"İmkan verin, 3-5 misra babat şeir yazsınlar, rəqs eləsinlər"
Köşə
- 28.05.2019
- 0 Şərh
- 6980 Baxış
Samir Sarı, "Yeni Müsavat"
Gənc və nadinc, idealist və maksimalist, radikal və emosional vaxtlarımız idi, göydə uçan quşun belə xalq hərəkatına qoşulmasını, AXC üzvü olmasını istəyirdik. Kim bizimlə deyildisə, "partokrat” idi, demək, xalqın azadlığını, dövlətin müstəqilliyini istəmirdi.
Vəzirovun dönəmini birtəhər yola verdik, amma Mütəllibovun vaxtında "partokrat”lara, bir də onlara loyal olan ziyalılara, əsasən də yazıçı və şairlərə münasibət dəyişdi. Qəribəydi ki, rəssamlara, opera və balet sənətkarlarına, dirijor və rejissorlara bir söz deyən yox idi, amma hamı şair və yazıçılardan birmənalı mövqe gözləyirdi.
O dövrün məşhur jurnalisti mərhum Elçin Səlcuq başda olmaqla hamımız bu düşüncədə idik. O vaxt Elçin tanınmış ziyalıları demokratiyaya dəstək vermədiklərinə görə hədəfə götürmüş, barələrində bir yazı yazmışdı və ölkənin siyasi-ədəbi gündəmində babat bomba partlatmışdı.
Həmin günlər idi, biz də kəndimizin çayxanasında AXC-yə dəstək verməyən yazıçı və şairləri itdən alıb, itə verirdik, deyirdik, başqa vaxt Peredelkinoda, Yaltada rusiyalı, ukraynalı həmkarları ilə içib millətçilik edən (sovet dövründə başqa respublikaların ədibləri gileylənmişdilər ki, azərbaycanlı həmkarları millətçidirlər) ziyalılarımız indi nədən susurlar, xalq hərəkatına dəstək vermirlər, Mütəllibova qarşı çıxmırlar.
Düzdür, o vaxt xalq şairi Qabil mətbuatda Ayaz Mütəllibova çoxsaylı ritorik sərt suallar ünvanlamışdı və buna görə hərəkatçıların arasında qəhrəmana, partokratların yanında düşmənə çevrilmişdi. Amma biz istəyirdik ki, hamı belə olsun, hamı Mütəllibova qarşı çıxsın. Çünki, bu, bir demokratiya mübarizəsidir-zad.
O cür söhbətlərdən birində kəndimizin bizdən yaşlı, yazı-pozusu olan ziyalılarından biri dedi ki, uşaqlar, siz hələ gəncsiniz, məsələni yaşınızdan irəli gələn emosionallıqla qiymətləndirir, hər şeyi idealizə edirsiniz, amma tarixin heç bir dövründə şairlər kütləvi şəkildə dissident olmayıblar, əksinə, bəxti gətirənlərin hamısı sarayda işə düzəliblər.
Bu, indiki dildə desək, "çox da şey eləməyin” demək idi, amma biz hörmətli şairimizin arqumentlərinə mültəfit olmadıq. O da məcbur olub dedi: "Dahi Nizamini götürün, padşahlar üçün şeirlər yazıb, yaxşı da ənam alıb, hətta ona kənd və Afaq adlı kəniz bağışlayıblar”.
Doğrusu, böyük Nizaminin ona bağışlanan kəndi qəbul edib kəndxuda (kənd sovetinin sədri) olmasını, xüsusilə də kəniz Afaqın ona eskort xidməti göstərməsi məsələsini sinirə bilmədik, amma faktların üzü sərt idi.
Ardınca hörmətli ziyalımız Məhəmməd Füzulinin də hökmdarlardan təqaüd aldığından, hətta təqaüdü kəsildiyinə görə şikayətləndiyindən danışdı, dedi ki, şairlər bütün dövrlərdə padşahlardan, sultanlardan asılı olublar.
Pərt olmaqda idik ki, dadımıza böyük Nəsimi yetişdi. Nəsimini üzümüzə qalxan edərək kəndimizin ziyalısı ilə bir az höcətləşdik, amma o, məsələyə yeni bir arqumentlə yanaşdı: "Baxın, onu 48 yaşında hökmdarlarla yola getmədiyinə görə edam ediblər, amma indiki yazıçı və şairlər edam olunmaq istəmirlər, anlayırlar ki, indi dövran dəyişibsə də, hökmdarın qəzəbinə gələn şairə əfv və çörək yoxdur. Siz də anlayışlı olun, onları şişə taxmayın”.
Daha sonra söhbət xan sarayında vəzir işləyən Molla Pənah Vaqifə qədər gəldi və adamın son sözü belə oldu: "O dahi şairlər də hökmdarlarla işləyib də, əmoğlu”.
İndi o vaxtdan 28 il vaxt keçib. O vaxt 1-2 yaşı olan körpələr indi ən azı 30 yaşında yetkin adamlardır və "şairləri şişə taxmaq” növbəsi onlara çatıb.
Ona görə də hazırda "xalq şairi” fəxri adı alan Ramiz Rövşənin, Musa Yaqubun, Vahid Əzizin adının sosial şəbəkədə eninə-uzununa hallandırılması mənə təəccüblü gəlmədi. Zamanında biz də şişlə işləmişik.
O vaxt biz elə bilirdik ki, şairlərin hamısı dissidentlik eləsə, Mütəllibov hakimiyyətinə tez və asan son qoymaq olar. Amma sonradan məlum oldu ki, şairlər kömək eləməsə də, Mütəllibovu devirmək olarmış. ("Devirdiniz, nə qazandınız?” sualı başqa bir debatın mövzusudur).
İndikilər də hesab edirlər ki, şairlər saraydan ənam almasalar, verilmiş mükafatlardan imtina etsələr, ölkədə demokratiya və insan haqları sahəsində ciddi irəliləyişlər olar.
Havayı söhbətdir. Bu ölkədə şairlərdən, baletmeysterlərdən, xoreoqraflardan heç nə asılı deyil. İmkan verin, 3-5 misra babat şeir yazsınlar, rəqs eləsinlər.