş müzakirələrə səbəb olub.
Əsər alternativ Yaponiyada – məşhur memar Zaha Hadidin layihələndirdiyi, lakin maliyyə çatışmazlığı üzündən reallıqda inşa olunmayan Yeni Milli Stadionda 2020 Tokio Olimpiadasının vaxtında, amma fərqli bir ssenaridə baş verir. Əsas obraz və əsərin nəqlçisi Maçina Sara, "Tokio rəğbət qülləsi” adlandırılacaq yeni bir həbsxananın memarlıq layihəsində çalışan memardır. O, cinayətkarlara qarşı həddindən artıq dözümlü olan bir cəmiyyətdə bu layihəyə şübhə ilə yanaşır. Əsər boyunca Maçina həm layihəyə sadiq qalmağa, həm də qüllənin adı və konsepti ilə bağlı daxili tərəddüdlərinə qarşı mübarizə aparır. O, qülləni "Babil qülləsinin qayıdışı” kimi təsvir edir və generativ süni intellektin yaratdığı, qeyri-üzvi və məna yükü daşımayan sözlərlə dolu bir dünyanı əks etdirir. Əsər müasir yapon dilini və cəmiyyətini sorğulayan dərin suallar qoyur.
Romanın mükafat almasından sonra digər ölkələrdə də maraq doğurması uzun çəkməyib. Artıq Cənubi Koreya, Tayvan, Fransa, İtaliya və Almaniyada tərcümələri çap olunub. İngilis dilində versiyası Cessi Kirkvudun (Cecily Kirkwood) tərcüməsində avqustda Böyük Britaniyada, sentyabrda isə ABŞ-da nəşr ediləcək. Rusiya da daxil olmaqla ən azı altı başqa bazarda da nəşri planlaşdırılıb.

Süni intellektlə əməkdaşlıq
Qudan bu etirafın təsirlərini əvvəlcədən təxmin etmədiyini deyir: "Əvvəlcədən AI-dən strateji şəkildə istifadə etməyi düşünmürdüm. Sadəcə bilirdim ki, hekayə memarlıq və dil haqqındadır. Hekayənin süjetini əvvəlcədən çox düşünmürəm. Yazmağa başlayıram və əsəri öz həyatımla əlaqələndirərək davam etdirirəm”.
Qudan deyir ki, əsəri yazmağa təxminən iki il əvvəl – "ChatGPT”nin gündəmə gəldiyi vaxt başlamışdı: "Əvvəlcə maraq xatirinə ‘ChatGPT’yə sual verdim: ‘Əhvalım aşağı olanda necə toparlana bilərəm?’ Cavab psixiatrın məsləhət köşəsi kimi idi. Təəccübləndim və düşündüm ki, AI ilə ünsiyyətdə hiss etdiyim narahatlığı roman vasitəsilə ifadə etsəm, maraqlı nəticə ortaya çıxa bilər.”
Əslində isə süni intellekt yalnız romandakı qəhrəmanın verdiyi suallara cavab hissələrinin yazılmasında istifadə olunub. Qudan konfransda verdiyi "beş faiz” rəqəmini həmin an uydurduğunu deyir.
Müxtəlif reportajlarda bu rəqəm haqda təkrar-təkrar suallar aldığını və bu məsafəni izah etməyin çətin olduğunu bildirir. Nəhayət, "Kōkoku” adlı reklam dərgisindən gələn bir təklif – "AI ilə birgə layihə”, yəni Qudan 5 faiz yazır, süni intellekt isə 95 faiz – onu maraqlandırır. Beləliklə, bu yeni layihə çərçivəsində "Kölgə yağışı” adlı hekayə ortaya çıxır. Hekayə ilə yanaşı, onun yazılma prosesi də onlayn olaraq paylaşılır. Qudan bu təcrübənin "AI-nin roman yazması”nın bugünkü imkanlarını ortaya qoyduğunu deyir: "AI insan zəkanını aşan heç bir fikir irəli sürmədi.”

Başlanğıcda söz vardı
Qudan 2021-ci ildəki debütündən bəri dörd fərqli üslubda bədii əsər yazıb. Onun fikrincə, hər əsərin özünəməxsus dili və ritmi olmalıdır: "Hekayəyə uyğun dil tapmadan yaza bilmirəm. Bəzi sözlər və ifadələr daha yazmağa başlamamış beynimdə formalaşır.”
Bu yanaşmanın kökü uşaqlıqdan gəlir: "Həyatın qəribəliyini uşaq vaxtından hiss edirdim. Düşünürəm ki, yazıçı olmağım da bununla bağlıdır. Dili, yaşadığımı sübut etmək üçün vasitə kimi istifadə edirəm.”
İkinci əsəri "Məktəbli qız”, Dadzai Osamunun (Osamu Dazai) 1939-cu ildə yazdığı eyniadlı hekayəsinin müasir versiyasıdır. Qudan 14 yaşlı qəhrəmanını ətraf mühit və anası ilə münasibətləri haqqında videoblog vasitəsilə dünyaya səsləndirir.
Üçüncü əsəri "Şeir yazan atlar” isə insan və atlar arasındakı tarixi münasibətləri yarış atmosferində təqdim edir. Burada məşhur atların adları və yarış şərhləri yer alır. Qudan deyir ki, bu əsərin adı bir gün yuxudan oyandıqda qəfil beyninə gəlib.
"Tokio rəğbət qülləsi” əsərində isə ilk yaranan fikir "Babil qülləsinin qayıdışı” ifadəsi olub. Yazıçı memarların kitablarını oxuyaraq mövzunu dərindən araşdırıb və Yukio Mişimanın "Qızıl pavilyon” romanından da təsirlənib.

"Mişima mənim ilk eşqim idi!”
Qudan Yukio Mişimanın həyatında xüsusi yeri olduğunu deyir. 14 yaşında onun 1969-cu ildə Tokiodakı universitet debatına dair videosuna baxıb və bu anı hələ də xatırlayır: "Onun səsi və görünüşü məni heyrətləndirdi. Daha sonra əsərlərini oxuyaraq tamamilə onun dünyasına qərq oldum. Onun üslubuna heyran idim. Hər dəfə kitablarını oxuyanda, beynimdə onun səsini eşidirəm.”
Orta məktəbin üçüncü ilində Qudan məktəbi tərk edib. Boşanmış valideynlər və yeni mühitə uyğunlaşmaq çətinliyi ilə üzləşib. Geri dönüb baxanda deyir ki, bu dövrdə Mişima ilə tanışlıq onun üçün bir çıxış yolu idi: "14 yaşımda ümidsiz idim. Heç kimlə danışmırdım. Ən yaxın ünsiyyətim ölü yazıçılarla idi – başda Mişima olmaqla.”
O, uşaqlıq illərində ailəsini yenidən bir araya gətirmək istəyi, əlaqənin pozulması və özünü günahkar hiss etməsi ilə formalaşan dilə və ünsiyyətə olan marağının da buradan qaynaqlandığını düşünür.

Tərcümədə ritm, məna dəqiqliyindən önəmlidir
Qudan, son illərdə məşğul olduğu bədən tərbiyəsi ilə yazı üslubu arasında paralel görür. O, klassik musiqidən hip-hop-a qədər fərqli janrlarda musiqiyə qulaq asır və yazının da musiqi kimi ritmə ehtiyacı olduğunu deyir.
Romanları müxtəlif dillərə çevrilərkən necə hiss etdiyini soruşduqda deyir: "Tərcüməçim Cessi Kirkvudla görüşəndə, ona dedim ki, ritmi qoruması, mənanın bir hissəsinin itməsindən daha vacibdir. Mənim üçün ingilis dilində oxunaqlılıq daha önəmlidir.”
Qudan, Cessi Kirkvudun daha əvvəl "Planet Her, yaxud dünyanın ən yaşlı qadın reperi” adlı hekayəsini tərcümə etdiyini və onda da ritmə həssas yanaşdığını deyir.
Qadın yapon yazıçılarının əsərləri son illərdə beynəlxalq maraq görür. Qudan əvvəlcə romanının tərcümələrinin "AI”, "Akutaqava mükafatı” və "yapon qadın yazıçı” kimi populyar mövzulara bağlı olduğunu düşünürmüş. Lakin Tayvan və İtaliyadakı kitab yarmarkalarında oxucuların və naşirlərin həqiqi marağını gördükdən sonra fikrini dəyişib.
O, xüsusilə İtaliyanın "L’Ippocampo” nəşriyyatını qeyd edir: "Onlar adətən yalnız vizual və uşaq kitabları nəşr edirlər. Mənim romanımı tərcümə və nəşr etmək qərarı yapon ədəbiyyatına dərin maraq göstərən bir redaktorun şəxsi təşəbbüsü idi. Bu məni dərindən təsirləndirdi və göstərdi ki, tərcümənin arxasında duran həqiqi ehtiras nə qədər vacibdir.”
İndi isə "Tokio rəğbət qülləsi”nin dünya dillərində hansı ritmlərlə səslənəcəyi və Qudanın gələcəkdə hansı maraqlı mövzulara toxunacağı maraqla gözlənilir.