Yazıçı ideoloq olmazdan qabaq humanist olmalıdır!
Köşə
- 26.06.2008
- 0 Şərh
- 441 Baxış
Qan Turalı
Aqil Abbasın dolu romanı haqqında
Aqil Abbasın “Dolu” romanı bir neçə aydır dərc olunub. Bu yaxınlarda isə romanın kitab variantı nəşr edildi. Roman haqqında xeyli məqalə dərc edilsə də, romanın polemika doğurduğunu söyləmək mümkün deyil. Çünki dövri mətbuatda dərc olunan məqalələr birmənalı şəkildə tərif və mədhiyyə xarakteri daşıyır. Amma özü-özlüyündə bu da rezonansdır. Eyni rezonans bir neçə il əvvəl Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı ətrafında yaranmışdı. Amma o zaman “Yarımçıq əlyazma” romanı əleyhinə də məqalələr dərc edilmişdi. İndi isə biz “Dolu” romanı ətrafında məqalə yağışını seyr etməkdəyik. Bu məqalələrin həcmi tezliklə romanın həcmini keçəcək. Bir daha vurğulayırıq, bu məqalələrdə tənqidi təfəkkürün elementlərindən daha çox assosiativ təfəkkürün elementləri çoxdur. Deputat, həm də şair Vaqif Səmədoğlu isə roman münasibət bildirməkdə daha orijinal yol seçib. Belə ki, o romanı APA-ya xüsusi açıqlamasında tərifləyib. Bu fakt bədii əsərə münasibət bildirməyin yeni forması kimi tarixdə qalacaq.
Savaş ədəbiyyatı, ədəbiyyatın savaşı
Azərbaycan nəsrinin cəmi 150 illik tarixi var. Bu tarixdə isə Azərbaycan cəmi üç savaşda iştirak edib. Epizodik planda I Dünya savaşında, arxa cəbhə statusunda Böyük Vətən müharibəsi adlandırılan II Dünya müharibəsində, birbaşa şəkildə isə Qarabağ savaşında. I Dünya savaşında Azərbaycan yalnız xüsusi bir alayla iştirak edib. Bu savaş nəsrimizdə çox epizodik formada işlənilib. Böyük azəri romançısı Yusif Vəzirin “Studentlər” romanında birbaşa müharibə səhnələri olmasa da müharibənin havası oxucunun burnuna dəyir. Bu əsər bəlkə də bədii-estetik səviyyə baxımından Remarkın “Zəfər tağı”, Pasternakın “Doktor Jivaqo” romanından geri qalsa da üslub və metod eynidir. Savaş çox uzaqlarda baş verir, lakin o, insan həyatına təsir edir. İnsanlar onunla yaşayırlar.
II Dünya savaşı isə Azərbaycan ədəbiyyatında yüzlərlə əsərə mövzu olub. Bu əsərlərin əzici çoxluğu bəlkə də hamısı boz maklaturadan ibarətdir. Bunun səbəbləri üzərində geniş şəkildə dayanmağa ehtiyac yoxdur. Anar xatirələrində yazır: “Müharibə başlayan kimi Mir Cəfər Bağırov yazıçıları yanına çağırıb deyir: "Vətən, Vətən deyəndə ağzınıza çullu dovşan sığmır. Yığışıb, gedin İrana, orda qəzet çıxartmağa”. Sovet rejimi üçün bu savaş şəxsi mövcudluq savaşı idi. Nəyin bahasına olursa-olsun bu savaşı udmaq lazım idi. O zamankı savaş ədəbiyyatı “boyevoy listok”dan ibarət idi. Süni savaş pafosu, xalqların faşizmə qarşı birləşməsi, faşizmin ifşası fonunda kommunizmin təntənəsi bu ədəbiyyatın əsas mövzuları sayıla bilərdi. İstisna kimi İsa Hüseynovun arxa cəbhədən bəhs edən, güclü humanist pafosu, əhəmiyyətli reallıq hissi olan “Saz”, “Tütək səsi” povestlərini göstərmək olar. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu povestlər müharibədən bir neçə onillik sonra yazılıb. Birtərəfli və ideolojik estetika filmlərə də sirayət etmişdi. İsa Hüseynovun adıkeçən povestləri əsasında çəkilmiş “Tütək səsi” filminin ictimai məzmunu, humanist pafosu povestlərin özündən dəfələrlə az idi. Bu günlərdə 80 yaşını qeyd edən böyük yazıçımız İsa Hüseynov şəksiz ki, Azərbaycan nəsrində müharibə nəsrinin ən yaxşı nümunələrini yaradıb və onun qoyduğu yol ondan sonra boş qalıb.
Qarabağ mövzulu əsərlərin sayı da kifayət qədərdir. Lakin demək olar ki, bu mövzuda ciddi əsər yoxdur. Qarabağ mövzulu əsərlərdə süni Vətən həsrəti, saxta savaş pafosu, gərəksiz və bayağı nifrət hissi olduqca güclüdür. Aqil Abbasın romanı bu mövzuda yazılan ciddi əsərlərin ilkincisi hesab oluna bilər. Bunun da bir neçə səbəbi var.
Əvvəlinci səbəb budur ki, Qarabağdan yazanların əksəri üçüncü-dördüncü dərəcəli yazarlardır. Adıbəlli yazarların demək olar ki, heç biri bu mövzuya girişmir. Elçin Əfəndiyevin “Bayraqdar” povesti isə nəinki ciddi nəsr tələblərinə cavab vermir, tam əksinə Elçin Əfəndiyevin özünün cüzi səviyyəsinin də altındadır. Anarın Qarabağ savaşının detallarına yer verdiyi “Otel otağında” povestində isə savaşdan çox, savaşdan qaçıb gizlənən "obıvatel"dən, deməli elə Anarın özündən söhbət gedir. Və Aqil Abbasın romanını maraqlı edən əsas cəhət onun real hadisələrin əsasında yazılmasıdır. Bura Aqil Abbasın romanda qələmə aldığı proseslərin bilavasitə şahidi olması, eləcə də yüksək yazı təcrübəsi də daxildir. Lakin bizim “Dolu” romanı haqqındakı mülahizələrimiz daha çox tənqidi xarakter daşıyır. İndi onlara keçək.
Motiv nədir? Ədəbi əsər, yoxsa vətənpərvərlik təbliğatı?
Aqil Abbasın “Dolu” romanında dəfələrlə Sovet zamanının müharibə filmləri lağa qoyulur. Aqil Abbasın qəhrəmanları müharibə kimi özü də ancaq filmlərdə II Dünya savaşını görüblər. Müəllif tez-tez sovet filmlərində almanları aciz, avara, zəif, qorxaq göstərilməsini tənqid edir. Amma onun özü də bu yolu gedir. Romanda bircə dənə olsun müsbət erməni surəti yoxdur. Romanda ümumiyyətlə erməni obrazı yoxdur. Azərbaycan əsgərlərinin rəşadəti fonunda ermənilər aşağılanır. Bu düzgün yol deyil.
Konkret olaraq elə bizim ədəbiyyatda erməni-azəri problemini yüksək humanizm mövqeyindən həll edən ciddi əsərlər var. Mirzə Cəlilin “Kamança” dramını qeyd etmək kifayətdir. Bu kiçik dramda Mirzə Cəlil vuruşan iki qonşu xalqın mədəniyyətlə birləşəcəyini göstərmişdi. Hətta mədəni birliyin simvolunu da tapmışdı. Bu simvol kamança idi. Ya da elə həmin mövzudan bəhs edən başqa bir əsərdən- Cəfər Cabbarlının “1905-ci ildə” dramından bir cümləni xatırlayaq: “Atan kazaklardı”.
Xalqlar müharibəyə qarşıdır. Bu sözü keçmiş sovet ideoloqları da çox deyiblər. Çox sadə, hətta bayağı görünsə də bu, doğrudan da belədir. Yazıçıdan tələb olunan isə vətənpərvərlik təbliğatı aparmaq əvəzinə müharibənin ortaya çıxardığı ziddiyyətləri aşkarlamaq və savaşa qarşı çıxmaqdır. Aqil Abbas isə belə etmir, tam əksinə, “boyevoy listok” yazır. Söz yox ki, Aqil Abbas azəri və erməni xalqlarını birləşdirən nəsnələrdən yazıb, antimilitarist bir əsər də ortaya qoya bilərdi. Buna onun həm fakturası, həm də yazı imkanları əsas verirdi. Lakin o, savaşın acılarını görmüş bir qarabağlı kimi yazır. “Dolu” romanı yazıçı Aqil Abbasdan çox, qarabağlı Aqil Abbasın romanıdır.
Dövlətlər savaşır, digər dövlətlər isə geopolitik, siyasi və ya iqtisadi maraqları əldə rəhbər tutaraq savaşan dövlətlərdən birinə dəstək verirlər. Məlum məsələdir ki, müharibənin əziyyətləri isə savaşan xalqların üzərində olur. Azəri xalqı da çox əziyyət çəkib, erməni xalqı da. Onların hər ikisini bu savaşa sürükləyən isə vecsiz siyasi hakimiyyətlər olublar. Və yazıçı belə bir böhranlı şəraitdə nə beyni hakimiyyət sevdasında olan iqtidarın, nə də iqtidarın savaş təbliğatı ilə beyni dolmuş xalqın yox, məhz həqiqətin yanında olmalıdır. Qar kimi soyuq həqiqət isə Qarabağ savaşının əzab, işgəncə və məhrumiyyətlərdən, qandan və ölümdən başqa bir şey olmadığını bizə deyir.
Avropa Şurası “günah keçisi” obrazında
Aqil Abbasın romanında siyasi motivlər də üstünlük təşkil edir. Belə ki, möcvud iqtidar- Mütəllibovun iqtidarı satqın, cəbhəçilər isə mağmun və aciz göstərilir. Və sonra proses bitir. Elə bil onlardan sonra heç nə olmadı, barış sazişi imzalanmadı, hər il “gələn Yeni ili öz torpaqlarınızda qeyd edəcəksiniz” vədləri verilmədi. Aqil Abbasın Avropa Şurasına qarşı ironiyası da çox təəsüf ki, hökumətin mövqeyindən fərqlənmir. Misal üçün, Aqil Abbas ötəri olsa da yazır ki, Avropa Şurası jurnalistlərin həbsinə reaksiya verir, amma Qarabağa yox. Hərçənd elə deyil, Avropa Şurası istər Ermənistan, istərsə də Azərbaycan qarşısında münaqişənin sülh yolu ilə həll ediləcəyi şərtini qoyub. Bir sözlə, Qarabağı verməyimizin də, indiyənə kimi ala bilməməyimizin də milli hökumətin olmamağıdır. Bu, ot qədər adi və sadə həqiqətdir. Aqil Abbasın bu günkü siyasi fəaliyyəti ilə bir işimiz yoxdur, lakin məsələ bundadır ki, torpaqları ala bilmədiyimizə görə Avropa Şurasını qınamaq mənim yadıma “günah keçisi” ifadəsini salır. Yəni illah ki, bir günahkar tapmalıyıq. Qoy onda bu günahkar Avropa Şurası olsun. Herkel və Jivkova Aqil Abbasın romanını oxumayacaqlarına görə bu, nisbətən təsirsiz yoldur. Müharbənin gerçək səbəbləri barədə yuxarıda yazmışıq, bu səbəblərdən yayınan adam mütləq özü üçün bəhanə və sığorta xarakterli başqa səbəblər tapmalıdır və Aqil Abbas bu yöndəki seçimini Avropa Şurasından yana edib. Məncə 6 rayonu vermiş adamlar haqqında bəlağətlə danışmağın axırı da günahı Avropa Şurasında tapmaq olacaqdı.
***
Aqil Abbas “Dolu” romanı ilə keçən onillikdə baş vermiş və bitib-bitməməsi hələ də bəlli olmayan bir savaş barədə yazmışdır. Biz bu romanı Azərbaycan ədəbiyyatının aktivinə yazmağa tərəddüd edirik. Çünki “Dolu” bir roman, müharibəyə yazıçı münasibəti olmaqdan ziyadə ideolojik bir romandır. İdeolojik romanların dövrü isə çoxdan keçib. Lakin Qarabağda baş verən qəhrəmanlıqları öyrənmək üçün bu əsər gənclik üçün əvəzedilməz bir qaynaq ola bilər. İndiki gəncliyimizin “Bahadır və Sona”, “Kamança”, “1905-ci ildə” əsərlərindən daha artıq dərəcədə bu əsəri sevəcəyinə şübhəm yoxdur.