"Müasir yazıçıları tərcümə etməyə üstünlük verirəm" (MÜSAHİBƏ)

Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Mədəniyyət və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvü Cavanşir Feyziyevin Qaynarinfo-ya müsahibəsi

- Cavanşir bəy, vəziyyətə uyğun olaraq standart sualla başlayaq. Necəsiniz? Karantin necə gedir? Sizə nə kimi müsbət və mənfi tərəfləri oldu?
- Karantin davam edir və mən də hamı kimi qoyulan tələblərə uyğun yaşamağa və işləməyə davam edirəm. Nə qədər qəribə səslənsə də, bütün mənfi təsirlərinə baxmayaraq, karantinin həyatımıza gətirdiyi bəzi müsbət cəhətlər də var. 

- Bu, doğrudan da qəribə səslənir. Pandemiyada və ya karantində müsbət nə ola bilər ki?
- Məsələn, sərt karantin zamanı avtomobillərin hərəkətinin ciddi şəkildə azaldılması ekoloji vəziyyətə çox müsbət təsir etdi. Həmin həftələrdə hətta səmanın rəngi də açılmışdı, dəyişmişdi. Hava zəhərli qazlardan xeyli təmizlənmişdi. Pandemiyaya görə insanların əmək fəaliyyətində yeni texnologiyaların tətbiqi xeyli genişləndi və başa düşüldü ki, bəzi fəaliyyət növlərini evdən çıxmadan da icra etmək olar. Konkret mənim işimə gəldikdə, bütün işləri onlayn rejimdə görürəm. Hətta başqa ölkələrin parlamentlərindəki həmkarlarımla da video-formatda iş görüşlərimi davam etdirirəm.

- Şəkidənsiniz. Məlumdur ki, şəkililər gözəl yumora sahibdir. Bəs, siz necə? Sizi tanıyanlar yumorunuz haqqında nə deyir? Yumor hissi çox böyük və hər bir insanda vacib olası məsələdir. Yumorla, Hacı dayı ilə aranız necədir?
- Ruhən pozitiv insanlar adətən müvafiq yumor hissinə malikdir və məni də pozitiv ruhlu bir insan kimi tanıyırlar. Yerində və zamanında deyilmiş hər bir söz çox dəyərli olur. Hər hansı bir anlayışı bir eyhamla, yumor vasitəsilə həmsöhbətinə çatdıra bilmək isə xüsusi bir qabiliyyətdir. Şəkililər nə baş verməsindən asılı olmayaraq, həmişə pozitivdirlər, özünə inamlıdırlar, düşüncələri də adətən müsbətdir. Üstəlik onlarda şüuraltı hesablayıcı mexanizm çox sürətli işləyir ki, bu da onların hazırcavab olmasını şərtləndirir. Ümumiyyətlə, sürət çox vacib ünsürdür. Sürətli düşünmək, sürətli qərar qəbul etmək, hər hansı bir işi sürətli icra etmək və s. insanın həyatda uğurlu olmasının vacib şərtidir. Yumor da sürətli və pozitiv düşüncənin birgə təzahürüdür. Bəzən olur ki, iki şəkili öz aralarında müəyyən atmacalarla, lakonik kəlmələrlə bir neçə saniyə ərzində böyük bir mübahisəni həll edirlər, ətrafdakılar onları başa düşməkdə çətinlik çəkirlər. Bəzən biz şəkililər öz aramızda bu cür danışanda ətrafımızda olan başqaları sonra deyirlər ki, indi bizə tərcüməsini deyin, bu nə məsələ idi. Bu həm maraqlıdır, həm də gülməli.
 


- Bəli, doğrudan da maraqlıdır. Bioqrafiyanızda oxudum ki, siz riyaziyyat təmayüllü internat məktəbində təhsil almısınız. Yəqin ki, riyaziyyatı yaxşı bilirsiniz. Bəlkə siz bilərsiniz, bu ƏBOB və ƏKOB nəyimizə lazımdır? Bizə harada kömək etdi, yaxud edəcəkmi? Hələ ki, bir işə lazım olmayıb. Amma müəllimlər o vaxt deyirdi ki, sizə lazım olacaq...
- Məncə, ƏBOB və ƏKOB doğrudan da lazımdır və hamıya lazımdır. Gündəlik həyatda heç kim sizdən 100-ün və ya 500-ün ƏBOB-nu və ƏKOB-nu soruşmayacaq. Amma bunlar çoxsaylı riyazi anlayışlardan biri kimi hər birimizin analitik düşünə bilmək qabiliyyətimizi inkişaf etdirmək və cilalamaq üçündür. Mən ilk məktəb illərimdən riyaziyyatı çox sevirdim və həmişə ən çətin məsələ və misalları həll etməyə girişirdim. Sonda məsələnin cavabı düzgün çıxanda aldığım həzzi indiyə qədər heç nə ilə müqayisə edə bilmirəm. Bu biliklər bəzən özümüz belə hiss etmədən həmişə köməyimizə çatır. Səmərəli düşüncə, düzgün qərar vermək, çətin vəziyyətlərdən çıxış yolları tapmaq qabiliyyətləri hamının bacardığı və ya malik olduğu məziyyətlər deyil. Amma bir çoxları bunu yaxşı bacarırlar. Onlar riyazi düşüncəyə, sürətli analitikaya malik insanlardır ki, bu bacarıqları onlara məhz riyaziyyat aşılayıb.

- Tərcümə fakültəsində də təhsil almısınız və institutu tərcüməçi-müəllim ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmisiniz. Türk, rus, fransız, ingilis dillərini bilirsiniz. Özünüz hazırda tərcümələr edirsinizmi?
- Bəli, tərcümə mənim çox sevdiyim fəaliyyət növlərindən biridir. Tərcüməyə mədəniyyətlərin qovuşması və bəşəri dəyərlərin universallaşması üçün bir vasitə kimi baxıram. Yer üzünün sakinləri kimi biz dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, insanlığın yaratdığı mədəniyyətləri öyrənməli, öz dünyagörüşümüzü genişləndirməli və eyni zamanda öz mədəniyyətimizi də daim zənginləşdirməliyik. Tərcümə vasitəsilə əcnəbi dili bilməyən insanları başqa bir sivilizasiyanın yaratdığı mədəniyyətlə tanış edirsən. Bu baxımdan tərcümə işini bütün xalqlar üçün çox faydalı bir fəaliyyət hesab edirəm.

Son illərdə mən çox xarici səfərlərdə oluram və buna görə ayda bir neçə dəfə uçmalı oluram. Təyyarədəki yerim mənim tərcümə otağımdır. 5-6 saat fasiləsiz uçmaq mənə imkan yaradır ki, mütaliə və tərcümə ilə məşğul olum. Müasir yazıçıları tərcümə etməyə üstünlük verirəm. 2 il öncə fransız yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun "Məhəllədə azmamaq üçün” romanının tərcüməsini bitirmişdim. Bu il isə Jan Kristof Rufənin "Böyük Kör” romanını tərcümə etdim. Düzdür, hələlik çapa getməyib, amma çapa hazırlayıram. Jan Kristof Rufən hələlik Nobel mükafatı almasa da Fransada onu çox sevirlər, ən çox oxunan yazıçılardan biridir. Düşünürəm ki, bu roman da oxucuların xoşuna gələcək. Pandemiya ilə bağlı bu il Fransaya səfər edə bilməmişəm. Amma yollar açılan kimi Parisə gedib tərcümə üçün növbəti bədii kitabı seçmək istəyirəm. Tərcümə həm də bildiyin xarici dili unutmamaq üçün ən yaxşı vasitədir. 

- Tərcümə sahəsinin hazırkı durumu sizi qane edirmi? Nə kimi çatışmazlıqlar görürsünüz?  
- Tərcümə işi çox spesifik bir fəaliyyət sahəsidir. Söhbət bədii tərcümədən gedirsə, bu özü də ciddi bir yaradıcılıq işidir. Tərcümə etmək üçün sadəcə hansısa əcnəbi dilin söz lüğətini bilmək kifayət deyil. Tərcüməçinin özünün bədii təxəyyülü, özünəməxsus ifadə və təsvir üslubları və s. olmalıdır. Bədii əsəri tərcümə etmək heç də müəllifin hər bir cümləsini sadəcə digər dilə çevirməkdən ibarət deyil. Hər xalqın bu və ya digər məfhumu, vəziyyəti, halı, xüsusiyyəti özünəməxsus şəkildə demək və qavramaq vərdişləri var. Ayrı-ayrı mədəniyyətlərdə bu təqdimat fərqli şəkillərdə verilə bilir. Bir mədəniyyətə məxsus hər hansı bir anlayışı digər mədəniyyətin daşıyıcısına çatdırmaq üçün hər iki mədəniyyətdə bu anlayışın hansı şəkildə qavranılmasını öyrənmək və bilmək lazımdır. Bu qavrayış vasitələri və metodları isə bəzən çox fərqli ola bilər və onun qarşılığının tapılması uzun zaman və axtarışlar tələb edə bilər. Mən çətin işləri sevirəm, ona görə bədii tərcümə ilə məşğul olmaq xoşuma gəlir.
 
- Bizdə bəyəndiyiniz tərcüməçilər kimlərdir, hansı ki, onların tərcümə etdiyi kitabları oxuyursunuz, yaxud da oxumusunuz?
- Tələbəlik illərimdən vərdiş etdiyim bir üsul var. Eyni əsəri mümkündürsə, həm orijinalda, həm də tərcümədə oxumaq. Əgər əsərin original dilini bilirsənsə, o zaman tərcümə ilə original arasındakı fərqi dərhal hiss edirsən. Əsasən orijinaldan oxumağı sevirəm, çünki bəzi əsərləri ana dilimizə tərcümədə oxuyarkən çox məyus olmuşam.  Amma yenə də bəzi əsərləri tərcümədə də oxumaq lazım gəlir. Mənfi misallardan danışmayacam, amma yaxşı tərcümə nümunələrimiz də var. Məsələn, Yuval Noy Hararinin "Sapiens: Bəşəriyyətin qısa tarixi”, "Homo Deus: Sabahın qısa tarixi” və "XXI əsr üçün 21 dərs” kitablarını bir dəfə ingilis dilində, ikinci dəfə isə Azərbaycan dilində oxudum. Etiraf etməliyəm ki, belə səlis tərcümə gözləmirdim. Amma tərcüməçinin işinə heyran qaldım. Başa düşdüm ki, nəhayət ana dilimizi yaxşı bilən tərcüməçilər də yetişib. Bilirsiz, əslində Azərbaycan dilinin leksikası və üslubiyyəti, ifadə üsulları və vasitələri o qədər zəngindir ki, istənilən bir hadisəni, hiss və həyəcanı, arzu və istəyi elə gözəl ifadə etmək olar ki, heç Mopassanın fransız dilindəki təsvirindən geri qalmaz.  Amma ana dilimizi olduğu qədər gözəl bilmək və istifadə etmək təəssüf ki, hamının bacardığı iş deyil. Bu da məncə mütaliənin azlığı ilə bağlı bir məsələdir. Ana dilimizi yaxşı bilmək üçün körpə yaşlarından başlayaraq uşaqları ana dilində mütaliəyə alışdırmaq lazımdır.

- Özünüz də bir sıra kitablar yazmısınız, 60-dan çox elmi məqaləniz var, o cümlədən, mətbuatımızda da 100-dən çox məqalənin müəllifisiniz. Türk dünyasına aid çoxsaylı kitablarınız var. Həm Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun "Məhəllədə azmamaq üçün” adlı romanını, həm də Jan Kristof Rufenin "Böyük Kör” romanını Azərbaycan dilinə tərcümə etmisiniz. İndi necə? Ümumiyyətlə, özünü ədəbiyyatçı hesab edir, hiss edirsinizmi? Siz ədəbiyyatın harasındasınız?
- Mən ədəbiyyatı sevən və nə işlə məşğul olmağımdan asılı olmayaraq, onu izləyən bir adamam, amma ədəbiyyatçı deyiləm. Belə bir iddiadan çox uzağam. Hər halda ədəbiyyatçı adlanmaq üçün onunla peşəkar səviyyədə məşğul olmaq lazımdır. Mənə ədəbiyyata marağı, davamlı mütaliəni anam aşılayıb. Anam 60 il Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib, öz ixtisasını çox sevirdi və çoxsaylı insanlarda ədəbiyyata maraq və məhəbbət yarada bilmişdi. Məktəb illərində şeirlər də yazırdım, rəsm də çəkirdim, hətta qalaktika ilə maraqlanırdım, bu barədə çox oxuyurdum. Ümumiyyətlə, maraq dairəm çox geniş idi. Amma zamanla özünü müəyyən bir fəaliyyət sahəsində cəmləşdirirsən və qalan hər şey ikinci plana keçir. Məndə də belə olub. Ədəbiyyat hiss, həyəcan, düşüncə və fikirlərlə bağlı bir sahə olduğu üçün çox adamın qəlbinə, ruhuna yaxın bir sahədir, amma onu sevənlərin heç də hamısı ədəbiyyatçı deyil. Mən də o cümlədən. Çox mütaliə edə bilərəm, hətta daha çox kitab yaza bilərəm, amma bu ədəbiyyatçı olmaq demək deyil.
 


- Kitablarınızdan söz düşmüşkən, Türk dövlətlərinin birliyini hazırkı və gələcək proseslərlə mümkün hesab edirsinizmi? Sizcə, bu utopiyadır, yoxsa reallaşa bilər? Reallaşa bilərsə, necə? Nə düşünürsünüz bu barədə?
- Türk dövlətlərinin birliyi məni son 30 ildə ən çox düşündürən və çalışdıran bir problemdir. Amma bu, yeni ideya deyil. Siyasi nəzəriyyə kimi türk birliyi ideyası ən azı son iki əsrdə zaman-zaman siyasi gündəmə gələn bir ideyadır. Amma sadəcə ideyanın mövcudluğu hələ problemin həllini özündə ehtiva etmir. Bu ideyanın gerçəkləşməsi üçün ilkin şərtlərin müəyyənləşdirilməsi, həmin şərtlər əsasında müvafiq ideologiyanın yetişdirilməsi, zəruri taktika və strategiyaların hazırlanması və nəhayət, ideyanın gerçəkləşdirilməsi mümkündür. Dünyanın hazırki durumu dünya türk birliyini reallaşdırmaq üçün çox böyük imkanlar yaradıb. Dünya qloballaşma prosesinin içindədir və istəyindən asılı olmayaraq, hər bir xalq və dövlət bu proseslərin iştirakçısıdır. Qloballaşma tendensiyalarına nəzər saldıqda görürük ki, çağdaş qlobal konyunktura türk birliyini nəinki mümkün edir, hətta onu türk xalqlarının mənafeyi baxımından zəruri edir. Bu, çox geniş mövzudur və bu barədə yazılarım çoxdur. "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabımda dediklərimi həm elmi-siyasi, həm də praktik nöqteyi-nəzərdən əsaslandırmağa çalışmışam. Qısaca olaraq onu deyim ki, əgər bu ideya hansısa səbəblərdən reallaşmazsa, dünyanın gələcək siyasi-mədəni xəritəsində və nəticə etibarilə, dünyanın gələcək qlobal idarəçiliyində türk sivilizasiyasının yeri və rolu olmayacaq. Bunu isə nəinki qəbul etmək, hətta düşünmək belə olduqca ağırdır.

- Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Bura həm də bir çox ədəbiyyatçının narazı olduğu qurumdur. Bəs, siz necə? AYB-nin fəaliyyəti ilə tam razısınızmı? Sizcə, nə kimi çatışmazlıq var? 
- Qloballaşan dünyada həyat sürətlə dəyişir. Həyat dəyişirsə, deməli, iş üsulları da, səmərəlilik meyarları da, insanların istər maddi, istər mənəvi tələbatları da dəyişir. Bu dəyişmələrin ruhuna uyğun olaraq üstqurumlar da dəyişməli və modernləşməlidir. Sovet dövründə bu kimi birliklər daha çox yazıçıların, incəsənət və elm adamlarının maddi-məişət problemlərini həll etməklə məşğul idilər. Bugünkü yeni quruluşda dövlətin belə bir hüquqi öhdəliyi yoxdur. Amma bununla belə, Azərbaycan Yazıçılar Birliyi dövlət tərəfindən dəstək alır. Eyni zamanda indi şəxsi təşəbbüslər əsasında yaranmış analoji qurumların da sayı çoxdur. Əminəm ki, belə qurumları təsis edənlər də tam səmimiyyətlə ədəbiyyatın inkişafına töhfə vermək niyyəti güdürlər. Nə o zaman, nə də indi yazıçıların, rəssamların, heykəltaraşların və sair sənət adamlarının üzv olduğu bu kimi birliklərin mövcudluğu heç də ədəbiyyatın, sənətin inkişafına və onun yaradıcılıq uğurlarına təminat vermir. Məncə, hər hansı bir ictimai qurumun üzvü olmaq rəmzi xarakter daçıyır. Əsl sənət əsəri yaradıcı adamın hansı quruma üzv olub-olmamasından asılı olmayaraq, gec-tez öz dəyərini tapacaq. Bunu sübut edən çox sadə, hamıya məlum olan misallar var. Məsələn, yəqin mənimlə razılaşarsız ki, Bəxtiyar Vahabzadənin "Gülüstan” poeması və ya Sabir Rüstəmxanlının "Ömür kitabı”nın ölkə miqyasında bu qədər məşhurlaşması hansısa bir qurumun mövcudluğu ilə bağlı deyildi. Uğuru gətirən müəllifin bacarığı və yaratdığı əsərin möhtəşəmliyi idi. 

- Bəs sizcə nə dəyişməlidir?
- Fikrimcə, məhz ədəbiyyatı inkişaf etdirmək məqsədi ilə müxtəlif baxışlı, müxtəlif istiqamətli yazarları bir qurum altına cəmləşdirmək əvəzinə müxtəlif kriteriyalar əsasında, daha doğrusu, müxtəlif ədəbi cərəyanlar və janrlar çərçivəsində yazarların özləri tərəfindən yaradılan dərnəklər daha faydalı ola bilər. Mənim təsəvvürümdə ədəbi dərnək eyni və ya oxşar düşüncələri bölüşən yazarların birləşdiyi və öz yaradıcılıq məhsullarını ümumi müzakirəyə və rəqabət meydanına çıxara biləcəyi bir yerdir. Hər bir dərnəyin ən yaxşı məhsulunun ölkə miqyasında tanınmasına isə Azərbaycan Yazıçılar Birliyi kimi bir dövlət qurumu yardım edə bilər, maliyyələşdirə bilər və s. Çünki müasir dövrdə tanıtım da çox vacib elementdir və bu iş müəyyən xərclər tələb edir. Ən gözəl bir əsərin müəllifinin maddi imkanı olmasa, onun əsərləri uzun müddət diqqətdən kənarda qala bilər. AYB kimi bir qurum isə bu işin öhdəsindən lazımi şəkildə gələ bilər.

- Azərbaycan ədəbiyyatı necə, oxuyursunuzmu? Kimləri oxuyursunuz? Gənc yazarlardan kimləri tanıyırsınız?
- Gənc yazarlar anlayışı məncə nisbi anlayışdır. Yazarın fiziki yaş baxımından gənc və ya qoca olması ədəbiyyat üçün heç bir anlam vermir. Ədəbi uğur adamın yaşı ilə yox, çoxtərəfli qabiliyyətləri ilə bağlıdır. Müasir yazarlardan ən çox oxuduğum Varis Yolçuyevdir. Bəlkə də ona artıq gənc yazar demək düz olmaz, amma bir neçə romanını oxumuşam. Dünya Gənc Türk Yazarları Birliyi ilə yaxından əməkdaşlıq edirəm. Bu qurum vasitəsilə həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə yaşayan, yaradan türkdilli gənclərin yazılarını oxuyuram, onların yaşadıqları hissləri, düşüncələri, daha çox yaradıcılıq motivasiyalarını anlamağa çalışıram. Dünya Gənc Türk Yazarları Birliyinin sədri Əkbər Qoşalı ilə tez-tez görüşürəm, onun fəaliyyətini bəyənirəm və dəstəkləyirəm. Bu qurumun tədbirlərində iştirak edirəm, türkdilli ölkələrin gənc yazarlarını böyük qruplar şəklində bir neçə dəfə Bakıya dəvət etmişəm. Bu mənim türk birliyi ilə bağlı siyasi dünyagörüşümlə bağlıdır. Konkret gənc Azərbaycan yazarlarına gəldikdə onlarla da internet üzərindən maraqlanıram, müsahibələrini və yazılarını oxuyuram. Deməliyəm ki, maraqlı gənclər çoxdur, amma ümumi olan odur ki, onlar məlum səbəblərdən elmi-ədəbi axtarışlarına daha az vaxt sərf edirlər, nəinki gündəlik problemlərini çözməyə. Mən özüm də gənc yaşlarımda belə bir vəziyyətlə qarşılaşmışam. Bəzən real vəziyyətdən asılı olaraq qura biləcəyin karyeranı ailə-məişət problemlərinin həllinə qurban verməli olursan. Bunun bütün gənc yazarlar üçün ortaq problem olduğunu düşünürəm. Digər çatışmazlıq, bilavasitə yaradıcılıqla bağlı olan çatışmazlıq isə gənc yazarların böyük bir qisminin müasir dünya ədəbiyyatı və onun müasir cərəyanları ilə tanışlığının zəif olduğunu sezirəm. Bilirsiz, bugünkü hər bir gənc yazar öz mövzusu, janrı, üslubu və s. baxımdan sanki keçən əsrdə yaşamış-yaratmış ədiblərimizi xatırladır. Çünki onlar öz klassiklərimizi yaxşı öyrəniblər. Amma indi hər şey qloballaşdığı kimi ədəbi yaradıcılıq da özünəməxsus qlobal xarakterli cizgilər qazanmaqdadır. Düşünürəm ki, onları öyrənmədən qlobal miqyasda provansal ədəbiyyat hüdudlarını aşmaq mümkün olmayacaq.  

- Müsahibəni oxuyanlara 5 ən sevdiyiniz əsər adını deyin zəhmət olmasa, həm də, mütaliə zövqünüzü öyrənmiş olaq. 
- Sevdiyim əsərlər çox olub. Bəzən oxuduğum kitab o qədər məni cəzb edib ki, görüləcək bütün digər işlərimi kənara qoyub onu fasiləsiz olaraq sona qədər oxumağa qərar vermişəm. Son oxuduqlarımdan Yuval Hararinin "Sapiens”, "Homo Deus” və "XXI əsr” kitablarını hamıya oxumağı məsləhət bilərdim. Bu kitablar əslində dünya miqyasında bəşəriyyət haqqında toplanmış biliklərin çox lakonik şəkildə şərhindən ibarətdir və insanlığın haradan gəlib, hara getdiyini başa düşmək üçün çox faydalıdır. Ən maraqlı olan isə müəllifin ən mürəkkəb mətləbləri ən sadə dildə anlada bilməsidir. Çox maraqlı bir üslubda yazılıb, oxuyanda zövq alırsan. Düzdür, bunlar daha çox elmi-kütləvi əsərlərdir. Amma ümumiyyətlə, bədii psixoloji trillerləri sevirəm. Belə əsərlərdə insan düşüncələrinin güclə sezilə biləcək ən dərin qatlarına nüfuz edə bilirsən, bəzən özünü hadisələrin içində hiss edirsən. Bu çox maraqlı bir hissiyyatdır. Son illərdə Amerikada yaşayan fransız yazıçı Mark Levinin bir neçə romanını oxumuşam – "Əbədi 7 gün”, "Üfüqün əks tərəfi”, "Qorxudan güclü hiss” romanlarını. Bu yaxınlarda Amerikan yazıçısı Malkolm Qladvelin "Özgələrlə söhbət” adlı kitabının annotasiyasını oxudum, maraqlı göründü, onu sifariş etmişəm, yaxın zamanlarda gələcək. O Amerikada bir neçə bestsellerin müəllifidir və əminəm ki, bu sonuncu kitabı da maraqlı olacaq. Öz yazarlarımızdan, hazırda şəxsən tanıdığım, çox sevdiyim və böyük rəğbət bəslədiyim Hidayət Orucovun özünün mənə bağışladığı "Burdan 1000 atlı keçdi” kitabını oxuyuram. 

- Cavanşir bəy, həyat yolunuza baxanda çox qabarıq olduğu görünür. Müxtəlif yüksək postlarda çalışmısınız, üç dəfə deputat seçilib, dövlət tərəfindən çoxlu mükafatlar da almısınız. Əslində, mənə həmişə maraqlı gəlib. Nə vaxtsa düşünmüsünüzmü siz bu deyilsiniz? Yəni, daha azad, "qalstuksuz" bir həyat sizi özünə çəkibmi?
- Mən həmişə azad insan olmuşam. Tələbəlik illərimdə də, ondan sonrakı dövrlərdə də həmişə öz istədiyim və sevdiyim işlərlə məşğul olmuşam. Heç vaxt məmur olmaq istəməmişəm və olmamışam da. Məktəb illərində müəllim olmaq istəyirdim və oldum. Ən çox sevdiyim peşə müəllimlikdir. Bir neçə il Xarici Dillər İnstitutunda müəllimlik də etdim. Amma zaman dəyişdikcə tələbatlar və arzular da dəyişir. Yeni quruluş çox yeniliklər gətirdi. Hələ tələbə ikən dostlarımla birgə "Linqvist” tədris-tərcümə mərkəzini açmışdıq və ilk özəl işimiz çox uğurlu olmuşdu. Sonra beynəlxalq humanitar təşkilatda tərcüməçi və daha sonra inzibatçı kimi çalışdım. Beynəlxalq biznes şirkətlərindən təkliflər aldım və orada da işləyərkən o zaman bizim üçün yeni olan çox şeyləri öyrəndim. Nəhayət öz şirkətimi quraraq beynəlxalq şirkətlərdən öyrəndiyim bilik və vərdişlərin sayəsində bizim üçün yeni olan iş mühiti, əmək kollektivində yeni qarşılıqlı münasibətlər sistemi yaratdım. Mənim üçün maraqlı olan insanların bu yeniliklərə necə adaptasiya olduğunu müşahidə etmək idi. O zamanlar mən ilin hər günü, 12 saatdan az olmayaraq, hətta bəzən 15-16 saat iş başında olurdum və öz işimdən çox böyük zövq alırdım. Çalışırdım işi elə qurum ki, hər bir işçi şirkəti özününkü kimi hiss etsin. Biznesdə uğurlu olmağın ən vacib şərtlərindən biri budur. Gördüyüm bütün işləri ən yüksək inkişaf səviyyəsinə çatdırmaqda israrlı idim və buna da nail olurdum. Daha sonra özünün ən yüksək inkişaf mərhələsinə çatmış şirkəti satırdım. Çünki o mərhələdə mən artıq öz missiyamı bitmiş hesab edirdim, bu həm də iqtisadi baxımdan çox səmərəli və praqmatik bir yanaşmadır. 
 


- Özəl biznes sahəsində çox uğurlu idiniz. Bəs maraqlıdır, niyə o sahədən uzaqlaşdınız?
- Bəli, özəl biznesin maraqlı və üstün cəhətləri çoxdur. Amma hiss etdim ki, bütün bunlar bir nəfəri – mənim anamı qane etmirdi. O, həmişə istəyirdi ki, mən elmlə məşğul olum. Onun arzusunu yerinə yetirmək üçün Akademiyanın dissertantı oldum, 4 il sonra dissertasiya işimi müdafiə etdim. Bütün bu müddət ərzində mən insanların bir siyasi quruluşdan digərinə keçid zamanı üzləşdikləri çətinlikləri görürdüm və mümkün qədər ətrafımızdakı insanlara faydalı olmağa çalışırdım. Beləliklə, onların problemlərinin həllində daha yaxından iştirak etmək və onların həyat şəraitinin yüngülləşdirilməsi üçün çalışmaq mənim əsas hobbimə çevrildi. 2010-cu ildə ikinci cəhddən sonra Milli Məclisə üzv seçildim (2005-də də cəhd etmişdim, alınmamışdı) və bu mənə sevdiyim işlə məşğul olmaq üçün yeni imkanlar yaratdı. Sualınıza qayıdaraq demək istəyirəm ki, bugünkü fəaliyyətim elə mənim sevdiyim bir fəaliyyətdir və bu missiyada mən özümü öz yerimdə görürəm. Ola bilər, siz məni televiziya ekranlarında bir az rəsmi görürsünüz, təsəvvürünüz oradandır. Amma dediyiniz "qalstuksuz həyat” elə budur, xalqın içində olmaq və onlar kimi olmaq. Mən də onların biriyəm və onlarla qalstuksuz görüşürəm. Heç vaxt məmur olmaq arzum olmayıb və olmamışam da.

- Axırıncı dəfə nə vaxt qanun pozmusunuz və buna görə cəzalanmısınızmı? 
- Valideynlərim çox qanunpərəst olublar, anam müəllim, atam isə hərbiçi olub və bizə həmişə qanunpərəst olmağı aşılayıblar. Mən hərbi xidmət dövrünü çıxmaqla nə zamansa, özümün hər hansı bir qanunu pozduğumu xatırlamıram və övladlarımı da bu ruhda böyüdürəm. Qanunu pozmağa görə hər hansı bir cəza mənə maddi yox, daha çox böyük mənəvi əzab olardı. Ona görə bunu heç vaxt özümə rəva bilmərəm.

- Belə çıxır ki, ən azı əsgərlikdə olanda qanunu pozmusuz?
- Bəli, olub belə bir şey.

- Onu da bizə deyə bilərsinizmi, necə baş verib?
- Əlbəttə, üstündən çox illər keçib, artıq sovet ordusu da dağılıb və o zaman yol verdiyim qanun pozuntusuna görə utanc hisslərim də kütləşib. Əsgərlikdə olarkən, mənim ad günümdə əsgər yoldaşlarım qapalı bir yerdə məclis düzəltmişdilər və biz hamımız mülki geyimdə ora yığışıb gecədən xeyli keçənə qədər şənlik etmişdik. Bir neçə həftə sonra orada çəkilmiş fotolar nə cürsə zabitlərin əlinə keçdi və üstü açıldı. Qanunu pozduğuma görə çox utanırdım, nəinki utandım, hətta içimdə mənəvi bir əzab yaşadım.

- Özünüzü ifadə edən bir söz deyin.
- Bu çox çətin sual oldu, amma təkid etsəniz, yəqin ki, deyərdim: Səmimiyyət.

- O zaman müsahibəni oxuyanlara ən səmimi sözləriniz və ya arzularınız nə olardı?
- Həyat çox gözəldir, amma o, birdəfəlikdir və çoxlarının düşündüyü kimi, elə də uzun deyil. Həyat çox maraqlı, amma yalnız bir seriyalı filmdir. İkinci və üçüncü seriyalara ümid etməyin. Ona görə hər yerdə, hamıya ancaq və ancaq yaxşılıq etməyə çalışın. İnsanlara yaxşılıq edə bilmirsizsə, ən azı pislik etməyi də özünüzə rəva bilməyin. Həyatı saf niyyətlərlə, xoş arzularla və nəcib məqsədlərlə yaşamaq lazımdır. Onu elə yaşamaq lazımdır ki, gələcəkdə övladlarınız sizə görə xəcalət çəkməsin, əksinə, sizsiz hər bir addımını atanda düşünsünlər ki, mənim yerimdə olsaydı, atam-anam da belə edərdi.

Orxan Saffari