Əlisəmid Kür. Şeirlər

Əlisəmid Kür. Şeirlər

YOXA ÇIXAN XAN SARAYI

 

Bax gör

neylədilər,

neylədilər bu şəhərdə!?.

Uçurulan

Şah sarayı deyil,

dağılan xan mülkü deyil

bu şəhərdə...

Bir şeirin baş beyti itib,

Şah misrası yoxa çıxıb

İçərişəhərdə!

 

 

 

VAHİDİN QƏZƏLİ,

CABBARIN QAVALI

HAVALI-HAVALI...

 

Deyin şəhər merinə,

bir də şəhər devinə!

Vahidin oğlu gəlib

çörək pulu dalıyca

"Vahid” Poeziya evinə,-

bir az dalğın, havalı.

 

O günü-yayın istisində

qar yağırdı

Cabbar Qaryağdının səsinə

maqnitofon lentində.

Bir yanda Araz babası yaşında

əl açıb dilənirdi bağda, -

havalı-havalı.

Bir yanda

Vahidin balası havalı.

- Deyin şəhər devinə!

(O kimdi qışqırdı davalı-davalı)

Vahidin canlı qəzəli gəlib

çörək pulu dalıyca

"Vahid” Poeziya evinə.

 

Goru çatladı Vahidin...

Səsi qırıldı Cabbarın,-

əlindən düşdü yerə qavalı.

Diyirləndi üzü aşağı

Bulvara sarı

Vahidin qəzəli,

Cabbarın qavalı

havalı-havalı.

 

 

 

ELÇİBƏYİN QIRXI

 

Elçibəyin qırxında

dəlilər də ehsan verirdilər

türmə dəlixanasında -

mən də dəlilərin arasında.

 

Sən demə,

həmən gün, həmən saat

diz çöküb bəyin qəbri üstə

Ozan Araz Elsəs

mənim sözlərimi oxuyub,

"ağı” deyib bir türk misalı,

deyib:

"- Sirri kor quyu dibində,

dərdi üzündən bəlli,

dəlisi ağıllı kimi,

ağıllısı dəli kimi

millətim, heeey!..”

 

Həmən gün, həmən anda

türmə dəlixanasında

ehsan yeməyən bir dəli

elə hey qışqırırdı:

- Sən neylədin,

nə oyun çıxartdın,

Ay Əbülfəz, eeey,

Ay Əbülfəz, eeey,

Ay Əbülfəz, eeey...

 

2000

 

 

 


O QARA EYNƏKLİNİN 

 

Şüşə arxasında oynayan

gözlərindən oxuyuram -

37-dən qabaq doğulsaydım

yerim ya qəbir idi,

ya da Sibir!

 

Onsuz da

nəslimizdən olan Əli, Səmidlər

hamısı qürbətdə ölüb,-

mən üçüncü Əlisəmidəm

neçə yol qürbətdən dönən.

 

O qara eynəklinin

gözlərinin dibindəki

çöküntüdən duyuram

harda narahatdı Hadinin ruhu,

harda itib Müşfiqin qəbri,

çeşməyi harda sınıb Cavid Əfəndinin.

 

O qara eynəkli qarabalanın

hərdən adama "Qardaş!”,

"Soydaş!” deməyi

aldadıb bizi...

 

O qara eynəklinin

gözlərini örtən şüşədə görürəm

Əli zəhərlənir namaz qabağı,

Məşədi Səmidi aparırlar

güllələməyə...

 

2006

 

 

 

 

 

OĞLUM XAN EYVAZ YAŞINDA

 

Saçlarını sığallayıb

telini yana darayır,

məndən xəbərsiz

dram dərnəyinə gedir,-

səhnədə özgə taleyini yaşayır,

"Hamletin monoloqu”nu söyləyir,

Mefistofelə kəllə atır,

hərdən Kefli İsgəndər olur.

 

Mənə qıydın,

balama qıyma, Tanrım!

Sonu ölümlə bitən

rollar sevdası var başında.

Qoyma balamı Hamlet ömrü yaşaya,

Kefli İsgəndər ola

oğlum Xan Eyvaz yaşında.

 

Fevral, 2006

 

 

 

* * *

 

Bu da

qırxillik çaxır çəlləyi -

palıd ağacından.

Yaşlana-yaşlana

tündləşib şirinliyindən.

Bu da

Qırxillik çaxır çəlləyi -

tapılmayan qızıl küpü...

indicə

qoparacaqlar ağzını,

daraşacaqlar canına;

qanını içəcəklər

köpük-köpük,

paylayacaqlar

qədəh-qədəh,

boşaldacaqlar

qəpik-qəpik.

Bir atəşfəşanlıq

fışqıracaq

beyinlərə, -

köpü yatacaq meyxoşların...

Sonra da - onu

bu qırxillik çaxır çəlləyini

fırlada-fırlada,

diyirlədə-diyirlədə

aparıb atacaqlar

bir küncə...

 

 

 

 

* * *

 

Vaxt ölüb, zaman dayanıb

qanımın coşan vaxtında.

Qan damır, kədər süzülür

atılmış qum saatında.

Nə gecəm var, nə gündüzüm,

yuxum da ərşə çəkilib.

Gözlərimdə düzüm-düzüm

hər anın tənhalıq şəkli.

Yaddaşım gəlir yerinə,

ağlım da babat işləyir.

İtmiş zamanın yerinə

beynimdə saat işləyir.

 

 

 

 

İTİRDİYİMİZ DAĞLARIN YERİ GÖRÜNÜR, ADİL ŞİRİN!

 

İtirdiyimiz dağların

görünən yeridi Adil Şirin.

Dağlardan yığdığı çiçəkləri

saralan varaqlar arasında

bir əmanət saxlayıb.

Sözlərinin arasında

sadəliyi qoruyub, -

səmimiyyətin

vergülünə, nöqtəsinə toxunmadan.

 

Dağlar oğlu şair dostum var, -

dağ ətri gəlir sözlərindən.

Yazda payız havasına köklənir,

payızda yaz havasına dillənir.

 

Bir ah çəkdim havasına

bu şeirin,

itirdiyimiz dağların

yeri görünür, Adil Şirin!...

 

Mart, 2006

 

 

 

 

 

* * *

 

Səhər tezdən

mobil telefonuma göndərilən

ünvansız-insafsız bir mesaj

xoşuma gəlmədi,

ağlıma batdı:

"Həyatı dəmir kimi ağır,

köpük qədər boş

bilərək

yaşamaq nə gözəl...”

Söndürdüm telefonu...

Xoşuma gəlmədi,

ağlıma batdı - karıma gəldi

dilimin ucunda

dərman kimi saxladığım

...söyüş...

Fevral, 2008

 

 

 

 

ADAM CİBİNDƏN ÜŞÜYƏR

 

Nə baxırsan yoxsul bəyə,

Nə gülürsən bu kişiyə?!.

Ağac içindən oyular, -

Adam cibindən üşüyər...

Pul əl çirkidi... Yalandı.

Malın verən canın verər.

Ağac içindən sıyrılar,

Adam canından çürüyər.

 

Kasıb qəribdi Vətəndə, -

Qalıb yollarda tövşüyər.

Adam canından sıyrılar,

Adam cibindən üşüyər.

 

2008

 

 

 

 

 

GÜNAHIN KAFİRƏ, SOLAXAY!

 

Deyirlər,

Sağ əl verəni sol əl bilməz;

bəs,

sağ əlimin sarğısını

sol əlim açar, -

bağlayar yarasını.

Ürəyimin başında yeri var,

Sol əlim çəkər

Sağ əlimin ağrısını.

 

- Günahın kafirə, solaxay!

Sol əl

Ürəyə beş barmaq yaxındı.

 

2008.

 

 

 

 

* * *

 

Güvəndiyim dağlara qar yağmadı,-

Bağdada yağdı.

İçim-çölüm Kərbəladı...

Çölümə yağmadı,

könlümə yağdı...

 

 

 

 

MƏHƏMMƏDƏ SARI DAĞ YERİYİRDİ

 

Dağlar adam dili bilir, -

adamlar unudub daşın dilini,

ağacın dilini, quşun dilini.

Ağaclar danışır adam diliylə,

quşlar dil-dil ötür yarpaqlarla,

yarpağın öz dili, quşun öz dili...

Bizə elə gəlir çaylar danışmır,

söz deyir qabaran sular,-

Çaylar məcrasından çıxanda

söz deyir,

Dənizdə boğulana göz dəyir;

biz duymuruq, eşitmirik...

Dağlara lal kimi baxma,-

Lalın dilini anası bilər,

Dərdin göyçəyini Sonası bilər...

 

Quş dili bilirdi Süleyman,

onda çöl diriydi, çəmən diriydi.

Tanrıya bağlıydı bu əhdi-peyman,

Məhəmmədə sarı dağ yeriyirdi.

 

 

 

 

BİR ANDA YÜZ İL YAŞADIM

 

Hamını yadıma saldım

bir gün ata ocağında.

Bir anda yüz il yaşadım,

Bir anda yüz il qocaldım

həsrətin künc-bucağında.

Titrədi atamın baş daşı,

ürpəndi anamın əlləri.

İndicə qırılıb dağılacaq

baxdığın güzgü -

Titrəyir yanağında

göz yaşları -

titrətir qızımın telləri.

 

Bir anda yüz il yaşadım.

 

Gördüm vaxt geri fırlanır,

önümdə zaman dillənir.

Köhnə divar saatında -

kəfkirdə qızım yellənir.

 

Titrəyə-titrəyə qalxdım ayağa,

Dilimdən bir kəlmə

söz də çıxmadı.

Öpdüm əllərindən xatirələrin,

öpdüm gözlərindən ayrılıqların...

 

Bir anda yüz il yaşadım

həsrətin künc-bucağında.

Bir anda yüz il qocaldım

ilin-günün bu çağında.