Əlibala Əhmədov - "Xilas üçün" (şeir)
Poeziya
- 17.01.2021
- 0 Şərh
- 12238 Baxış
Var olan istənilən sığınacağa getmək böyük bir peşmanlığın
pələng dərisi kimi aşkar və parlaq halda ortaya çıxmasıyla nəticələnir.
Mavi və qısa qadın yubkasının xoş ətri beyninin dərinliyinə çatanda
bəhrəsizliyi hiss edib gülümsəyirsən.
Alışan, közərən amma sonda partlamayan
oyuncaq bombalar kimi
Bu dünyada
axtalanmış taleyi ortalığa çıxan hər şeyə necə gülürlərsə, o cür....
Xoşbəxtlik adına hər şey belədir.
Boz rəngli yumşaq, kəsici uclardan məhrum yerlərdə gəzişməklə insan ölmür
və ölüm əvəzinə verilən heçnə səni bədbəxtlikdən xilas etmir.
Tək əlin havada asılı qalarkən azca titrəməsi qədərdir, insanı yaşamağa həvəsləndirən bütün gerçəklərin gücü.
Amma ölməyə qorxur və ən cəsarətli, müdrik görünmək istədiyin anlarda belə
həyatda qalmaq istəyinin
nə qədər pis və zavallı hala düşsə belə
səninlə qaldığını
aşkara çıxaran bu gerçəyi
şərh etmirsən.
Pendir parçalarının üstünə çəkilən şəffaf örtüyü
ağzının nazik əti arasında sıxırsan.
Köhnə evdən
köhnə dəri ilə çıxıb
bir yığın cır - cındırı ortalığa ataraq ondan yaxşı nələrsə hazırlanmasını istəyib
sonra lağa qoyulan bir adam kimi
düşünürsən, bəzən özünü.
Və heçvaxt bunu etməyəcəyini anlayırsan.
İki əllərində dəmir şurupları tutub onları mənalandırması ,sevməsi istənilən və haqlı olaraq bundan imtina edən bir adam kimi
qalmağı seçirsən....
ölməkdən qorxub bu cür yaşamağa məhkum edilsən də,
Bir gün hər şeyi bitirəcəklər....