Mərahim Nəsib. Heyva (Hekayə)

Mərahim Nəsib. Heyva (Hekayə)

Röyal rayona getmək üçün sərnişin daşıyan avtobusların ənənəvi dayancağında düşüb gözləməyə başaldı. Lakin gecə olduğu üçün ətrafda bir o qədər nəqliyyat vasitəsi görünmürdü. Düşündü ki, qarşısına çıxan ilk avtomobilə əyləşsin və sürücünün getdiyi ünvana qədər getsin.

Elə bu məqamda uzaqdan avtobus gəldiyini görüb əl elədi. Avtobusun ön şüşəsinə "Ələt-Bakı” yazılsa da, Röyal getməyə tərəddüd etmədi və qarşısında dayanan avtobusa qalxıb, qarşıda boş olan yeganə oturacaqda əyləşdi. Yanında oturduğu yaşlı qadının sualı onu fikrindən yayındırdı: 

-Oğul, hara gedirsən?

-Ağdaşa. Maşın olmadığı üçün məcbur bu avtobusa minməli oldum. Yəqin ki, birazdan düşüb yenə maşın gözləməli olacam.

-Deyirlər, Ağdaşın heyvası çox dadlı olur…

-Doğrudur. Biz tərəflərin heyvasına söz ola bilməz.

-Bəs, mənə də heyva gətirərsən?

-Əlbəttə! Siz mənə dəqiq ünvan və əlaqə vasitəsi deyin. Mən geri qayıdanda meyvələri sizə təhvil verim.

Qadın çevrilib arxadakı gənc xanma səsləndi:

-Samirə, oğlanın nömrəsini götür. Əlaqə saxlayın, qayıdanda səninlə görüşüb heyvaları versin. Sən gətirərsən mənə.

Röyal biixtiyar arxaya çevrilib Samirəyə baxdı və nə qədər düşündüsə, bu yaşına qədər belə gözəl qadın gördüyünü xatırlaya bilmədi. Röyalın qarayanız və kobud olmasından fərqli olaraq, Samirə sarışın, incə və cazibədar idi. Gözlərinin rəngi isə yağışdan sonra parıldayan asimana bənzəyirdi. Onu Samirənin sehrindən yenidən qadının səsi ayırdı:

-Oğul, biz birazdan düşəcəyik. Siz Samirə ilə əlaqə saxlayarsız. 

-Yaxşı. Narahat olmayın!

Növbəti dayanacaqda hər ikisi avtobusdan endi və qarşıdakı küçəyə tərəf buruldular. Biraz sonra isə küçənin qaranlığında gözdən itdilər. Növbəti dayanacaqda düşmək növbəsi isə Röyala çatdı və onun düşməyi ilə Ağdaşa gedən taksilərdən birinə əyləşməsi bir oldu. Röyal taksiyə yenicə əyləşib yerini rahatlamaşdı ki, telefona mesaj gəldi:

-Salam. Mənəm, Samirə. Maşın tapa bildin?

Samirənin ona elə birinci cümlədən "sən” deyə müraciət etməsi, Röyalın təəccübünə səbəb oldu. Lakin özünü o yerə qoymayıb mesaja cavab yazdı:

-Salam, Samirə xanım! Bəli, tapa bildim. 

-Lap yaxşı. Sağ-salamat get. Çatanda xəbər elə!

-Çox sağolun. Yaxşı.

Röyal söhbətə xitam verməyə çalışsa da, heç bir nəticəsi olmadı və artıq evə çatanda Samirənin səmimiyyətinə təslim olmuşdu. O, ilk dəfə idi ki, belə bir hadisə ilə qarşılaşırdı. Ona görə də demək olar ki, gecəni rahat yata bilmədi. Gah Samirənin mavi gözlərini, gah sarı saçlarını, gah da səmiyyətini düşünürdü. Nəhayət belə bir qənaətə gəldi ki, Samirədən xoşu gəlir, yoxsa, onun mavi gözləri, sarı saçları və səmiyyəti arasında uyğunluq axtarmazdı. 

Röyalın ertəsi gün ilk işi ondan istənilən heyvaları yığmaq oldu. Sarı heyvalar ağacdan yerə töküldükcə, Samirənin sarı saçları da xəyalında onun çiyninə tökülürdü və hiss edirdi ki, heyvaları verməkdən çox, Samirəni yenidən görmək istəyir. Beləliklə, növbəti günün axşamı Bakıya yola düşdü. Avtobusa əyləşəndə telefonu açıb Samirəyə mesaj yazdı:

-Salam Samirə. Mən yola düşdüm. 2 saatdan sonra Ələtdə olacam. Mənə dəqiq ünvan de ki, orada səni gözləyim.

-Salam. Yaxşı. Çatana yaxın de, mən səni qarşılayacam.

2 saatdan sonra Röyal yenidən Samirəyə mesaj yazdı.

-Mən çatıram, səni harada gözləyim.

-Mən gecənin bu vaxtı ora gələ bilmərəm. Çox xahiş edirəm, maşından düş və küçəyə keç. Mən küçədə qarşılayacam səni.

Röyal nə deyəcəyini bilməsə də biixtiyar razılaşdı və maşından düşüb küçəyə buruldu.

-Mən küçədəyəm.

-Çox üzr istəyirəm. Qonşulardan utanıram. Küçəyə çıxıb səninlə görüşdüyümü görsələr, mənim üçün yaxşı olmaz. Zəhmət olmasa, biraz gözlə, küçənin solunda beşinci ev mənimdir. Evin işıqları sönəndə həyətə gir, mən səni qarşılayacam.

Payızın yaratdığı tənhalıq hissi, soyumaqda olan hava və Samirənin son cümləsi onda dərin həyəcan yaratmışdı. Ətrafa boylandı, gecənin bu vədəsi, tanımadığı yerdə tanımadığı qadın onu evə dəvət edirdi və o, bu dəvətə "yox” deməmişdi. İçində qorxu hissi olsa da, ayaqları geri getməyə razılaşmırdı. Təxminən, yarım saatdan sonra Samirənin təsvir etdiyi evin işıqları söndü və Röyal asta-asta həyətə girdi. Qəfildən xrıltılı səs eşitdi:

-Gəl!

Röyal evə yaxınlaşanda, Samirənin gecə paltarında onu gözlədiyini gördü:

-Heyvaları götür! Gecdir, mən gedim! 

-Çöl soyuqdur. Barı, bir stəkan çay iç, sonra gedərsən.

Samirənin otağı kiçik olsa da, rahat idi. Qapının sol tərəfində yanan soba və sobanın yanında yorğana bürünən uşaqlar evdəki miskin ab-havdan xəbər verirdi. Röyal çayını içib qalxmaq istəyəndə Samirə onu saxladı:

-Gecdir. Bu vaxtı maşın da tapa bilməzsən. Qal, səhər yola düşərsən.

Röyalı bir fikir düşündürürdü. Qonşulardan utandğı üçün gecə küçəyə çıxmayan Samirə, onu evdə saxlayıb səhər yola salmaq istəyirdi. Təbii ki, səhər yola düşməsi daha böyük təhlükə idi, nəinki, gecəyarısı. 

Elə bu fikirlərlə divanda uzanıb televizorun qarşısında ayağını ayağının üstünə aşırıb oturan, gecə paltarında "Afroditaya” bənzəyən Samirəyə baxırdı. Özünü toparlayıb ona yaxınlaşdı və öpməyə başladı. Çöldən içəri düşən sönük işığın fonunda Samirəni qucaqlayıb özünə tərəf çəkdi və paltarını soyundurmağa başladı. Lakin qəfildən gözləri başının üstündəki çərçivəyə sataşdı və çərçivəyə salınmış şəkildə Samirə, yanında iki uşaq və uşaqların yanında dolu bədənli, gur saqqalı olan kişini gördü. Gördüyü mənzərə onu diksindirdi və yenicə alovlanmış ehtiras hissi yerini qorxuya verdi:

-Samirə, bu kişi kimdir?

-Həyat yoldaşımdır.

-Bəs, indi haradadır?

-Bakıda həbsxanada. Mənə görə, adam bıçaqlamışdı. Amma vaxtına az qalıb, bir aya gəlməlidir. 

Röyalın içində qorxuya çevrilən ehtiras hissi, yerini birdən-birə vicdan əzabına bağışladı. Axı, xanımına görə həyatını məhv etməkdən çəkinməyən insanın evində, uşaqlarının gözləri qarşısında onun xanımına toxunmaq ən böyük əxlaqsızlıq idi. Samirəni geri itələyib cəld yataqdan qalxdı. Paltarını geyinib qapıya tərəf irəlilədi və heç nə demədən var gücü ilə qapını çırpıb gözdən itdi. Divanda outran Samirə isə başını əllərinin arasına alıb ağlayırdı. 

Ondan geriyə isə yalnız bir şey qalmışdı: Heyvaların otağı bürüyən ətri.