İmza günündə bir kitabı 370 manata satan yazarla müsahibə...
Müsahibə
- 18.12.2018
- 0 Şərh
- 9047 Baxış
Bu günlərdə "Adı Leyladı" şeirlər kitabı ilə oxucuların görüşünə gələn gənc yazar Pərviz Ariflə Çinarə Ömrayın söhbətini təqdim edirik. Qeyd edək ki, təqdimat mərasimiində müəllifin ilk imzalı kitabı auksion nəticəsində satılıb və bu, Azərbaycanda ən baha qiymətə satılan şeir kitabı kimi xarakterizə edilə bilər.
- Doğruluq, yoxsa cəsarət?
- Oyuna başlayırıq, ya müsahibəyə?
- Bütün hallarda bu sual keçərlidir.
- O zaman doğruluq.
- Niyə?
-Bir məsəl var e, ən gözəl biclik düzlükdü. O məsəllə addımlayıram.
- Həmişə sakitliyinizi, təmkininizi qoruyub saxlaya bilmisiz. Bu qədər çoxluğun içində bunu necə bacarmısız?
- Əslində kənardan göründüyüm kimi sakit biri deyiləm. Çılğınam, səbirliyəm, amma səbrim daşanda çox gec sakitləşə bilirəm.
- Deyirlər insanı cəmiyyət formalaşdırır. Sizə təsir edə bilib mi?
- Əgər ətrafı nəzərə alsaq, düzdü az-çox təsir edə bilib. Amma onu da deyək ki, cəmiyyət də biz insanlardan ibarət olduğu üçün hardasa cəmiyyəti də biz formalaşdırırıq.
- Nə qədər uyğunlaşmağa çalışırsız?
- Çalışmıram. Tam əksidir. Özümə məxsus doğrularım, qırmızı xətlərim, çərçivələrim var ki, mən onları keçməyə nəinki cəmiyyəti, heç doğmalarımı da qoymuram. Əksinə, bunu cəmiyyətə tətbiq etməyə çalışıram.
- Yeni bir dəb var, saytlarda maraqsız bir yazıya qeyri-adi maraq çəkən bir başlıq qoyurlar ki, oxunma sayı artsın. Siz də kitabınızın adını buna görə mi belə seçdiniz?
- Həm də belədir. Ancaq bir az bu ad məsələsindən danışmaq istəyirəm ki, necə oldu məhs bu adı seçdik. Son zamanlar yazdığım və daha çox diqqət çəkən şeirimin adı idi. Kitab haqda dostlarla məsləhətləşəndə dostum Xəzər Süleymanlı bu adı təklif etdi. Bəyəndim düzü. Çünki həm siz deyən kimi maraq çəkən ad idi, həm Leyla adı uşaqlıqdan ən sevdiyim ad olmuşdu, həm də ümumən klassik ədəbiyyatımızda da Leyla "sevgi”, "sevgili” anlamında işlənilir. Amma bu kitabda Leyla hansısa konkret bir şəxs deyil, sadəcə obrazdı. Bütün bunların əsasında kitabın adı belə oldu. Hə, bir də düşündük ki, Leylalar daha çox alar kitabı. Amma hələ ki, belə deyil (gülür).
- İşiniz sözlə bağlıdır, müəyyən mənada pulunuz da sözdən çıxır. Bilirsiz bunca yaradılış da bir "OL” sözündən yaranıb. Bu günə qədər hansısa söz olub ki, həyatınızda dönüş yaratsın?
- Xeyir. Çünki düşünürəm ki, hələ həyatımda dönüş nöqtəsi olmayıb. Müəyyən kiçik fərqləri nəzərə almasaq, ümumi standart həyat gedir hələ ki. Ya da mən elə görürəm. Yəni nələrsə pillə-pillə dəyişir deyə mən hiss eləmirəm. Amma sırf dönüş yaradan, diksindirən, toxunan o söz olmayıb hələ ki.
- O indi haradadı?
- Hər yerdə.
- Məsələn, mənə görə hərənin öz rəngi var. Elə adam var ki, o oturduğun məclisə gələn kimi hər şey sönür. O adamın rəngi qaradır... və yaxud elə adam var ki, o gələndə hər şey daha şən olur. Onun rəngi ayrıdır. Adam var, gəlir heç nə dəyişmir. Rəngsiz adamdır o. Davam edə bilərsiz?
- Məsələn, dostum Elvin Paşa mənə görə bənövşəyi rəngdədi. Çünki mənim üçün o rəng sevimli rəngdir. Sanki enerji verir o rəng mənə, sevinirəm o rəngi görəndə. Sonra Dostum Xəzər Süleymanlının rəngi sarıdır. Sarı ayrılıq rəngidir. Xəzəri də görəndə adam bir az kədərlənir. Elə bilirsən ki, bu saat kimsə kimdənsə ayrılacaq. Rəşad Nağı Mustafa göy qurşağıdır, adam rəngarəngdir. Onun rəngini tutmaq olmur. Siyahını çox uzada bilərəm...
- Həqiqət və təmiz şərab... bunlar heç zaman dəyərdən düşmür. Bura başqa nələri əlavə edərdiniz?
- Səmimiyyəti əlavə edərdim... Bəzən sadəliklə səmimiyyəti qarışdırır insanlar. Yəni mütləq deyil də hər dəfə hər yerdə sadə olasan. Bir insana təvazökarlıq yox, əksinə, təkəbbürlü davranırsansa, məncə orda da səmimi olmalısan.
- Boyun qaçırmağa çəkindiyiniz mükəlləfiyyətlər varmı?
- Ailə həyatı. Çətinlik çəkirəm. Bilmirəm maddiyatla bağlıdır, yoxsa digər nələrləsə... ailə qurmaqdan hələ ki, boyun qaçırıram.
- Həm də meyxana deyirsiz və müəyyən uğurlarınız da var bu sənətdə.
- Az- çox var. Məsələn, 2013-14-cü illərdə ANS Tv-də keçirilən "De gəlsin” meyxana yarışmasının qalibi olmuşam. Ona qədər də bu sahədə uğurlarım çox olub.
- Sizcə bu sənət tarixdə qalacaq?
- Yəqin ki, tarixdə qalacaq. Ən pis halda tarixə çevriləcək. Dostlarla danışanda da deyirəm ki, get-gedə sanki tənəzzülə uğrayır bu sənət. Məsələn, necə ki, dərvişlik qaldı tarixin yaddaşında, eynən onun kimi. Amma ən azı tarixdən silinməyəcək.
- Məsələn, götürək Ağasəlim Çıldağı və Fikrət Qocanı. Eyni dönəmlərdə yaşamış ədəbiyyatı, sözü gözəl bilən iki ustad. Amma mənim qədər siz də bilirsiz ki, tarixin yaddaşında Ağasəlim Çıldaq yox, Fikrət Qoca qalacaq.
- Bu məsələni bir az müqayisə eləmək çətindi. Meyxana bədahətən deyilir, şeir isə yazılır. Deyilib gedən sözlə yazılıb qalan sözün arasında fərq çoxdu. Bəlkə də ona görə deyirlər ki, yazılan qalır həmişə. Amma məsələnin bir tərəfi də var ki, bu bədahətən deyilir, yəni beş on saniyənin içində yaranır. Amma şair oturub bir şeirin üstündə günlərlə işləyir.
- Ədəbiyyatda da var olmağın daha ciddi qəbul olunmaq istəyinə dəlalət deyil ki? Yəni meyxana o qədər də ciddi qəbul olunmur.
- Yox, qətiyyən elə düşünmürəm. İndi deyəcəyim bəlkə də təkəbbürlü səslənəcək, amma bayaq dediyimə qayıtsaq, təkəbbürlü də olsa, səmimidir. Nəyisə edirəmsə, bu məndə var ki edirəm. Əks halda yoxdusa yoxdur. Şeir yazmaq da ciddi qəbul olunmaq istəyindən yaranmayıb. Mən şeir yazanda 15 yaşım vardı. Onda bəlkə də heç meyxana demirdim və onda ağlımdan da keçmirdi ki, şeir yazım, ciddi görünüm, uşaq idim çünki.
- Əslində meyxana da söz sənətidir, ədəbiyyat da sözdür. Hər ikisi sözlə cəmiyyətə hansısa mesajı ötürməyə çalışır. Amma gəl qəbul edək ki, indi meyxana deyənlər özlərini ədəbiyyatdan çox uzaq tuturlar və daha çox şou aləmə meyl edirlər.
- Bununla razıyam. Daha doğrusu, bu günlərdə şahidi də oldum. Kiçik bir misal çəkəcəm. Məsələn, mən bir meyxana məclisi təşkil etsəm və dəvət etsəm, yüzdən çox meyxana deyən dostum gələr. Sırf mənim qazandığım hörmətin xatirinə. Yəni maddiyata görə yox, özümə görə. Həm də bu gün meyxanada sözünü demiş, üzdə olan çoxu gələr. Amma mən ədəbiyyat adına kitab təqdimatı etdim, orda 4-5 meyxanaçı dostumdan başqa heç biri gəlməmişdi. O dostlar da hər gün bir yerdə olduğum adamlardı.Yəni meyxanaçı kimi yox, dost kimi gəlmişdilər. Bu məni ona görə incidir ki, bütün ömrünüzü mağarlarda, xeybələrdə, son zamanlar efirlərdə keçirmisiniz, amma sözün, ədəbiyyatın yanında olmursunuz. Mən özüm bacardıqca şeir gecələrindən, kitab təqdimatlarından, ədəbiyyat adına görülən işlərdən geri qalmamağa çalışıram.
- İki missal çəkəcəm və müqayisə edəcəm. Sizin fikiriniz də maraqlıdı. Namiq Məna və siz.
- Namiq Məna ustaddır.
- Bir az səbr edin, sualı verim, tələsməyin. Namiq Məna sizdən daha çox tanınır, daha çox zamandı bu sənətdədi. Amma bu yaxınlarda onun "Ədəbiyyat qəzeti"ndə çap olunması böyük səs-küyə səbəb oldu. Etirazlar oldu. Qəbul edə bimirilər ki, bir meyxanaçı niyə "Ədəbiyyat qəzeti"ndə çap olunsun... Amma siz kitab nəşr etdirdiniz, buna heç kim bir söz demədi və rahatlıqla qəbul etdi. Səbəb?
- Burada iki nüans var. Həmin ədəbiyyat adamları bilirmi ki, Pərviz Arif həm də meyxana deyəndi, ya yox? Digər tərəfdən, onlar Namiq Mənanı şeirlərinə görəmi top-tüfəngə tutmuşdular, yoxsa meyxanaçı olduğuna görəmi? Düzü mən o şeirləri oxumamışam. Əgər şeir yaxşı şeir deyildisə, etiraz edib və müzakirə obyektinə çevirmişdilərsə, buna sözüm yoxdu (oxumamışdım deyə xəbərsizəm hansı şeirlər gedib qəzetdə), yox əgər bu etirazlar sırf Namiq Mənadır deyə olubsa, əsazsız etirazdı.
- Bir az da yeni işıq üzü görmüş kitabınızdan danışaq. Ya da ümumən kitablarınızdan.
- Əslində bir şey etiraf edim. Mənim iki yox, üç kitabım var. İkisi şeirlərdən ibarətdi, biri isə povestdən. İlk kitabım 2013-cü ildə çap olundu. Adı "Buna da şükür” idi. Şeirlər və qəzəllər toplusu. Digəri isə heç harda satışda yoxdu, çünki sifarişli yazmışdım. Məhdud sayda çap olundu. Sifariş verən adam bir həyat hekayəsi danışmışdı və bunu yəqin ki öz arxivi üçün, ya da hədiyyə üçün kitab halında istədi. Mən də yazdım. Amma o kitab indi heç harda yoxdu - nə satışda (o adamın özündən və özünün hədiyyə etdiyi adamlardan başqa), nə də heç kimdə. Üçüncüsü isə sonuncu "Adı Leyladır” kitabımdır.
- İlk kitabınızla bağlı nə deyə bilərsiz?
- İlk kitabımın maraqlı tarixcəsi var. Deməli tələbə idim. İlk kitab ən böyük arzum idi. Belə bir əhd elədim ki, ilk kitabı öz maddi imkanlarımın sayəsinə, heç bir maddi yardım almadan sırf öz qazancıma çıxardacam və heç kəsə də pulnan satmayacam. Bu mənim əhdim idi və baş tutdu da. BDU-da oxuya- oxuya işləyirdim də. Təqdimat günü də əhdimə sadiq qalıb pulsuz payladım kitabı. Hətta sonralar da kitab haqda maraqlanan, əldə etmək istəyənlər olmuşdu. Onlara da pulsuz çatdırmışdım kitabı.
- Ən çox pul qazandığınız kitab hansı kitabınızdı?
- Ən çox qazancım sonuncu kitabımdan oldu- "Adı Leyladı”dan. Bildiyin kimi təqdimatda auksiyon keçirildi və ilk imzalı kitabım 370 manata satıldı. Bizim ədəbiyyatda ilk şeirlər kitabı idi ki, o qiymətə satıldı.
- Çatdıq sona. Sona çatmaq necə hissdi?
- Ümumiyyətlə, Sona deyəndə ağlıma hər zaman Cəfər Cabbarlının xanımı Sona xanım gəlir. Həmişə düşünmüşəm ki, bir kişinin cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında hər zaman onun xanımının rolu böyük olub. Bəlkə də buna görədir ki, ailə qurmaqda, seçim etməkdə çətinlik çəkirəm. Çünki o insan elə biri olmalıdır ki, ən azı ədəbiyyata, ədəbiyyat adamına, sözə dəyər verə bilsin.
- Onda razısan ki, hər satqın kişinin arxasında bir tələbkar qadın dayanır?
- Müəyyən mənada yox. Satqınlıq insanın xislətində yoxdursa, ona kimsə təsir edə bilməz. Amma qadının da kişi həyatına təsiri danılmazdır. Onun üçün də seçdiyim qadın elə biri olmalıdır ki, gələcəkdə mən 500 manat qazanıb kiməsə baş əyməyəndə mənə hansısa məmuru, rüşvətxoru missal görsətməsin.
- Dediklərinin doğruluğunu imzanla təsdiqləyirsən?
- Əlbətdə, hər zaman (gülür)
Söhbətləşdi: Çinarə Ömray