Eudjenio Montale. Limonlar (Şeir)
- 26.07.2020
- 0 Şərh
- 11044 Baxış
Montale (1896 – 1981) italyan şair, yazıçı. 1975-ci ilin ədəbiyyat
üzrə Nobel mükafatı laureatıdır.
Dinlə adlı-sanlı şairləri –
Nadir adlı birtikərin arasında gəzinər onlar:
şimşir, qurdbağrı, kəngər.
Mənsə yolları sevirəm – arx kənarları boyunca uzanan,
Ot basmış yolları.
Oğlan uşaqlarının
Yalın əllərlə cılız, sürüşkən
İlanbalığı ovladıqları
Dayaz gölməçələri,
Daşlı yamaclardan titrək qamışlıqlara qaçan,
Qamışların arasındansa,bağlara – limon kölgəliklərinə
uzanan cığırları sevirəm.
Qayğısız civiltilərin
Mavilərdə gömülməsi, eşidilməz oluşu
Bir başqa zərafət.
Və belə zamanlarda
ətalətlə dolu havada daha aydın duyular
budaqların tanış hənirtisi
Və qoxular.
Köksün həyəcanlı məstlik duyğusuyla
Qabarar belə anlarda,
Və dayanılmaz hal alar
Torpaqdan sıyrılaraq
Onu tərk etmək.
Belə yerlərdə qanunlara rəğmən,
Bir möcüzə əsəri
Susar bütün savaş yanğıları.
Bu yerlərdə ən miskin bəndələrin –
Bizim də öz nəsibimiz var
zənginliklərdən – limonların yaydığı qoxulardır bunlar.
Bu yerlərin
ətrafdakı hər şeyi hipnoz edən,
indicə ən son sirlərini də
faş etməyə hazırmış kimi duyulan
səssizliyinin hüzuru arasında
Bəzən bizim payımıza düşər
Aşkar etmək Təbiətin yanlışlarını –
Ölü nöqtəni,
Dünya zəncirinin zəif halqalarını,
Nəhayətində bizi
Hansısa həqiqətin
Taa ürəyinə götürəcək olan
dolaşıq cığırları.
Axşam alatoranının bir az daha kəskin duyurduğu
Cənnət qoxuları arasında dolaşır,
O qoxuları saf-çürük edir
Hələ bir şey kəsməyən ağıllarımız.
Bu cür səssizlikdə
Ardından baxdığın hər insan kölgəsi
Bir narahat Tanrı kimi görünər.
Yalan dumanları seyrəkləşər -
Zaman bizi,
Mavilərin didik-didik
Və çox uzaq olduğu,
Yağmurların torpağı yuyub əldən saldığı,
Evlərin üzərində
Qışlara məxsus xiffətin
qanad açıb uçduğu
Paytaxt şəhərlərinin
Hay-küyünə qaytarar.
Və bir gün qəfildən
Yarıaçıq bir qapıdan
Limonların kəhrəba sarısı
boylanar ağaclar arasından.
Baxışlarımız ilıqlaşar o anda,
Və cazib bir melodiya ilə
Qəlblərə toxunaraq,
Günəşlə həmahəng dinər
Fanfaralar*.
_________________
* Fanfara – nəfəsli musiqi aləti.
Tərcümə: Dinar Həmidova