Mətanət Vahid - Antiqlobalist sənətkarın bəşəriyyətə ismarıcı - "Korluq" romanı
- 30.06.2020
- 0 Şərh
- 8618 Baxış
İnsanlar tox, təminolunmuş olanda yüksək
ideallardan, ali prinsiplərdən daha çox bəhs edirlər. Həqiqətən bu ideallar və
prinsiplərlə yaşayanlar isə adətən, bu haqda danışmırlar, sadəcə onları həyata
keçirirlər. Həyatını maddi, fiziki ehtiyacları uğrunda mübarizəyə həsr etməli
olanlar zamanla ya yorulur və ideallarından əl çəkib ehtiyaclarının dalınca
düşür, ya da o ideallarından imtina etmirsə, ehtiyac onu sıradan çıxarır.
"Korluq" romanında insanlar ən sonda itirilməli olanı - ümidi belə,
itiriblər. Qarşıda onları nə gözləyir? - bəyaz "qaranlıq".
Joze Saramaqonun "Korluq" romanında təhkiyə
oradakı mövzu qədər ağırdır. Bununla belə, müəllifin ironiyası oxu prosesinə qəribə
bir "əyləncə" qatır. Kitabı yeni oxumağa başlayanda müəllifin yazı tərzi,
xüsusən dialoqların durğu işarələrsiz və təhkiyə kimi təqdim olunması müəyyən çətinlik
törədə bilir. Az sonra isə artıq mətnə elə aludə olursan ki, bu dəyişikliyin fərqinə
varmırsan. Saramaqonun stili unikaldır: onun az qala səhifə boyunca uzanan,
bununla belə, yormayan cümlələrdən ibarət, yüngül akademik çalarlı, bütün mətni
müşayiət edən ləzzəti damaqda qalan incə ironiyalı təhkiyəsi zövq verir.
"Korluq" romanında sətir aralıqlarında "İncil"ə, dini rəvayətlərə
və bədii əsərlərə sıx-sıx göndərmələrin fərqinə varmaq mümkündür. Ümumiyyətlə, J.Saramaqonun yaradıcılığında
dini mətnlərin interpretasiyası əsas yer tutur.
Burada etik məsələlər qabardılır; bir-birinin
ardınca insanları saran korluq metaforadır - ağlın, təfəkkürün, düşüncənin, hətta
qəlbin, bəsirət gözünün korluğudur, mənəvi görməzliyi ifadə edir. Müəllif kor
olmuş insanları nahaq yerə dəlixanaya yığmır. "Korluq", bəlkə də, Saramaqonun ən ağır əsəridir. Bununla belə,
müəllif insan psixologiyasının bilicisi kimi bu mənəvi bəlanın diaqnozunu qoya
bilib. Sosial eksperimentləri sevən Saramaqo üçün korluq priyomu cəmiyyətə özünü göstərmək məqsədi
daşıyır. İnsan kritik situasiyalarda əsl özünü tanıyır, sərhədlərini bilir.
"Korluq" cəmiyyətə özünü göstərən güzgüdür - "buyurun baxın
özünüzə, əsl kimliyinizi görün, mahiyyətinizə varın" deyir.
Səhv etmirəmsə, Nobel nitqindədir, Joze Saramaqo
deyir ki, insan Marsda həyat axtarır, amma yanında acından ölənlərin fərqində
deyil... "Korluq" romanının əvvəlində "Nəsihətlər
kitabından" epiqraf verilir: "Baxa bilən görəcək. Görə bilən yadda
saxlayacaq." Burada baxmaq, görmək yalnız gözün ixtiyari nöqtəyə yönəlməsi
anlamında deyil, ağıl gözüylə, qəlb gözüylə baxıldığı zaman idrak edildiyi,
baxdığına ürəklə yanaşıldığında görməyin mümkünlüyü anlamındadır.
Roman xüsusi isimlərdən arınmış şəkildə yazılıb.
Yalnız obrazların deyil, məkanların da adı verilmir. Burada baş verənlər
zamansız və məkansızdır, hansısa konkret milliyyətə də aid edilmir; kim oxusa,
orada öz ölkəsini, şəhərini və özünü görə bilər. Əsərdə həkimin arvadından
başqa heç kim görmür, hamısı üçün dünya bir rəngdədir, əslində, rəngsizdir. Bu
insanlar görmə qabiliyyətini itirməklə hər şeyi itiriblər, iş, ev, maddi
imkanlar arxada qalıb, aralarındakı
irqi, milli, dini, sosial fərqlər silinib. Müəllifin məqsədi insanı hər hansı
milliyyətə mənsubluğunu vurğulamaqdan daha üstün olduğuna, ideyanın bəşəri
olduğuna, ümumiyyətlə insana aid edildiyinə görə adlandırmalara ehtiyac görməyib.
Romanda korluğun səbəbi göstərilmir, bu səbəbi
personajların sonrakı davranışları əsaslandırır. Hər şey elə bir həddə qədər
pisləşir ki, epidemiyanın gözlənilmədən başlandığı kimi finalda gözlənilmədən
keçib getməsi sevinc və xoşbəxtlik kimi görünmür. İnsan bu qədər pisliyə,
çirkaba batdıqdan, özünün bu qədər mənfur olduğunu bildikdən sonra gözlərinin
açılması xoşbəxtlikdirmi?! Bu bəyaz korluq fiziki mənada insanın gözünün
qarşısına pərdə çəksə də, özünə, kimliyinə dönüb baxmaq üçün imkan yaradır və
biz insanın kritik anda heyvandan fərqlənmədiyini, sağ qalmaq uğrunda mübarizədə
vəhşiləşdiyini, canavarlaşdığını görürük. Romanın etik tərəfi mütaliə boyunca
özünə bu situasiyada necə davranacağın barədə sual verməyə məcbur edir.
Romanda yeganə ən xeyirxah, anlayışlı, fədakar
insan, bütün olanları gözü ilə gördüyü halda, insanların xilası üçün mücadilə aparan həkimin arvadıdır; zərif,
lakin ədaləti bərpa etmək gərək olduğu zaman "uf" demədən öldürə biləcək
qədər güclü qadın. Təəssüf ki, itmiş ədalətin bərpası da yalnız güc tətbiq etməklə
mümkün olur. Beləcə, korluğun səbəbinin insanın fitrətən vəhşi olması,
bir-birini əzməyə, özünü ucaltmaq, xilas etmək üçün başqalarını tapdalamağa
hazır olmasının nəticəsi kimi görürük. Bu bəladan salamat qurtaran, fiziki cəhətdən
məhv olmayanlar məhz insanlığını bir şəkildə qorumağı bacaranlar, çətin məqamlardan
keçmək üçün hər mənada bir-birinə tutunanlardır.
Həkimin arvadı içində olduğu xaosu, çirkabı görən
yeganə insandır və hər cür ağlasığmaz çirkinliyə məhz mərhəmət gözüylə baxır;
ya haqq qazandırır, ya da göz yumur. Onun gördüyünü ərindən başqa heç kim
bilmirdi, insanlara kömək etməyə və təkbaşına bu qədər adamın yükünü çiyninə
götürməyə də bilərdi. Həkimin arvadı bu dəhşətli situasiyada insanlığını sona qədər
qoruyub saxlayan yeganə adamdır. Onun görmə səbəbi də digərlərindən fərqli -
xeyirxah, mərhəmətli, özü üçün başqalarının rifahını qurban verən yox, özünü
başqaları naminə qurban verən olmasıdır. Elə təkcə gördüyü halda əri ilə onu da
aparsınlar deyə "mən də koram" deyə yalan danışması da özlüyündə bir
qəhrəmanlıqdır. Sevdiyinə sədaqət sevgidən daha ali duyğudur...
Romanda korluq insandakı bütün çirkin xislətlərə
metaforadır, aşınmış mənəviyyatı ifadə edir. Yalnız həkimin arvadının görməsi
onun mənəvi təmizliyinin, kamillik dərəcəsində yaxşılığının göstəricisidir. Səhv
etmirəmsə, "Zumər" surəsindədir məşhur ayə - "heç bilənlərlə
bilməyənlər eyni ola bilərmi?". Bilməyi görməklə əvəzləsək, eyni məntiqi mənaya
vararıq. O bu kor "qövm"ün görən rəhbəridir, yalnız o bu insanları
ardınca aparmaq iqtidarındadır, çünki yeganə görəndir, mahiyyətcə xilaskardır.
Adına peyğəmbər deyək, müqəddəs hesab edək, Məryəm, lap İsa, ya da Nuh
adlandıraq, fərq etməz, onun əməllərinin mahiyyətində xilaskarlıq var.
Müstəqim mənada, fiziki korluq qaranlığa bürünər,
romandakı "bəyaz korluq" isə insanların vicdan korluğunu ifadə edir.
Psixologiyada "bəyaz korluq" fenomeni insanların fərqində olmadığı,
baxsa da görmədiyi, yaxud görmək istəmədiyindən şüurunu "söndürdüyü"
nəsnələr üçün istifadə edilir. Əslində, "bəyaz korluq"dan daha çox İQ
səviyyəsi aşağı olan insanlar əziyyət çəkirlər. Mən "əziyyət" deyirəm,
amma insan fərqində olmadığının əziyyətini də çəkmir heç. Baxın intellektual kəsim
cəmiyyət üçün həmişə narahatdır, onların sənət zövqündən tutmuş, özlərini
inkişaf etdirmək istəməməyinə qədər hər şeyin dərdini çəkir. Yer üzündə heç nəyi
düşünmədən, daim başqalarını qınayan, özünə baxmağı ağlının ucundan belə keçirməyən
insanlar qədər bəxtəvəri yoxdur. Onlar nə sözlərini, nə özlərini, nə də əməllərini
ölçüb-biçər, beləcə, ölçüsüz-biçisiz həyatlarında yalnız beyinlərinə yerləşə
biləcək qədəri ilə xoşbəxt olarlar. Onları ölkənin, cəmiyyətin, dünyanın
problemləri maraqlandırmır. "Toyuq korluğu" insanlara dünyanı xoşbəxtlik
rəngində göstərir.
İnsanların bir-birini görməsi, başqa cür ifadə etsək,
sevgisi, xeyirxahlığı, qayğıkeşliyi görməni şərtləndirir, birinin ürəyində
yaranan gözəl duyğular digərinin ürəyində əks-sədasını tapır. İnsanı görməyə
qoymayan içində özünə yer etmiş qorxularıdır - hər kəs özü üçün qorxur, hərə
özünün maraqlarına xidmət edir. Yalnız özünü qoruyan insan ətrafına biganə
qalır, lakin zamanla biganəlik göstərdiyi məsələlər üst-üstə yığılıb artıq onun
da qurtula bilməyəcəyi bir bataqlığa çevrilir. İnsan öz cəhənnəmini özü
yaradır. Çünki pislik yoluxucudur, izi qalır. "Korluq" romanında
yalnız öz xilasına yönəlik addımlar atan insanlar məhv olurlar, həkimin arvadı
Nuh misalı arxasınca apardığı insanları isə birgə hərəkət etməyə sövq edir,
bir-birlərinin maraqlarını tapdalamağa imkan vermir.
Saramaqo, bilindiyi kimi, antiqlobalist idi.
Elmi-texniki tərəqqinin müsbət tərəflərini görməklə yanaşı, çağdaş dünyada bədbəxtliyin də artdığı
fikrində idi. Müasir insanın həyatında ona heç də vacib olmayan onlarla nəsnə
yer tutur, insan bu lazımsız şeylər uğrunda mübarizə aparır: göz qamaşdıran
parıltı, bahalı aksesuarlar, bir-birinin bəhsinə min bir əziyyətlə başa gələn
telefonlar, avtomobillər və s. Halbuki yaşamaq və xoşbəxt olmaq üçün insana bu
qədəri lazım deyil. Elmi-texnologiyanın inkişafı həyatımızı asanlaşdırdıqca, əlçatanlıq
artdıqca hüzurumuz qaçır, lazımsız əşyalar, lazımsız adamlar böyük bir lazımsız
kütləyə çevrilib həyatımızı çirkaba bulayır. "Korluq" romanında
insanların gözünün tutulması bu mənada cəza da sayıla bilər, lütf də. Axı bu
korluq epidemiyası olmasaydı, insanlar nə qədər yanlış yaşadıqlarının, mənasız
şeylər uğrunda mübarizə apararaq həyatlarını çətinləşdirdiklərinin fərqində
olmazdılar. O klinikada bir neçə günlük nahar üçün üst-başlarındakı ən qiymətli
əşyalarından imtina edən, veriləcək qiymətli əşyaları qalmadıqda istəmədən bədənlərini
təslim edən insanlar üçün ən vacib olanı sağ qalmaqdır. İnsan yüzilliklər boyu
nələri öyrənib, nələrə sahib olub, amma kritik situasiyalarda heç düşünmədən
hamısından imtina edə bilir. Bu baxımdan "Korluq" həm də Joze
Saramaqonun antiqlobalist düşüncələrini əks etdirən romandır.
Romanın atmosferi o qədər ağırdır ki, hərdən kitabı
qatlayıb bir tərəfə qoymaqdan özünü zorla saxlayırsan. Çılpaq həqiqətin
bunca iyrəncliyi adamı ürpərdir. Olanlar
getdikcə daha çox dəhşət saçır, situasiya ola bildiyincə daha çox
qaranlıqlaşır, çirkab sözün hər iki mənasında bataqlıq kimi insanları içinə çəkir.
Aclıq, ölümlə sonuclanan xəstləliklər, sağ qalmaq uğrunda insanların
bir-birinin boğazını çeynəməsi, bir qarın yemək üçün alçaldılan, ən iyrənc
formalarda təhqir edilən insanlar... Bu qədər pisliyin yaşandığı qaramat bir
mühitdə hər hansı bir yaxşılıqdan, sevgidən bəhs etmək absurd kimi görünür. Lakin
həkimin arvadı bu qaranlığın içində, ölülər dünyası, korlar mühitində qəlbinin
işığı ilə öz ruhunu və ətrafındakıları qorumağa, xilas etməyə nail olur. Onun
simasında xeyirxahlıq və sevgi, sədaqət və qayğıkeşlik cəm olaraq kiçik qrupun
vicdanına çevrilir, qaranlıqda yolunu itirmiş insanlara mayak olur, çıxış yolu
göstərir.
Rejissor Fernandu Meyrelleşin roman əsasında çəkdiyi
"Korluq" filmi haqqında isə çox yüksək fikirlər deyə bilmirəm. Çünki
"Korluq" roman olaraq yalnız süjet xətti ilə deyil, məhz
J.Saramaqonun yozumunda, onun təqdimatı və üslubunda mükəmməllik qazanır. Bədii
mətn mütaliə prosesində oxucunun təsəvvüründə vizuallaşır və əksərən əsərin
ekran həlli tənqidə məruz qalır. Nadir halda əsəri oxuyub filmindən tam razı
qalmaq olur. "Korluq" filmində müəyyən çatışmazlıqlar var, amma
fikrimcə, bunlar daha çox romanı oxuduğumuza
görə özünü büruzə verir - qeyri-ixtiyari beynimizdə ikisinin müqayisəsi gedir və
film romana uduzur. Ötənlərdə "Ədəbiyyat qəzeti"ndə intermediallıq
silsiləsindən "Ədəbiyyat və "yeddinci sənət" adlı yazımda bu məsələdən
ətraflı bəhs etmişəm deyə, üzərində çox durmuram.
Əsərdə Saramaqo adlardan imtina yolu ilə məkan və
milli mənsubluq fövqündə bir mətn yaratmağa nail olursa, Meyrelleş bu
"beynəlmiləlliyi" korların müxtəlif irqlərə mənsubluğu ilə
vurğulayır. Mənə elə gəlir, filmin əsas qüsuru kifayət qədər "çirkli"
olmamasındadır. Romanda oxuduqlarımızla təsəvvür etdiymiz çirkab filmdə səthi nəzərə
çatdırılır. Bəlkə də, ekran əsərində bunu çatdırmaq asan olmayıb, ya bəlkə də
heç rejissor qarşısına belə bir məqsəd qoymayıb. Hər halda, mən filmi izləyərkən
rejissorun belə bir ağır əsəri ekranlaşdırma cürətini alqışlamışdım. Aktyor
oyunu isə elə də ürəkaçan deyil. Final səhnələrinin ixtisarı, xüsusən,
romandakı tək yaşayan qarı ilə bağlı hissələrin filmdə yer almamasını çox da böyük qüsur hesab etmirəm. Nəticə
etibarilə, 2 saatlıq filmdə rejissor əsərin əsas fikrini çatdıra bilib. Bu
romanı öz ağırlığı ilə ekrana köçürmək üçün yəqin rejissora bir az da dəli cəsarəti
lazımdır. Məsələn, sonuncu şedevrindən sonra düşünmüşdüm ki, "Korluq"
filmini L.Triyer çəksəydi, burada "Cekin tikdiyi ev" filmindəkindən
daha dəhşətli olan o cəhənnəmi daha "gözəl" yarada bilərdi.
"Görmək" sekvili ərsəyə gələnə kimi
Saramaqo daha 3-4 roman yazıb. Hətta bu arada Ədəbiyyat üzrə Nobel mükafatına
da layiq görülüb. "Görmək" romanında oxucu artıq
"Korluq"dan bizə tanış olan, gözləri açılmış qəhrəmanlarla yenidən
qarşılaşır və bir daha şahid oluruq ki, J.Saramaqo öz üslubuna, ideyalarına
sadiqdir.