Əli Şirin Şükürlü. Ədəbi Suprematizm: Çoxluq (Esse)

Əli Şirin Şükürlü. Ədəbi Suprematizm: Çoxluq (Esse)

Yeni nəşr olunmuş kitabların ənənəvi imza günlərində nadir hallarda iştirak etməli oluram. Əslində, belə tədbirlərdə daim iştirak etmək istəyim olsa da, çox zaman işimin xüsusiyyəti buna imkan vermir. Adətən, belə tədbirlər mənə tez-tez ünsiyyət nəsib olmayan yaradıcı insanlarla həm də görüşmək, yaradıcılıqla bağlı fikirləri bölüşmək imkanı verir. Xüsusilə də son dövr bu barədə mənə danışmağa, zövqünə, intelektinə inandığım şəxslərlə fikir mübadiləsi aparmağa əsas verən elmi-yaradıcı sferada irəli sürdüyüm bir sıra ideya və konsepsiyalardı. Amma təəssüflər olsun ki, bəzi istisnaları nəzərə almasaq, "arzum gözümdə qalır”. Əksəriyyət məşğul görünür. Hər kəs ona maraqlı istiqamətə "üz alır”.


Adətən, bir siqaret yandırıb, yavaş-yavaş tədbirlərin keirildiyi məkanlardan uzaqlaşıram və ən çox da özümü qınayıram: yəqin maraqlı, cəlbedici bir şey yarada bilməmisən ki, bu cür vəziyyətlə qarşılaşırsan, yoxsa kimin səninlə nə işi.


Əslində, bütün bunlar təfərrüatlardı və bu kimi hadisələrə birbaşa aidiyyəti olmayan bir esseyə başlamaq niyyətim var. Məqsədim çoxluğun mahiyyətinə varmaq, bacardığım qədər fərqli bir dünyagörüş ortaya qoymaqdı. Görək bir şey alınacaqmı? Alınması üçün yaradıcılıq laboratoriyama xas modeldən istifadə edəcəyəm yenə də (elmi informasiya – fəlsəfi düşüncə - bədii təfəkkür: Eİ – FD - BT). Yəni bir elmi anlayışın fəlsəfəsindən ədəbi-bədii müstəfiyə körpü salmağa cəhd göstərəcəyəm.


 

Çoxluq (elmi informasiya). Məsələ ondadır ki, çoxluq riyaziyyatın ilkin anlayışlarından olduğu üçün ona tərif verilmir, yalnız izah olunur, təsviri verilir. Məsələn, hər hansı bir tədbirdə iştirak edən insanlar toplusu və ya masanın üzərindəki kitablar yığımı – çoxluqdur. Birrəqəmli natural ədədlər: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 – çoxluğa aid ən sadə riyazi nümunədir.

 

Əslində, çoxluq anlayışını bir elə də dərin elmi izaha ehtiyac yoxdur, çünki əksəriyyər fərqli səviyyədə olsa da, onun nə olduğunu anlayır və yeri gəlmişkən, təsvirini də verə bilər. Buna baxmayaraq, çoxluq haqqında yaddaşımızı bir qədər təzələyək deyə düşündük, çünki təzələnmə bu essedə bizə gərək olacaq.

 

Davam edək. Çoxluğu təşkil edən obyektlərə onun elementləri deyilir. Məsələn, tədbirdə iştirak edən hər bir insan orada iştirak edən insanlar çoxluğunun bir elementidir. 1 və ya 9 ədədi birrəqəmli natural ədədlər çoxluğunun ayrı-ayrı elementləridir. Heç bir elementi olmayan çoxluq – boş çoxluqdur.

 

Yəqin çoxluq haqqında elmi yaddaşımızı azca da olsa tərpədə bildik və bir anlıq fikirləşdik ki, bizi əhatə edən və ya içində olduğumuz nə varsa, çoxluqdu elə. Və çoxluqlar sonlu da ola bilər, sonsuz da. Yəni elementləri sonlu olarsa, sonlu çoxluq, sonsuz olarsa, sonsuz çoxluq, heç bir elementi olmadıqda, boş şoxluq adlanır.

 

 

 

Çoxluq (fəlsəfi düşüncə):Adətən, cəmiyyətdə də çoxluqlarla bağlı sözün məcazi mənasında işlənən ifadələrə tez-tez rast gəlinir; dolu adam, yəni çoxlu elementi – yaxşı keyfiyyətləri olan adam. Boş adam deyəndə, nəyi nəzərdə tuturlar, o da hamıya məlumdu. Boş çoxluğa bir də qayıdacağıq, – çünki maraqlı nəsnələr hasil etmək olar boşluqdan, bir azdan şahidi olarıq.

 

Sürü – çoxluqdu, çoxluq fiziki gücdü, sözsüz, amma ona daha çox hissi, emosional xüsusiyyətlər - "sürü instinkti” xasdı. Sürü – idarə olunandı. Sürünü azlıq idarə edir. Sürü – qorunmağa ehtiyacı olandı. Onu qorumaq lazımdı həm də. Çoxluq idarə olunandı, qorunmağa ehtiyacı var. Sürüyə çoban lazımdı, demək. Çoban isə fərddir. İdeya, intellektual xüsusiyyətlər isə, azlığa, fərdə xasdı. Bəşəri düşüncəyə təsir edən, onun ideya-intellektual yönümünü dəyişən də elə azlıq, ayrı-ayrı fərdlərdir.

 

 

1 – vahid; çoxluqda sıradan bir ədəddir, ayrılıqda isə yeni mahiyyət kəsb edir - mistik və metafizik. 1 – tamlıq, bütovlük, fərdilik kimi məna verir və yaradılış kimi ilahi mahiyyəti var.

 

Fövqəlinsan – fərddir, çoxluq deyil. Seçilmiş insan da vahidlik – ilahi nişan var. Qəribədi, mən həmişə düşünmüşəm ki, duhalarda, lap elə xüsusi istedad sahiblərində vahidliklə bağlı bir işarə olmadı. Məsələn: ya ailədə tək ovlad, tək oğul, tək qız və ya başqa buna bənzər nəsə fərqləndirici bir göstərici olmalıdı.

 

O, fərd yəni, çoxluqdu həm də, bir elementi olan çoxluq, lakin çox elementi olandan idraki mənada üstündür həmişə. Bu mənada, daha böyük mahiyyət kəsb etməklə, daha böyük ideya-intellektual gücə malikdi. Azlıq çoxluğu üstələyir bu məqamda, azlıq keyfiyyət yox, kəmiyyətdi bu nəsnədə.

Çoxluğun bir missiyası da var: azlığı yetişdirmək (sürü varsa, çobana tələbat zəruridi). Kütlə fərdin yaranması üçün xammal rolunu oynayır. Bir fərdin yaranması üçün uzun bir zaman lazım gəlir. Fərdi yetişdirən kütlə bu işdə itirdiyi enerjini bərpa etmək üçün uzun müddədli "istirahətə” göndərilir sanki, torpaq öz münbitliyini bərpa etsin deyə, dincə qoyulduğu kimi.

 

Boşluq – sərhədsizlik, hüdudsuzluq, sonsuzluq, - elə xammaldı ki, nə istəsən yarada bilərsən ondan bacarsan əgər. Boşluq – "heç nədi” həm də, "hər şey”i yaradan mənbə, başdan-başa böyük bir imkan, çərçivəsiz ağ kağız misalı – yaz, yarat idrakın gücü çatdığı qədər.

 

 

Çoxluq (bədii təfəkkür): Artıq hiss edirəm, çoxluqdan başlayıb tədricən gəlib boşluğa yetişmişkən, elmi-fəlsəfi müstəvidən bədii müstəviyə adlamağın vaxtıdı. Çoxluq adlı elmi-fəlsəfi məkanda kifayət qədər material yığılıb, deyəsən – qalır bədii mətn yaratmaq:


 

Tələsən adam bəyazlıqda


Tez-tez səhra görür – başdan-başa bəyaz, bomboz hüdudsüzluq

və o bəyazlıqda və hüdudsuzluqda nə istəsə yarada bilir xəyalən.

Nə böyük yaratmaq gücü varmış boşluğa bürünmüş hüdudsuzluğun –

düşünür hər dəfə tez-tələsik.

Yadına gələni bir cəhəti var

şeytanı sevindirən: elə hey tələsir.

Bəzən özü də bilmir niyə tələsir, hara və kimə tələsir,

amma elə hey tələsir. Tələsir, deyəsən,

"heç nə üçün” "heç hara” və "heç kimə”. Tələsir və

elə hey gedir. Gedir - hərəkətdə, gedir dayandığı yerdə,

durduğu yerdə, gedir sükunət halında, ətalətdə.

Gənclik illəri idi; gəminin göyərtəsində, düz dənizin ortasında

"gedək” – dedi bir neçə yaş özündən böyük əmisi oğluna. Bilmədi

hirsləndi, ya gülməyi tutdu əmioğlunun. "İndi hara gedək,

burdan o tərəfə dənizdi” – söylədi üzündə anlaşılmaz ifadə. Gəmiyə

minəni neçənci "gedək” idi deyirdi ona, indi xatırlamır, doğrusu

.

Düz otuz il sonra düşünür, kaş təkcə getməyi yox, qayıtmağa da

tələsərdi hərdən. Qayıtmağa – məkanlara, zamanlara və adamlara.

Qayıdıb dəyişə biləydi kaş bəzi hadisələri.

Dəyişə bilsəydi, bəlkə də

qərib şəhərlərə tez-tez üz almazdı gəmidə bezdirdiyi əmisi oğlu

və qərib şəhərlərin birində yoluxmazdı ümidsiz xəstəliyə.

Düşünür getməyi yox, qayıtmağı da bacarmaq lazımdı bəzən

məkanlara, zamanlara və adamlara heç nə üçün olsa da belə. Qayıdıb

doldurmaq lazımdı kimsəsiz məkanları zamanla və həndəsi

ölçülərinlə, sonra soyuq divarlara, daşlara üz qoyub alın söykəyib

sıxmaq lazımdı gözlərini yaxşıca. Sıxmaq, için bomboş, tərtəmiz olana kimi

sıxmaq gözlərini, sıxmaq ...

Bəyaz, bomboz hüdudsuz səhra idi içi indi. Səhra – bomboş, bomboz, tərtəmiz:

heç nədən, heç kimdən heç nə üçün nə istəsən qur, yarat durmadan, tələsik.


... – 23.03.2020