Elnur Astanbəyli. 40 yaşın ŞEİRLƏRİ

Elnur Astanbəyli. 40 yaşın ŞEİRLƏRİ

Bu gün tanınmış yazar Elnur Astanbəylinin 40 yaşı tamam olur. Bu münasibətlə şairin şeirlərini oxuculara təqdim edirik.

"Şəkilaltı sözlər” silsiləsindən 

1. Əri döyən qadının şəkli üçün

məni
doğmaların ölümündən çox
məzarları üstünə düzülən 
güllər kövrəldir həmişə –
onlar 
mərmər daşların soyuqluğuna
layiq deyillər, Ayişə!..

amma 
daş qəlbli 
soyuq nəfəsli bir ərin
döyüb incitdiyi qadın
məzar üstünə düzülən
güllərdən daha kədərlidir...

Qalib əsgər şəkili üçün

alınan o qədər canlardan
tökülən o qədər qanlardan
axıdılan onca göz yaşlarından
yaxşı məlumdur:
savaşların heç zaman 
qalibi olmur, dostum,
sadəcə, 
udan uduzandan 
daha az məğlubdur...

2. Siqaret kötüyünün şəkli üçün

külqabına basılmış
siqaret kötüyü 
bayaqdan tüstüləyir
kim bilir
o indi bəlkə də
insan barmaqlarının
insan dodaqlarının
arasında keçib gedən 
ömrünə heyfsilənir 
və 
bəlkə də ilk dəfə 
bax beləcə – 
hürcə, özgürcə tüstülənmək 
onun xoşuna gəlir...

3. Qartopu şəkli üçün

buraxın sevgilinizin əllərini
bir az da 
uşaqların sizə atdığı
qartopuları tutun...

4. Burnunu qurdalayan uşaq şəkli üçün 

ikisi də
eyni işlə məşğuldur əslində:
burnunu qurdalayan uşaq da
yaddaşını qurcalayan qoca da

5. Bombalanmış ev şəkli üçün

yenicə qızardılmış
kartof qoxusu qarışıb
yanmış taxta-şalban iyinə...

xoş bir təsadüf nəticəsində
sağ qalmış çocuq
bir tərəfdə 
dizlərini qucaqlayıb oturaraq
içəridə külə dönmüş
atasına 
anasına
və 
məktəbli gündəliyindəki 
"beş”lərinə ağlayır... 

6. Qoca şəkli üçün 

ona bax –
hay hayı gedib
vay-vayı qalmış bir qoca
əlindəki əsasının ucu ilə
dayanmadan yeri elə döyür
sanki torpağa
"aç qapını, mənəm!" – deyir...

fevral, 2012 - dekabr, 2014
 

Ağrı

bu gün üzü nurlu bir qocanın
sümüyü çıxmış əllərindən tutdum
marşrut avtobusundan düşməyə
kömək etmək üçün

bir anlıq ağlıma nə gəldi bilirsinizmi?
yəqin nə vaxtsa 
bu sümüyü çıxmış əllər 
bir qızın saçlarını oxşamışdı
sevgi məktubları yazmışdı
dar gündə kiminsə yardımına uzanmışdı
odun doğramışdı 
daş daşımışdı
ağac dibi belləmişdi

indi isə bu əllər 
o qədər arıq və qurudur ki
çartaçart yanan 
bir ocağın gözünə
çör-çöp kimi atılmaqdan başqa 
heç nəyə yaramır sanki...

...qoca avtobusdan düşdü
həyat gözümdən...

2016


Küləklər

yenə kim qovub salıb küçələrin canına 
bu dəli, bu sərsəri, bu bivec küləkləri
şaqqıldayıb qopacaq hardasa bir ağacın
ən iri bir budağı... o budaqla bərabər
uşaqların qorxudan düşəcək ürəkləri

hardasa... eh, hardasa bir küçə fahişəsi
yekəpər özgələrin ayaqları altından
küləyin dağıtdığı saçlarını yığacaq;
hansısa lap köhnə bir nağıldan qopan igid
gündoğara çaparkən yıxılacaq atından  

hardasa toqquşacaq elektrik xətləri
yenə qısaqapanma... yenə işıqsız evlər...
ancaq uşaq səsinə həsrət qalmış bir evdə 
nə ər, nə qadın bunun fərqində olmayacaq - 
onsuz da işıqsızdı bütün uşaqsız evlər!

17 mart, 2015

Kəndimizə məktub

Yuxuma gələrsən bu boz şəhərdə, 
yuxuma gələrsən – 
                                  arabir, seyrək... 
Ayıllam... gözlərim dolar qəhərdən -
Axı canım-gözüm, niyə dolmasın,  
belə uzağıydın nə sən bu qədər
nə də ki... nə də ki mən belə köyrək...

Səndə qoyub gəldim uşaqlığımı
qaldı təmizliyim, saflığım səndə.
Gəldim hər üzünü gördüm dünyanın
min-min işləyini öyrəndim mən də...  
Ayağım üzüldü qara torpaqdan, 
bu mərmər küçələr, bu asfalt yollar
məni, canım-gözüm, yedi, bitirdi...  
Çox da ki, çox da ki, bu boz şəhərdə 
pis-yaxşı bir işim, bir evim oldu
çox da çörək tapdım, 
                            zəhərə dönsün,  
çörək tapdım, amma ürək itirdim...

İndi, canım-gözüm, nə gizlədim mən, 
bu adamları boz, ağacları boz
şəhərdə adını xatırladıqca
gözümdə düz-dünya yaşıla dönər;
bəh-bəh... birdən-birə dadlanar ağzım
nənəm bişirdiyi, 
                                 anam bişirən
xəngəlin dadını xatırladıqca...

Yuxuma gələrsən bu boz şəhərdə 
yuxuma gələrsən – 
                                   arabir, seyrək... 
Ayıllam... gözlərim dolar qəhərdən -
Axı canım-gözüm, niyə dolmasın,
belə uzağıydın nə sən bu qədər,
nə də ki... nə də ki, mən belə köyrək...

"Belə uzağıydın..." dedim, bağışla, 
axı nə yol var ki, buradan sənə?!  
Ancaq neyləyəsən, ay canım-gözüm, 
neyləyəsən, təkcə məsafələrlə
ölçməzlər yolların uzunluğunu, 
getməsən, gəlməsən yol uzun olur..
Axır ki 
                        axır ki anladım bunu – 
getməsən, gəlməsən beş addımdakı
ən doğma yerlər də çox uzaq olur... 

aprel, 2012 – yanvar, 2015


Arandan məktub

bir axşamüstüdür Bakıdan çox uzaqda
ah, nə sakit, ah, nə şirin axşamüstüdür!
nə olsun ki, arandır... göydən yerə od yağır
əsas odur –
adamların qanı havadan da istidir...

bir axşamüstüdür Bakıdan çox uzaqda
içimdə səbəbsiz... səbəbsiz bir mutluluq var
hardansa uşaq qəhqəhələri yüksəlir 
göy üzündən hürküb dağılır buludlar

bir axşamüstüdür Bakıdan çox uzaqda
yamyaşıl bir ağacın kölgəsi – evim...
indi nə kin var içimdə 
nə qəzəb nə də nifrət; 
gəlin zalım adamlar, 
gəlin bağışlayım hamınızı;
gəlin, heç vaxt sevmədiklərim, 
gəlin hamınızı sevim...

bir axşamüstüdür Bakıdan çox uzaqda
qürub edən günəş də xoşbəxtcəsinə gülür
sən hələ bir Kürə bax – necə mutludur... sanki
axıb Xəzərə deyil, badəmizə tökülür

bir axşamüstüdür Bakıdan çox uzaqda
arxamda saraylara 
meydan oxuyan yarıuçuq bir daxma
başım üstündə göy –
heç vaxt olmadığı qədər mavi
ayaqlarım altında yer –
heç vaxt olmadığı qədər doğma...

bir axşamüstüdür Bakıdan çox uzaqda
özümü bir ömürboyu ayaqlarımdan 
bu uzaqlığa mismarlayasım gəlir 
içimdə səbəbsiz... səbəbsiz bir mutluluq var
elə bir mutluluq ki
indi burdan – 
bu qızmar, bu günəşli arandan 
dostlara çay ismarlayasım gəlir
dağlara qar ismarlayasım gəlir...

iyun, 2014



"Pis havalar”  silsiləsindən 

1. Məhsul   bayramı

qonşu kişinin evində
məhsul bayramıdır hər gün –
qadın dodağından
gülüş dərilir...

2. Divar saatı

hərdən divar saatının
yerindən özümü asmaq
keçir ağlımın ucundan –
bəzən boş zamanları
öz bədəni ilə
doldurmağı bacarmalı insan!..
      
3. Elegiya

bir payız günü
babam  öldü...
gözləri
qoşa  pəncərə  kimi
günəşə örtüldü –
evimiz qaranlıqda qaldı
günəşimiz soyuqda...

4. İzmir parkındakı qoca

hər axşamüstü
evinin yanındakı
İzmir parkına düşən qoca
bir gün
çəliyini fırladıb havaya
çırpıb yerə eynəyini
protez dişlərini
çıxarıb tolazlayaraq
yaxınlıqdakı
gül kollarının arasına
lap axırda da
sümükləri çıxmış
əlləri əsə-əsə
açıb şalvarının  önünü
belə deyəcək
hamının eşidəcəyi səslə:
– dünyanı arxadan
qucaqlamağın zamanı gəldi!..

5.  Bıçaq

küçənin ortasında 
günün günortasında
gənc bir oğlan
üzüquylu yatır 
asfalta dağılıb qanı
nəbzi ağır-ağır atır
ancaq
sırtına saplanmış bıçaq
yenə nə vaxtsa
alma soyacaq
kartof doğrayacaq!..

6. Can

ağır-ağır nəfəs alır
uçmuş divar 
bu sizə qəribə gəlməsin -
uça bilirsə
deməli, divarın da canı var...

7.Tabut

son mənzilə apardığımız
doğma adamın tabutu
sanki indicə
çiynimizdən sürüşəcək
içindən
yarısı dişlənmiş
alma düşəcək...

8. Müharibədən parça

həmişə ərinin yaddaşsızlığından - 
ad günlərini 
toy ildönümlərini
unutmasından gileylənən qadın 
yaman narahatdır indi - 
nə gündüzlər dincliyi var
nə gecələr yuxusu
ona bir an olsun rahatlıq vermir
ərinin ayaqlarını 
cəbhədə unudub 
qayıdacağı qorxusu... 

9. Vida

yollar, siz gedin, 
mən yorulmuşam... 


noyabr, 2013 – mart, 2014