Simran Qədim. Narsistlərin xülyası (Esse)
Esse
- 16.04.2021
- 0 Şərh
- 6154 Baxış
Dövrümüzdə hər kəs az-çox psixoloq olmağa ehtiyac duyur. Psixologiyanı - müəyyən psixi xəstəlikləri, travmaları, sindromları, kompleksləri, fobiyaları bilməklə sanki beynimizdə bir çox şeyləri yerbəyer etmiş oluruq. Rəflərə səliqəylə düzülən kitablar kimi, insanları da tiplərinə, kateqoriyalarına görə ayırmalıyıq. Bu, ünsiyyət qurduğumuz adamları daha yaxşı anlamağımıza, fikirlərimizi onlara daha düzgün, başadüşülən formada çatdırmağımıza kömək ola bilər. Kimisi belə şeyləri zəngin həyat təcrübəsi keçməklə, fərqli-fərqli insanlarla təkrar-təkrar ünsiyyətdə olmaqla öyrənir, kimisi də mövzuya dair çoxsaylı filmlərə, verilişlərə baxmaqla, yazılar, kitablar oxumaqla.
Nəzəriyyə ilə silahlanmaq təcrübədə bir neçə addım öndə olmaq deməkdir.
Sağlam, normal psixoloji durumda olduğunu düşündüyümüz bir çox insanlar var ki, əslində, heç də ilk baxışdan göründükləri kimi deyillər. Özlərini aparmalarında, hərəkətlərində qeyri-adekvatlıq sezilir, danışıqlarında anlaşılmazlıq, rabitəsizlik olur, sosiopatdırlar – cəmiyyətdə kəskin davranış pozğunluqları sərgiləyirlər. Nə qədər qəribə səslənsə də, mütəxəssislər arasında yayılmış belə bir deyim var:
"Psixoloq yanına gedən adamların əksəriyyəti həkimə müraciət etməyən, bayırda gəzib-dolaşan psixlərin ucbatından xəstə olan kəslərdir...”
Həddən artıq yüksək eqolu, xudpəsənd, "mən, mən” deməklə özünü hamıdan üstün, dəyərli görən insanlara narsist deyilir. Belə adamlar yerli-yersiz kimisə incidib-aşağılamaqdan, qabağındakına irad tutmaqdan, ələ salıb pərt eləməkdən çəkinmirlər. Narsistlər öz uğurlarını şişirdib, digərlərinin nailiyyətlərini heçə endirməyi sevirlər. Onlarda empatiya hissi – özünü qarşıdakıyla eyniləşdirmək, başqalarının yaşantılarını, ağrı-acılarını duymaq bacarığı zəif olur. Adətən, acidil, kobud, aqressiv, bəzən isə qəddar, amansız olan narsistlərə görə, dünya məhz onların ətrafında fırlanmalıdır. Daim diqqət çəkməyə çalışır, tez-tez özlərini tərifləməklə natamamlıq komplekslərini – dəyərsizlik, əskiklik duyğularını kompensasiya edirlər.
Dünyadakı milyardlarla insandan biri kimi, hər kəsin öz-özünə belə bir sual verməsi vacibdir: niyə məhz mən hamıdan üstünəm? Özümü misir fironları, roma sezarları kimi aparmaq haqqını kim mənə verib axı?! Həyatda hər kəs önəmli statusa, böyük hökm, qüdrət sahibliyinə yiyələnməyi arzulasa da, bir çox hallarda imkanlarımız buna uyğun gəlmir. Qabiliyyət və bacarıqlarla, belə demək mümkünsə, daxili və xarici resurslarla şəxsi ambisiyalar üst-üstə düşmür.
Bir-birini tamamlamayan şərtlər altında atılan bütün addımlar axır-əvvəl uğursuzluğa məhkumdur.
Narsistlər həyatdakı iddialarının, gözləntilərinin boş olduğunu illər ötüb yaşa dolduqca daha yaxşı anlamağa başlayırlar. Uğursuzluqlarının fərqinə varıb, səhvlərini gördükcə daha da aqressivləşir, günahı başqalarında axtarırlar. Mənalı-mənasız arqumentlərlə, hətta cəfəng-cəfəng konspiroloji səfsətələrlə təsəlli tapıb, günahı kiminsə, ya nəyinsə üstünə yıxmağa nə var ki?! Dünyadakı ədalətsizliklər, çevrəmizdəki insanlar, tale, qismət...
Narsisizmin yaxşı şey olmadığını hər kəs qəbul etsə də, kimsə özündə bu cür çatışmazlığın, mənfiliyin mövcudluğunu təsdiqləmək istəmir. Xəstəliyi müalicə etməkdən ötrü ilkin şərt düzgün müayinə - diaqnoz qoymaq olduğu kimi, insanın da içində nələrisə dəyişməsi üçün əsas amil, əvvəlcə, qüsurlarını, səhvlərini, ən azı, özünə etiraf etməsidir.
Həqiqətlərlə üzləşmək həqiqətlərdən qaçmaqdan dəfələrlə yaxşıdır.
Narsistlərə görə, başqa adamlar yoxdur. Digərləri, sadəcə, onların varlıqlarını təsdiqləyən bir faktor - güzgü rolunu oynayırlar. Bu gün sosial şəbəkələrdə durmadan paylaşım edən, layklar, ürəklər, kommentlər yağışına tuş gəlmək arzusuyla alışıb-yanan, hər anını göstərib, sanki cümlə-cahana "Dünyanın xoşbəxti mənəm, mən!” deyən "selfi nəsli”nin şöhrətpərəstliyi də bundan qaynaqlanır. Dekart indi yaşasaydı, deyərdi: "Şəbəkədəyəmsə, deməli, varam!”
Qaçaqaçlı, qovhaqovlu müasir dünyada hər addımbaşı bizə narsistik davranış modelləri təşviq edilir: uğur qazanmağı həyatın əsas kredosuna, meyarına çevirmək, rəqabət hissinin, əksər hallarda pul qazanmaq məcburiyyətinin təsiriylə həmişə harasa, nəyəsə tələsmək, hər vəchlə üzdə olub önə çıxmaq... Bənzər diktələrlə, impulslarla daim üstünlüyümüzü sübuta yetirməyə çalışırıq. Bunlar yaşamın reallıqları çərçivəsində vacib olsa da, ifrata varıldıqda insani-mənəvi dəyərlər deqradasiyaya uğrayır.
"Xoşbəxtliyin sirri uğurda, uğurun açarı isə daha çox çalışmaqdadır” tezisində, sözsüz ki, böyük həqiqət payı var. Amma digər sahələrdə olduğu kimi, burada da məsələnin fərqli-fərqli rakursları özünü göstərir. Uğur qazanmaqdan, xoşbəxtliyə çatmaqdan ötrü nəfəs dərmədən qaçarkən bəzən təngnəfəs olub boğuluruq. Bəlkə də, "kapitalizmin köləsi”nə, getdiyi yoldan heç bir zövq almayan, yalnız xəyali-absurd nəticəyə görə özünü fəda edən miskin, bədbəxt bir varlığa çevrilirik.
Bahalı smartfonlar, brend geyimlər, "super-full” maşınlar, dəbdəbəli evlər, villalar, lüks həyat, var-dövlət, şan-şöhrət... Yəni bunlara sahib olanlar doğrudanmı dünyanın ən xoşbəxti, bəxtəvəridirlər? Deyillərsə, onda bütün insanların böyük sərvətlərə can atmasında nə məna?
Günümüzdə texnologiyaların da təsiriylə sadə yaşam trendləri, tendensiyaları çox tez-tez dəyişib yenilənir. Bu nəfəskəsən, başgicəlləndirici "marafon”da başqalarıyla ayaqlaşıb bir yer tutmaq üçün tək fiziki yox, həm də zehni, mənəvi yük altında əzilirik. İnformasiya bombardmanlarıyla çaşdırılır, yalanla gerçəyin, virtuallıqla reallığın məngənəsində paranoyyaya qapılır, sosial-psixoloji təlatümlər keçirib, depressiyaya düşürük.
Bəzən zamandan geri qalmamağa çalışarkən zamanı əldən buraxdığımızın fərqinə varmırıq.
Qədim dövrlərdən bu yana, demək olar, bütün fəlsəfi sistemlərdə, dini-ideoloji konsepsiyalarda, ədəbi-psixoloji kitablarda belə bir fundamental prinsip qızıl xətlə keçir: özünü tanı!.. Özümüzü tanımırıqsa, beynimizdə baş verənlərə laqeyd münasibət göstərib, çatışmazlıqlarımızı görmək istəmiriksə, təkrar-təkrar eyni səhvləri buraxacağıq. Xətalarımız artacaq, onları düzəltmək imkanından məhrum qalacağıq.
Get-gedə düşüncələrinə, beyninə, dolayısı ilə də, danışığına, hərəkətlərinə nəzarəti itirən insanlar həm özlərinə zərər verirlər, həm də cəmiyyətə.
Daim nöqsanları ört-basdır etməklə təsəlli tapmaq, məsuliyyətdən qaçmağa çalışmaq fərdi inkişafın qabağını kəsir. Halbuki hər kəsin bir iradəsi var, tədricən də olsa, təfəkkürdə, xarakterdə dəyişikliklər edilə, eqoizm tərgidilə bilər. Özünü tanımaq, gerçək kimliyinlə üzləşib koqnitiv psixoterapiya üsullarındakı kimi, beynində gəzintiyə çıxmaq, düzəlişlər edib müdrikliyə, kamilliyə can atmaq, bəlkə də, insanlığın başlıca şərtidir.
Baxmayaraq ki, ideal görünmək ideal olmağa çalışmaqdan asandır, nəticəyə gedən yol görüntüdən yox, reallıqdan keçir.
Reallığı dərk edənlər, həyatda az-çox məna tapanlar anlayırlar ki, həmin o xülyasını qurduqları "alçaq dağlar”ı yaratmaq tək bir adamın gücü, bacarığı daxilində deyil. Zənn ediləndən qat-qat çətin olan bu işi qismən gerçəkləşdirmək üçün, insan həqiqətən böyüməli, yetkinləşməli, təqliddən əl çəkib ideallığa, mükəmməlliyə yaxınlaşmalıdır.