Orxan Saffari. Yolunda bıçaqlanmadığım... (Şeirlər)
Poeziya
- 16.04.2021
- 0 Şərh
- 7037 Baxış
Bilmərəm
Küçəsində gəzmədiyim,
şəhəri sevə bilmərəm
Gecəni içmədiyim,
səhəri sevə bilmərəm
Sevə bilmərəm,
qoynunda yatmadığım,
qollarında oyanmadığım,
bağrıma basmadığım,
Qadını sevə bilmərəm
Yolunda bıçaqlanmadığım,
Yolumda döyülməyən,
Səhərədək bölmələrdə gözləməyən,
Dostu sevə bilmərəm
Dağı da sevərəm,
daşı da sevərəm
Kolu da sevərəm,
kosu da sevərəm
Hamı qəfildən gedə bilərəm
Mənim tutunduğum yerlərdən qoru, Allah
Yıxılsam bir daha sevə bilmərəm.
"Təkliyin simfoniyası"
Üzümü tutmuşam göylərə sarı
Quşlara baxıram, quşlar da təkdi
Buluda baxıram, bulud da təkdi
Günəş də təkdi bu yer üzündə
Ay da təkdi o göy üzündə
Allaha məxsusdur deyirlər təklik..
Bircə yağış tək deyil amma
Bərabər paylanmasa da,
Bərabər islanmaq olur...
Eybi yox,
Günəş də tək ola bilər
Ay da tək çıxar göyün üzündə
Bəlkə də islanmarıq yağış yağanda
Quşlar da təkliyə son verər tamam
Bəs Allah, o niyə təkdi?
Bizdən apardığı adamlar hanı?
Atası yox, anası yox
Oğlu da, qızı da yoxdu.
İsa?
O da çarmıxda təkdi.
Belə də, təklik
Ən gözəl hissidi dünyanın.
Amma baxır, kim ilə təksən.
"Uşaq sevgisi"
Uşaqlardan başqa sevə bilmir heç kim
Kişilər sevəndə adiləşirlər,
Qadınlar sevəndə vəhşi olurlar
Dostların sevgisi heç lazım deyil
Dostlar adamı arxadan vurur
Allah sevdiyini alıb aparır
Pişiyi sevirsən, tez çıxıb gedir
İtləri sevirsən, quduzlaşırlar
Atalar sevəndə əzazil olur
Bəs, kimi sevəsən, nəyi sevəsən?
Bu yer üzündə nə qədər pişik,
Sevgidən quduran nə qədər it var
Allahı sevməyin şərti ağırdı,
Qadını sevməyə ürəyin yetmir
Atanı sevirsən, tərk edib gedir
Bircə uşaqlar..
İlahi, uşaqlar böyüyür, axı
*
Tanrı barmaq etsəydi zamana,
Hər şey əvvəlki və olduğu kimi qalsaydı..
İçkidən ölməsəydi atamız,
Dərddən qocalmasaydı anamız,
Qoşulub qaçmasaydı bacımız,
Bəlkə öldürməyəcəkdi əri də onu
Nənələr qocalmasaydı,
Ağlamasaydı babamızın şəklinə
Bəlkə də elə müharibə görən babalarımız sağ olsaydı,
Müharibələr olmayacaqdı bir də.
Qardaşımız çörək dalınca yad əllərə gedib
həbsə düşməyəcəkdi,
Dostlar tərk etməyəcəkdi çətinə düşəndə
Sevdiyimiz qadın da xəyanət etməyəcəkdi acığa düşüb,
Biz xəyanət etməsək..
*
Gəlmək istəmərəm dünyaya bir də
Gəlsəm də,
Daha insan olmaram bu yer üzündə
İstəmərəm insan olum
Birinin atası,
birinin oğlu
Kiminin dostu, qardaşı,
kiminin tanışı
Hələ-hələ bir qadının
Aşkı, aşkı olum..
Çünki əzablıdir insan olmaq
Mən olsa-olsa bir quş olaram pəncərə qarşısında
Bir gül olaram,
Tənha bir qadının baxçasında
Pişiy olaram bir qadının qollarında
Məndən ölən övladının qoxusunu alar.
Ağac olaram,
bar verənindən
Salaram başımı aşağı gedər
Bir dəniz olaram, bir göl olaram..
Ya da yox,
olmaq istəmərəm dəniz də, göl də
Adamlar boğulub ölə bilərlər
Ölə bilərlər mənim içimdə...
*
İlahi, içimdən kimlər keçmədi?!
İlahi, bu ömrüm boşuna getdi.
Mənim bədbəxtliyim bir az da indi
O qızın xoşuna, xoşuna getdi.
Baxdılar, keçdilər, getdilər məndən,
Bir sınıq pəncərə, bir də göz oldum.
İlahi, bu ömrü düz yazmadın ki
Mən od olacaqdım, dönüb köz oldum.
Adam olacaqdım, bir az da insan,
Yaxşı olacaqdım, bir az da yaman.
Ay Allah, ay Allah, ay Allah aman
Mən axı nə üçün quru söz oldum?!
Mən dərdi eşidən, ağrı dinləyən,
Hamını ovcunun içində sevən...
Mən dərd danışanda, adamlar deyən:
Darıxma, düzələr, "bir az döz" oldum.
*
İndi əsatirlərə inanmaq olmur
İndi mif zamanı deyil
Dünya öküzün üstündə yox,
Müharibələrin üstündə dayanıb.
Axı, bunu bilmək nə çətin şeydi?
Torpağın gübrəsi daha çox qandı
Axı, torpaq da canlıdı,
O da yaşamalıdır
Torpağı yaşatmaq üçün
Ölməlidir adamlar.
Amma başa düşmürlər.
Bu dünyanı oyun,
Öküzün üstündə bilir
İçi humus qatı ilə dolan,
Kosmopolit uşaqlar.
Ax, bu liberallar,
Bu humanistlər
Sərhədsiz dünya aşiqi
Hər yan güllü-biyaban olsun deyən qərbləşən passifistlər.
Rejim nifrətkarı anarxist oğlanlar
Bir də,
bir də bütün bunlardan,
Arxa cəbhədən xəbərsiz
Gözü qara şəhid adamlar.