O elə şairdir...
Tənqid
- 09.08.2021
- 0 Şərh
- 8967 Baxış
Tarix həyatda çox şeyi unudur, unutdurur. Yer üzünə hökmdarlar, söz-sənət adamları, var-dövlət sahibləri, alim və filosoflar gəlib-gedib ki, bu gün dünyada onların izi-tozu yoxdur.
Adı heç zaman unudulmayan böyük Səməd Vurğun yazırdı ki, "Biz gəldi-gedərik, sən yaşa, dünya”. Yaşamağa qadir olan həmin dünya şairin təbirincə, həm də söz-sənət dünyasıdır, çünki dünyanın yaşamağının bir səbəbi "gəldi-gedər” insanın özündən sonra yazıb qoyduğu sözdür. Sözlə birgə onun müəllifinin də unudulmaması dünyanın vəfasız deyil, həm də vəfalı olduğu barədə fikirlərin doğruluğunu isbat edir. Bu mənada dünyanın vəfasızlığından yazan bir çox şairlərin min illərlə yaddaşlarda qalması "vəfasız” epitetinin hər zaman yerinə düşmədiyini göstərir. Unudulmağa layiq olmayan belə söz ustadlarından biri xalq şairi Hüseyn Arifdir.
Ömrünün yarısını "Hüseyn Hüseynzadə”, yarısını "Hüseyn Arif” kimi yaşamağı alnına yazılmış şairin yaradıcılığını da iki mərhələli saymaq lazım gəlir. Yadımdadır, BDU-nun böyük akt zalında bir çıxışında Hüseyn Arif özü bundan söz açmış, fikrini "Hüseyn Arif Hüseyn Hüseynzadədən güclüdür” şəklində ifadə etmişdi. Daha doğrusu, bir oxucunun dediklərini həmin auditoriyada səsləndirmişdi. Şübhəsiz, bu, şairə aid edilən emosional bir xarakterin oxucu ilə dialoq şəraitində üzə çıxan məqam kimi də qəbul edilə bilər, şair atanın "Arif” təxəllüsünə sevgisi və nisgilinin təzahürü kimi də. Hər halda şairin yaradıcılığında yeganə oğlunun faciəli ölümündən sonra baş verən fərqli ovqat, kədər motivi, tərkidünyalıq notları, və həyata daha çox ictimai-fəlsəfi yanaşma tərzi Hüseyn Arifdən xüsusi danışmağa əsas verir.
Hüseynzadə qələmi üçün təbiət, Arif üçün cəmiyyət konteksti üstünlük təşkil edir. Buna görə də H.Arif yaradıcılığını bütövlükdə H.Hüseynzadə ilə H.Arifi birləşdirən ümumi bir kredo kimi qavrayıb öyrənmək, təhlil etmək lazımdır. Şair yenə həmin məclisdəki çıxışında yaradıcılığının sonrakı dövrünü qəm-kədər motivli yaradıcılıq kimi səciyyələndirmişdi. "Hüseyn Arif”dəki kədər şairin yeganə oğlunun itkisi ilə bağlı aktuallaşmış və poeziya yükü kimi ümumi ictimai problemlərin dərkinə və həllinə yönəlmişdi. Böyük insan kədəri ilə bəlirlənən bu tematika, əslində, H.Arifin ədəbi fəaliyyətinin ilk günlərindən onun ədəbi dünyagörüşünün tərkib hissəsi olmuşdur.
Onun təbiət və məhəbbət poeziyasının kövrək duyğulardan güc alması böyük ictimai kədərlə bağlıdır. Şairin şəxsi həyatında baş vermiş ağır itki onun sənətinin iti görən gözü, fəhm edən idrakı ilə yeni çalarlar qazanmış, sosial dəyər ifadə etmişdir. Hüseyn Arif həyatın naqolay ağır zərbəsindən nə qədər sarsılmış olsa da, qəddini düzəldir və sənətə sarılmış halda özünün güclü, qüdrətli olduğunu nümayiş etdirir. "Yat, Hüseyn, nə qış, nə yaz! Yatan bəxti səs oyatmaz, Aranın göz yaşı çatmaz, Qoy ağlasın dağlar mənə” yazır. Burada şairin sənətinin nəhəng dağlarla, uca, geniş səviyyə ilə assosiasiya olunduğunu görürük.
Səməd Vurğun ədəbi məktəbinin davamçısı olan Hüseyn Arifin üslubu və təsvir metodikası tamamilə fərqli naxışlarla diqqət çəkir. Heca şeirinin dolğun bir estetik məktəb səviyyəsinə yüksəlməsində, şübhəsiz, müxtəlif üslub fərdiliklərinin, sənətkar dəst-xətlərinin rolu olubdur. Ümumilikdə heca şeirinin milli ədəbiyyatımıza təsir imkanlarına yiyələnmiş sənətkarların siyahısında Hüseyn Arif lirikasının xüsusi rolunu mütləq qeyd etmək lazımdır. Hüseyn Arifdə kövrək hiss və lirizm dünya hikmətinə enmək üçün üsul və vasitəyə çevrilir. O, əşya və predmetləri poetik gözlə nəzərdən keçirib, həmin cisimlərin xassələrinə nəzərən insanın əməllərini dəyərləndirməyə çalışır.
"Ötür şirin-şirin xınalı kəklik,
Pozma həvəsini, qaya onundur.
Toxunma çəməndə açan laləyə,
Təbiət bəxş edən boya onundur.
Şeirin bu bəndində canlı və cansız təbiətlə tanışlıq oxucunu ona görə məmnun edir ki, təbiət adlandırılan həmin nəsnələrin həm poetik, həm ictimai dəyəri düzgün və dəqiq müəyyənləşdirilibdir. Şairin qələmində hər cisim forması, quruluşu, rəngi, digər yaddaqalan xüsusiyyətləri ilə seçilir. Yeri gəlmişkən, deyək ki, H.Arifin bir çox şeirlərində "qaya”, "dünya”, "boya”, "dərya” sözləri qafiyə kimi işlənir. Lakin oxucu bu təkrarçılığın fərqinə varmır, çünki, rənglər, quruluşlar, mahiyyətlər şairin hər şeirində yenilənir və qafiyə arxa plana keçir.
"Nə gözəl bəzənib şütüyür balıq,
Dərya sənin deyil, dərya onundur.
Yaxud
"Bir insan gözünün yaşını silib,
Bir ovuc torpağın qədrini bilib,
Yerlərə, göylərə vurğun kəsilib,
Dünyanı kim sevsə, dünya onundur”
Zahirən təbiətə aid edilən hikmətlər bütünlüklə insan üçündür və insanın əxlaq, düşüncə sisteminə ciddi şəkildə təsir göstərir. H.Arif adamı ana təbiətin qoynuna aparır və orada baş verənlərlə tanış edir, bu tanışlıqdan sonra, yəni poetik səyahətdən sonra sözünün canının nə olduğunu açıb deməli olur. Geniş müqayisələr və analogiyalar apararaq söylənmiş fikir dərin məna kəsb edir və idioma çevrilir, atalar sözü kimi yaddaşlara təsir edir. "Dünyanı kim sevsə, dünya onundur”.
"Bu gələn elə gəldi, O gedənə min şükür” qənaəti bir ölkə və xalqın sosial həqiqətlərindən güc almış unikal bir ifadə tərzinin nümunəsidir. Folklor düşüncəsi üzərindən fərdi yaradıcılıq üslubu ilə fikir söyləmək və ədəbi prosesə təsir etmək yazardan istedad tələb edir. Şifahi danışıq tərzi ilə yazılı dilin müqayisəsi ikincinin də uğuru şəraitində mümkün olarsa, bu, yazarın da uğuru hesab olunmalıdır. H.Arifdə sadə danışıq fonu ilə fikrin ali poetik biçimdə ifadəsi bir poetik tərkib kimi maraq doğurur. Bayaqkı misrada "Bu”, "o”, "gələn”, "gedən” sözləri emosional fikir yaratmağa xidmət edir. Əsasən incə saitlərin ahəngi üstünlük təşkil edərək incə bir eyhamla xalq təfəkküründəki tanış bilgilər yeni dizaynda təqdim olunur. "Bu gələn” və "o gedən” ifadələri təkcə informasiyanı deyil, həm də obraza münasibəti əks etdirir. Gələnin də, gedənin də topluma yadlığı, uzaqlığı çox dəqiq təsvirini tapıbdır. "Bu” və "o” xalqı, milləti təmsil etməyən sosiumun kod adlarıdır. Bu misranın el variantı "atasına rəhmət qazandırmaq” formatındadır. Bu cür aforizmlər təkcə fikir, dərketmə kontekstində yox, daxili lirik-semantik yaşantı formatında şüura ötürülür.
Yaxud "könlümə köç, külək əsir, çöldə soyuq dəyər sənə” misrasındakı bədii lütf ürəklə şüurun qovşağında pərvaz edən oxucunu əbədi xoşbəxt etməyə bais olan yüksək danışıq norması kimi yadda qalır. Bir misrasını misal çəkdiyim bu şeir bütövlükdə humanist duyğulara sahib olan həssas bir lirik qəhrəmanın portretini rəsm edir. Şeir belə başlayır: "Sonasan, qıymaram gölə, Göldə soyuq dəyər sənə”. Göl bir yana dursun, gözəlliyi gülə də qıymaq olmur. Yəni mətnin bir yerində bu informasiya da var. İnsan gözəlliyi ilahi sərvət kimi, ideal dəyər kimi əndişə və qısqanclıq yaradacaq qədər qiymətlidir. "Bu nə arzu, bu nə dilək, Alışıram ürək-ürək, Tül bədənə tül nə gərək, Tüldə soyuq dəyər sənə” – bu bənddə şeir daha "məhrəm” ərazilərə nüfuz edir və burada Hüseyn Arifə xas incə yumorun xoş nəfəsini duymamaq olmur. Deməli, şeir boyu gözələ, gözəlliyə ən xoş sözlər ithaf olunur, təsvirlərin alt qatında, tərənnümün mahiyyətində yanıqlı bir məhəbbət əhvalatının baş verdiyindən əmin olmaqla yanaşı, oxucu üçün heç vaxt rast gəlinə bilməyəcək sürprizlər hazırlanır. Bu qısqanc hislərin, məhəbbət oyununun sonunda "böyük bir sərvəti” heç kəsə etibar etməmək barədə unikal qərar çıxarılır. "Könlümə köç, külək əsir, Çöldə soyuq dəyər sənə”. "Çöl”ün mənaca ağırlığını bu məqamda heç cür ölçüb hesablamaq olmur. Bu "çöl” nə qədər geniş, nəhayətsiz bir ərazini ifadə edirmiş. Yaxşı şeyləri "əsən küləklərdən” qorumaq əsil şeirin, ədəbiyyatın borcudur.
Hüseyn Arif poeziyasının kökləri o yerəcən işləyir ki, orda çox qədimdən bərəkətli torpaqların və suların mövcudluğu cümlə aləmə məlumdur. Bu qədim bədii xəzinənin adı xalq dili və təfəkkürü, bir də min illərlə yol gələn zəngin yazılı ədəbiyyatımızın əsas qaynaqlarıdır. Şairin hər misrasında bu bədii nemətin ətrini və dadını fəhm etmək olur. Bu baxımdan, H.Arif kimi söz adamları dünyada az-az rast gəlinir. Bir şeirində yazdığı kimi: "O, elə şairdir, bir də tapılmaz”. Onun şeirində torpaq rəngi və ətri var. Yağışın ilk damlalarının yer səthi ilə təması aləmi necə ilahi bir qoxu ilə müjdələyirsə, şeir də elədir, şüura daxil olaraq ürəkləri riqqətə gətirir. Hüseyn Arifin bir sözündən, ifadəsindən geniş yoruma, əhatəli təhlilə, böyük yaşantılara qapılar açılır və əlbəttə, adamı dərin düşüncələrə qərq edir. Adam bəzən kövrəlir, sevinir, bəzən də qəmli-qüssəli bir ovqatın içinə düşür. "Dağlara çən düşəndə” şeiri başdan-başa obraz silsiləsi kimi oxucunun heyrətinə və duyğulanmasına səbəb olur. Təbiət, insan, keçmiş günlər, həyatın bir cür rəftarı, qəlbdə qövr edən anlar bir ekrana yığılmış kimi, bir sinədə qövr edirmiş kimi poetik bütövlük yaradır. "Qaralardı buludlar, İslanardı göy otlar, Kişnərdi harın atlar Dağlara çən düşəndə”. Tipik Azərbaycan kəndi barədə ən ilginc və əziz duyğuları etizaza gətirən parlaq boyaları həyəcansız seyr etmək mümkün deyil. Hüseyn Arif bu cür şeirlərini həmişə uyğun kövrək notlarla bitirməkdə mahirdir. "Alışıram, sönürəm, Oda, buza dönürəm, Anamı düşünürəm, Dağlara çən düşəndə”. Şeiri bu cür də bitirmək lazım idi. Bunu H.Arif üslubu diktə edir. Axırıncı bəndi oxuyub doyunca ağlamaq da olar, ah çəkib, "Şair, allah sənə rəhmət eləsin” söyləmək də.
M.Füzuli yazır ki, "əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim”. Hüseyn Arif isə: "özünə saxla ağlını, ağıl gözələ yük olar” yazır. Qələm əhlinin bir yazmaq damarı var. Adamın şeir yazması üçün ağıllı olmağı yox, zır dəli olmağı lazımdır. Füzuli də, H.Arif də eyni gerçəyin fəlsəfəsini əks etdirməklə sənətin təkcə ağlın nəticəsi kimi yox, daha çox ağılüstü bir halətin əlaməti olduğunu deyirlər. "Sərxoşdur dünya gözəli, dünya onun nə vecinə” misrasının bəslədiyi unikal bir hissin tərənnümü çox dərinlərdə tüğyan edən məhrəm düşüncələrin söz, sənət halında üzə çıxması deməkdir. Qeyd etdiyim kimi, hərdən bir az da yumora bükülmüş saf, munis sevgi şeirləri Hüseyn Arif poeziyasının ana xətti kimi yadda qalır. "Bakı gözəlinin bir gülüşündən Min kəndə, şəhərə işıq çəkərdim” misrasında söhbət təkcə yüksək bədii təsir oyadan məcaz yaratmaqdan gedə bilməz. Burada deyilən fikirdə hiperbola nümunəsi olaraq söz sənəti üçün uyğun ədəbi material axtarmaqdan daha yey, çox ibrətamiz insan münasibətlərinin formalaşdırılması yönündə humanist duyğuların canlandırılmasından danışmaq gərəkir. Gözəlliyin, yaxşı əməllərin təqdir edilməsinə, həyatın düzgün dəyərləndirilməsinə diqqət çəkməyin həm də poeziyaya xas çalışma olduğunu bilirik. Ən müqəyyəd gözəllik insan gözəlliyidir. "Heyif ləzgi qızı, sənin gəncliyin Hüseynin qocalan vaxtına düşdü”, yaxud "Qadınlar gəncləşib gözəlləşəndə Yazıq bu dünyada tez qocalandır”. Yumorqarışıq bu cür məhəbbət, sevgi melodiyalarına insan oğlunun ehtiyacı çoxdur. Əsas məsələ yaxşı, gözəl şeylərin qədrini bilməkdir. Yaxşı şeylər xalqın çox qədimlərdən siyasətdə, məişətdə, gələnəkdə sınaqlardan keçib gələn dəyərlər, münasibətlərdir. İnsanın davranışında, həyati rituallarda adın-sanın, şərəfin qorunub saxlanmasıdır.
"Xətrinə dəyməyib ölənə qədər
Kəhərim sınıxıb sınmasın, - dedi
Yaman günündə də yaxşı kişilər
Papaq itirmədi, at dəyişmədi”.
Bu əxlaq H.Arif poeziyasının bir əlaməti kimi yadda qalır. Elə, xalqa arxalanmaq, keçmişə qayğı və hörmət, yeniliyə qucaq açmaq, anaya, qadına hörmət, sevgi, təbiət gözəlliklərindən doymamaq əhvalı, sözün-sənətin, sənət adamının qədrini bilmək Hüseyn Arif poeziyasına xas cəhətlərdir. Onun şeirində təbiət və insan vəhdətdə nəzərdən keçirilir. Şairin qənaətincə bizi əhatə edən varlıq, dağ, çəmən, axar sular, dumanlar, çiskinlər, ay, günəş, sərt aşırımlar, köndələn yamaclar planet insanına hər şeyi anlada bilir və bütün təbiət dediyimiz bu böyük materiya ölümsüzlük nişanəsi olduğu kimi, insan üçün örnəkdir, dərsdir. Bulaq saflıq, qaya məğrurluq, dağ ucalıq, çəmən, gül-çiçək səadət, xoşbəxtlik rəmzi olaraq insanın həyatına daxil olmaq üçündür. Ona görə də ən böyük müəllim təbiətdir, vətəni sevməyi də təbiətdə baş verənlərdən öyrənmək lazımdır. Şairin rəyincə vətən gül boyda, gül nəfəsdə olan canlı bir varlıqdır. Torpağın bütün gözəlliyi onun vətən kimi dərk olunması ilə bağlıdır. Onun təbiətə müraciəti vətənə müraciət kimi səslənir. Bu məqamda onun "a” deyimi çox şirin səslənir. "A maral”, "a çəmən”, "a qaya”, "a meşə”, "a yamac” insanla söhbət edən yaxın, doğma insanın ünsiyyət vasitələri olaraq oxucu qəlbində xoş hislər yaradır. O yazanda ki "dönüb tikan da ollam gülü qorumaq üçün” vətən – vətəndaş münasibətlərinə işarə edir. Bir çiçəyin qədrini bilməyənin vətəndaş ola biləcəyinə inanmaq mümkün deyil. İnsanın bütün həyatını, onun düşdüyü mühitlə, əlaqələrini, ətrafında baş verənlərlə təmas və düşüncələrini şair təbiətin hadisələrini saf-çürük etməklə isbat etməyə müvəffəq olur. Onun bir şeirinin məzmununa görə kəsilib çəpər kimi istifadə olunan dirəklərdən (payalardan) biri cücərib yarpaqlamağa başlayır və şair qərara gəlir ki, "ağactək böyümək istəyənləri Payatək çəpərdə saxlamaq olmaz”.
Poeziyanın uğurunu mətnin, onun anlamının bu məqamında, bu hissəsində axtarmaq lazımdır. İnsan da eynən həmin kəsilmiş, yonulmuş ağac-paya kimidir, əgər istəyirsə, qol-budağını kəsməklə onu məhv etmək mümkün olmayacaq, gec-tez varlığını təsdiq etməyə nail olacaqdır. Əgər hər hansı bir məqamda şeirdən söhbət düşsə, o zaman hansı şairinsə adı çəkilməsə, onda orada iştirak edənlərin heç olmasa birinin nəyisə unutduğu, daha nəyisə demək istəyəcəyi barədə narahatlıq duyması mümkündür və bu narahatlığı yaradan, unudulan və ya unudulmayan şairlərdən birinin heç şübhəsiz Hüseyn Arif olmasına inanmaq lazımdır. Çünki "o elə şairdir, bir də tapılmaz”.
Zakir Məmməd