Qismət: "Hansı kişilər ki, qadını mətbəx robotu, daşınmaz əmlak hesab edir, onlar da qorxur" (MÜSAHİBƏ)
Müsahibə, FƏLSƏFƏ
- 09.03.2020
- 0 Şərh
- 32721 Baxış
"Avropa neçə əsr ərzində, o qədər qurbanlar bahasına bu boyda yol keçib, bizimkilər iki dəqiqəyə "onun yaxşı tərəflərini” götürmək istəyir"
Yarpaq.Az şair, esseist, tərcüməçi Qismətin "Qaadinkimi.com" saytina verdiyi feminizm haqqında müsahibəsini oxucularına təqdim edir:
- Buker mükafatı haqda xeyli tərifli söz yazmışdın. Amma bu mükafatın kriterilərindən birinin cinsi bərabərlik olduğunu qeyd etməmişdin, yaman xətrimə dəydi. Keçən il bu mükafat 2 feminist yazara verildi: Marqaret Etvud və Bernardin Evaristoya. Münsiflər hər iki kitabın möhtəşəm olduğunu və seçim edə bilmədiklərini dedilər. Çox səs-küylü hadisə idi. Feminist ədəbiyyata "stavka” da qoyuldu demək olar. Necə dəyərləndirirsən, səbəbi nədə görürsən?
- Bernardin Evaristonun "Buker” alan romanı "Qız, qadın, başqaları” adlanır. Roman 19-93 yaş aralığındakı 12 zənci qadının həyatından bəhs edir. Evaristo reallığın amansız üzüylə təzəcə tanış olan 19 yaşlı qızdan tutmuş qapıları bağlayıb dünyayla vidalaşmağa hazırlaşan görüb-götürmüş 93 yaşlı qadının iztirabını eyni həssaslıqla yazır.” Etvud isə ikinci "Buker”i alırdı. İlk "Buker” mükafatını düz 20 il qabaq, 2000-ci ildə qazanıb. 2000-lərin ortalarında onun türk dilində "Damızlık kızın öyküsü” adıyla çıxan kitabını almışdım, bir az gec oxusam da, müəllifin adı tez-tez rastıma çıxırdı. Son illərdə sənətin elə bir sahəsi yoxdur ki, həmin sahədə təqdim edilən mükafatların uzun-qısa siyahısında, yaxud qalibləri arasında feminist xətt hiss edilməsin. Bu, ilk növbədə yeni əsrdə böyük rezonans doğuran qadın hərəkatlarıyla, üçüncü dalğa feministlərinin həm real həyatda, həm də virtual dünyada reaksiya doğuran kreativ aksiyalar keçirməsiylə bağlıdır. Burda sosial şəbəkələrin də gücünü unutmamalıyıq.
- Dünya mədəniyyətinə bu qədər təsir edən hansı aksiyalar oldu?
- Bizim əsrdəki ən radikal aksiyalar bəlkə də 2011-ci ildən baş verib. York Universitetində cinayətləri azaltmaq üçün maarifləndirici konfransda çıxış edən Sanqunetti deyir ki, qadınlar başlarına pis iş gəlməsini istəmirlərsə, ləçər kimi, fahişə kimi geyinməsinlər. Bu çıxışın məzmunu ilə bağlı bir qəzet məqaləsi çıxır və aləm bir-birinə dəyir. Böyük təzyiqlərə məruz qalan polis üzr istəyir, bu fikrin onun işlədiyi Toronto Polis Təşkilatının fikri olmadığını bildirir. Bir ay sonra Hakim Robert Devar cinsi zorakılığa məruz qalan qadının "uyğunsuz” geyimdə olduğunu əsas gətirərək müttəhimə cəza endirimi verir və söhbət böyüyür. Feminist təşkilatların, tələbə birliklərinin və medianın təzyiqi nəticəsində səhvini başa düşən hakim geri çəkilib üzr istəyir. Hadisədən sonra problemin təkcə hüquq sistemində olmadığına qərar verən, əsas problemin cəmiyyətin qadına yanaşma tərzində gizləndiyini deyən Sonya Baret və dəstəkçiləri Torontoda ilk "SlutWalk”-u (Ləçər yürüşləri, yaxud Fahişə yürüşləri) təşkil edirlər. Yürüşün iştirakçıları "pozğun qadın” geyimlərini parodiya edərək küçələrə çıxır. Yürüş qısa zamanda beynəlxalq müstəviyə çıxır, dünyanın müxtəlif yerlərində analoji yürüşlər keçirilir. Mesaj beləydi: geyimə görə zorakılığa haqq qazandırmaq olmaz. Aksiyanı tənqid edənlər də oldu.
- Kanadayla Azərbaycanda zorakılığa uğrayan qadının eyni sözləri eşitməsi qlobal fəlakətdi, məncə. Bir də FEMEN hərəkatının ciddi təsirləri var.
- "FEMEN” XXI əsrin ən çox diqqət çəkən hərəkatıdir. 2008-ci ildə yaranan hərəkatın şüarı belədir: "Qadın haqları üçün sekstremizm”. Burda "ekstremizm”lə söz oyunu edilib. Onların ən məşhur aksiyaları 2011-ci ildə Aleksandra Şevçenkonun Papa XV Benediktin Bazar ayinində soyunaraq "Qadınlara azadlıq” pankartı açmasıdı. Bir də 2012-ci ildə London Olimpiadasında "qanlı İslami rejimlərə” qarşı çıxmasıdı. Orada bəzi aksiya iştirakçıları soyunaraq, bəziləri müsəlman kişi paltarında "Şəriətə yox!” şüarı səsləndirərək etiraz etmişdi. Əvvəllər müsbət imici olan FEMEN radikal dərəcədə anti-islami çıxışlar etdikcə, onlara tənqidi yanaşanlar çoxaldı. Bu dərəcədə radikallığı faşizmin başqa forması hesab edənlər də oldu.
Qardaş ölkə Türkiyədə də oxşar hadisələr baş verib. 2012-ci ildə Rəcəb Tayyib Ərdoğan bir çıxışında "Qeysəriyyə əməliyyatlarının əleyhinəyəm. Abortu cinayət hesab edirəm” deməsindən sonra Səhiyyə Naziri Rəcəb Akdağ əmrə müntəzir olduğunu göstərmək üçün tələsik yaltaqlandı: "Tibbi məcburiyyətləri çıxsaq, tamamilə qadağan edə bilərik.” Abortla bağlı qanun parlamentə göndəriləndə, etiraz dalğası başladı. Bu etiraz dalğasının rəmzi şüarı "Mənim bədənim, mənim qərarım” idi.
- Bizdə qadın hərəkatı, feminist aksiyalar iki əsr sonra başlamaq istəyir, başından vururlar.
- Buna görə də bizdəki istənilən cəhd, aksiya ancaq təqdirə və alqışa layiqdir. Sovetlər dağılıb, amma adamların içində davam edir. Ürəklərdəki, başlardakı "sovet” dağılmayınca, təzənin qabağına protezdişli bir köhnə çıxacaq.
- Maraqlıdı, Qərbdə feminizmə təkan verən mətn, ədəbiyyat oldu, bizdə feminizm hələ də mətnə - ədəbiyyata gəlib çıxmır ki, çıxmır.
- Bizdə əxlaq-əxlaqsızlıq, dəyər-dəyərsizlik olaraq təsəvvür edilən şeylərin, az qala, yüz faizə yaxını falşdır, son istifadə tarixi keçmişdir, arxaikdir, anarxronizmdir. Amma qınamalı da deyil, zorla gözəllik olmur. Deyirlər ki, "yenə günahkar sovet oldu?” Məsələ günahkar, səbəbkar axtarışı deyil, yaxın tarixin doğru-dürüst təhlilə çəkilməməsidir. Məncə, dünyada dini inanc olduğu kimi, ona qohum olan sekulyar inanc da var, elmə, kitaba, böyük hərflərlə yazılan MƏTNƏ inam. Düşünürəm ki, sovetin bir əsrə yaxın bizə aşıladığı, lənət kimi miras qoyduğu ən pis şeydir budur: Mətnə inanmamaq. Sovet yazıçılarının əksəriyyəti nə öz yazdıqlarına, nə də başqasının əsərlərinə inanmırdılar. Zaman-zaman soruşurlar ki, kitablar insan dəyişə bilərmi? Dəyişə bilərsə, necə olur ki, xeyli savadlı adam faşist, qəddar ola bilir, şərin tərəfində durur? Mənim cavabım sadədir: Onlar oxuyublar, amma oxuduqlarına inanmayıblar. "Səfillər”i əzbər bilən ədalətsiz, qaniçən vəzifə sahibləri görmüşəm. Nə olsun oxuyublar? Oxuduqlarına inanmırlar, onlara informasiya lazımdır, bilgi yox. Bilmək üçün oxumaq kifayət deyil, mətnə inanmaq lazımdır.
- Əlbəttə, müəllif də öz mətninə inansın gərək, yoxsa inandıra da bilməyəcək. Biz sanki problemə çox uzaqdan gəlirik. İnsanlara ayrıca bir Etvud, Evaristo, Deyv Eqqers maraqlı deyil. Ancaq məsələn, Etvud yazanda ki, baxın ha, dini çevriliş ölkəni, qadını nə hala sala bilər, ondan bərk-bərk yapışırlar. "Qulluqçunun əhvalatı” mənə görə əsrin mədəni hadisələrindən biri oldu, həm kitab, həm serial kimi. Dünya insanının gözü qorxdu, "qadın problemi” gündəmi tutdu. Kitabın, serialın davamını tələb etdilər. Yazıldı, çəkilir. Biz bu olaylardan yan keçdik, müzakirə edilmədi, duyulmadı burda. Səncə, nədən? Feminizm bizimçün maraqlı deyil, yoxsa siyasət, mədəniyyət?
- Etvudun həmin romanı feminist anti-utopiya janrında yazılıb. Romanı 1985-ci ildə yazıb, türk dilində ilk dəfə 1992-ci ildə çap olunub, yaxın illərdə yenidən nəşr edildi. Təzə yazıçı deyil. Fikir ver, Türkiyədə kitab çap olunandan 7 il sonra tərcümə olunub, bizdə təxminən 30 il sonra. Dünya ilə aramızda aşağısı 30 illik mədəni uçurum var. Romanda hadisələr teokratik faşist bir gələcəkdə baş verir. Bu gələcəkdə nüvə tullantıları ucbatından insanların əksəriyyəti qısırlaşıblar. "Yakobun oğulları” adlı hərbi-teokratik bir qrup Amerikada çevriliş edərək hakimiyyətə gəlir və birinci işləri qadınların bank hesablarını dondurmaq olur. Qadınlara deyirlər ki, ya fahişə olmalısınız, ya qulluqçu, ya da guya şərəfli variant kimi, əgər uşaq doğmaq qabiliyyətiniz varsa, damazlıq ola bilərsiniz. Bu variantları rədd edənləri Koloniya deyilən yerlərə göndərirlər, burda kimyəvi tullantılara görə şərait ölümcüldür, heç kim iki ildən artıq yaşaya bilmir. Burda qadınları paltarlarının rənginə əsasən siniflərə ayırıblar: qırmızı geyninənlər damazlıqlardır, əri olanlar mavi, evlənməmişlər ağ paltardadır. Qəhvəyi geyimli nəzarətçi Xalaların təlimatları ilə beyinləri yuyulan damazlıq qızlar generallar üçün hazırlanır. Burda qadınların adı yoxdur, onları kişilərin adına görə təyin edirlər, məsələn, Fredinki, Donaldınkı. Türk ədəbiyyatında Etduvuddan təsirlənən Duyğu Asena 1987-ci ildə "Qadının Adı Yoxdur” adlı roman çap etdirib. Asenanın romanı əsasında eyniadlı film də var, baxmayanlara məsləhət görürəm, maraqlı filmdir.
- Azərbaycanda "feminizm, feminist” sözü eşidəndə adamları elə bil cərəyan vurur. Kişilər nədən qorxur?
- Məncə, elə dünyada da belədir. Fikrimcə, bütün kişilər yox, feodal-patriarxal düşüncənin təmsilçiləri, mühafizəkar düşüncəlilər qorxurlar. Səndə bu haqlı qənaəti doğuran odur ki, bizdə dediyim düşüncənin daşıyıcıları daha çoxdurlar. Hansı kişilər ki, qadını mətbəx robotu, daşınmaz əmlak, əşya, mülk hesab edirlər, onlar da qorxurlar.
- Feministsən?
- Mən həmişə tədqiqat məsafəsi saxlayaraq danışmağa çalışıram. Ötən əsrdə görkəmli feminist yazıçı Rebekka Vest yazırdı ki, məni "pol” taxtasından ayıran fikirlər səsləndirən kimi, deyirlər feministsən. Mən xanım Vestlə razıyam.
- "İkinci cins” feminizmin kodeksi, konstitusiyası sayılır. Elə dil yoxdur ki, tərcümə edilməsin. Bizdə edilməyib. Dərdimizi kimə deyək?
- Hacıleyləklərə, durnalara. Meksika yazıçısı Xuan Rulfonun "Pedro Paramo” romanı bir dəfə "Xəzər” jurnalında çap edilib, bir dəfə "Qanun” çap edib, axırıncı dəfə isə Tərcümə Mərkəzinin seriyasından çıxıb. Roman bəlkə Meksikada o qədər çap edilməyib. Biz hələ oxumuşlara, kitabı bilənlərə dərdimizi başa sala bilmirik, qaldı oxumamışlar olsun. Bizim nəşriyyatların aydın başa düşülən strategiyası, yaxın gələcək üçün nəzərdə tutulan yol xəritəsi yoxdur. Dostluq, tanışlıq, bu onun qardaşıdır, o bunun əmisi qızının rəfiqəsidir, bu biri qonşu kənddəndir və s. Simona de Buvuar dünya üçün artıq təhlil olunub bitmiş, fikir panteonunda öz yerini tutmuş simadır. Bizim dildə hələ olmaması rüsvayçılıqdır.
- Azərbaycanda qadın haqları siyasətçi, milyonçu, maarifçi, ədəbiyyatçı kişilərin təşəbbüsü ilə qorunmağa başlanıb. Qızlar məktəbi, qadın dərgisi, seçki hüququ, səhnədə yer alma və s. Əlində imkanı olan kişilər bütün bunlar üçün can qoyublar. 21-ci əsrin Azərbaycan kişisi istər siyasi, istər mədəni sahədə "qadın problemi” ni görməzdən gəlir sanki, yoxsa mənə belə görünür?
- Haqlısan. Mən intellektinə, talantına çox hörmət etdiyim adamların dilindən qadınlarla bağlı elə alçaldıcı sözlər eşitmişəm ki, mat qalmışam. Fikrimcə, Azərbaycan kişisinin təhtəlşüurunda özündən asılı olmadan doğulmuş bir yara, bir kompleks var. Bizim kültürdə "torpaq” sözü də, "vətən” sözü də həmişə "ana” sözüylə yanaşı işlənir, "ana torpaq, ana vətən” deyirik, ən müqəddəs, ən dəyərli hesab edilən bu dəyərləri qadın cinsində ifadə edirik, amma qadınla eyniləşdirdiyimiz torpaq işğal olunub. Bunun yaratdığı zədəni, kompleksi aradan götürmək üçün qələbəyə, izah etmək üçün isə Yunq kimi, Adler kimi analistlərə ehtiyac var.
- Bizdə kolleqalıq, işbirliyi, həmkar həmrəyliyi məsələsində problem görürsənmi?
- Əlbəttə, görürəm. Bir dəfə yazmışdım: Azərbaycanda intellektuallar, sekulyar düşüncənin təmsilçiləri din qardaşlığı adıyla birləşən dindarların yarısı qədər konsensusa gələ bilsəydi, indi vəziyyət başqa cür olardı.
- Nigeriyalı yazar Çimamanda Adiçinin romanında tiran bir ata obrazı var. Həm sevir, həm döyür misalında. Dünya oxucusu bu motivi həyəcanla, maraqla və ağrıyla qarşıladı. Biz bu atanı hər tərəfdə görürük, amma ədəbiyyata gətirmirik. Nə mane olur?
- Gah ənənəyə, gah mentalitetə apelyasiya edən, bir başı kəsiləndə min baş çıxardan, artıq ölməyi də yadırğamış, orta yaşlıların, cavanların aktiv ömründən yeyən drakulaların, kaşşeylərin "əxlaq”ıdır bizi bugünə qoyan. Əsrlərdir Söhrabı Rüstəmin əlindən ala bilmirik.
- BMT-nin Qadın Birliyi tərəfindən HeForShe hərəkatına start verilib. Kişiləri qadınlar üçün mübarizəyə səsləyir bu hərəkat. Hərəkata ilk qoşulanlardan biri Barak Obamadır. Universitetlər, şirkətlər, tanınmış şəxslər, aktyorlar, yazıçılar qoşulur. Bizdə də başladırıq. Qoşularsan?
- Məmnuniyyətlə, Obamadır, mənəm…
- Feminizm sosial, siyasi, iqtisadi sahələri əhatə edir. Bir də var feminizm ədəbiyyatda - bunu necə ifadə etmək olar? Hansı müəlliflər, hansı ədəbiyyatdan söhbət gedir?
- Bu, ayrıca müsahibə, esse silsiləsi tələb edən mövzudur: Ədəbiyyatda feminizm. Çalışıb ümumiləşdirək. Ötən əsrin 90-cı illərindən bu yana feministlər nağılları, dastanları, uşaq kitablarını feminist gözlə oxumağa, müzakirə etməyə başladılar. Məsələn, feministlər cəmiyyətin strukturunda, qərarvermə mexanizmlərində, yaxud qəlibləşmiş inanclarında olan problemli məqamların qaynaqlarından biri kimi nağılları götürürlər. Onların fikrincə, nağılları dəyişdirmək, yaxud bəzilərindən tamam imtina edib yenilərini yazmaq olar. Niyə belə düşünürlər? Çünki nağıllarda qadınların xilası ancaq gözəlliklərindən keçir, onlar yalnız cinsi nəsnə kimi göstərilir. Feminist alimlər deyir ki, nağıllarda qadın həmrəyliyi yoxdur və seksist mesajı uşaqlara ötürmək zərərlidir. Məsələn, amerikalı feminist ədəbiyyatşünas Karen Rou "Feminizm və nağıllar” kitabında yazır ki, Qrimm qardaşlarının əksər nağıllarında əsas mövzular həddi-buluğa çatmaq, ərgənlikdən çıxmaq və ilk cinsi tərcrübədir. Evlilik romantikləşdirilir, arzu olunan yeganə şey kimi təqdim olunur. Bu fantaziyalar fonunda qadın passiv göstərilir, onun üçün xilas ancaq kənardan gələcək bir gücə, iqtidar sahibi kişiyə bağlanmaq kimi təqdim olunur. Bu iqtidar sahibi ya ata olur, ya da ağ atlı şahzadə. Rou yazır ki, nağıllar qadınların təhtəlşüurunu cəmiyyətin ənənəvi normalarına hazırlayır. Bu, fatalizmə aparır, qadına aşılanır ki, xilas sənin əlində deyil. Bugün eyni mesaj populyar melodramlarda, seriallarda qarşımıza çıxır. Rou deyir ki, nağıllar qadınların həyatında ən vacib şeyin evlilik olması mesajıyla doludur. Adətən nağılda qadın xilaskarını gözləyə-gözləyə öz müstəqil mənliyindən vaz keçir, evlənir və ənənəvi əxlaqın alqışını toplayır.
- Beləcə, qadın ömrünün sonunadək "Ağ atlı oğlan, xilaskar şahzadə” sindromundan çıxa bilmir…O, həmişə müdafiə, güc, xilas boşluğu yaşayır. Zəif düşür. Güclü olanda da tələsik ona "kişi kimi” yarlığı vurulur ki, amandır, birdən özünü, kimliyini bir gender, bir varlıq kimi dərk edər.
- Bu perspektivdən baxanda, cəmiyyətdəki xeyli problemin nə qədər dərin kökləri olduğunu anlayırıq. Qadın cinayətlərindən tutmuş avtomobil qəzalarına qədər xeyli məsələnin kökündə digər şeylərlə yanaşı, normativ əxlaqın fasiləsiz şəkildə qabağımıza itələdiyi "kollektiv imaj”lar var: "Kişi kimi olmaq”, "kişi kimi davranmaq”, "kişi kimi qadın.” Cəmiyyətində özünə yer etmək üçün qadınlar "kişiləşməli” olanda, kişi özünü ikiqat kişi kimi aparmağa çalışır, nəticədə kişilik "peredozirovka”sında qadının ən xırda azad fikrində özünə rəqib bir "kişi” görərək ona hücum çəkir. XX əsrin ikinci yarısından etibarən feministlər nəzəriyyələrin təsiriylə "sex” sözünü "bioloji cinsiyyət”, "gender” sözünü "ictimai cinsiyyət” kimi istifadə etməyə başladılar. Mənim çox təqdir etdiyim Cudit Batler yazır ki, bugün bu fərq artıq itib. Çünki birini seçmək o birinin əhəmiyyətini azaldır. Cinsiyyət anlayışını təkcə cinsi orqanlara, yaxud ictimai komponentlərə görə qiymətləndirmək problemlidir. Bunun yerinə onlar arasındakı ayrımlar ortadan götürülsə, məlum olacaq ki, kişi-qadın ayrımı da daxil olmaqla, cinsiyyət anlayışı, əslində, hər cür təsnifatdan uzaq və dəyişkən təbiətlidir. Bu yerdə Batlerin "performans” və "performativlik” anlayışlarına nəzər yetirməliyik. Bu anlayışın kökü ekzistensialistlərə gedib çıxır. Sartr ən məşhur tezislərindən birində deyirdi: "Mövcudluq mahiyyətdən əvvəl gəlir.” Yəni, insanın əvvəlcədən təyin olunmuş alın yazısı, qəzavü-qədəri yoxdur, o başlanğıcda heç kimdir. İnsan sonradan özünü necə quracaqsa, necə layihələndirəcəksə, necə inşa edəkcə, elə də olacaq. Bu da bizi "məsuliyyət və seçim” məsələsinə aparır. Sartr yazır ki, insan bütün seçimlərinə görə məsuliyyəti özü daşımalıdı - uğurunun da, uğursuzluğunun da məsuliyyəti özündədi. Başqa yerdə səbəb axtarmaq özündən qaçışdır, bütün əməllərinə görə yeganə cavabdeh tərəf özünsən. İnsan azadlığın məsuliyyətindən qaçmaq üçün gündəlik həyatda özünə başqa-başqa məşğuliyyətlər icad edir. Yəni cəmiyyətdə ənənəvi normaların davam etməsini istəyən bütün institutlar bizi özünə oxşatmaq üçün içimizi boşaldıb yerinə özünü doldurur, bizi ictimai müqəvvalara, təqlidçi tutuquşulara, dayandığı yerin rənginə bürünən buqələmunlara çevirir.
- Səncə, Batler feminizmin ana xəttindən çıxmır? Sözsüz ki, ABŞ-da feminizmin gender arealını böyütməsi, sərhərləri açması bu cərəyanın inkişaf etmiş cəmiyyətdə gəlib çıxdığı nöqtə kimi dəyərləndirilə bilər. Amma məhz femina – qadın problemi ilə başlayıb cərəyan.
- Əslində, klassik feminizmin banisi sayılan Simona de Buvuar da eyni cür yanaşıb. Bu dünyagörüşünün feminist üzünü çox sadə möhtəşəmlikdə ifadə edib: "İnsan qadın kimi doğulmur, qadın olur.” Cudet Batler çağdaş dövrdə post-feminist kimi bu tezisi özünəməxsus şəkildə inkişaf etdirib. Batler yazır ki, "performans” sözünün arxasında hərəkətverici bir qüvvə var, burda tam müstəqillik yoxdur. Amma "performativlik” muxtardır, suverendir, sərbəstdir, onun arxasında başqası yoxdur, yalnız insanın özü var. Yəni insanın kimliyi öncədən təyin edilməyib, əksinə o, "performativ” xarakterlidir, dəyişkəndir. Məncə, diqqətəlayiq, mütləq oxunmalı müəlliflərdən biri də Canet Vintersondur. Onun "Yeganə meyvə portağal deyil”, "Vişnənin cinsiyyəti”, "Normal olmaq varkən niyə xoşbəxt olasan” kimi kitabları hər biri lezbiyen-feminist ədəbiyyatın yüksək istedadla və cəsarətlə yazılmış nümunələridir. Yaxud Djuna Barnsın "Mənə gecədən danış” romanı bu tip ədəbiyyatın kult romanlarındandır. Bunların hər birindən danışası olsam, söhbətimiz elmi işin həcmində böyüyə bilər.
- Bayaq XXI əsrin feminist aksiyalarından, onların dünya mədəniyyətinə təsirindən danışdın. İstəyirəm bir az da feminizm hərəkatının daha əvvəlki tarixinə qayıdaq. Sonra isə qadın probleminin yerli ədəbiyyatda vəziyyətinə toxunaq.
- Anladım. Qəfil yadıma düşən bir məqamdan davam edim. Feminist, lezbiyen, biseksual ədəbiyyatın özünəməxsus simvolikası var. Bu mətnlərdə durğu işarələri çox şeyi ifadə edir. Məsələn, Marina Svetayevanın şeirlərindəki tirelər, defislər və üç nöqtələr təsadüfi deyil. Tire – fallik simvoldur, kişi başlanğıcını ifadə edir, üç nöqtə qadındakı üç klitorial nöqtənin analogiyasıdır. Bir başqa nümunə də türk ədəbiyyatında Sevim Burakın nəsr əsərləridir. Müəllif özünəməxsus durğu işarələri icad edir, qaydaları pozur, üç vergülü dalbadal qoyur.
Ötən əsrin 80-ci illərində almandilli ölkələrdə yüksəlişə keçən qadın hərəkatlarının təsiriylə dildəki kişi-mərkəzçiliyə qarşı "alt xətt” metodu tətbiq olundu. Bu metod (Fotograf_İnnen) 2003-cü ildə Stefan Kitti Herman ilə geri döndü. Alt xəttin istifadəsi ilə birlikdə dildən kənarda qalmış hər şey dilə əlavə edilir. Alt xətt transgender hərəkatının simvollarından biri oldu və bu yolla ikili cinsiyyət (kişi-qadın) ayrımı rədd edilir. Bir az da açaq, alman dilində "in” şəkilçisi qadın cinsini bildirir. Məsələn, "fotograf” sözü kişi cinsindədir, "fotoqrafin” qadın fotoqraf deməkdir. Amma "Fotograf_İnnen” yazılanda, (n)en şəkilçisi cəmi bildirir, bununla da cinsi sərhədlərin bir-birinə keçməsi vurğulanır. Ümumiyyətlə, ədəbiyyatda bu cür xüsusi hazırlıq tələb edən simvolik, semiotik oyunlar çoxdur. Tutalım, Camal Sürəya yazanda ki, "Ben Uzunminareliyimdir doğma büyüme/ ne yapıp yapıp denizi görmek isterim” burdakı erotik simvolları bilməyən adam üçün şeir heç nə ifadə etməyəcək. Burda "uzunminarəli”nin fallik simvol olması aydındır, bəs sonrası? Klassik ədəbiyyatdan üzü bəri dəniz həmişə qadınla eyniləşdirilib, qadınların özəl günlərində dəniz kimi qabarıb-çəkilməsi, dalğalanması var... Mövzunu davam etdirə bilərəm, amma bu qədər erotika bəsdir, camaatın anası-bacısı var. Dalğadan danışmışkən, keçək feminizmin üç dalğasına, sürətli bir ekskurs edək.
- Feminizmin üç dalğasından danışaq. Hətta indi özünü dördüncü dalğa feministləri adlandıran ayrı-ayrı aktivistlər, bloger və genderçilər də var.
- Birinci dalğa təxminən XIX əsrin sonundan XX əsrin ilk yarısına qədərki dövrdür; ikinci dalğa1960-80-ci illəri əhatə edir; üçüncü dalğa isə 1990-cı illərdən bugünə qədər. Bu cür təsnifatın feminizmin xarakterinə zidd olduğunu deyənlər də var. Hər halda bu bölgü akademik çevrələrdə qəbul olunub. Birinci dalğa feminizm daha çox Qərbi Avropa və Amerikada qadının, təhsil, iş, siyasi hüquqlarını qabardırdı, xüsusilə səsvermə hüququnu. ikinci dalğa ABŞ-da hüquqi bərabərlik məsələsinə daha geniş diqqət çəkirdi, üçüncü dalğada isə eko-feminizm, kiber-feminizm, post-feminizm kimi istiqamətlər mikro-politika dedikləri, mediada qadının necə təsvir edilməsi, dildə qadın-kişi ayrımına diqqət çəkmək kimi məsələlər qabardılır. "Üçüncü dalğa feminizm” termininin anası Rebeka Volker 1992-ci ildə yazdığı bir essedə bu istiqamətin ikinci dalğadan fərqlərinə işıq salıb: heteroseksual olmayanların, qara dərililərin, biseksualların, ikinci plana atılan fərdlərin problemlərini aktuallaşdırmaq, yəni feminizm anlayışını fərqli kimlikləri əhatə edəcək qədər genişləndirmək. Volker özü də biseksualdır.
- Bir əsrə yaxın vaxt keçib, "İkinci cins” kitabı hələ çevrilməyib dilimizə, heç vaxt, heç bir ölkədə başladılan qadın aksiyalarına Azərbaycan qadınları olaraq qoşulmamışıq. Keçən il Çilidə inanılmaz yürüşlər oldu, Avropanın bütün ölkələri, Türkiyə belə qoşuldu. Bizdə yenicə közərən hərəkata qarşı hamı səfərbər olub. "Məmələrə azadlıq, seçkidə ədalət” pankartına görə qızların üstünə hücum çəkirlər, söyürlər. Nə var ki orda "məmə” sözü yazılıb.
- Elə bu müsahibə ərəfəsində uzaq bir tanışımızın başına gələn tragik əhvalat bizim cəmiyyətin spesifikasını nəzərə almağın vacibliyinə əyani nümunədir. Əri dindar olan və birinci uşaqları qeysəriyyə əməliyyatı ilə doğulan qadın yenidən hamilə qalır, amma bu hamiləlik belə deyək ki, "istənməyən hamiləlik”dir. Həkimlər deyirlər ki, abort etdirmək məsləhətdir, keçən ilki qeysəriyyə əməliyyatından sonra ananın vəziyyəti pisləşə bilər. Əri razılaşmır ki, dinimizdə haramdır, uşaq altı aylıq olanda qadının sancıları tutub, vaxtından əvvəl doğuş olub. Dünən dedilər ki, qadın artıq qanaxmadan iki dünya arasında gedib gəlir, uşağın da vəziyyəti ölümcüldür. Bir yaşlı uşaq da qalıb ortada, gör neçə bucaqlı, neçə qatlı faciədir? Mənim valideynlərim həkimdir, anam 30 ilin pediatrıdır, doğum evləri belə dəhşətli faktlara doludur. Bu, bizim kimi mühafizəkar şərq cəmiyyətlərinin spesifikasıdır. Bizdə hələ ilkin mərhələyə aid problemlər həll olunmayıb, ona görə düşünürəm ki, radikal addımlardansa, daha maarifpərvər ideyalara ehtiyac var. Elə bu danışdığım hazır yazılası hekayə, çəkiləsi filmdir. Bilirsən, bizdə deyirlər ha, avropanın yaxşı tərəflərini götürək filan, əslində, belə şey mümkün deyil. Fundamental düşüncə tipləri komplektdir, dəstdir, onu düyü kimi arıtlayıb içindən nələrisə götürmək olmur. Avropa neçə əsr ərzində, o qədər qurbanlar bahasına bu boyda yol keçib, bizimkilər iki dəqiqəyə "onun yaxşı tərəflərini” götürmək istəyir. Elə bil, kompüterin prosessorunu alırsan, amma deyirsən ki, monitor lazım deyil, sovetdənqalma televizorum var, ona qoşacam. Elə şey olmur. Bunları nəzərə almaq lazımdır, dünyanın keçdiyi xeyli mərhələ var ki, biz onları keçməmişik. Əgər həqiqətən cəmiyyətin qadınlara münasibətində köklü dəyişik istəyiriksə, qadının sosiumun hər sferasında xala-xətrin qalmasın yox, dürüst şəkildə aktiv yer tutmasını arzulayırıqsa, rasional şəkildə başa düşməliyik ki, radikal feminist aksiyalar hələlik burda ancaq əks effekt verəcək.
- Radikallıq əks effekt verir, liberallıq isə daha az diqqət çəkir. Necə edək?
- Məncə, bizim feministlər əvvəlcə ayrı-seçkilik etmədən, bütün qısqanclıqları, kompleksləri kənara ataraq bir neçə gün davam edən ortaq bir konfrans təşkil etməlidirlər. Bu konfransda müxtəlif panellər olmalıdır: Ədəbiyyat və feminizm, Əyalət qadının problemləri və s. Ümumi vəziyyəti bilmək, bir-birini yaxından tanımaq, hərənin bacarığına uyğun istiqamətlərini müəyyənləşdirmək lazımdır. Yaza bilənin yazı məsuliyyəti olmalıdır, təşkilatçılıq bacarığı olanın təşkilatçı məsuliyyəti. Onsuz da sayca az olan və hələ hədsiz cavan olan Azərbaycan feminizminin ilk problemi, məncə, daxili pərakəndəlikdir. Daxildəki pərakəndəlik nisbətən aradan götürüləndən sonra yaxın ölkələrlə, məsələn, İstanbuldakı qadın təşkilatlarıyla kontaktların qurulması, orda ildə bir dəfə keçirilən feminist festivallarda iştirak vacibdir.
- Məncə, festivallara qədər Azərbaycan insanına bu problemin cəmiyyəti iflic etdiyini göstərmək gərəkdi. İnsanların böyük çoxluğu üçün bu cəmiyyətin "qadın problemi” yoxdu, öyrəşiblər, görmürlər.
- Haqlısan. Burada vacib ikinci məsələ bizim coğrafiyanın, ölkənin, cəmiyyətin reallığını anlamaq, hiss etməkdir. Nə qədər mən üçüncü dalğa feminizmdən danışsam da, Batlerdən misallar çəksəm də, birdən-birə üçüncü dalğanın prinsiplərinə keçmək, post-feminizm davası aparmaq, marginal qrupların haqqını tələb etmək inanmıram ki, real nəticə versin. Axı bizim cəmiyyətdə hələ birinci dalğada boğulan qadınlar var...Üçüncü məsələ. Məncə, Azərbaycan feminizminin metodoloji problemlərindən biri vaxtilə Avropa feministlərinin etdiyi səhvdir: öz ideyalarını yalnız kişi opponentliyi üstündə qurmaq. Bu cür yanaşma Avropada gətirib ona çıxarmışdı ki, müəyyən dövrdə feminist deyəndə "kişi düşməni”, "özünə baxmayan”, "həyasız qadın”, "ailəsində problem olan qəzəbli qadın” kimi önhökmlər yaranmışdı. Feminizmi "kişi düşməni” damğasından xilas etmək üçün, məncə, ən yaxşı yol enerjini tam şəkildə patriarxal kişilərin cavabını verməyə sərf etmək yox, öz azadlığından bixəbər qadınları maarifləndirməkdir. Məncə, problem təkcə gerizəkalı, qadını ev heyvanı hesab edən kişilər deyil, feministlər effektiv gücə çevrilmək istəyirlərsə, öz həmcinslərinin şüuruna da təsir etmək barədə düşünməlidirlər. Onda sizin qabağınızda heç bir güc dayana bilməyəcək.
Danışdırdı: Aysel Əlizadə
qadinkimi.com