İvan Bunin. Soyuq payız (hekayə)
- 08.02.2021
- 0 Şərh
- 13277 Baxış
O ilin iyun ayında o, bizim malikanədə qonaq qalırdı – evimizdə onu hamı
özününkü hesab edirdi. Mərhum atası mənim atamla həm dost, həm də qonşu olmuşdu.
İyunun 15-i Sarayevoda Frans Ferdinandı qətlə yetirdilər. 16-sı səhər poçta ilə
qəzetləri gətirmişdilər. Atam əlində Moskvanın axşam qəzeti ilə kabinetindən
çıxdı və onun, anamın və mənim çay süfrəsinə əyləşdiyimiz yemək otağına daxil
olaraq dedi:
- Hə, dostlar, müharibədir! Sarayevoda Avstriya vəliəhdi qətlə
yetirilib. Bu, müharibə deməkdir!
Pyotr günü üçün bizə xeyli adam yığışmışdı – həm atamın doğum günü
idi, həm də nahar zamanı onunla mənim nişanımızı elan etdilər. Lakin 19 iyun
günü Almaniya Rusiyaya müharibə elan etdi...
Sentyabrda o, cəmi bir sutkalıq bizə gəldi – cəbhəyə getməzdən öncə vidalaşmaq
üçün (o zaman hamı fikirləşirdi ki, müharibə tezliklə bitəcək və buna görə də
bizim toyumuz bahara qədər təxirə salındı). Budur, nəhayət, vida axşamı da yetişdi.
Şam yeməyindən sonra bir qayda olaraq, süfrəyə
samovar verildi və atam, onun buğundan tərləmiş pəncərə şüşələrinə
baxaraq dedi:
- Təəccüblüdür, necə erkən, soyuq bir payızdır!
Biz o axşamı sükut içində oturduq, nadirən söylənilən bir-iki əhəmiyyətsiz
kəlmə də öz ziyadə səssizliyi ilə mübhəm anlamlarını və duyğuları gizləmək
üçündü. Ata saxtalığı aşkarca bilinən bir sadəliklə payız barəsində də danışdı.
Mən eyvanın qapısına yaxınlaşdım və yaylıqla pəncərə şüşəsini sildim: bağçada,
zülmət səmada buz kimi soyuq ulduzlar parlaq və aşikar bir işartı ilə işıq
saçırdılar. Atam kresloya söykənmiş, dalğın
halda masanın üzərinə qoyulmuş lampanı seyr edə-edə papiros çəkir, anam
eynəyini gözünə taxmış, o lampanın işığında kiçicik ipək kisəcik tikirdi – biz
onun nə olduğunu bilirdik – və bu həm üzücü idi, həm də vahimə doğururdu. Atam
soruşdu:
- Deməli, sən nə olursa-olsun, səhər getmək istəyirsən, səhər yeməyindən
sonra olmazmı?
- Bəli, əgər izin versəniz, səhər, - o, cavab verdi. - Çox təəssüf,
lakin mən hələ evimin işlərini də tam olaraq həll edə bilməmişəm.
Atam yüngülcə ah çəkdi:
- Yaxşı, necə istəyirsən, əzizim. Yalnız ananla bizim artıq yatmaq
zamanımızdır, səni sabah mütləq yola salmaq istəyirik...
Anam ayağa qaxaraq gələcək oğluna xaç çevirdi, o da əvvəlcə onun əli
üzərinə əyildi, sonra da atamın əlini öpdü. Biz yemək otağında hələ bir müddət
də tək qaldıq, - mənim ağlıma kart açmaq fikri gəlmişdi, - o, susqun halda
otağın o başından bu başına var-gəl edirdi, birdən soruşdu:
- İstəyirsən, gedib bir az gəzək?
Qəlbimə çökən ağırlıq hər ötən dəqiqə bir az daha artırdı, lakin mən
etinasız tərzdə dilləndim:
- Olar...
Kandarda dayanıb əynini geyindiyi zaman o, nə isə düşünməyə davam
edirdi, birdən dodaqlarında xəfif bir təbəssüm qondu. Fetin bir şeirini xatırlamışdı:
- Bu nə qədər soyuq payızdır belə,
Bürün sən şalına, kapot da geyin...
- Kapot yoxumdur, - mən dedim. - Bəs sonrası necədir?
- Xatırlamıram. Deyəsən, belə:
Qaralan şamların ardından, bir bax,
Yüksəlməkdə sanki böyük bir yanğın...
- Hansı yanğın?
- Ayın doğması, əlbəttə ki... Bu şeirdə kənd payızlarına xas olan
o füsunkarlıq sezilir. "Bürün sən
şalına, kapot da geyin...” Bu, bizim nənələrimizin və babalarımızın dövranıdır...
Ah, ilahi... İlahi...
- Nə oldu?
- Heç bir şey, əziz dost. Amma yenə də qüssəlidir. Həm qüssəlidir, həm
də yaxşıdır. Mən səni çox, çox sevirəm...
Biz geyinərək, yemək otağının içərisindən keçib eyvana çıxdıq, ordan
da bağçaya endik. Əvvəlcə elə zülmət qaranlıq idi ki, mən onun paltarının
qolundan yapışmalı oldum. Sonra işıldayan minerallar kimi ora-bura səpilmiş
ulduzların aydınlatdığı göy üzünə yüksələn qapqara ağac budaqları sezilməyə
başladı. O, dayanaraq evə doğru çevrildi:
- Bir bax, evlərin pəncərələri necə də məxsusi, payıza xas bir işıltı
saçır. Nə qədər ki yaşayıram, bu gecəni əbədi xatırlayacağam...
Mən onun göstərdiyi səmtə baxdım və o, çiynimə atdığım isveç
örtüyünün üzərindən məni qucaqladı. Mən yumşaq şalımı üzümdən çəkdim, başımı
azacıq yana əyərək onun məni öpməsini gözlədim. Məni öpərək o, üzümə baxdı:
- Gözlərin necə də parıldayır, - o, dedi. - Sənə soyuq deyil ki? Demək
olar ki, qış havasıdır. Birdən məni öldürdülər... O zaman yəqin sən dərhal
unutmazdın məni, hə?
Mən düşündüm: "Birdən həqiqətən öldürsələr? Doğrudanmı mən onu qısa müddət ərzində unudaram? Axı əvvəl-axır
hər şey və hər kəs unudulub gedir?” Və öz fikirlərimdən vahiməyə düşərək tələsik
dilləndim:
- Belə danışma! Sənin ölümünə dözə bilmərəm!
O, bir az susaraq ağır-ağır dilə gətirdi:
- Neynəmək olar, əgər öldürsələr, o zaman da səni orda gözlərəm... Sən
isə yaşa, sevinc içində yaşa, sonra da ora, mənim yanıma gələrsən...
Mən acı-acı ağladım...
O, səhər çağı getdi. Anam axşamdan tikdiyi o nəhs kisəciyi onun
boynundan asdı. Kisəciyin içərisində onun babasının və atasının müharibə zamanı
özlərilə gəzdirdikləri qızıl xaç vardı. Biz hamılıqla, qəribə, coşqun bir təlaş
içində onun üçün xaç çevirdik. Keyimiş halda onun ardınca baxaraq eyvanda xeyli
dayandıq, birini uzun ayrılığa uğurladığınız zaman sizinlə sizi əhatə edən
sevincli, şən, otlarının üzərində axşamdan qalma qırovun işıldadığı bir sabah arasındakı
təəccüb doğuran o uyumsuzluğu hiss etdiyiniz zamanlarda həmişə belə olur. Bir
az dayanaraq, boşalmış evə daxil olduq. Mən, əllərimi qoynumda çarpazlayaraq
bir otaqdan digərinə keçir, özümlə nə cür baş edəcəyimi bilmirdim – zarıyıb
ağlamali idimmi, yoxsa səsimin gəldiyi qədər bağırıb oxumalıydımmı?..
Nə qədər qəribə səslənsə də, onu Qalitsiyada öldürdülər. Budur, artıq
o vaxtdan düz otuz il ötür. Və diqqətlə düşündüyün və keçmiş adlanan bütün o sehrli, anlaşılmaz, ağlın, nə də qəlbin heç cür dərk edə bilməyəcəyi
o yaşantıları yaddaşında yaxşı-yaxşı saf-çürük etdiyin zaman kifayət qədər uzun
olduğunu zənn etdiyin bu illər ərzində nələr, nələr yaşanıb. On səkkizinci ilin
yazında – artıq nə atamın, nə də anamın həyatda olmadıqları o dövrdə mən
Smolensk bazarında alverlə məşğul olan bir qadının Moskvadakı evinin zirzəmisində
yaşayırdım, qadın bütün günü məni məsxərəyə qoyardı: "Hə, ülyahəzrət, deyin görək,
işləriniz necədir, hə?” Mən özüm də
alverlə məşğul olurdum, çoxları kimi mən də papaqlı və yaxası açıq şinelli əskərlərə
olan-olmazımdan bir para şeylər – hansısa bir üzük, yaxud kiçik xaç, güvə yemiş
dəri yaxalıq – satırdım və elə burada, Arbat küçəsinin tinində alver edərkən də
nadir, gözəl bir ürəyə sahib olan bir adamla, istefada olan ahıl hərbçi ilə
tanış oldum, tezliklə biz onunla evləndik və aprel ayında Yekaterindor şəhərinə
köçdük. Biz oraya onunla və onun on yeddi yaşlı bacısı oğlu ilə – o da könüllülər
tərəfə keçənlərdəndi – iki həftəyə yaxın yol getdik: mən həsir çarıqlarda, o isə
– uzun qara saqqalına təkəmseyrək bəyazlar düşmüşdü artıq – əsgimiş kazak
kaftanında. İki ildən çox Donda və Kubanda qaldıq. Qışda, fırtına zamanı
Novorossiyskdən olan saysız-hesabsız qaçqınla birlikdə Türkiyəyə üzdük və ərim
bu dəniz səyahəti zamanı tif xəstəliyindən dünyasını dəyişdi. Ondan sonra bu
geniş dünyada üçcə yaxın adamım qaldı: ərimin bacısı oğlu, onun gənc arvadı və
onların yeddi aylıq qızları. Lakin bacıoğlu da bir müddət sonra arvadı ilə
birlikdə Krıma – Vrangelə getdi və körpə mənim əlimdə qaldı. Onlar orda
izsiz-tozsuz yoxa çıxdılar. Mən isə ən qara işlər görərək, ən ağır zəhmət
müqabilində birtəhər özümə və körpəyə gün ağlaya-ağlaya Konstantinopolda uzun
müddət yaşadım. Sonralar, çoxları kimi, əlimdə o qızla haralara sovrulmadım ki!
Bolqarıstan, Çexiya, Serbiya, Belçika, Paris, Nitsa... Qız çoxdan böyümüşdü,
Parisdə qaldı, tamamilə fransızlara bənzəyirdi, çox şirin, həm də mənə qarşı
çox etinasızdı, Madlen yaxınlığında şokolad fabrikində işə düzəlmişdi, çəlimsiz
əlləri və gümüş sədəfli barmaqları ilə qutuları atlas kağızlara bükür, üzərlərinə
qızılı lentlər bağlayırdı: mən isə Nitsada qaldım və hələ də ordayam, Allahın
verdiyi ilə birtəhər keçinirəm... İlk dəfə Nitsada min doqquz yüz on ikinci ildə
olmuşdum. O zaman, o bəxtəvər zamanlarda bu şəhərin nə vaxtsa mənim üçün necə
bir yerə dönə biləcəyini düşünə bilərdimmi?!
Onun ölümünə dözə bilməyəcəyimi bir zaman özünə açıq-aydın bəyan etmişdim, lakin mən onun
ölümünə dözdüm. Amma o zamandan bəri yaşadıqlarmın hamısını xatırladığımda özümə
həmişə belə bir sual verirəm: bəli, mən bu həyatda nə gördüm ki? Elə cavabı da
özüm verirəm: bircə o soyuq payız axşamını. Bu, doğrudanmı olmuşdu? Hər halda,
olmuşdu. Və həyatımda olanların hamısı yuxu idi, qalanları mənasız, lazımsız
yuxulardı. Lakin mən inanıram, möhkəm inanıram: hardasa o məni gözləyir, o
axşamkı eşqilə, elə o axşam olduğu kimi də gənc...
"Sən isə yaşa, sevinc içində yaşa, sonra da ora, mənim yanıma gələrsən...”
Mən yaşadım, həyata sevindim, indi artıq tezliklə gedəcəyəm.
3 may, 1944
Tərcümə: Dinar Həmidova