Stefan Sveyq. Səbirsiz ürək (romandan parça)

Stefan Sveyq. Səbirsiz ürək (romandan parça)

Hər şey o səhvdən başladı. İndi, aradan uzun illər keçəndən sonra o hadisəni ayıq başla fikirləşəndə başa düşürəm ki, bu sadəcə anlaşılmazlıq idi və istənilən adam belə səhv buraxıb şikəst qızı rəqsə dəvət edə bilərdi. Amma o vaxt hadisənin təsiri altında özümün nəinki sarsaq, həm də ürəksiz, kobud, heç nəyə yaramayan biri olduğumu hesab edirdim. Bu səhvi düzəldə bilərdim, amma mən qaçdım, hadisə yerindən qaçan cinayətkar kimi qaçdım, onun yerinə özümü təmizə çıxartmaq üçün izahat verə bilərdim.

Evin qabağında dayananda nə hisslər keçirtdiyimi dilə gətirə bilmirəm. Evdən musiqi səsi gəlmirdi, kvartet istirahət edirdi. Mənəsə elə gəlirdi ki, artıq bütün qonaqlar xəbər tutub, hamı incidilmiş qızı sakitləşdirməyə çalışır və şikəst qızı rəqsə dəvət edib sonra da qaçan qorxaq haqqaında xoşagəlməz şeylər danışır. Sabahsa – furajkanın altından alnımın necə tərlədiyini hiss etdim – bütün şəhər bu biabırçılıqdan xəbər tutacaq. Polkdakı dostlarım, Ferens Mıslivetslə Yoji gözümün qabağına gəldi, onlar deyəcəklər: "Hə, Toni, əcəb axmaqsan. Bircə dəfə qonaq getdin, bütün polku biabır elədin.” Bunu kazinoda aylarla müzakirə edəcəklər, axı bizdə hansısa zabitin buraxdığı səhv illərlə yaddan çıxmır. Aradan on altı il keçməyinə baxmayaraq, rotmistr Volınskinin başına gələn hadisəni polkda hələ də danışırlar. O bir dəfə Vyanadan qayıdanda deyibmiş ki, orda qrafinya T. ilə tanış olub və elə birinci gecəni onun yataq otağında keçirdib. Ancaq iki gündən sonra Vyanadakı qalmaqal haqda qəzetlərdə yazdılar, məlum oldu ki, o əslində qrafinyanın işdən qovduğu qulluqçusu imiş, özünü qrafinya kimi qələmə verirmiş. Bizdə kimin başına bu cür hadisə gəlsə, o yaddan çıxmır, onu bağışlamırlar. Mənsə özümü yaxşı tanıyırdım, polkda bilsəydilər, yoldaşlarımın lağına davam gətirə bilməyəcəkdim.

Kazarmaya necə çatdığım yadımda deyil. Bircə onu bilirəm ki, otağa girən kimi qonaqlar üçün saxladığım içkini şkafdan çıxartıb iki-üç stəkan içdim. Sonra elə paltarla yerimə uzanıb baş verənlər haqqında fikirləşmək istədim. Amma fikrimi cəmləyə bilmirdim, qızın qorxunc siması gözlərimin qabağından getmirdi. Arabir məni yuxu aparırdı, onda da qızın atasının hirslə üstümə gəldiyini görüb dəhşət içində oyanırdım.

Xoşbəxtlikdən səhər açıldı. Dəhlizdən ağır çəkmələrin tappıltısı eşidilməyə başladı. Gün çıxan kimi fikirlər də aydınlanır. Bəlkə hələ də ümid yeri qalıb, deyə öz-özümə fikirləşdim. Bəlkə heç kim heç nə  başa düşməyib? Amma yazıq şikəst qız bunu heç vaxt unutmayacaq! Birdən ağlıma bir fikir gəldi. Tez saçımı darayıb mundirimi geyindim, denşikmun yanından qaça-qaça keçdim, o isə dalımca pis bildiyi alman dilində qışqırdı:

- Pane leytenant! Pane leytenant, kofe hazırdır!

Mən pilləkanlardan qaça-qaça düşdüm, hələ yarıçılpaq olan həyətdəki ulanlar qırağa çəkilib yol verdilər. İki-üç addım və mən artıq qapıda idim. Ratuşi meydanındakı gül dükanına qaçırdım. O qədər tələsirdim ki, saat altının yarısında dükanların hələ bağlı olduğu yadımdan çıxmışdı, amma xoşbəxtlikdən frau Qurtner həm də tərəvəz alverçisi idi. Qapıda kartof yüklənmiş arabanı görən kimi qapını döydüm, tezliklə pilləkanlardan düşən sahibənin ayaq səslərini eşitdim. Tələsik bəhanə uydurdum: Lap yadımdan çıxıb, bu gün dostumun doğum günüdür. Yarım saatdan sonra çıxışa gedirik, mənsə ona gül göndərmək istəyirəm. Ən yaxşılarını və mümkün qədər tez! Hələ gecə köynəyində olan sahibə piştaxtanı açıb var-dövlətini mənə göstərdi: bir buket qızılgül. Neçə dənə alacağam? Hamısını, hamısını alıram! Elə-belə büküm, yoxsa səbətə qoyum? Əlbəttə ki, səbətə qoyun. Dəbdəbəli sifarişə maaşımdan qalan pulun hamısını verməli oldum, ayın axırına qədər axşam yeməyindən və kafeyə getməkdən imtina etməliydim, ya da borc almalıydım. Amma bunun mənim üçün fərqi yoxdur, hətta bu qədər xərcə düşdüyümə sevindim, ay axmaq, öz-özümə dedim, hərəkətlərinin qarşılığını vermək lazımdır. Hə, hər şey hazırdır, ən yaxşı qızılgüllər artıq səbətdədir. İndi onları göndərəcəklər. Frau Qurtner küçəyə çıxıb dalımca nəsə qışqırdı. Gülləri hara və kimə göndərmək lazımdır? Axı cənab leytenant heç nə demədi. "Axmağın yekəsiyəm!” – öz-özümü söydüm. Həyəcandan ünvanı demək yadımdan çıxmışdı.

- Kekeşfalvanın villasına. Freyleyn Edit fon Kekeşfalvaya!

Qızın adını çəkən kimi, onun qorxmuş siması gözümün qabağında peyda oldu.

- Hə, əlbəttə, əlbəttə, xanım fon Kekeşfalva. – Frau Qurtner qürurla dedi. – Bizim ən yaxşı müştərimizdir.

Daha bir sual (mən artıq getməyə hazırlaşırdım): nəsə qeyd yazmaq istəmirəm ki? Yazmaq? Hə! Gülləri kim göndərib? Yazmasam hardan biləcək?

Yenə dükana girib vizit kartımı çıxartdım, dal tərəfinə yazdım: "Xahiş edirəm məni bağışlayasınız.”

Yox, belə yazmaq olmaz. Bu daha bir axmaqlıq olar, nə üçün öz səhvimi onun yadına salım? Bəs nə yazım? "Səmimi qəlbdən təəssüflənirəm.” Yox, bu da yaramaz. Üstəlik xətrinə dəyər, elə bilər ona yazığım gəlir. Yaxşısı heç nə yazmayım.

- Səbətə ancaq vizit kartımı qoyun, frau Qurtner, sadəcə kartımı.

Ürəyim yerinə gəldi. Tez kazarmaya qayıtdım, kofemi içdim, səhər məşğələsini keçirtdim. Deyəsən bir az hirsli və dalğın idim, amma orduda hansısa leytenantın kefinin olmamağına çox fikir vermirlər. Çox zabitimiz Vyanadan gecə elə yorğun qayıdır ki, məşğələ vaxtı atın üstündə yatır. Əslinə qalsa, başımın qarışdığına sevinirdim. Ulanlara əmr verib təlim meydançasına getdim. Xidmət müəyyən mənada fikrimi dağıdırdı.

Günorta kazinoya gedəndə denşikimin səsini eşitdim: "Pane leytenant, pane leytenant!” Denşikim qaçıb mənə çatdı, zərfi uzatdı. Uzunsov, üstündə gerb olan zərfdir. Zərfdən ətir iyi gəlir. Ünvan aydın xəttlə yazılıb, qadın imzasıdır! Səbirsizliklə zərfdən mavi ingilis kağızını çıxartıb oxudum:

 

"Layiq olmadığım güllərə görə səmimi qəlbdən təşəkkür edirəm, cənab leytenant! Onlar mənə həzz verdilər və verməyə davam edirlər. İstədiyin gün axşam bizə çay içməyə gəlin. Əvvəlcədən xəbər vermək lazım deyil. Mən – təəssüf ki – həmişə evdəyəm.

Edit F.K.”

 

İncə xətti var. Qızın incə barmaqları və hirsdən qızaran üzü yenə yadıma düşdü. Məktubu bir neçə dəfə oxudum, bu bir neçə sətir mənə rahatlıq gətirdi. Mənim axmaqlığım haqda necə də sadədilliklə susdu! Və eyni sadədilliklə öz şikəstliyinə işarə vurdu: "Mən – təəssüf ki – həmişə evdəyəm.” Bundan daha artığını istəyə bilməzdim. Zərrə qədər inciklik əlaməti yoxdur. Çiynimdən yük götürüldü. Özümü ömürlük həbsə məhkum olunacağını gözləyən məhkum kimi hiss edirdim, hakimsə ayağa durub bəraət qazandığımı dedi. Əlbəttə ki, elə bu həftə ona təşəkkür etməyə gedəcəyəm. Bu gün cümə axşamıdır. Deməli bazar günü. Yox, şənbə daha yaxşıdır!

 

 

Amma sözümün üstündə dayana bilmədim. Çox səbirsiz idim. Orda nələr baş verdiyini öyrənmək istəyi mənə rahatlıq vermirdi. Həm də xəbər yayılsaydı, kafedə, ya da kazinoda məndən soruşsaydılar ki: "Kekeşfalvalargildə nə baş verib?” – açıq alınla cavab vermək istəyirdim: "Çox gözəl adamlardı, elə dünən də ordaydım.” Onda boynumdan tutub bayıra atmadıqları məlum olardı. Bircə bu biabırçı hadisənin nöqtəsini qoya bilsəydim. Rahatlıq tapa bilmədiyim üçün elə növbəti gün ora getdim, cümə günü. O axşam dostlarım Yoji və Ferenslə Korsoda gəzirdik. Birdən getmək qərarına gəldim, dostlarımla sağollaşıb ayrıldım.

Kekeşfalvaların villası çox uzaq deyildi, yaxşı addımlarla getsən yarım saata çatmaq olardı. Əvvəlcə şəhərin içiylə beş dəqiqə gedirdin, sonra tozlu yol başlanırdı, bu yol məşğələ meydançasına qədər uzanırdı, biz hər gün bu yolu gedib-gəlirdik, atlarımız artıq buranın hər daşını, hər döngəsini yaxşı tanıyırdı, atı başlı-başına buraxsaydın da özü gedəcəkdi. Sonra sola dönürdün, burdan şabalıdlıq başlayırdı, bu yoldan piyadalar da, ekipajlar da nadirən istifadə edirdi.

Qəribədir, villaya yaxınlaşdıqca iradəm itirdi. Elə bil diş həkiminin qapısında dayanmısan, özlüyündə götür-qoy edirsən ki, bəlkə həkim çağırmamış çıxıb gedim? O vəziyyətdə idim. Doğrudan da, bu gün getmək belə vacibdir? Axı o balaca məktubla incimədiyini bildirib. Artıq addımlarım yavaşımışdı. İradəm get-gedə zəifləyirdi. Nəhayət, evə girməmişdən qabaq evin ətrafında bir az gəzişmək qərarı aldım.

Ev barokko üslubunda tikilmiş uzunsov birmərtəbəli bina idi. Qədim Avstriya stilində rənglənmişdi. Daş divardakı deşiklərdən baxanda gördüm ki, həyətin başında başqa tikililər var, bunlara gecə fikir verməmişdim, çox güman bu otaqlar qulluqçular və atlar üçün tikilmişdi. Yox, Kekeşfalvanın villası içəridən göründüyü kimi müasir bina deyilmiş, bu elə qədimi zadəgan evidir. Bircə evin yanındakı hündür qüllə qəribə təsir buraxır, görünüşündən campanile`yə (zəng qülləsi – it.) oxşayır, ola bilsin o çox-çox illər qabaq burda olan qaladan qalıb. Bu qüllə təlim meydançasından görünürdü və mən elə bilirdim ki, o kənd kilsəsinin zəng qülləsidir.

Nəhayət, hasar bpyu gəzib yenə qapının qabağına gəldim. Özümü ələ alıb xiyabandan keçdim, ənənəyə görə ev qapısının üstündən asılan bürünc çəkiclə qapını döydüm. O saat lakey çıxdı. Qəribədir, o xəbərdarlıqsız gəldiyimə zərrə qədər də təəccüblənmədi. Heç verməyə hazırlaşdığım vizit kartımı da almadı, təzim edib məni qonaq otağına dəvət etdi. Xanımlar indi öz otaqlarındadır, amma indicə gələcəklər. Lakey məni qonaq otağına dəvət edib getdi. Budur, o gecə vals oynadığımız iri otaqdaydım. O biabırçı hadisənin baş verdiyi otağın qapısına tərəf baxmağa çəkinirdim. Amma tezliklə ordan gələn səslər diqqətimi çəkdi. Kimlərsə alçaqdan danışa-danışa stulları düzürdülər, ehtiyatla hərəkət etməklərinə baxmayaraq ayaq səsləri də eşidilirdi. Gözləyə-gözləyə qonaq otağına nəzər saldım: Louis Seize (Onaltıncı Lüdovik – it.) stilində möhtəşəm mebel düzülüb, sağda və solda qədimi heykəllər qoyulub, birbaşa parka aparan yola açılan şüşə qapının yanlarında isə Canale grande (Böyük kanal – it.) və Piazza San Marco (Müqəddəs Mark meydanı – it.) mənzərəli iki rəsm əsəri asılıb. Belə şeylərdən başım çıxmır, amma zənnimcə bahalı rəsmlərdir. Belə şeylərə çox marağım olmadığından təzədən içəri otaqdan gələn səslərə qulaq asmağa başladım.

Düzülən nimçələrin səsi gəldi. Sonra elə bil qapı açıldı və qoltuq ağaclarının yüngül tıqqıltısını eşitdim.

Sonra qapı açıldı və İlona çıxdı.

- Cənab leytenant, nə yaxşı gəldiniz! – Bunu deyən kimi məni artıq tanış olduğum otağa apardı. Həmin küncdə, həmin kresloda, həmin dairəvi stolun dalında (nə üçün məni məhz bu otağa gətirdilər?) xəstə qız oturmuşdu, ayaqlarının üstünə ağ xəz ədyal salmışdılar. Edit oturduğu yerdən təbəssümüylə məni salamladı, şübhəsiz bunu əvvəlcədən hazırlamışdı. Amma hələ də o hadisənin ağırlığı üstümüzdə qalmışdı. Editin əlini mənə uzadanda o hadisəni fikirləşdiyini hiss etdim. Deyəsən heç birimiz danışmağa cəsarət edə bilməyəcəyik.

Xoşbəxtlikdən İlona sükutu pozdu:

- Cənab leytenant, sizə nə təklif edək, çay yoxsa kofe?

- Sizə necə uyğundursa.

- Yox, siz hansını daha çox xoşlayırsınız? Amma düzünü deyin, xahiş edirəm.

- Onda kofe, zəhmət olmasa. – Səsimin titrəmədiyinə sevinirdim.

İlona öz sualıyla gərginliyi aradan qaldırmışdı. Amma gərək qulluqçuya göstəriş vermək üçün otaqdan çıxmayaydı. Qurbanımla təkbətək qalmaq xoşagəlməz vəziyyət idi. Nəsə demək lazım idi, tout prix (nə olur olsun – fr.) söhbətə başlamaq lazım idi. Boğazımda nəsə düyünlənmişdi, danışa bilmirdim, heç ona tərəf baxmırdım da, elə bilər ayaqlarına baxıram. Yaxşı ki, Edit özünə daha çox hakim idi.

- Oturun, cənab leytenant. Bu krelonu özünüzə tərəf çəkin, bax bunu. Nə üçün qılıncını çıxartmırsınız? Biz ki vuruşmağa hazırlaşmırıq... Onu... bax ora, stolun üstünə, ya da pəncərənin qabağına qoyun, hara istəyirsiniz.

Kreslonu özümə tərəf çəkib oturdum. Amma hələ də özümü ələ ala bilməmişdim. Edit bu dəfə də köməyimə çatdı.

- Mən hələ sizə möhtəşəm güllərə görə təşəkkür etməmişəm... Onlar həiqətən möhtəşəmdirlər, baxın görün vazda necə gözəl görünürlər. Bir də... birdə axmaq hərəkətimə görə sizdən üzr istəməliyəm... özümü çox pis apardım... sonra bütün gecəni yata bilmədim, çox utanırdım... Siz axı məni incitmək istəməmişdiniz, siz axı hardan biləydiniz?.. Bundan başqa... – o bərkdən güldü, - siz mənim ürəyimdən keçəni oxudunuz. Özüm bilə-bilə bu cer oturmuşdum ki, oynayanları görüm və siz mənə yaxınlaşanda mən məhz oynamaq istəyirdim. Rəqsdən ötrü ürəyim gedir. Saatlarla rəqs edən adamlara baxa bilərəm. Doğrudan. Onda mənə elə gəlir ki, mən özüm oynayıram, mən axı uşaqlıqda oynamağı çox xoşlayırdım, yaxşı da oynayırdım... gecələr yuxuda tez-tez oynadığımı görürəm... Hə, gülməli olsa da, mən yuxuda rəqs edirəm. Bəlkə də bu atam üçün daha yaxşı oldu, yəni belə olmağım, yoxsa çox güman evdən qaçıb balerina olacaqdım... Özünüz fikirləşin, oynamağınla, hərəkətlərinlə hər gücə yüzlərlə adamı heyran eləmək... möhtəşəm hiss olmalıdır. Yeri gəlmişkən, mən axı böyük balerinaların şəkillərini yığıram. Məndə hamısının kartları var – Saqarenin, Pavlovanın, Karsavinanın. Bütün rollarını yığmışam. Dayanın, indi sizə göstərəcəyəm... onlar mücrüdədir... orda, kaminin üstündə... Çin mücrüsündə... Yox, o yox, solda, kitabların yanındakı... Yaman astagəlsiniz! Hə, o! (Nəhayət mücrünü tapıb ona gətirdim.) Üstdəki ən sevimli kartımdır, Pavlova, ölən durna... Ah, əgər ömrümdə bircə dəfə gedib ona baxa bilsəydim, o ən xoşbəxt günüm olardı!

İlonanın bayaq çıxdığı qapı yavaş-yavaş açıldı. Edit cinayət başında yaxalanan adamlar kimi tələsik mücrünü bağladı. Mənə dedi:

- Sizə danışdıqlarımı onlara deməyin! Bircə kəlmə də!

Qapını açan qoca lakey imiş. Onun dalınca İlona balaca çay stolunu içəri sürdü. O kofe süzüb yanımızda oturdu, İlona gələn kimi özümü daha rahat hiss etdim. Çay stoluyla içəri girən və indi də ayaqlarıma dolaşan böyük pişik söhbətə rəvac verdi. Sonra sorğu-sual başlandı: bura haçan gəlmişəm, qarnizon həyatı necədir, leytenant filankəsi tanıyıram ya yox, Vyanaya tez-tez gedirəm, yoxsa yox. Beləliklə aramızda adi söhbət başlandı və mənim həyəcanım yavaş-yavaş əriyib getdi. Arada qızlara baxırdım, İlona artıq qadın idi, Edit isə onun yanında uşağa oxşayırdı. Biriylə öpüşmək, rəqs etmək istəyirdin, o birini isə əzizləmək.

Aradan bir saat, bəlkə də saat yarım keçdi. Birdən qonaq otağından kimsə səssiz addımlarla bizim otağa gəldi, elə ehtiyatla hərəkət edirdi ki, elə bil bizə mane olmaqdan qorxurdu. O Kekeşfalva idi.

- Oturun, xahiş edirəm narahat olmayın. – Mənim ayağa durmaq istədiyimi görüb durmağa qoymadı, sonra əyilib qızının alnından öpdü. Əynində həminki sürtukla dəbi keçmiş qalstuk vardı (onu heç vaxt başqa geyimdə görmədim), nüfuzedici baxışlarından həkimlərə oxşayırdı. Doğrudan da, həkim xəstənin çarpayısına necə ehtiyatla oturursa, o da elə ehtiyatla qızının yanında oturdu. O içəri girən kimi elə bil hamımız kədərləndik. Bayaqdan şən keçən söhbətimizin ritmi pozuldu. Deyəsən özü də bunu hiss etdi və söhbəti canandırmaq üçün cəhd göstərdi. O da məndən xidmətimin necə keçdiyini, rotmistrlə tanış olub-olmadığımı, indi nazirlikdə işləyən əvvəlki polkovniki tanıyıb-tanımadığımı soruşdu. Bilmirəm nə üçün, amma polkumuzdakı yüksək çinli zabitlərlə tanış olduğunu deyəsən xüsusi vurğuladı.

On dəqiqə də oturum, sonra gedərəm, deyə fikirləşdim. Elə bu vaxt yavaşdan qapı döyüldü, lakey ehtiyatla, barmaqlarının ucunda otağa girib Editin qulağına nəsə pıçıldadı. Edit hirslə dedi:

- Qoy gözləsin. Ya da yox, ona deyin bu gün məni rahat buraxsın. Getsin, o mənə lazım deyil.

Hamımız onun qızğınlığından utandıq. Çox oturdum, deyib ayağa durdum. Amma Edit lakeyin üstünə qışqırdığı kimi mənim də üstümə qışqırdı:

- Yox, dayanın! Bunlar hamısı boş şeylərdi.

Düzünə qalsa, bu cür tonla danışmaq tərbiyəsizlik idi. Deyəsən atası da bundan narahat olmuşdu, yazıq-yazıq dedi:

- Edit, axı...

Edit elə bil atasının və mənim özümüzü itirdiyimizi indi gördü, özünə hakim ola bilmədiyini başa düşüb mənə dedi:

- Məni bağışlayın, amma Yozef gözləyə bilərdi. Xüsusi heç nə yoxdur, o masajistdir, mənimlə hər gün gimnastika edir. Boş-boş şeylərdir – bir-iki, bir-iki, yuxarı, aşağı – və gözəl günlərin birində mən sağalacağam. Əziz həkimimizin ən yeni tapıntısı. Əslindəsə əziyyətdən başqa bir şey deyil. Bunun da xeyri yoxdur. Heç nəyin xeyri yoxdur.

Qız atasına baxdı, onu günahlandırdığı məlum idi. Atası utana-utana (məndən utanırdı) ona tərəf əyildi:

- Qızım... sən doğrudan fikirləşirsən ki, Kondor həkim...

Amma atası sözünü yarım kəsdi, çünki Editin dodaqları titrəməyə başladı. O gün də əvvəlcə dodaqları titrəmişdi, təzədən tutmasının tutacağından qorxdum. Amma o qızarıb gözlənilmədən deyingən tonla dedi:

- Yaxşı, siz deyən olsun, gedəcəyəm. Üzr istəyirəm, cənab leytenant, ümid edirəm sizi tezliklə bir də görə biləcəyəm.

Mən təzim edib getməyə hazırlaşdım. Edit təzədən fikrini dəyişdi:

- Ya da yox, yaxşısı atamla qalın.

Səsi amiranə çıxdı. Sonra o stolun üstündəki balaca bürünc zınqırovu götürüb çaldı, sonralar fikir verdim ki, Edit lazım olanda kimisə çağırsın deyə evdəki bütün stollaın üstünə belə balaca zınqırovlar qoyulub. Zınqırov çalınan kimi bayaq gələn lakey otağa girdi.

- Kömək elə! – O dizlərinin üstündəki xəz ədyalı atıb dedi. İlona ona tərəf əyilib nəsə pıçıldadı, amma Edit hirslə dedi. – Yox, Yozef mənə ancaq qalxmağa kömək edəcək. Mən özüm gedəcəyəm.

Lakey ona tərəf əyilib qoltuğundan tutdu və qızın yüngül bədənini qaldırdı, lakeyin buna artıq adət etdiyin görünürdü. Edit ayağa durub kresloya söykəndi, sınayıcı nəzərlərlə hamımıza bir-bir baxdı, sonra ədyalın altında gizlətdiyi qoltuq ağaclarını götürüb dodaqlarını dişlədi və bədənini qabağa atmağa başladı. Tıqqıltı sala-sala qapıya tərəf getməyə başladı, lakey isə əllərini yana açıb yıxılsa hər an onu tutmağa hazır vəziyyətdə dalınca gedirdi. Mən səsləri, Editin nəfəs almağını eşidirdim, amma ona baxmağa cəsarətim çatmırdı, ürəyim bərkdən döyünürdü.

Qız otaqdan çıxdı, qapı bağlandı. Bütün səslər kəsiləndən sonra gözlərimi yerdən qaldırdım. Kekeşfalva pəncərənin qabağına gedib diqqətlə harasa uzağa baxırdı, onun yerindən durduğunu hiss eləməmişdim. Onun titrəyən çiyinlərini görürdüm. Hər gün bu mənzərəni görməyə öyrəşmiş ata da mənim kimi ruhən çökmüşdü.

Elə bil otağın havası soyumuşdu. Bir neçə dəqiqə sonra Kekeşfalva mənə tərəf dönüb buz üstündə gəzirmiş kimi ehtiyatla addım ata-ata yaxına gəldi.

- Cənab leytenant, xahiş edirəm qızıma acığınız tutmasın... o bu illər ərzində az çəkməyib... Nəsə eləmək istəyirik, amma irəliləyiş demək olar ki, yoxdur. O səbrini itirib, onu başa düşürəm. Amma nə etmək olar? Gərək hər yola əl ataq, hər şeyi yoxlayaq.

Qoca çay stolunun yanında dayandı. Danışdığı vaxt mənə baxmırdı, sonra qənddandan bir parça qənd götürüb barmaqlarının arasında oynatdı, təzədən qənddana atdı. Bu vaxt o sərxoş adamlara oxşayırdı. Amma yenə mənə baxmadı, stolun üstündə nəsə nəzərini cəlb edirdi elə bil, stola baxmağa davam edirdi. Sonra çay qaşığını əlinə götürüb təzədən yerinə qoydu, qaşığa baxa-baxa danışmağa başladı, elə bil qaşığa müraciət edirdi:

- Onu əvvəllər görəydiniz! Bütün günü evdə obaşdan-bubaşa qaçırdı. On bir yaşı olanda ponisini dördnala çapırdı, heç kim ona çata bilmirdi. Biz – mənimlə mərhum həyat yoldaşım ona görə çox qorxurduq, o çox ehtiraslıydı, qanı qaynayırdı... Bizə elə gəlirdi ki, o əllərini açsa uçacaq... Və bu hadisə də onun başına gəldi, məhz onun...

Çal saçlı başı bir az da aşağı əyildi. Əsəbi barmaqları hələ də çay stolunun üstündə gəzib müxtəlif əşyaları götürürdü, indi də qənd qayçısını götürüb stolun üstündə müxtəlif fiqurlar cızmağa  başladı. Onu başa düşürdüm, o gözümün içinə baxmağa utanırdı.

- Amma indi onu sevindirmək çox asandır. Hər xırda şeyə görə uşaq kimi sevinir. O indi hər yüngül zarafata gülə bilər, istənilən kitab onu valeh eləyə bilər. Siz onu göndərdiyiniz gülləri alanda görəydiniz, elə vəcdə gəlmişdi ki... Elə bilirdi sizi incidib... O hər şeyi bizdən daha yaxşı başa düşür, hiss eləyir. Əminəm ki, baş verənlərə görə o bizim hamımızdan çox narahatdır. Amma onun da səbrinin qədəri var, həmişə səbr edə bilməz axı. Tanrı ona qarşı ədalətsizlik elədi, axı o heç nə eləməmişdi... heç kimə pislik eləməmişdi...

O hələ də qənd qayçısıyla cızdığı fiqurlara baxırdı. Sonra elə bil özünə gəldi, öz-özüylə yox, tamam yad biriylə danışdığını başa düşdü, qayçını stolun üstünə qoyub başını qaldırdı, zəif, amma ötkəm səslə dedi:

- Bağışlayın, cənab leytenant... Nə üçün öz dərdimlə sizi narahat elədim axı? Sadəcə... istəmirəm onun haqqında pis fikirləşəsiniz... Sizə izah etmək istəyirdim ki...

Heç bilmirəm onun sözünü kəsmək cəsarətini hardan tapdım. Ayağa durub ona yaxınlaşdım və əlindən tutdum. Heç nə demədim. Sadəcə onun qoca, damarları çıxmış, titrəyən əlini tutub sıxdım. O heyrətlənib başını qaldırdı, əmin olmayan nəzərlərlə mənə baxdı. Nəsə deyəcəyindən qorxurdum. Amma o da danışmadı. Getdikcə daha çox həyəcanlanırdım, buna görə də təzim edib çıxdım.

Dəhlizdə lakey şinelimi geyinməyə kömək etdi. Birdən hardansa hava vurduğunu hiss elədim. O tərəfə baxmasam da, Kekeşfalvanın mənə təşəkkür etmək istədiyini və çıxıb qapıda dayandığını başa düşdüm. Amma mən hissiyyata qapılmaqdan qorxurdum. Ona görə də o tərəfə baxmadım, elə bil heç nə hiss eləməmişəm və tələsik bu bədbəxt evdən çıxıb uzaqlaşdım.

Növbəti səhər, hələ alaqaranlıqda, şəhər camaatı yatan vaxt adəti üzrə bölüyü təlim meydançasına apardım. Polkdan çıxıb çaparaq meydançaya gəldik. Mən qabaqda çapırdım. Mən at çapmağı sevirəm, ehtirasla sevirəm. Ulanlar da mənə baxıb həvəsə gəlirdi. Meydançaya çatdıq. Burdan Kekeşfalvanın evi görünürdü. Birdən-birə at çapmaq həvəsim öldü. "Bəlkə Edit pəncərədən bura baxır? – deyə fikirləşdim. – Bir dəfə onu rəqsə dəvət etməklə təhqir etmişəm, bəlkə indi də at çapmaqla onun yarasını təzələyirəm?” Bölüyə dur əmri verib atdan düşdüm. Ulanlar təəccüblə mənə baxırdılar. Məndən yenə də "Çaparaq!” - əmrini gözləyirdilər. Amma əbəs yerə. Beynimdə fikirlər bir-birinə qarışmışdı. At çapmağı ehtirasla sevən, balet oynamağı arzulayan qız yadımdan çıxmırdı. Sağlamlığımdan utanırdım. Amma tezliklə öz-özümə dedim: "Mənim belə etməyimlə qız sağalmayacaq. Boş şeylərdir hamısı!” Ata minib əmr verdim: "Çaparaq irəli!”

 

 

Tərcümə: Həmid P.