Xalq, millət, yoxsa cəmiyyət? Bir qarışıqlığın dumanında
FƏLSƏFƏ
- 15.01.2019
- 0 Şərh
- 33672 Baxış
"Xalq” və "cəmiyyət” anlayışları Azərbaycanda bir sıra hallarda bir-birinin az qala sinonimi, əvəzi kimi başa düşülür və işlənilirlər. "Azərbaycan xalqı” ilə "Azərbaycan cəmiyyəti”nin qarışıq salınması – təkcə dil və yaxud terminologiya qarışıqlığı deyil, anlağımızdakı dumandır da. Bu qatı dumanı kiçik bir yazıyla bütövlükdə dağıtmaq mümkün olmayacaqsa da, ən azından belə bir problemin varlığına azacıq işıq düşmüş olacaqdır.
BİRİNCİ HİSSƏ
Anlayışların izahına dildən – sözlərin izahından başlamaq ən uğurlu başlanğıclardan biridir.
Xalq sözü – ərəbcə deyildir, özümüzün "qalaq”, daha qədim formasıyla desək, "qalanaq” sözümüzdür. Od qalayıb, o odun çevrəsində qalaqlanan insanlar deməkdir.
Ərəbcədə bir qom adam, millət, xalq, qəbilə kimi mənalar bildirən "qoum” (قوم) sözü – elə özümüzün "qamu” (hamı) sözümüzdür. Azərbaycan orfoqrafiyasında "v” ilə "qövm” kimi yazılaraq daha da tanınmaz hala salınan "qoum” – qamu (hamı) – eyni "qam”dan qopanlar, başqa sözlə, eyni ananın qarnından doğulan qarındaşlardır. Bizim fikrimizcə, "qohum” (qahım) sözünün də etimologiyası "qamu” (hamı) sözünə bağlıdır. Qohum-qardaş – qam-qarındaşdır. Görünür, biz ərəbcədən "millət” sözünü almamışdan qabaq, "qam” sözünü işlədirdik. Qam sözü bizə qam-şaman və midiyalı məşhur maq "Qam Ata” (Qaumata) – yəni, millət atası – adından tanışdır. Qam – hamılıqla bir-birinə qohumluqdur, bu, elə millət deməkdir. Kaş, 19-cu əsrdə Avropadan gələn "nation” (nasionalizm) sözü dilimizə "qam” sözüylə çevriləydi.
Ərəb dilində millət və eyni dinə etiqad edənlər mənalarını bildirən "umma” (امة) sözü – ana mənası bildirən "umm” (ام) sözündən yaranıb. "Ümumi” sözü də buradan törəyir. Ancaq türk dillərində də, məsələn, elə Azərbaycan dilində (Şamaxıda, Salyanda və b.) anaya "məmə”, türkməncədə "əmə”, çuvaşcada "ama” (<Umay) deyirlər. Ümmət sözü də bir anadan doğulanlar deməkdir. Qam, qamu sözləriylə məmə, əmə, ana sözləri – etimolojiq baxımdan eyni sözdürlər.
Ərəbcə sayılan qəbilə (قبيلة) sözü də bizim göbək sözümüzdən başqası deyildir. Qəbilə – bir göbəkdən doğulub-törəyənlər deməkdir.
Qədimdə insan birliklərinin, qohumluğun və yaxud qandaşlığın dişilikdən, ulu anadan, ulu nənədən götürülməsi təəccüblü olmamalıdır. Elmdə buna matriarxat adı verilir. Azərbaycan kəndlərində indi də nəsillər – "tirə”, "göbək”, "turuq” kimi sözlərlə bildirilir ki, bu sözlərin də hər biri analıqla, doğulub-törəməklə əlaqədardır. Latınca sayılan nation sözünün də etimonu "qnatus” – doğulanlar deməkdir.
Millət sözünə gəldikdə, bu söz islamdan sonrakı – yəni indiki – ərəbcədə eyni etiqadı bölüşənlər, dindaşlar deməkdirsə də, aramey dillərində millət sözünün etimonu "malel” – danışmaq, söyləmək kimi dünyəvi mənalar bildirir. Belədə, əslində millət – bir-birlərini eyni bir dillə başa düşənlər, eyni dildə danışanlar, bir sözlə, dildəşlik deməkdir. Bu dil isə ana dilidir. Deməli, millət – bir ulu ananın dilində danışanlardır. Fransız inqilabından sonra dəbə minən "nation” sözü dilimizə "millət” sözüylə, "nasionalizm” də "millətçilik” kimi tərcümə edilərkən, maraqlıdır ki, millət sözünün ərəbcədəki dini mənası yox, aramey dillərindəki dünyəvi mənası əsas götürülmüşdür.
İKİNCİ HİSSƏ
Qısa etimolojiq izahdan sonra artıq xalq, millət və cəmiyyət anlayışlarının izahına keçmək olar.
Dilimizdə "xalq” sözünün başlıca iki mənası vardır: "Xalq”ın bir mənası – demosdur. Demos – bir dövlətin əhalisi, bütün vətəndaşları deməkdir; onda "Azərbaycan xalqı” – Azərbaycanda yaşayan təxminən on milyonluq əhalidir. Lakin o biri tərəfdən "milli dövlət” (hər millətin bir dövlətə sahib olması və hər dövlətin bir millət tərəfindən qurulması) anlayışına görə, dövləti olan xalq – buna "dövlət xalqı” (Staatsvolk) da deyilir – millət adlandırıldığından, həmin bu on milyonluq xalq həm də millətdir.
Milli dövlət konseptinə görə, millət – dövlətin adı kimidir. Misal üçün, Almaniya Federativ Respublikası dövləti alman millətinin adınadır, bu dövlətin bütün vətəndaşları "doyç”, yəni alman adlanır, halbuki, onların heç də hamısı genetik baxımdan "doyç”, yəni alman deyillər. Rusiya da bu cürdür, İngiltərə də və s. Azərbaycan Respublikası dövləti isə – Amerika, Kanada, Avstriya və s. kimi – heç bir millətin adına deyildir.
Xalq və millət sözləri sinonim olmaqlarına baxmayaraq, Azərbaycanda xalq sözü millət sözündən daha çox işlənilməkdədir. Çünki xalq sözündə neytrallıq vardır, bir-birinə özgələr də bir odun çevrəsinə qalaqlanıb qalaq (xalq) ola bilərlər. "Millət” sözünü işlədəcəksənsə, gərək millətin adını deyəsən. "Azərbaycan xalqı” ifadəsi – "Azərbaycan dili” ifadəsinin əkiz tayıdır. Belə ki, "Azərbaycan” coğrafi məkanın adı olduğu üçün "Azərbaycan dili” ifadəsindən bu dilin linqvistik tərkibi – hansı dil olması – bilinmədiyi kimi, "Azərbaycan xalqı” ifadəsindən də bu xalqın etnik tərkibi – hansı millət olması – bilinməməkdədir.
"Xalq”ın ikinci mənası – etnosdur. Etnos – ana dili birliyidir, qandaşlıqdır, genetik ortaqlıqdır, ulu bir anadan – qamdan – törəyən qarındaşlıqdır. Misal üçün, biz "On milyonluq Azərbaycan xalqı” dedikdə, özümüzü avar, xınalıq, ləzgi, qrız, kürd, saxur, tat, talış, udin, yəhudi və başqalarından ayırd etmiş olmur və dövlətin əhalisi, vətəndaşları mənasında "demos”u, yəni milləti nəzərdə tutmuş oluruq; ancaq "Biz dünyada əlli milyonluq xalqıq” dedikdə isə özümüzü başqa bütün millətlərdən ayırd etmiş olur və "xalq” sözünü bu dəfə "etnos” mənasında, yəni genetik qohumluq baxımından millət mənasında işlədirik. Beləliklə, xalq millətdir – ya vətəndaş kimi dövlət birliyi mənasında, ya da genetik qohumluq kimi əcdad birliyi mənasında.
Millət anlayışı da ikimənalıdır: 1) Etnik, yəni genetik qohumluq mənasında millət anlayışı və 2) eyni dövlətin xalqı, əhalisi, vətəndaşı mənasında millət anlayışı. Bununla da etnik millətçilik (yəni, genetik millətçilik) ilə dövlət millətçiliyi (yəni, politik millətçilik) bir-birindən ayırd edilməlidir. "Etnik millətçilik” – öz etnosunun kulturasını, dəyərlərini, ana dilini və s. yüksək qiymətləndirmək və qorumaqdırsa, "dövlət millətçiliyi” – öz vətəndaşını başqa dövlətlərin vətəndaşından üstün tutmaqdan başqa bir şey deyildir.
Bir sıra hallarda bir millət bir neçə dövlətin ərazisində yaşayır, məsələn, elə biz özümüz, ermənilər, kürdlər və b. Belə millətlər yaşadıqları dövlətlərin xalqları – vətəndaşları – olsalar da, öz milli mənşələrini, öz vahid ulu analarını unutmurlar. Bizim ürəyimiz Kərkükdə, Mosulda, Ərbildə (İraq), Qarsda, Iğdırda, Sivasda (Türkiyə), Borçalıda (Gürcüstan), Dərbənddə (Rusiya), Urmuda, Zəncanda, Təbrizdə (İran) yaşayan millətimizlə bir ritmdə döyündüyü kimi.
Ərəb sözü hesab edilən "cəmiyyət” sözünə gəldikdə, bu sözün kökü "cəm” (جم) bizim "qom”, "kom” sözümüzdür; "cəmiyyət” sözünün hərfi mənası komalanmaq, komalaşmaq, qomluq deməkdir. Cəmiyyət sözünün terminolojiq mənası isə publika, assosiasiya, ittifaq, təşkilat, bir sözlə, bir yerə qom olmaq deməkdir, ancaq o, bir ölkə əhalisinin birgəyaşayış strukturu kimi, latınca "societas”ın, rusca "общество”nın, ingiliscə "society”nin, almanca "Gesellschaft”ın tərcüməsi deyildir. Bizim "cəmiyyət” dediyimizə ərəblər özləri "cəmiyyət” demirlər, "şarika” (شرکة) deyirlər, yəni şəriklik. Məsələn, Həsənbəy Zərdabi 1877-ci ildə "Əkinçi”də yazırdı: "… Osmanlı əsgərindən zəxmdar olanlara ianət etməkdən ötrü London şəhərində bir cəmiyyət binə olub ki, keçən məhərrəməcən 6500 lirə cəm edib.” Göründüyü kimi, böyük Zərdabi düzgün olaraq, cəmiyyət sözünü təşkilat mənasında işlədirdi. Məndən soruşan olsaydı, mən "societas”ın tərcüməsi kimi "ortaqcalıq” sözünü irəli sürərdim. Ortaqcalıq sözü təkcəlik, bircəlik, böyükcəlik sözlərinin quruluşundadır. Latınca "societas” sözünün özü də yoldaş, qonşu, yanaşı, ortaq deməkdir. Azərbaycan dilində küçə, park, mağaza kimi ictimai yerlərə "ortalıq malı” da deyilir, yəni ortaq istifadə etdiyimiz yerlər. Məsələn, ruslar latın sözü "societas”ı "ümumilik”, "ortaqlıq” (общество) kimi, almanlar "yoldaşlıq”, "ortaqlıq” (Gesellschaft) kimi tərcümə etmişlər. Bir yerə toplanmaq – cəmlənmək, cəmiyyət, toplum – ortaqlıqdan bambaşqa bir anlayışdır. Sovet cəmiyyətində hamı bir-biri üçün "товарищ” (yoldaş) idi. "Товарищество” (Yoldaşlıq) – latın sözü "societas”ın rus dilinə başqa bir tərcüməsidir.
ÜÇÜNCÜ HİSSƏ
Əlbəttə, siyasətdə özünü daha böyük çoxluğun tərcümanı kimi göstərmək istəmək, xalqın adından danışmaq normaldır. Ancaq problem ondadır ki, istər hakimiyyətdə, istərsə də müxalifətdə bəziləri səmimiyyətlə inanırlar ki, onlar doğrudan da xalqı təmsil edirlər. Cəmiyyət adından danışmalı ikən, xalq adından danışırlar. Bunun ucundan da "Kimdir xalq? sualı bir çoxları üçün artıq fəlsəfi sual yox, politik sualdır.
Klassik kənd-şəhər bölgüsü elə xalq-cəmiyyət bölgüsüdür. Xalq – kənddədir, kəndlidir. Cəmiyyət – şəhərdədir, şəhərlidir. Xalq – cəmiyyətin materialı, fərdləri; cəmiyyət – xalqın birgəyaşayış forması, strukturudur. Azərbaycan əhalisinin yarısından çoxu kəndlərdə yaşayır, kəndli kimi yaşayır, o, xalqdır. Bakı şəhərində yaşayanların da çoxu son illərdə iş dalısınca şəhərə köçən kəndlilər, kəndli kimi yaşayanlardır.
Azərbaycan xalqı inəyini sağır, kilimini toxuyur, pendirini tutur, arağını çəkir, pirinə gedir, mal-qarasını otarır, sürüsünə tütək çalır, əkinini sulayır, bayatı deyir, o, qol çəkmir, söz verir, polisə getməyi satqınlıq sayıb günahkarı özü cəzalandırır, qızına cehiz yığır, oğluna qız seçir… Azərbaycan cəmiyyəti sosial şəbəkələrə qoşulur, saytlara baş çəkir, siyasi xəbərlərlə maraqlanır, sosial-siyasi hadisələrə öz münasibətini aktiv formada bildirir, ən azından mövqe tutur, hüquqlarını bilir, qanunlarla yaşamaq istəyir, partiyalara, siyasi nümayişlərə qoşulmağa hazırdır… Kənddə adamların ikinci adı – ayaması da – varkən, cəmiyyətdə münasibətlər anonimdir.
Sovet hakimiyyəti milli adət-ənənələri "köhnəliyin qalığı” kimi rədd etməklə, milli kulturanı (misal üçün, qohumbazlığı) yox edirdisə, o biri tərəfdən cəmiyyətləşməni (misal üçün, hamıya eyni münasibəti) yayırdı. Kəndlərdə dövri mətbuata məcburi abunəlik, hər kənddə bir klub, kitabxana və s. kəndləri cəmiyyətləşmə prosesinə məcburi qoşurdu. 1990-cı illərdə Bakıda sənaye istehsalı müəssisələrinin (fabrik və zavodların) bağlanması, şəhərə iş dalısınca kütləvi köç məcburiyyəti, kəndlərə medianın yolunun qapadılması, kəndlərin internetləşdirilməməsi və s. nəticəsində, müstəqil Azərbaycanda cəmiyyət, sovetdəkindən fərqli olaraq, istər sayına, istərsə də tutumuna görə əhalinin incə bir qabığına çevrilib.
Bu qabığın haçansa siyasi hakimiyyəti dəyişdirəcəyinə inam – elitarizmin bir növüdür. Yeni nəsil müxalifətçilər bu elitarizm tələsinə düşməməli, kəndlilərin ayağına gedib, əllərini xalqa uzatmalıdırlar. Mirzə Fətəli Axundovun kəndlilərin diliylə pyeslər yazması, Həsən bəy Zərdabinin bu pyesləri teatrlaşdırması və s. – xalqla birbaş ünsiyyətə girmək üçün idi. Bu, əslində maarifçiliyin metodu idi. Kəndlilərlə işləmək baxımından bolşeviklərdən də nümunə götürmək olar. Tez-tez deyirlər, xalq siyasi müxalifətin çağırışlarına cavab vermir, xalq onların ardınca getmir və s., halbuki, tam əksinə, siyasi müxalifət kəndlərdəki çoxmilyonluq xalqı Bakı şəhərindəki bir neçə yüz minlik cəmiyyətlə dəyişik salaraq, xalqa dalını çevirmişdir. Deyəsən, bolşeviklərdən sonra Azərbaycan xalqının ayağına gedən olmamışdır.
Azərbaycanda "xalqa müraciət” janrı ümumiyyətlə karikaturadır; söhbət "cəmiyyətə müraciət”dən gedə bilər. Çünki o müraciətlərin və yaxud video-söhbətlərin altında uzaqbaşı 10-50 min, uzağı 100-200 min dəfə abunəlik, baxış və yaxud "layk” görülür. Bax, bu, "Azərbaycan cəmiyyəti”nin təqribi sayı, tutumudur. Xalq cəmiyyətdə gedən söhbətlərə qulaq asmaq bir qırağa dursun, onları eşitmir də. Misal üçün, bu məqalədən "Azərbaycan xalqı”nın xəbəri də olmayacaqdır. Bunu oxusa-oxusa, əhalinin "ictimai sektor” adı verilən cəmiyyət qabığı oxuyacaqdır. "Əkinçi”ni, "Molla Nəsrəddin”i, "Füyuzat”ı oxuyanlar da Azərbaycan xalqı deyildi, o dövrün "Azərbaycan cəmiyyəti” idi. Azərbaycan Demokratik Cümhuriyyəti də o dövrün cəmiyyətində – xalqdan, yəni kəndlilərdən xəbərsiz – qurulmuşdu və elə bu elitarizminin də qurbanı oldu. "Azərbaycan xalqı”nın bizdən də xəbəri yoxdur.
Qohumbazlıq, üzgörənlik və s. – səbəblər deyil, xalqlaşmanın nəticələridir. Alman kəndlisi də öz həmkəndlisinə üzgörənlik edir, bu, tamamilə normal insan halıdır. Lakin Avropa ölkələrində cəmiyyət gözə çarpır, xalq yox, yəni qanunların tətbiqi gözə çarpır, qədim milli adət-ənənələr yox. Azərbaycanda sovet cəmiyyəti dağılıb, yenidən cəmiyyətləşmə prosesi isə getməyib. Məsələn, maşını qaçırılan adam polisə şikayət edib, heç bir nəticə almayacaqsa, polis rüşvət alıb işi bağlayacaqsa, onda maşını oğurlanan şəxs, vaxtilə atı oğurlanan babasının elədiyi kimi etməyə – adamı tapıb onu özü bildiyi kimi cəzalandırmağa əl atacaqdır. Müstəqil Azərbaycanda son onilliklərdə fışqıran mentalitet – milli adət-ənənələrə qayıdış – cəmiyyətsizləşmənin nəticəsidir.
Azərbaycan ədəbiyyatı bütövlükdə xalq ədəbiyyatıdır, cəmiyyət yox. O, politik olmaq istərkən sosial yox, dərhal etnik xarakter alır. 1960-70-ci illər ədəbiyyatının (Məmmədhüseyn Şəhriyar, Məmməd Araz, Bəxtiyar Vahabzadə) xalqa ünvanlanmış "Ayağa dur, Azərbaycan”, "Qalx ayağa, Azərbaycan!” tipli poetik çağırışları indi siyasətdə davam etməkdədir. Teatral vəziyyət yaranıb: Qapı-pəncərəsi qapalı bir salona 100-150 nəfər yığışıb, növbə ilə ayağa durub, bir-birlərinə bərkdən "Ayılın!”, "Oyanın!”, "Qalxın!” kimi sözlər qışqırırlar, xalq isə salondan qıraqda və uzaqlardadır.
16.12.2018, Almaniya