Zeynal Məmmədli:

Zeynal Məmmədli: "Bu tipli bəyanatları eşidəndə təəccüblənirəm"

[caption id="attachment_13336" align="alignleft" width="300" caption="Zenal Məmmədli"][/caption]

Xəbər vermişdik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası elektron və yazılı KİV-də Azərbaycan ədəbi dilinin qayda-qanunlarının qorunması və alınma sözlərdən istifadə ilə bağlı Mətbuat Şurasına və Milli Televiziya və Radio Şurasına müraciət edəcək.

“Aparıcıların çoxu Azərbaycan dilinin qayda-qanunlarını bilmir. Hətta cümlə ardıcıllığına belə əməl etmirlər. Əksər hallarda alınma sözlər, yanlış tələffüz olunur və yazılır. Bu problemi həll etmək üçün Terminologiya Komissiyası alınma sözlərin Azərbaycan dilində qarşılıqlarını hazırlayır” -  Komissiyanın sədr müavini Sayalı Sadıqova APA-ya açıqlamasında bildirib.

Mövzunu ANN.Az üçün şərh edən ekspert Zeynal Məmmədlinin fikrincə isə problemdən daha çox onu yaradan səbəblər haqqında düşünmək lazımdır: "Mən bu tipli bəyanatları eşidəndə təəccüblənirəm. Xüsusilə bunu hansısa sahənin mütəxəssisindən eşidəndə təəccübüm daha da çox olur. Televiziyada doğrudan bu sahədə problem var, amma problem nəyinsə nəticəsidir. Bunu yaradan səbəb haqqında düşünmək lazımdır, nəticə haqqında yox. İnsan özünə inamsız olanda, intellektual bazar, sərbəst bazar olmayanda çatışmazlıqlar yaranır və buna təəccüblənmək lazım deyil. Sadəcə bizim bəzi insanlarımız öz işini görürmüş kimi belə bəyanatlar verir və bunun heç bir nəticəsi olmur. Əgər media bazarında pluralizm olacaqsa, bu məsələlər özü öz həllini tapacaq".

Z. Məmmədlinin dediyinə görə, Azərbaycan efir məkanı dilimizin bəlli dərəcədə yayıcısıdır: "Sovet dövründə radio və televiziyanın əsas xidməti Azərbaycan dilinin yayılması idi. İranda bizim soydaşlarımız var və bu dilin öyrədilməsi, yayılması baxımından fayda göz qabağındadır. Eyni zamanda uşaqları nəzərə almalıyıq. Dil televiziyada təhrif olunanda onlar da bunu təhrif edirlər. Onlara mexaniki düşüncəsiz bir dil verəndə onlar da bunu mənimsəyirlər. Amma bu təhlükənin səbəbini ucuzlaşdırmaq olmaz. Bu cür bəyanatlarla mən ona görə razı deyiləm ki, onlar sanki doğrunu deyir, amma səbəbi göstərmirlər".