Mehman Qaraxanoğlu. Divlərin zavallı halı (Miniatürlər üzərindən ədəbi sezintilər)

Mehman Qaraxanoğlu. Divlərin zavallı halı (Miniatürlər üzərindən ədəbi sezintilər)

Miniatür və pərdə... Zahirən uzaq anlayışlardır. Amma gerçəklikdə onlar bir-birini çox gözəl tamamlayırlar. Şərq miniatürlərinin əsrarəngizliyi onların sirli-sehrli və müəmmalı bir pərdə arxasında olmasındadır. Çünki Tanrı da hər şeyi pərdədə sevir. Tanrının dürlü-dürlü adlarından birinin də Pərdədar (Pərdəçi) olmasından xəbəriniz varmı?! Nəsimi necə deyir?!

 

Pərdə çəkmiş ara yerdə pərdədar,

Pərdə içindən bəri bax, gör nə var.

Adəmi gör, adəmi bil, adəmi,

Adəmin əsrarını bilməz dəvar.

 

 

***

 

1590-1600-cü illərdə çəkildiyi güman edilən və hal-hazırda şəxsi kolleksiyada saxlanılan misilsiz bir Şərq miniatürü belə adlanır: "Rəssam və xəttatlar iş zamanı”. Tabloda heyranedici bir dinamika vardır, təsvir olunan on üç kişi fiquru həmin dinamikanı özünəməxsus bir şəkildə təcəssüm etdirir – duruşlarından tutmuş üz ifadələrinədək... Bir qədər aralıdan tabloya baxdıqda şüurumuzda dördmərtəbəli bir ev assosiasiya olunur. Amma "mərtəbə”lər donuq halda deyillər, gözümüzün önündə yerlərini tez-tez dəyişirlər. İlk mərtəbədə olan tək bir kişi yuxarıya açılan "pəncərə”dən işin gedişini seyr edir. Tabloda əsl yaradıcı əhval-ruhiyyə təsvir olunur. Bir sözlə, möcüzəli bir karuseldir, sanki...

Lakin bizi düşündürən tamam fərqli bir nəsnədir. Niyə şair və yazıçılarımız, xüsusən, romançılarımız hər hansı bir əsər üzərində rəssam, musiqiçi və heykəltaraşla birgə işləmirlər?! Qədim və orta əsrlərdən gələn maraqlı təcrübəyə niyə arxa çevirməliyik? Kimsə durub deyə bilər ki, onsuz da teatr və kino sənəti dramaturq, rejissor, rəssam və bəstəkarın birgə fəaliyyətinin məhsuludur. Razıyıq! Məhz ona görə həm teatr, həm də xüsusən, kino sənəti çox irəliləyib! Əgər bu işbirliyi "xammal”ın hasilə gəldiyi andan başlansa, zənnimizcə, daha effektli olar.

Kamal Abdulla, Aydın Talıbzadə və Niyazi Mehdi virtual olaraq Cavad Mircavadov, Qəyyur Yunus və Firəngiz Əlizadə ilə, Şərif Ağayar və Rəşid Cavanşir Quliyev, Məzahir Ərtuğ Avşar və Adil Əsədli ilə, Mübariz Örən və Ataqam Vaqif Mustafazadə və Ömər Eldarovla, Ömər Xəyyam, Mirmehdi Ağaoğlu, Ayxan Ayvaz, Hədiyyə və Sərdar Amin Eldar Mansurov və Sakit Məmmədovla müştərək bir roman üzərində işləsəsər (təbii ki, çox sayda fərqli variantlar da olacaq), yalnız  ədəbiyyatımız qazanacaq...

"Qarlı” bir haşiyə: Miniatürçü rəssamlar elm və incəsənətin müxtəlif sahələrinə, xüsusən, ədəbiyyata dərindən bələd idilər. Bu anda mətnin soyuq informatik budağına kəpənək kimi zərif və zərli bir ad gəlib qondu: Səttar Bəhlulzadə adı. O deyirdi: "Mənim bir rəssam kimi yetişməyimdə üç müdrik bir sənətin: qədim xalça və miniatür sənətimizin, bir də ki, Füzulinin odlu-alovlu poeziyasının böyük təsiri olub”.

 

                                                           ***

 

Hətta divlərin də zavallı və miskin bir günə düşdüyü anlar olur... "Key Xosrov Bəhmənin qəsrini ələ keçirmiş divi əsir edir” miniatüründə olduğu kimi. İkibuynuzlu insan simasında olub, kəndirlə əl-qolu bağlanan və ayıb yerlərini örtməyə belə macalı olmayan divi Key Xosrov arxasınca sürüyür. Divin cəzası da divə layiq olmalıdır! Elədir də! Bunula işimiz yoxdur! Sadəcə, divin üzündəki sonsuz insani kədəri gördükdə dəhşətə gəlirəm. Düşünürəm ki, bizim kədərimiz divin üzündə nə gəzir? Və ya Yer üzünün bütün başqa canlılarında?! Barışmadığım tək bir şey budur! Qəfil ağlıma gəlir ki, hələ bunlar azmış kimi, Təpəgöz də insani dildə "Aman, gözüm! Vay, gözüm!” deyir...

 

                                                           ***

 

"Yaz bağçasında şərab məclisi”. Təbriz miniatür məktəbinə mənsubdur. 1430-cu ildə çəkilmişdir. Miniatürdə dörd insan obrazı və bir çiçəklənmiş ağac təsvir olunur. Əgər biz ağacı ümumi fondan çıxarsaq, yaz "itəcək”. Çünki zahirən yalnız ağac kultu yazı simvolizə edir. Amma daha diqqətlə baxdıqda yaz bütünlüklə obrazların traktovkası, geyim, görünüş (səhnə) və rəng plastikasındadır...

 

 

                                                           ***

 

"Rəssam Mir Müsəvvirin portreti” kəskin dramatizmi ilə fərqlənir. Gözündə girdə şüşəli eynək olan rəssam ayaqlarını qatlayaraq dizi üstə orurub. Sonsuz ehtiras və sənət yanğısı ilə sağ əliylə aşağıdan, sol əliylə yuxarıdan tutduğu qədim əlyazmanın üzərinə əyilib. Əlyazma da vücudunun hərəkət trayektoriyasına uyğundur. Adama elə gəlir ki, ortada iki simvolik sual işarəsi vardır; birincisi, suallaşmış fiziksəlliyi ilə rəssamın cavab aradığı sual, ikincisi, mətnin (əlyazmanın!) onun qarşısına qoyduğu sual!

Miniatürün bu cüt interpretasiyası (yozumu!) kiməsə qəribə gələ bilər. Amma biz bu qənaətdəyik ki, mətnlə işləyən (bizim üçün daş da, kətan da, yun iplər də, səs və rənglər də mətndir və ya "dünya mətdir” anlamında!) hər bir sənətkar iş prosesində təkcə onu narahat edən suallara deyil, həm də tədricən canlanan mətnin onun qarşısında qaldırdığı sualları da cavablandırır. Yalnız müəllifin hakimiyyəti altında olan "mağmın” və "üzüyola” mətnlər ölü olur...

 

                                                           ***

 

"Adəm və Həvvanın cənnətdən çıxarılması” (qovulması, yox!) miniatüründə (Təbriz, 1550-1560-ci illər) mifizim, mistik realizm və simvolizm üzvi şəkildə birləşir. Adəm və Həvva yarıçılpaqdırlar. Birincisi əjdaha (və ya böyük qanadlı ilan), ikincisi isə tovuz quşu belində cənnəti tərk edir. Məlum olduğu kimi, ilan və tovuz quşu iblisə bələdçilik etdiyindən onlar da Tanrı tərəfindən cənnətdən çıxarılma cəzasına məhkum olurlar.

Geniş rakursdan yanaşdıqda, cənnətdən çıxarılma, bəlkə də ən bəşəri və ən əzəmətli bir ayindir. Biz buna möhtəşəm "yolasalma” da deyə bilərik. Minatürçü rəssamlar bu fikri açıq olmasa da, eyhamla bizə bildirirlər. Sözügedən münatürdə də çoxsayllı qanadlı məxluqların müşayiəti ilə baş tutan bu ayin söylədiyimiz fikri simvolizə edir...