Marqerit Yursenar. Vanq-Fo necə xilas oldu ("Şərq hekayələri" silsiləsindən)
- 16.09.2020
- 0 Şərh
- 12994 Baxış
Marqerit
Yursenar (1903. Belçika – 1987. Men ştatı) – Fransız yazıçısı Yursenar Fransa
Akademiyasının ilk qadın üzvüdür. Ən məşhur əsəri Roma imperatoru Publiy Eliy
Trayan Adriandan bəhs edən "Adrianın qeydləri” (1951) romanıdır. "Aleksis və ya
bihudə mübarizənin kitabı” (1938), "Axırıncı xeyirxahlıq” (1939), "Fəlsəfə daşı”
(1968) və başqa romanların müəllifidir.
Yarpaq.az
oxucularına Yursenarın "Şərq hekayələri” silsiləsindən "Vanq-Fo necə xilas oldu”
hekayəsini təqdim edir:
Qoca rəssam
Vanq-Fo ilə tələbəsi Linq Xan imperatorluğunun yollarında irəliləyirdi.
Yavaş
gedirdilər, çünki Vanq-Fo gecələr ulduzları, gündüzlər böcəkləri seyr etmək
üçün dayanırdı. Yükləri yüngül idi, çünki Vanq-Fo əşyaların görünüşünü özlərindən
daha çox sevirdi və fırçalardan, lak və tuş bankalarından, ipək və kağız
parçalarından başqa heç bir əşyanı saxlanmağa layiq bilmirdi. Kasıb idilər,
çünki Vanq-Fo rəsmlərini bir qab düyü sıyığına dəyişirdi, onun pullardan xoşu gəlmirdi.
Tələbə Linq belindəki rəsmlər yığılan torbanın ağırlığı altında əyilmişdi, amma
bunu hörmətkəranə şəkildə edirdi, elə bil belində rəsm torbası yox, göyqübbəsini
daşıyırdı, çünki bu torba Linqin nəzərində qarlı dağlarla, yaz çaylarıyla, yay
gecəsinin aydınlığıyla doluydu.
Linq səhər
şəfəqlərini qovalayıb axşam alatoranını əbədiləşdirmək istəyən qoca rəssamla
yollara düşmək üçün gəlməmişdi dünyaya. Atası qızıl sərrafıydı, anası isə
nefrit alverçisinin qızı. Babası öləndə bütün var-dövlətini oğul doğulmadığı
üçün lənətlədiyi qızına qoymuşdu. Linq varlılığın sadəcə bəxti gətirmək hesab
edilmədiyi evdə böyümüşdü. Bu evdə böyümək onu qorxacaq etmişdi – o, böcəklərdən,
ildırımdan və ölülərin üzündən qorxurdu. Linqin on beş yaşı tamam olanda atası
onun üçün ən gözəl qızı seçib aldı. Oğlunu xoşbəxt etdiyini fikirləşmək ataya
gecələrin ancaq yatmağa yaradığı yaşda olduğunun kədərini unutdururdu. Linqin
arvadı tel kimi incə, süd kimi körpəcə, nəm öpüş kimi şirin, göz yaşı kimi
duzlu idi. Toydan sonra Linqin valideynləri ona daha bir yaxşılıq edib öldülər,
Linq qızıla bələnmiş evdə daim gülümsəyən gənc arvadı və hər bahar çəhrayı çiçəklər
açan ərik ağacıyla baş-başa qaldı. Linq arvadını heç vaxt çirklənməyən güzgünü
və ya adamı daim bəlalardan qoruyan talismanı sevdiyi kimi təmiz qəlblə
sevirdi. Dövrün tələbinə uyğun olaraq axşamlar çayxanalara gedir, akrobat və rəqqasələrə
pul paylayırdı.
Bir
axşam meyxanada Vanq-Fo ilə bir stolda oturdu. Qoca hansısa sərxoşun rəsmini çəkə
biləcək qədər içmişdi; əliylə içki parçının arasındakı məsafəni ölçmək istəyirmiş
kimi başını əymişdi. Düyü arağı susqun qocanın dilini açmışdı, Vanq o gecə elə
danışırdı ki, elə bil susqunluq divar idi, sözlər isə onu rəngləmək üçün rənglər.
Linq qoca rəssamın sayəsində içkinin təsirindən qızarmış sərxoş üzlərin gözəlliyini,
süfrənin üstünə dağılmış, çiçək ləçəklərini xatırladan çaxır ləkələrinin
heyranedici çəhrayılığını görmüşdü. Külək pəncərəni çırpdı, yağış damcıları içəri
düşməyə başladı. Vanq-Fo ildırım ziqzaqını Linqə göstərmək üçün ona tərəf əyildi
və Linq daha ildırımdan qorxmadı.
Linq
qocanın hesabını ödədi və Vanq-Fonun nə pulu, nə də gedəcəyi yeri olmadığı
üçün, onu öz evinə dəvət etdi. İkilikdə yola düşdülər. Getdikcə Linqin əlindəki
fənər yerdəki gölməçələrdə əks edir, parlaq alovla oynaşırdı. O gecə Linq təəccüblə
kəşf etdi ki, evinin divarları zənn etdiyi kimi qırmızı yox, çürüyən portağal rəngindədir.
Həyətdə indiyəcən fikir vermədiyi kol gördü və onu saçını qurudan qadına
oxşatdı. Evin dəhlizində divarın çatlağından çıxıb əminsiz addımlarla irəliləyən
qarışqanı müşahidə etdi və Linqin bu varlıqlara qorxusu öz-özlüyündən
buxarlanıb havaya uçdu. Onda Vanq-Fonun ona təzə ruh bəxş etmək üçün peyda
olduğunu başa düşdü və hörmət əlaməti olaraq ona ata-anasının öldüyü otaqda yer
açdı.
Vanq-Fo
uzun illərdi ki, söyüd ağacının altında ud çalan şahzadə rəsmi çəkməyi
arzulayırdı. Amma o, heç bir qızda arzuladığı səmavi gözəlliyi tapa bilmirdi.
Linq isə qadın olmadığı üçün bu obrazı canlandıra bilərdi. Sonra Vanq-Fo hündür
sərv ağacının altında ox atan şahzadə oğlandan söz açdı. Amma o şahzadəni
canlandıracaq cavan hardaydı? Onda Linq həyətdəki ərik ağacının altında
arvadına modellik etdirdi. Sonra Vanq-Fo onu qürub buludlarının fonunda pəri
kimi çəkdi və Linqin arvadı ağladı, çünki bu ölümə işarə idi. Linqin ondansa
Vanqa-Fonun rəsmlərinə daha çox bağlandığını görən arvadının üzü yay yağışı və
isti külək altında yanan gül kimi gündən-günə soldu. Bir səhər onu çəhrayı çiçəklər
açmış ərik ağacının budağından asılmış şəkildə tapdılar. Özünü asdığı şərfin
ucu külək vurduqca dalğalanan saçlarına qarışmışdı. O, qədim şairlərin vəsf
etdiyi gözəllər qədər saf idi. Vanq-Fo axırıncı dəfə onun rəsmini çəkdi, çünki
ölü üzlərin aldığı yaşıl rəngdən xoşu gəlirdi.
Linq
onun üçün rəngləri qarışdırdı. Bu iş o qədər diqqət tələb edirdi ki, arvadı
üçüç alamaq Linqin yadından çıxdı.
Linq müəllimi
üçün qərb ölkələrindən gətirilən rəngləri almaq üçün bir-biri nökərlərini,
nefrit əşyalarını, fəvvarədəki balıqları satmağa başladı. Evdə heç nə
qalmayanda onlar oranı tərk etdilər və Linq keçmiş həyatının qapılarını
bağladı. Vanq- Fo artıq şəhərdə qalmaqdan yorulmuşdu, çünki burdakı üzlərin
hamısı artıq onun üçün adiləşmişdi və onlar Xan imperatorluğunu dolaşmaq üçün
yollara düşdülər.
Şöhrətləri
kəndlərə, qala qapılarına, gecə vaxtı sərgərdanların daldalandığı
karvansaralara özlərindən tez çatırdı. Deyirdilər ki, Vanq-Fo fırçasının
axırıncı toxunuşuyla rəsmlərə can verə bilir. Kəndlilər qoyun iti çəkməsi üçün
ona yalvarırdı, varlılar ondan əsgər rəsmləri istəyirdi. Rahiblər Vanq-Fonu
müdrik kimi qəbul edirdi, sadə adamlar isə onu cadugər hesab edirdilər. Bu
fikir ayrılıqları Vanq-Fonu sevindirirdi, çünki bunun sayəsində üzlərdəki hörməti,
minnətdarlığı və qorxunu görə bilirdi.
Linq
yemək üçün dilənir, müəlliminin vaxtlı-vaxtında yatıb-durmağının qeydinə qalır,
yatmağından istifadə edib onun ayaqlarını ovuşdururdu. Səhər tezdən, hələ müəllimi
yuxudan durmamış gedib ağaclıqların arasında gizlənən mənzərələri axtarırdı.
Axşamlar müəllimi yorulub fırçaları yerə atanda onları bir-biri yığırdı.
Vanq-Fo kədələnib artıq qocaldığını deyəndə Linq qoca palıdın gövdəsini göstərirdi.
Vanq şənlənib zarafatlaşmağa başlayanda isə, hörmətlə özünü qulaq asırmış kimi
göstərirdi.
Bir gün
axşam vaxtı imperatorluq paytaxtının yaxınlığına çatdılar. Linq Vanq-Fo üçün
yatmağa yer tapdı. Qoca köhnə parçaya bürünüb uzandı, Linq isə onu isitmək üçün
yanında uzanıb ona qısıldı, çünki bahar hələ təzə gəlmişdi, döşəmə hələ buz
kimi soyuq olurdu. Səhər tezdən karvansaranın divarları ağır addımlardan silkələndi.
Karvansara sahibinin qorxmuş pıçıltıları və varvarların dilində əmrlər qışqıran
səs eşidildi. Linq axşam müəllimi üçün düyü sıyığı oğurlamışdı, buna görə
qorxudan titrəməyə başladı, elə bildi onun dalınca gəliblər. Fikirləşdi ki, onu
tutsalar, müəllimi tək qalacaq və ona növbəti çaydan keçməyə heç kim kömək etməyəcək.
Əllərində
fənər tutan əsgərlər içəri girdi. Rəngli kağızda əks edən fənər əsgərlərin dəmir
papaqlarına düşüb qırmızı, mavi rəngdə əks edirdi. Yayları çiyinlərində titrəyirdi
və ən vəhşiləri səbəbsiz yerə qışqırırdı. Ağır əllər Vanq-Fonun peysərindən
yapışdı. Vanq-Fo fikir verdi ki, əsgərin qolçaqlarının rəngi geyiminin rənginə
uyğun deyil.
Vanq tələbəsinə
söykənib dolanbac yollarda ilişə-ilişə əsgərlərin dalınca getməyə başladı.
Yoldan keçənlər şübhəsiz ki, başları vurulmağa aparıldan bu iki nəfərə
baxa-baxa gülürdülər. Əsgərlər Vanqın sualına gülüşlə cavab verirdilər. Müəllimin
qandallanmış əlləri ağrıyırdı, Linq isə ona baxaraq gülümsəyirdi. Bu gülümsəmə
Linqə görə ağlamağın daha incə formasıydı.
Onlar bənövşəyi
divarları gün ortasında qürub səmasının bir parçası kimi görünən imperator
sarayına girdilər. Əsgərlər Vanq-Fonu formaları ilin vaxtlarını, ölkələri,
qadın və kişini, uzunömürlülüyü və hakimiyyət rəmzlərini simvolizə edən
saysız-hesabsız kvadratşəkilli və dairə zallardan keçirtdilər. Hər hansı bir
notu səsləndirən qapılar özləri açılırdı, qapılar elə quraşdırılmışdı ki,
sarayda şərqdən qərbə getsən bütün qammanı eşidirdin.
Saraydakı
hər şey üstinsan hakimiyyətini təlqin edirdi və hiss olunurdu ki, burda verilən
ən kiçik hökmlər də dədə-baba müdrikliyi kimi qəti və dəhşətli olur. Nəhayət
hava azaldı, ətrafa işgəncə edilən adamın da səsini çıxartmağa cəsarət edə bilməyəcəyi
qədər sükut çökdü. Xədim pərdəni qaldırdı, əsgərlər qadın kimi titrəməyə
başladılar, bir neçə nəfər Göy Oğlunun taxtda oturduğu zala daxil oldu.
Mavi mərmər
sütunların dəstəklədiyi otağın divarları yox idi. Mərmər sütunlardan o tərəfə
bağ uzanırdı, bağda okeanın o tayından gətirilmiş çiçəklər əkilmişdi, amma bu
çiçəklərin ətri yox idi – şirin ətirlərin Səmavi Əjdahanı meditasiyadan
ayıracağından qorxurdular. Onun düşüncələri səssizlik içində üzdüyü üçün bağa
quş da buraxmırdılar, hətta bağdakı arıları da qovmuşdular. Döyüş meydanlarındakı
it leşlərinin və əsgər cəsədlərinin üstündən əsək külək imperatora toxuna bilməsin
deyə nəhəng divar bağı o biri dünyadan ayırırdı.
Səma
Hökmdarı nefrit taxtda oturmuşdu, hələ iyirmi yaşının olmasına baxmayaraq əlləri
qoca əlləri kimi qırış-qırışdı. Onun paltarı qışı xatırladan mavi və yazı
xatırladan yaşıl rəngdəydi. Üzü göyçək idi, amma ancaq ulduzları və göyün ənginliyini
əks etdirmək üçün çox hündürdən asılan güzgü kimi laqeyd idi. Sağ tərəfində
Əksiksiz Zövqlər naziri, sol tərəfində isə Qazanılmış Əzablar məsləhətçisi
dayanmışdı. Taxtaın qabağında cərgəylə dayanan əyanlar onun dodaqlarından çıxan
ən adi sözü də yadda saxlamaq üçün qulaq kəsildiyinə görə, o astadan danışmağa
adət etmişdi.
- Səmavi
Əjdaha! – Diz üstə çökən Vanq-Fo dedi. – Qocayam, kasıbam, zəifəm. Sən yay
kimisən, mən qış kimi. Sənin On Min ömrün var, məndə cəmisi biri, o da axıra
çatmaq üzrədir. Sənə nə etmişəm? Heç vaxt sənin pisliyin üçün heç nə etməyən əllərimi
bağlayıblar.
- Mənə
nə etdiyini soruşursan, qoca Vanq-Fo? – İmperator dedi. Səsi o qədər məlahətli
idi ki, eşidən adam ağlamaq istəyirdi. İmperator nefrit taxtın parıltısından dəniz
bitkiləri rənginə çalan əlini qaldırdı. Onun uzun barmaqlarına valeh olan
Vanq-Fo haçansa imperatorun və ya onun yaxınlarından kiminsə pis şəklini çəkib-çəkmədiyini
xatırlamağa çalışdı. Amma çətin ki. Çünki Vanq-Fo paytaxtdansa kəndlərə, şəhər
mərkəzlərindənsə şəhərətrafı meyxanalara daha çox üstünlük verirdi.
- Mənə
nə etdiyini soruşursan? – İmperator incə boynunu qocaya tərəf uzadıb təzədən
soruşdu. – Deyəcəyəm. Amma başqalarının zəhəri bizim bədənimizə cəmisi doqquz
yoldan axa bildiyinə görə sənə günahını göstərmək üçün həyatımı danışıb
yaddaşımın otaqlarından keçirtməliyəm. Atam sənin əsərlərindən ibarət
kolleksiyanı sarayın ən gizlin otağına yerləşdirmişdi, çünki inanırdı ki, o rəsmlərdəki
simalar cahil gözlərdən uzaq saxlanmalıdır. Mən həmin otaqlarda böyümüşəm,
Vanq-Fo, məni tənhalıq içində böyüdüblər. İnsan ruhunun palçığı saflığıma
sıçramasın deyə məni gələcəkdə təəbəm olacaq kütlədən uzaq tutublar, hətta kölgələri
üstümə düşməsin deyə heç kimi kandarıma da yaxın buraxmayıblar. Mənə xidmət
üçün saxlanılan bir neçə qoca nökər də yanıma çox az gəlirdi, saatlar kor çəmbər
üzrə bir-birini qovurdu, rəsmlərindəki rənglər sübh şəfəqlərində canlanır,
axşam alatoranında solurdu. Yuxum gəlməyən gecələrdə rəsmlərinə baxırdım, beləcə,
on il hər gecə rəsmlərinə baxdım. Gündüzlər hər ilməsini əzbərlədiyim xalçanın
üstündə oturub əllərimi sarı ipəyə bürünmüş dizlərimin üstünə qoyub gələcəkdə məni
gözləyən həzzləri fikirləşirdim. Dünyanı və dünyanın mərkəzində yerləşən Xan
imperatorluğunu ovcumun içi kimi təsəvvür edirdim. Ətrafda dəniz dalğalanırdı,
daha uzaqda isə dağlar ucalırdı. Bunları daha rahat təsəvvür etmək üçünsə sənin
rəsmlərinə müraciət edirdim. Sən məni çox şeyə inanmağa məcbur etdin. Dünyanı
başqa cür təsəvvür etdim.
On altı
yaşımda məni dünyadan təcrid edən qapılar açıldı, buludlara baxmaq üçün sarayın
eyvanına çıxdım, amma sənin rəsmlərindəki buludlar qədər gözəl deyildilər. Səfərə
çıxdım, palçıqlı və daşlı yollarla imperatorluğun hər tərəfini gəzdim, amma sənin
təsvir etdiyin, içində işıldaböcəklərə oxşayan qızların gülüşdüyü bağçalara
rast gəlmədim. Sahili əhatələyən sərt qayalar məni okeandan soyutdu, işgəncə
verilənlərin qanı sənin rəsmlərindəki qədər qırmızı deyildi, kəndlərdə qurd-quş
düyü tarlalarının gözəlliyinə dalmağıma mane oldu, canlı qadınların bədəni kəsilmiş
ət kimi ürəyimi bulandırdı, əsgərlərimin gülüşləri zəhləmi tökdü. Sən mənə
yalan danışmışdın, Vanq-Fo, qoca yalançı! Dünya – dəli rəssamın boşluğa necə gəldi
atdığı və bizim ömür boyu göz yaşlarımızla təmizləməyə çalışdığımız ləkələrdən
ibarətdi. Xan imperatorluğu ən yaxşı ölkə deyil, mən də ən yaxşı imperator
deyiləm. Hökmdarlıq etməyə layiq olan yeganə imperiya sənin Min Döngədən və On
Min rəngdən sonra gedib çatdığım imperatorluqdur, qoca Vanq. Təkcə sən əsrlər
boyu zirvəsindəki qarların əriməyəcəyi dağlara və heç vaxt solmayacaq nərgizlərin
açdığı çöllərə hakimsən. Sən məndə hakim olduğum şeylərə qarşı ikrah, hakim
olmayacağım şeylərə qarşı isə iştah yaratmısan, buna görə sənə necə cəza verəcəyimi
fikirləşmişəm, Vanq-Fo. Səni heç kimin çıxarta bilməyəcəyi zindana salacağam,
ordan çıxış yolu tapa bilməyəcəksən. Sənin gözlərini çıxartacaqlar. Çünki sənin
gözlərin, Vanq-Fo, öz imperatorluğuna daxil olduğun sehrli qapılardır. Əllərin
də imperatorluğuna aparan on keçidli iki yol olduğu üçün, onları da kəsəcəklər.
Dediklərimi başa düşdün, qoca Vanq-Fo?
Tələbə
Linq hökmü eşidən kimi kəmərindəki korşalmış bıçağı çıxartıb imperatora hücum
etdi. İki əsgər onu tutdu. Göyün Oğlu gülümsəyib dedi:
- Qoca
Vanq-Fo, səndən bir də ona görə zəhləm gedir ki, özünü sevdirməyi bacarırsan.
Öldürün bu iti.
Qanı müəlliminin
paltarını batırmasın deyə Linq qabağa tullandı. Əsgərlərdən biri qılıncını çəkdi
və Linqin başı qoparılmış çiçək kimi boynundan aralandı. Nökərlər Linqin
meyidini sürüdüb apardılar və Vanq-Fo tələbəsinin yaşılımtıl döşəmədə qalan
qırmızı qanına baxdı.
İmperatorun
əmriylə iki xədim Vanq-Fonun gözlərini sildi.
- İndi
mənə qulaq as, qoca Vanq-Fo, - imperator dedi, - gözlərini də sil, indi ağlamaq
vaxtı deyil. Gözlərin açıq qalmalıdır, onsuz da işığı zəif görür, onu da göz
yaşlarınla bulandırmağa çalışma. Axı səni sadəcə səndən intiqam almaq üçün
öldürmək istəmirəm, həm də əzablarını görmək istəyəcək qədər qəddar deyiləm. Məndəki
rəsmlərin arasında bir mənzərə var, o mənzərədə dağlar çayda və dənizdə əks
edir, sözsüz ki, mənzərə balacalaşdırılmış şəkildədir, amma həqiqisindən daha
aydın görünür, elə bil şüşə kürənin üstündə çəkilib. Amma bu rəsm
tamamlanmayıb, Vanq-Fo, bu şedevr yarımçıqdı. Çox güman, kimsəsiz vadidə yerini
rahatlayıb bu rəsmi çəkəndə uçan bir quş və ya quşun dalınca qaçan uşaq diqqətini
yayındırıb. Quşun cikkiltisi və ya uşağın çəhrayı yanaqları sənin nəzərini özünə
cəlb edib və sən bu mənzərəni unutmusan. Sən nə dənizin dalğalarını, nə də
sahildəki qayaların mamırlarını tamamlamısan. Vanq-Fo, istəyirəm ki, bu günün sənə
bağışladığım qalan hissəsini o rəsmi tamamlamağa həsr edəsən, istəyirəm ki, o rəsm
ömür boyu içində yığılan sirri o rəsmə köçürdəsən. Tezliklə bədənindən ayrılıb
yerə düşəcək əllərinin titrəməyəcəyinə şübhə etmirəm, sonsuzluq fırçanın bədbəxt
toxunuşlarıyla ipək parçaya köçəcək. Tezliklə itirəcəyin gözlərinin də insan
hisslərinin sərhədlərində hansısa əlaqəni görə biləcəyinə şübhə etmirəm. Mənim
fikrim budur, qoca Vanq-Fo, bunu sənə etdirməyə gücüm də çatar. Əgər imtina etsən,
onda səni kor etməmişdən qabaq bütün rəsmlərini gözünün qabağında yandırmağı əmr
edəcəyəm, uşaqları öldürülmüş, nəsli kəsilməyə məhkum ata kimi qalacaqsan.
Amma, istəsən, təklifimin sənə lütfüm olduğunu fikirləş: axı ömür boyu
sığalladığın tək sevgilinin rəsm çəkdiyin ipək parçalar olduğunu bilirəm.
Ömrünün qalan saatlarında sənə fırça və rəng vermək, edama məhkum olunana fahişə
vermək kimi bir şeydir.
İmperator
barmağını tərpətdi və iki xədim hörmətlə Vanq-Fonun təkcə dənizlə göyüzünü çəkdiyi
yarımçıq rəsmi gətirdi. Vanq-Fo göz yaşlarını silib gülümsədi, çünki bu rəsm
ona cavanlığını xatırlatmışdı. Bu rəsmdə Vanq-Fonun artıq itirdiyi bakir ruh
vardı, amma həm də onda nəsə çatmırdı. Çünki Vanq-Fo bu rəsmi çəkəndə dağları və
dənizdə çimən qayaları hələ kifayət qədər seyr etməmişdi, hələ gün batımının kədərinə
lazımi qədər hakim olmamışdı. Nökərin ona uzatdığı fırçalardan birini seçib dənizin
üstünə mavi şırımlar çəkməyə başladı. Ayaqlarının yanında oturmuş xədim rəngləri
qarışdırırdı, amma bunu çox da yaxşı bacarmırdı. Vanq-Fo tələbəsi Linqin
yoxluğunu hiss etdi və onun üçün kədərləndi.
Vanq
dağın üstündəki buludun ucunu çəhrayıya rəngləməyə başladı. Sonra dənizin üstünə
balaca qırışlar çəkdi, bu qırışlar dənizin sakitliyini daha qabarıq nəzərə
çarpdırırdı. Nefrit döşəmə qəribə şəkildə nəmlənməyə başladı, amma Vanq-Fo işə
elə aludə olmuşdu ki, suyun içində işlədiyinin fərqinə varmadı.
Rəssamın
fırçasından əmələ gələn qayıq artıq rəsmin bütün ön planını tutmuşdu. Ürək
döyüntüsünü xatırladan yeyin avar səsləri uzaqdan eşidilməyə başladı. Səs
getdikcə yaxınlaşıb bütün zalı doldurdu, sonra kəsildi və qayıqçının havada
saxladığı avarlardan su damcılamağa başladı. Vanqın gözlərini çıxartmaq üçün
qızdırılan dəmir çoxdan soyumuşdu. Su çiyinlərinə qədər qalxsa da, ədəb xatirinə
hələ də yerindən tərpənməyə saray əyanı təkcə barmaqlarının ucuna qalxmaqla
kifayətləndi. Nəhayət, su imperatorun ürəyinə qədər qalxdı. Ortaya elə dərin
sükut çökmüşdü ki, hətta göz yaşlarının suya necə düşdüyünü də eşitmək olurdu.
Hə, bu
Linq idi. O öz paltarındaydı, paltarın qolu süzülmüşdü, Linq səhər əsgərlər gəldiyi
üçün onu tikməyi çatdırmamışdı. Bircə boynuna qəribə qırmızı şərf dolamışdı.
Vanq-Fo
işdən ayrılmayaraq mehribanlıqla ona dedi:
- Elə
bilirdim sən ölmüsən.
- Siz
sağ olduğunuz müddətdə necə ölə bilərəm?
O, müəllimin
qayığa minməyinə kömək etdi. Yaşıl nefrit suda əks edirdi, elə bil qayıq
mağaranın içindən keçirdi. Saray əyanının saçları suyun üstündə ilan kimi
qıvrılırdı, imperatorun başı isə suzanbağı kimi dalğalarda üzürdü.
- Bax,
- Vanq-Fo kədərlə dedi, - bu bədbəxtlər ölüb gedəcəklər, ya da artıq ölüblər. Dənizdə
imperatoru boğa biləcək qədər suyun olduğuna şübhə etmirdim. İndi nə edək?
- Heç nəyin
fikrini çəkmə, müəllim, - Linq pıçıldadı. – Tezliklə hamısı quruya çıxacaq və
heç vaxt heç biri paltarlarının islandığını da xatırlamayacaq. Bircə
imperatorun ürəyində dənizin kədəri qalacaq. Bu adamlar rəsm əsərində yoxa
çıxmaq üçün yaranmayıblar. – Və əlavə etdi. – Dəniz gözəldir, külək bizə
yoldaşlıq edir, dəniz quşları özlərinə yuva qurur. Bütün dənizlərdən o tərəfdə
olan ölkəyə gedək.
- Gedək,
- qoca rəssam dedi.
Vanq-Fo
sükan arxasına keçdi, Linq avarları işə saldı. Suya çırpılan avarların səsi yenə
bütün zalı doldurdu. Ürək döyüntüsünü xatırladan səs.
Su
get-gedə azalmağa başladı, mərmər sütunlar yenə üzə çıxdı. Tezliklə nefrit döşəmədə
adda-budda gölməçədən başqa heç nə qalmadı. Saray əyanının paltarları da qupquruydu,
təkcə imperatorun ətəyində bir az dəniz köpüyü qalmışdı.
Vanq-Fonun
tamamladığı rəsm alçaq stolun üstündəydi. Ön planda qayıq görünürdü. Qayıq
getdikcə uzaqlaşır, dənizin səthində köpüklü iz buraxırdı. Qayıqdakı iki nəfərin
üzünü ayırd etmək mümkün olmasa da, Linqin qırmızı şərfinin və qoca rəssamın
saqqalının külək vurduqca tərpəndiyini seçmək olurdu.
Suya dəyən
avarların səsi uzaqlaşdı, sonra tamam kəsildi. İmperator şəkilin üstünə əyilib əlini
gözünün üstünə qoydu, artıq gün batımında nöqtə boyda görünən qayığın dalınca
baxdı.
Nəhayət
qayıq dənizin girəcəyini tutan iri qayanın dalında görünməz oldu, buraxdığı
köpüklü iz də silindi, rəssam Vanq-Fo ilə tələbəsi Linq Vanq-Fonun elə indicə
tamamladığı nefrit rəngli dənizin ənginliklərində əbədiyyən yoxa çıxdı.
Tərcümə:
Həmid P.